“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün qarşınızda Arzu Murad və onun məktublarıdır. 3 məktubdur cəmi. Buyurun, 2-cini oxuyun.
MƏKTUB 2
Görən, necə ayrılırlar sevənlər?
Bilirsənsə, de, eləcə ayrılaq...
Məni ən çox üzən odur ki, hardasa öləcəm və sən bu xəbəri ən son eşidən adam olacaqsan. Mən sənə olan duyğularımın əslini deyə bilməyəcəm: sənin var olmağının da mənim nəfəs almağıma yetdiyini, darıxanda üzərimdə saxladığım qoxunu, şəkillərə baxıb həmin vaxtları təkrar xatırlamağımı, burnumun ucunun göynədiyini, bu həsrətin hüceyrə səviyyəsində iliklərimə kimi işlədiyini...
Bir gün hər şey bitir. Necə ki, kofe bitir, kurabiyə bitir, likör bitir, sevgi də onlar kimi bitir. Deyirdin, inanmırdım. Gözəl isbat etdin. Mən isə gic kimi əbədiyyətə inanırdım. Dalaşsaq da, həmişə bir yerdə olacağımızı düşünmüşdüm.
"Bir gəlsəydin, bütün mövsümlər yaz olacaqdı, bir gülsəydin, bütün yağmurlar günəş olacaqdı. Nə gəldin, nə də güldün – yaz da olmadı, günəş də olmadı və əllərim çox üşüdü...".
Havalar bir az qaş-qabağını tökəndə narahatlıqlarım səndən yana olur. Görəsən, əyni qalındırmı, üşümür ki, isti şorbası, çayı varmı, zəncəfil-limon dəmləməyə tənbəllik etmir ki?
"Acı-acı düşünərək yorğun gözlərini yumdu adam, guya yatacaqdı, amma qəribə bir hiss vardı, gözlərinin içində dərin-dərin baxan bir cüt baxışlar vardı. Qurtulması imkansız idi. Adam tam olaraq indi anladı. Anladı ki, Onu gözlərində saxlayır. Ürəyi də, ruhu da gözlərinə çevrilmişdi. Göz qapaqlarını təkrar-təkrar yumub açdı. Hər dəfə dərinliklərinə işləyən bir hissin şirin ağrısıyla bütün vücudu qıvrılıb açıldı". Bir zamanlar səndən gələn məktubların ardı-arası elə kəsilib ki, sanki heç yoxmuş kimi. Amma dünyanın harasındasa var olduğunu bilirəm. Buna əminəm. Mandarini yenə saplarıyla yediyini, banan qabıqlarının güllərə faydalı olduğunu deyib atmadığını, günün ortası olmasına baxmayaraq, hələ də ac gəzdiyini, axşamlar tənbəllikdən xörəyi isitmədən, soyuq-soyuq yediyini, gözlərinin pəncərədə ilişib qaldığını, kədərə qərq olduğunu çox gözəl duyuram. Bu kədərin mənimlə nə kimi əlaqəsi var, onu da bilmirəm. Bildiyim bir şey dəqiqdir ki, tez-tez əzbərdən dediyin:
Ölərəm-qalaram, sən məni vaz keç,
Bəlkə də, getməkdə sən daha haqsan.
Sadəcə, oturub düşündünmü heç
Sən məndən nə təhər sağalacaqsan?
şeiri bütün ruhuna hopub. Onu da bilirəm ki, hələ ki evinin heç bir nöqtəsindən izlərimi silə bilmirsən. Birini atırsan, digəri qalır, heç cür silinmir. Zaman lazımdır. Darıxma, bir dənəm, keçəcək. Nə keçmir ki bu həyatda? Sən e, Allahın səni belə mənim həyatımdan getdin. Deməli, heç nə qalıcı deyil.
"Biləklərində – tam nəbzinin döyündüyü nöqtələrdə, ovuclarının içərisində, barmaqlarının uclarında, dodaqlarında xəfif bir göynərti vardı. İntizar dolu şirin bir göynərtiydi. Başını yastığa, biləklərini gözlərinin üstünə sıxdı ehmalca. Gecənin bitməsini gözlədi...".
Bir dəfə sən uzağa gedərkən bir məktub yazdım sənə:
– Bu gün ilk gecədir ki, səhər səni görmə ehtimalım 0-dır.
İşə bax, o vaxt mənimçün kabus kimi görünən o gecə indi hər gün təkrarlanır. Daha həyəcanla yatmıram, özümü yuxuya verməyə çalışmıram. Çünki səhərə sənlə görüş vədələşməmişik. Səhər yeməyini bərabər yemək, günortanı iştahsız da olsaq, bir-birimizə baxıb ötürmək, axşam Ağ şəhərdə göyün üzünə tamaşa etmək... Həyatda hər şey olur, bu ehtimalı düşünməmişdim. Mən bir gün sənsiz qalacam ehtimalını ağlımın ucundan da keçirməmişdim.
Xoşbəxtlik hormonunu işə salan şeylərdən biri də səni düşünmək idi. Biixtiyar üzümdə çiçəklər açır, kəpənəklər uçuşurdu. Sən mənim həyəcanım idin. Həyəcanımı, sevinclərimi itirdim. Bilirsən, nəyə fikir verirəm? Bu gün ay da boynubükük və kədərli baxır. Sanki sözü yerə düşmüş kimi bir halı var. Baxıb xatırladım ki, əvvəllər uzaqda olduğum zaman darıxanda səndən aya baxmağını istəyərdim. Baxışlarımız ayın üzərində birləşərdi. İndi nə sən varsan, nə də ay o aydır. Daha bizi heç nə bir araya gətirə bilmir. Artıq Cem Adrianın mahnılarının da bizi barışdırmağa gücü yetmir. Hirai Zerdüşün səsi belə xoş günləri xatırlatmır.
Bilmirəm harda günah etdik? Əmir Teymurun qəbrini açmadıq axı, niyə ayrıldıq, niyə qanlı bıçaq olduq? Bəlkə, sulara qərq etdiyin o pinqvinin ahı tutdu bizi? Doğrudan, görəsən, necə oldu onun taleyi? Üzə-üzə Antarktidaya vara bildimi? Tam xatırlamıram, ola bilsin, bəlkə də, gözündən öpmüşdüm deyə, ayrıldıq.
"Ne hasta bekler sabahı,
Ne taze ölüyü mezar.
Ne de şeytan bir günahı
Seni beklediğim kadar".
Daha başqasını əzbərləməyə nə zamanım, nə hövsələm var. Halbuki sənin qəhvəni az şəkərli içməyindən tutmuş, hansı zamanlarda üşüdüyünə kimi əzbər bilirdim.
Həyatıma gəlişin Səlib yürüşü kimidir. Gəlib dağıdıb getdin, amma buna görə sənə qətiyyən hirsli deyiləm. Sən hər şeyinlə gözəl idin. Gəlişin də, gedişin də mənimçün əzizdir, çünki sənə aiddir. Təbii ki, könül qalmandan yana idi, lakin nə edək ki, taleyimiz çox zaman öz əlimizdə olmur. Sən həyatına davam et, mən harda olsan, gəlib tapacam səni, yetişəcəm sənə. Sən ağrılarımın ən gözəli, kədərlərimin ən ağrılısısan. Mən hər şeyi dərk edəcək yaşdayam. Kimin həyatının harasında və nə qədər olduğumun fərqindəyəm. İşin ən qəribə tərəfi odur ki, bu məni incitmir. Taleyi ilə barışmış adamlar miskin olur, amma mən qətiyyən miskin deyiləm. Hətta bir az da üz versən, məni sevmədiyinçün sənə az qalsın təşəkkür edəcəm.
Kulağına doğru eğilsem,
Desem,
Sen gülsen, gülümsesen...
Kulağına doğru eğilsem,
Söylesem,
Sen dursan, bir düşünsen...
Gözlerine baksam,
Söylemeden sussam,
Sen kaşlarını çatsan...
Gözlerine baksam,
Konuşmadan anlatsam,
Sen kızsan...
Sənə duyduğum sonsuz ehtiyacı heç zaman bildirməyəcəm, nə bu dünyada, nə o dünyada. Əslində isə, gözlərinə baxmaq da nəfəs almama yetərlidir. Hisslərim ən ağır vəziyyətini yaşayır. Halbuki rahatlıqla gözümü yumub başımı qoyacağım bir çiyinə ehtiyacım vardı. Xatırlamıram, hansı şair deyib, yorğun gözlərimin dincliyi sənsən. Mənim də yorğun gözlərim sənə baxanda, səni xəyal edəndə dincəlirdi. Sadəcə, beynimi və ürəyimi bir sual çox məşğul edir:
– Gedəcəkdinsə, niyə gəldin? Həyatım səninçün keçid məntəqəsi-zaddır?
Ay Allahsız, axı mənimçün sevgi həm də sırf sən sevirsən deyə, darçınlı çaya boyun əymək idi, boynumu niyə bükdün?
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)