Arzu Muradın “Məktub”ları Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün qarşınızda Arzu Murad və onun məktublarıdır. 3 məktubdur cəmi. Buyurun, 3-cünü oxuyun.

 

 

 

 MƏKTUB 3

 

Bayaq qoxun anidən burnuma gəldi və xəfif yel kimi ötüb keçdi. O qoxunu yenidən duya bilməkçün bütün evi dolaşdım. Yenə yaxaladım və itirməyim deyə, ciyərlərimin dibinə qədər çəkdim. Bu nə ilkdir, nə son. Evimin hər yeri demirəm, bu küçənin hər tini, insanların hamısı sən qoxuyur. Hansı birini deyim, sənin ətrindir deyib küçələri veyillənməyimi, yuxuda sayıqlamalarımımı, səninçün darıxmaqlarımımı, səhərin açılmasını gözləyib sənə tələsməyimimi?

Mən səndən başqa bir şey düşünə bilmirəm. Beynim yalnızca sənlə məşğuldur. Saatlarım sənə işləyir. Səni görməyəndə darıxmağım bir dərddir, sənin yanında olub ayrılmağımızı düşünməyim bir ayrı dərd. Bəlkə, sənə tanış hisslərdir, bəlkə də, tamamilə yaddır, amma məni anladığını bilirəm. Həyatımın altını üstünə çevirmisən və tərs kimi mən də bu halımdan məmnunam. Başımın bəlasısan, amma insan bəlanı bu qədər sevərmi?

Varlıq içində bir yoxluğam. Özümü anlaya bilmirəm. İdarəetməni itirmək budu, yəqin. Mən hər yerdə sənləyəm. Ən doğmalarımın içində belə özümü qəriblikdəki kimi hiss edirəm. Əsl bəlasan, bir insanın başına gələ biləcək ən böyük bəla. Amma o qədər doyumsuz, o qədər içdənsən ki, yanından ayrılmaq zillətə dönür. İnsan öz evinə getmək istəməzmi? İnsan ancaq sabahlarla necə yaşaya bilər?

Gecə olanda yanaqlarım dodaqlarını axtarır, sonra tapır, sonra ovcuma alıram dodaqlarını, sonra nəfəsinin dəydiyi boynum yanır, daha sonra çiynimdə başını hiss edirəm, əllərinin məni köksünə sıxdığını duyuram. Sonra tez özümü yuxuya verməyə çalışıram ki... Bəlkə, keçə... "Bəlkə" keçir, amma sən keçmirsən.

Gözlərinə qərq olmuşam. Bilmirəm haranın daşını salım başıma. Darıxmaq hisslərin ən şərəfsizi və də ən xainidir. İnsanı öz halından çıxarıb vəhşi bir məxluqa çevirir. Sənlə tez-tez dalaşmağımın səbəbi də elə budur. Sən gəlirsən, üzüm gülür, sən gedirsən, həyat qaralır, boğazım quruyur, havam çatmır. Vəhşiləşməyə başlayıram və tənələr yağdırıram. Kobudluğun biri bir qəpikdən dolur dilimə. Qüsuruma baxma, lütfən, mənim də sevmə şəklim belədir. Sən heç sevdiyin biri gedir deyə, uşaq kimi ağlamağın nə olduğunu bilirsən? Məndən kimə getdi deyə, nigaranlıqdan zəncir çeynəyirsən? Yemək yedi, ya hələ də acdır deyə, bir narahatlıq dolurmu içinə?

"Bir gün məndən getmək istəsən, səni tutmayacam, saxlamağa çalışmayacam" demişdim. Doğrudan, saxlamayacam, amma özümü necə saxlayacam, onu bilmirəm. Əvvəlki kimi deyiləm. Kimsəyə qızına bilmirəm. Bu əsərin müəllifi sənsən, qürur duy. Çıxılmazda qalmaqdır bu. Çarəsizlik qədər ağrılıdır və sənin qədər sevimlidir.

Mənimçün narahat olma. Bu şikayətlərimi və sözlərimi çox da ciddiyə alma. Bu da keçəcək, əlbəttə. Məni ağrıdan odur ki, hər şey keçir, amma sən keçmirsən. Məndə qalırsan, mənlə birgə dolaşırsan. Özümü aldatmağa çalışıram ki, bu yaşadıqlarım ilk deyil, son da olmayacaq, lakin boş fikirlərdir, özüm də bilirəm. Məni belə vuran olmamışdı. Ürəyimin tən ortasından dəqiq nişan aldın. Ancaq keçəcək, yox, vallah, doğrudan, keçəcək. Aramızda olan illərə xatir keçəcək. Elə sən də keçəcəksən, keçməyə məcbursan. Amma keç...mə... mən dözərəm hamısına, yanımda qal. Nə qədər qala bilirsən, o qədər qal, yetər ki, qal...

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.