Super User

Super User

Çərşənbə axşamı, 15 Avqust 2023 12:15

Gəldi, həsrətini çəkdiyim!

Şöhlət İxtiyaroğlu yazır

 

 

Əziz kitabsevərlər, bu dəfə sizə yeni nəşr etdiyimiz Lyublyana Universitetində  Kitab­xana, informasiya elmləri və kitabşünaslıq kafedrasının professoru Miha Kovaçın "Oxumaq nəfəs almaqdır" kitabını təqdim edirəm. 

 

Miha Kovaç bu kitabda niyə oxumalı olduğumuzu və mütaliənin heç nə ilə əvəz olunmayacağını əyləncəli bir şəkildə izah edir. 

Əminəm ki, axıcı dili və rəngarəng illüstrasiyaları ilə niyə oxumalı olduğumuzdan bəhs edən bu kitabı siz də çox bəyənəcəksiniz. 

Əziz dostlar, siz də alın, oxuyun və fikirlərinizi bizimlə bölüşün. Sizə xoş mütaliələr!

 

Qeyd: Sifariş üçün +994 55 404 31 32 əlaqə nömrəsinə yaza bilərsiniz!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı Aytac Sahədin Xalq artisti, “M-Teatr”ın rəhbəri Vidadi Həsənovla və teatrın aktrisası Oksana Rəsulova ilə müsahibəsini diqqətinizə çatdırır.

 

           Aytac: Pedaqoq, aktyor, rejissor, ssenarist, tərcüməçi, şair Vidadi Həsənov olubmu ki, bu işlərin hamısından küsüb birdəfəlik başqa səmtə üz tutsun?

Vidadi müəllim: O qədər olub ki... Hətta getmişəm, başqa işlərlə məşğul olmuşam. Amma yenə qayıtmışam. Biz də hamı kimi adi insanıq. Bütün insanlar öz peşəsi ilə, ev-eşiyi ilə hansı problemləri yaşayır, biz də elə. O vaxt deyirdilər ki, incəsənətlə məşğul olmaq sevgidir. İncəsənət adamı heç vaxt pulu düşünməməlidir. Sovet dövründə “Pul əl çirkidir” tezisi var idi. Amma indi kapitalizm ac monstr kimi başımızın üstünü kəsdirib. İndi pulun olmasa, avtobusa belə minə bilməzsən. Əslində, bu yanlışlıqlar çox şeylərdə var. Teatra, təhsilə, mədəniyyətə, – ümumiyyətlə, ictimai düşüncəyə yanaşmada bu yanlışlıqlar özünü göstərirdi. Başqa bir ideologiya, başqa bir sistem idi, biz də onun içindəydik. Bu prosesi keçmək bizə heç də asan olmadı. Elə adamlar oldu, keçə bildi, eləsi də oldu, anlamadı, orda ilişib qaldı.

Aytac: O dövrdən bu dövrə çox şey dəyişib. Məsələn, bu gün məşhur olmaq xeyli asanlaşıb. Ancaq məşhurluğu qoruyub saxlamaq sanki çətinləşib. Sizcə, niyə biz bu gün gördüyümüz istedadları beş il sonra görmürük?

Oksana xanım: Bu belə də olmalıdır. İndi elə zəmanədir ki, hər kəs nəyəsə görə tanına bilər, ya mənfi ya müsbət işi ilə. Sənətə gəldikdə isə hər tanınan şəxs o demək deyil ki, istedadlıdır. İnsan bir dəfə uğur qazanar, amma sonra sənətdən küsə bilər, yaxud da prinsipləri ilə nəsə üst-üstə düşməz. İncəsənət ruhlu insanlar həssas, küsəyən olur. Bir baxış da onları küsdürə bilər. Yaxud da əziyyətinin qarşılığını görməyəndə ruhdan düşər. Mən “production” rəhbəri olaraq əlimə gələn pulun bölgüsü zamanı aktyora nə qədər üstünlük verməyə çalışsam da, olmur. Aktyorlar bizim ölkədə çox az maaş alır... Bilirsiniz, prodüser şirkətlərinə də o qədər məbləğ vermirlər ki, onu dəyərləndirəsən. Mən çox istərdim ki, film sektorunda ən çox maaşı aktyorlar alsın. Amma alınmır, verilən büdcə ona imkan vermir.

Vidadi müəllim: Oksana xanım, indi vəziyyət elədir ki, hamı günahkardır, amma heç kəsin günahı yoxdur.

Oksana xanım: Bəli, müəllim. Belə olanda çox paradoksal bir vəziyyət alınır. Aktyor bu maaşa getmək istəmir, ancaq həm də gedir. Çünki onun başqa variantı yoxdur. Elə aktyorlar var ki, öz nüfuzunu bir il, beş il qoruyur. Lakin sonda baxır ki, mən bu nüfuzu xeyli müddət saxladım, amma yenə də məni qiymətləndirən yoxdur. O özü də bilir ki, ucuz bir serialda çəkiləndə sənətinə hörmətsizlik etmiş olur. İstəyir, daha böyük addımlar atsın, daha yaxşı işlərdə çəkilsin, amma görür ki, bunun üçün şərait yoxdur. Ona görə də bəzi aktyorlar küsürlər, ya da istəmədikləri seriallarda çəkilməyə məcbur olurlar.

Vidadi müəllim: Bəli, bəzən tamaşada, filmdə yeni bir sima görürsən, amma müəyyən müddətdən sonra o sima yoxa çıxır. Bunun obyektiv və subyektiv səbəbləri var. Əsl peşəkarlığa gedən yol uzun yoldur. Uğura, uğursuzluğa baxmadan səndən irəliləməyi istəyir. Belə olmayanda isə, siz dediyiniz kimi, biz bir sənətçini bu gün görürük, sabah yox. Bir şeyi də deyim. Zövqlər müxtəlifdir. Elə zövq üçün işləyən insanlar var ki, onların həmişə işləri də, yaxşı pulları da var. Çünki onların izləyiciləri çoxdur. Ancaq sənətkarlığın elə bir mərhələsi var ki, o, ariflər üçündür. Ariflər isə çox olmur. Çoxusu da elə bizim günümüzdə, bizim imkanımızdadır. Adını çəkmək istəmirəm, elə aktyor var ki, onun aktyorluğu belə şübhəlidir, amma o, filmə çəkiləndə otuz-qırx min pul alır. Amma biz çəkiləndə elə pul verirlər ki, bişmiş toyuğun gülməyi gəlir.

Aytac: Vidadi müəllim, bəs teatrımızın bu gününü necə dəyərləndirirsiniz?

Vidadi müəllim: Azərbaycan teatrının uğurları da, uğursuzluğu da var. Ümumiyyətlə, teatr canlı bir prosesdir. Önəmli olan odur ki, bu proses dayanmasın, daim zənginləşsin.

Aytac: Yeri gəlmişkən, rejissor Vaqif İbrahimoğlu novator idi. Bir çoxları onu ilk vaxtlarda qəbul etmək istəmirdi. O məktəbi keçən bir aktyor kimi siz onun gətirdiyi yenilikləri necə qəbul edirdiniz?

Vidadi müəllim: Əlbəttə, əvvəl mən də qəbul etməyənlərdən idim. Tələbə olduğum vaxtlarda, Vaqif ibrahimoğlu tədris teatrında tamaşa hazırlayırdı. Mən onun tamaşalarına baxıb deyirdim ki, bu nədir? Belə tamaşa olar?

Aytac: Sizə qəribə gələn nə idi?

Vidadi müəllim: Mən heç nə anlamırdım axı. Görürdüm ki, biri oturub-durur, biri atlanıb düşür... Sonra özüm atlanıb düşəndə başa düşdüm (gülür). Vaqif İbrahimoğlu ömrünün son günlərində Akademik Milli Dram Teatrında çıxışı zamanı dedi ki, uzun illər ərzində məndən soruşurdular ki, niyə belə tamaşalar hazırlayırsan? Bax indi cavab verirəm: yaxşı eləyirəm, əlimin içindən gəlir. Əlbəttə, yenilik həmişə özünə çox çətinliklə yol açır. Doxsanıncı illər, çox paradoksal olsa da, maraqlı cəhətləri vardı. Bir tərəfdən siyasi, maddi, mənəvi böhran, digər tərəfdən isə birdən-birə Bakıda bir neçə teatr açılır. Çox qəribədir ki, basqılar, məhdudiyyətlər çox olanda mədəniyyət və incəsənət inkişaf edir. Elə ki sənətə azadlıq verirsən, o çaşır. Bax belə bir məhdudiyyətlər dövründə birdən-birə Bakıya teatr dalğası gəldi və özünəməxsus teatrlar yarandı. Bu, zamanın diktəsi idi. Müstəqil teatrların yaranması da artıq bu günün tələbidir. Dövlət teatrları uzun müddət Sovet ideologiyasının təbliği ilə məşğul idi. 500-600 nəfəri doldururdular bir zala, sosialist realizmini yeridirdilər beyinlərinə. Bu teatrlar bizim tariximizdir. Onlarla yanaşı, yeni formatda teatrlar yaranmalı və şəhərin müxtəlif yerlərində olmalıdır. Deyim nə üçün... Tutaq ki, Əhmədlidə, Günəşlidə yaşayan insan iki uşağını Kukla Teatrına gətirsə, yol xərci, yemək xərci, karusel xərci – bir sözlə, bütün xərclər ona ən azı əlli manata başa gələcək.

Aytac: Hələ işdən vaxt taparsa..

Vidadi müəllim: Bəli, hələ işdən vaxt tapsa. Yaxud da həmin adam öz ailəsini YUĞ, Akademik Milli Dram Teatrına gətirsə, deməli, xərclər iki dəfə artacaq. Bu adam da bunu uzaqbaşı ildə bir dəfə edə bilər. Düşünürəm ki, teatrların formatı dəyişməlidir və onlar şəhərimizin müxtəlif yerlərində olmalıdır. Məsələn, Günəşli massivində bir teatr olsa, uşaq atasına desə ki, mən sabah teatra getmək istəyirəm, iki-üç manat lazımdır, ata onu verəcək. Bir dəfə, beş dəfə uşaq getdikdən sonra atanın özünə də maraqlı gələcək ki, bir gedim baxım görüm, orda nə var? Bir sözlə, teatr insanlar üçün əlçatan olmalıdır.

Aytac: Oksana xanım, sizə elə gəlmir ki, teatra gecikmisiniz?

Oksana xanım: Əfsuslar olsun ki, mən yaradıcılıq yoluma teatrdan başlamamışam. Buna görə çox heyifslənirəm. Hər şeyin öz vaxtı var, bəlkə, belə yaxşı imiş... Bilmirəm. Teatra sevgi məndə uşaqlıqdan var idi. Sadəcə, elə oldu ki, həyat başqa yönlərə apardı məni. Bir də ona çox təəssüf edirəm ki, Vidadi müəllimi gec tanımışam. Əgər ilk addımlarda bu müəllimin tələbəsi olsaydım, hər şey başqa cür olardı.

Aytac: Sizə elə gəlmir ki, ömrü çox parçalamısınız?

Vidadi müəllim: Olar bu suala mən cavab verim?

Aytac: Buyurun.

Vidadi müəllim: Müəllimim Vaqif İbrahimoğlu həmişə deyirdi ki, siz yalnız aktyor olmalısınız?

Aytac: Amma bir yerə enerji sərf edəndə uğur əldə etmək imkanı daha çox olmurmu?

Vidadi müəllim: Biz elə belə də edirik. Rol oynamaq da, yazmaq da, tamaşa hazırlamaq da, rəqs etmək də yaradıcılıqdır. Təsəvvür edin ki, mənim bir silahım var, sizin on. Kim güclüdür? Əlbəttə, siz. Çünki sizin arsenalınız daha zəngindir.

Oksana xanım: Sonuncu tamaşama uşaqlıq rəfiqəm gəlmişdi. Təxminən, 28 ilə yaxındır ki, rəfiqəyik, ailəmin bir üzvüdür. O, mənim həyatdakı bütün addımlarımı görüb: həkimliyimi, rəqsdəki nailiyyətlərimi, şəxsi həyatımı, prodüser işimi, seriallarımı. Həmin rəfiqəm tamaşaya baxdıqdan sonra dedi ki, Oksananın indi gördüyü iş məhz onun işidir. Bu sözlər məni xeyli düşündürdü və xoşbəxt elədi. Mən bu teatra gələndə başa düşdüm ki, öz yerimi tapmışam. Sən demə, yolumun sonu bura imiş. Burda xoşbəxt oldum. Əgər insanın bir yerdə ruhu xoşbəxt olursa, o eyni zamanda həm xoşbəxt ana olur, həm xoşbəxt qadın olur... O, daha mərhəmətli, daha nəcib və daha gözəl olur. İnanın mənə, bura gələndən sonra mənim həyata baxışım dəyişib. Bir sözlə, burda çox xoşbəxtəm. Bunun üçün də müəllimə minnətdaram. Bəzən insan özündəki istedadı özü belə görə bilmir. Amma Vidadi müəllim o istedadı insanın özünə göstərib deyir ki, bax bu, sənsən. Yavaş-yavaş insan özü də başlayır buna inanmağa.

Aytac: Bu sənətdə istedadın kəşfi belə səndən illər istəyir, deməli. Ümumiyyətlə, deyirlər ki, aktyorluq adamdan çox şey alır. Bu fikirlə razısınız, Vidadi müəllim?

Vidadi müəllim: Biz bu sənətlə məşğul olmaq istəyirik deyə, onunla məşğul oluruq. Hərdən bəzi həmkarlarım sənətimizi fövqəladə bir şey kimi təqdim etmək istəyirlər. Məncə, bu heç də belə deyil. Mühəndis, həkim, sürücü və s. öz vacib işi ilə məşğul olduğu kimi, biz də öz əhəmiyyətli işimizlə məşğuluq. Bu işdə fövqəladə heç nə yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

 

 

Çərşənbə axşamı, 15 Avqust 2023 11:45

Xantı-Mansiyskdə Nuray nağılı

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşarın təqdimatında bu dəfə sizlər istedadlı yeniyetmə Nuray Rəhimova ilə tanış olacaqsınız. Uşaqlar və yeniyetmələr də gözəlliklər yaradırlar, özü də bu gözəlliklər daha diqqətçəkən olur.

 

Nuray 24 may 2009-cu ildə Rusiyanın Tümen vilayətinin Xantı-Mansiyik şəhərində dunyaya gəlib. Məktəbəqədər və ilk təhsilini doğulub böyüdüyü şəhərdə alıb.

Nuray kiçik vaxtlarından ağıllı və dərrakəli qız kimi tay-tuşlarından seçilib, baxçada diqqət mərkəzində olub. İlk uğuru - nitq qabiliyyəti səlist və axarlı oldugu üçün baxçadan yönləndirdikləri səs müsabiqəsində qalibiyyətlə başlayıb. Daha sonra məktəbdə əlaçı uşaqlar sırasında qərarlaşıb, bütün məktəb müəllimlərinin sevimlisinə çevrilib. Çoxlu tərifnamələri, fəxri fərmanları və diplomları var.

Nurayin həvəsi dəqiq fənlərdən çox humanitar fənlərədir. Arzusu oxuyub hakim olmaqdır.

Yazı-pozuya da xüsusi həvəsi var. Bu həvəs onda ədəbiyyat fənnindən verilən ev tapşırığını yazmaqla başlayıb. Nağıl yazıb və müəlliməsinin hədsiz xoşuna gəlib, ona görə də məktəbdə nağılını müsabiqəyə göndərmək qərarına gəlinib və göndərilərək bəyənilib. Özünə zəng vuraraq onu ЛитСтудия «Почерк»ə (“Dəst-xətt” Ədəbi Studiyasına) dəvət eləyiblər. Antologiya kitabına onun da nağılını salıblar, ən çox bəyənilən yazılardan biri məhz Nurayın nağılı olub.

Təqdimat mərasimdə Nuraya həmin kitabdan hədiyyə ediblər. O da müəllifliyin ilk sevincini bu qədər erkən - yeniyetməlik yaşında daşımaq xoşbəxtliyinə nail olub.

İndi Nuray 8-ci sinifə keçir və gələcək üçün çoxlu planları hələ var. Hətta müxtəlif müsabiqələr üçün inşalar, esselər yazaraq özünü hər sahədə sınamağı sevir. Hakimliyə isə daha səylə hazırlaşır.

Ona uğurlu yol arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

 

Çərşənbə axşamı, 15 Avqust 2023 11:30

Təsir qanunu.

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.

 

«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!

Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq.

2.Təsir qanunu.

«Liderliyin həqiqi ölçüsü təsirdir».

Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.

 

1-ci qanunla isə dünən tanış olmuşdunuz:

1.     Tavan qanunu.

«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».

Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.

Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.

 

 “Ədəbiyyat və incəsənət”

(15.08.2023)

 

Çərşənbə axşamı, 15 Avqust 2023 11:15

“Koğuştaki mucize"nin ulduzu Bakıda

"7. Koğuştaki mucize" filminin balaca qəhrəmanı Nisa Sofiya Aksongur Bakıya gəlib. 

Azşam.az bildirir ki, ekran işində Ova obrazını canlandıran aktrisa İTV-də qonaq olub. Aparıcı Azər Süleymanlı Nisanın Bakıya ailəsi ilə birlikdə gəldiyini bildirib:

 

"Həmin kinoya baxan bütün dostlarımdan, yaxınlarımdan uzun müddət onun təsirindən çıxa bilmədiklərini eşidirdim. Ona görə cəsarət tapıb baxa bilmirdim. Nəhayət ki, xeyli tərəddüddən sonra izlədim. Bu ekran işi müasir türk kinosunun ən təsirli nümunələrindəndir. Yanımdakı balaca gözəl Nisa isə həmin filmin nailiyyətlərindən biridir. Artıq bir neçə ildir ki, Nisa və onun gözəl ailəsi ilə dostluq edir, hər dəfə Azərbaycana gələndə görüşür, efirimizə çağırırq". 

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 11:00

“Mənim hekayəm” - Xatirə Səfər

“Ədəbiyyat və incəsənət” portalı Oxucularımızın yaradıcılığı rubrikasında sizlərə Xatirə Səfərin “Mənim hekayəm” hekayəsini təqdim edir. 

 

Əslində çox qorxurdu... 

Ancaq içindəki burulğanına savaş açmaq  üçün yeganə çıxış yolu bu idi. Evlərindən körpüyə qədər olan yolu km-lərlə ölçə bilməsə də, təxmin etmişdi. Bu təxminlərində saysız hesabsız şəkildə var-gəllərini nəzərə alsaq ora tez çatmağı düşünürdü, həmçinin nədənsə gizlincə indiyə qədər inandığı, tutunduğu müqəddəslərin hamısının bir- bir adını çəkmiş, dönməsi üçün hərəsinin ətəyindən yapışmağa çalışmışdır. Fəqət tək gedəcəyi gerçək yer Rəbbinin hüzuru  olduğunu dərk edə bilməmişdi təəssüf ki.. 

Ona görə də anlaya bilmirdi, hərəkəti onu hansı uçuruma apara bilər, sezə bilmirdi ürəyinin qaranlığında itib-batmış, yox olmuş ümidin iynə ucu qədər də gerçek olmasını...

Bəlkə də hiss edirdi, içindəki qərarın son mənzil üçün beynini  gəmirdiyini, onun ruhu çoxdan qəbul etmişdi bu ayrılığı, sadəcə  cismi qaldığı üçün nigaran idi və O, bu səfər  artıq cismini də qurban verərək  adlayacaqdı, azadlıq naminə. Ömür boyu onu içində sıxıb, tənə ilə hər dəfə üzünə  vurub günahlandırdığı bu səhv, bu yanlış bəlkə də ədalətli idi.  

 

İntizarın  addımları  tez-tez dayanır, gah itiləşir, gah da hansısa qüvvə tərəfindən  geri gedirdi, sanki məcburən ilahi qüvvə onu çəkindirməyə çalışırdı, həyatın necə gözəl olduğunu, xüsusilə gecələr həyatın daha başqa, əsrarəngiz sehrə malik olduğunu  göstərmək üçün isti avqust ayının ən orta günlərində, daha dəqiq desək 22-ci  günündə, öz 35 illik həyatının ən qaynar çağında verdiyi qərarı əsən bir yay mehi , səmalardan baxan günahkar və günahsız ruhlardan ibarət ulduz tavanı və indiyə qədər heç kimin toxuna bilmədiyi o füsunkar zərli libası pozmağa çalışırdı. 

Artıq gec olduğu üçün körpünün üstü ilə heç bir avtomobil gözə dəymirdi. İntizar sağındakı və solundakı ömürlük yandaşları ilə birlikdə addımlarını sayırdı. Hərdən onların mübahisə etməyi belə onu aldığı qərarlı düşüncədən əl çəkməyə kafi deyildi. 

Qəfildən qarşıdan gələn avtomobilin qabaq işığı sanki İntizarı qorxunc yuxudan oyadırmış kimi diksindirdi. Avtomobil gözə görünməz hadisə nəticəsində çevrildi və tüstüləməyə başladı.

Öz-özünə deyinərək dodaqaltı   dondquldamağı sevirdi.  Deyinə-deyinə yavaş-yavaş maşına doğru getdi. Gördüyü mənzərə qarşısında nitqini yay gecəsində necə şaxta vurdusa, orda olsaydın düşünərdin ki, sanki 26 fevral Xocalı faciəsində əli, ayağı, dili, dodağı donmuş biçarə , zavallı körpə kimidir.Heç bir həyat nişanəsi  qalmayan... 

Tərsinə çevrilmiş  avtomobilin tüstüsü getdikcə çoxalır, ön hissəsi  sanki alışacaqmış kimi hiss etdirirdi İntizara.. 

Cəld yubanmadan içəriyə baxdı, 3 nəfər  gördü, artıq ikisi ruhunu tapşırmış, biri isə mədət umurdu sağ qalmaq üçün. Bir anlıq , hətta 1 dəqiqə belə çəkmədən insan ömrünün tükdən asılı olması vəziyyəti  İntizarın içindəki intihar qorxusunu yenməyə başlayırdı. Zaman avtomobilin içindəki insan ömrünün  əleyhinə  işləyərkən, İntizarın  həyat eşqinin yenidən doğulmasına səbəb olurdu. İndi hər cəhdlə o, içəridə qalan adamı xilas etmə dərdində idi, çunki 1 neçə dəqiqə sonra onların ikisi üçün də, orada qalmaq həqiqətən də  təhlükəli  ola bilərdi. İllərlə  varlığına inanmağa cəhd göstərməyə çalışan İntizar son məqamda  "Allah " deyərək göy üzünə baxdı: "mənə güc ver " deyib avtomobilin qapısını dartdı. 

Göylərin bu iki insan üçün hansı planları var olduğunu bilmirəm, amma görünür onları birləşdirən hansısa səbəb İntizara daxili inamını, itirdiyi imanını və ağrıdan qıvrılan adama isə ikinci yaşama şansını  geri qaytardı..  

Gözlərini  açdıqda bəyaz bir tavanla üz-üzə gəldi.

Yavaş-yavaş ətrafa göz gəzdirdi,  bura necə düsdüyünü  qısa-qısa kino lenti kimi xatırlamağa çalışdı. Fikirlərdən bir səs onu ayırdı. 

"-İntizar, qızım !  Hər şey yaxsi olacaq"  -deyə ağsaçlı bir kişi onun sistem qoşulmuş əlini tumarlamağa  başladı.

Yaşadığı hadisənin qaynar, odlu- alovlu 

nəticəsi  İntizarı və xilas etdiyi gənci bir müddət ayrı-ayrı otaqlarda məhkum etmişdi.. 

"Göndərən Allah isə hər bir dərdi 

Demək könlümün şəfasını səninlə verdi" 

...deyə bir mahnı oxunurdu dəhlizdə... Və onların ikinci dəfə rastlaşması, üz- üzə gəlməsi xəstəxanada olsa da, duaların ən çox edildiyi yerdə olması, ən səmimi, ən içdən edilən dualara şahid olmuş bu xəstəxana nəyəsə işarə idi.. 

Bir müddət keçdi və İntizar xəstəxanadan evə yerləşdikdən sonra yanına bir neçə özəl saytlardan və qəzetlərdən müxbirlər gəlmişdilər, hadisə ilə maraqlanırdılar. İntizar olduqca heyrətlənmisdi ki, nə üçün onunla tanışlığa bu qədər can atırlar. Müxbirlərin orda olduğu müddətdə karqo vasitəsi ilə İntizarın ünvanına büyük qızıl gül dəstəsi  göndərilmişdi. Gül dəstəsinin üzərindəki not təsadüfi  bir mehlə qopub jurnalistin üstünə yapışdı. Qeyri-ixtiyari də olsa nota göz yetirən jurnalist artıq hər şeyi bilib təsdiqləmiş halda həmkarlarına işarə etdi.  (Can həkiminin İntizara olan böyük məhəbbəti artıq sirr deyildi ). Onların hər birinə çox qəribə və inanılmaz gəlirdi dünyaca şöhrətli bir can həkiminin öz qəlbini  öz xəstəxanasındakı həyatını xilas etmiş İntizar adlı  sadə, düşüncəsi bəsit,  iradəsi zəif, fəqət cahanın özü boyda ürəyə sahib olduğu bir qıza verməsi...

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Bakıda Pakistanın Müstəqilliyinin 76-cı ildönümü münasibətilə bu ölkənin mədəniyyətinə və milli mətbəxinə həsr olunan festival keçirilir.

Repor xəbər verir ki, tədbir Pakistanın görməli yerlərini əks etdirən videoçarxla başlayıb.

 

Festivalı giriş sözü ilə açan Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iki ölkə arasında əlaqələrin əsrlərə gedib çıxdığını qeyd edib: “Bundan başqa, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub”.

Səfir həmçinin 20-ci əsrin əvvəllərində Pakistanda vəba xəstəliyinin yayılmasına qarşı mübarizədə Hacı Zeynalabdin Tağıyevin müstəsna rolundan danışıb: “Azərbaycanlı xeyriyyəçi öz vəsaiti hesabına Pakistana yüz minlərlə ampula vəba peyvəndi alıb göndərib, bu da ölkənin ölümcül xəstəliyə qalib gəlməsində mühüm rol oynayıb”.

Diplomat bildirib ki, Azərbaycan və Pakistan beynəlxalq arenada həmişə bir-birini dəstəkləyib: “Bu gün Kəşmirlə azad edilmiş Qarabağın bir çox oxşar cəhətləri var. Ümid edirik ki, Azərbaycanın və digər dost ölkələrin dəstəyi ilə Kəşmir tezliklə azad olacaq”.

Tədbir zamanı Azərbaycan və Pakistanın milli rəqsləri ifa olunub.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 10:30

BİRİ İKİSİNDƏ - “Salam, payız adam”, Ceyhunə Mehman

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Poeziya vaxtıdır, Ceyhunə Mehman qarşınızda öz lirik “Salam, payız adam” şeiri ilə dayanır.

 

 

 

Ceyhunə MEHMAN

 

 

SALAM, PAYIZ ADAM...

 

Salam, payız adam! Salam, qış adam!

Qar adam, buz adam və yağış adam!

Səni bu dünyadan almağa gəldim,

Nəyin var, dur topla, tez yığış, adam!

 

Gördüm ki, gözlərin yoldan asılıb,

Gördüm ki, səsin də bir az qısalıb;

Haylasan, səsinə hay verən olmaz,

Səni dinləməyir dost-tanış, adam.

 

Demə hardan bildin halımı, demə,

Könlündən süzülən yaşlar söylədi.

Dualar səpmisən üzü göylərə,

Dünən dən atdığın quşlar söylədi.

Hardandı bu qədər inanış, adam?

 

Gedək, yer üzündən üzülsün əlim,

Gedək, bu dünyanın sonuna gedək.

Bir ulduz gecəyə batıb qarışsın,

Gəl gedək, Allahın yanına gedək.

 

Gedək, şeir adam, gedək, söz adam!

Qar adam, buz adam və yağış adam!

Səni bu dünyadan almağa gəldim,

Nəyin var, dur topla, tez yığış, adam!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Azərbaycanda ilk dəfə Samur-Yalama milli parkında “Təmiz oyunlar” beynəlxalq ekokönüllülük layihəsi həyata keçirilib. 

AzərTAC xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti, “Gənclərin Töhfəsi” İctimai Birliyi, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi, “Azərbaycanın Rus Gəncləri Assosiasiyası” İctimai Birliyi və Peşə Təhsilinin İnkişafına və Məsulluğa Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. 

 

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova ətraf mühitin qorunması istiqamətində görülən işlər və layihələr haqqında geniş məlumat verib. 

Sonra xidmətin Xüsusi Mühafizə olunan ərazilər şöbəsinin müdiri Elnur İbrahimov ekoloji maarifləndirmənin gənclər arasında təbliğinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Xidmətin əməkdaşı Turqut Əhmədov bu istiqamətdə müxtəlif səpkili layihələrin gənclərin iştirakı ilə davam etdiriləcəyini bildirib. 

Layihədə iştirak edən 60 iştirakçı komandalara bölünərək bir saat ərzində yarışaraq milli park ərazisinin ətrafında tullantılardan təmizləyiblər. Yarışın sonunda 500 kiloqram müxtəlif ətraf mühit tullantısı toplanaraq müvafiq quruma təhvil verilib. 

Sonda “Şuşalılar” komandası birinci, “Qoçaqlar” komandası ikinci, “Xarıbülbül” komandası üçüncü yeri tutaraq diplomlar və müxtəlif hədiyyələrlə, digər komandaların üzvləri isə aktivlik sertifikatları ilə təltif olunublar.

Qeyd olunub ki, layihə ölkə ərazisinin müxtəlif bölgələrində davam etdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 10:00

Arxeoloqlar, Afaq Bəşirqızı və Napoleon Bonopart

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün - avqustun 15-dir. Bu günün əlamətdar hadisə və bayramlarını nəzərinizə çatdırırıq. 

Arxeoloq Günüdür. 

MDB məkanında, o cümlədən Azərbaycanımızda qeyd olunan bir bayramdır. 

Tuva Günüdür. 

Rusiya Federasiyasının şimalında yaşayan tuvalılar azsaylı aborogen xalqlardandır.

Bolqarıstanda dini bayramdır - Müqəddəs Məryəm Həzrətləri və onun şəninə dua oxuma günüdür. Eləcə də Yunanıstanda. 

Kosta Rikada Ana Günüdür.

Hindistanda dövlət bayramıdır - Hindistanın Müstəqillik Günüdür. Bu günü hindlilər ingilis müstəmləkəçiliyindən çıxmaqla haqq ediblər. 

Polşada və Zimbabvedə silahlı qüvvələr günü qeyd ediləcək. 

Bir də bu gün zaoastrizmə aid Amertat və Odlar şahı günü qeyd ediləcək. Amertat - ölümsüzlük günüdür. 

Biz azərbaycanlılar bütün digər xalqların bayramlarını təbrik etməyəkmi, edək!

Bu gün sevimli aktrisamız Afaq Bəşirqızının, məşhur aparıcımız Dilarə Səlimin doğum günləridir. 

Bu gün həm də dahi sərkərdə Napoleon Bonopart, dahi yazıçı Valter Skott və çağdaşımız, populyar müğənni Timati dünyaya gəlmişlər. 

O ki qaldı bu gün vəfat edənlərə, məşhur sovet müğənnisi Viktor Soyun ömrünü killer məhz bu gün qırıb.

Klassik italyan yazıçısı Rafaello Covanyolli, rus yazıçı Pyotr Katayev, alman əfsanə- futbolçu Herd Müller və ən əsas, görkəmli aktrisamız Məhluqə Sadıqova da gözlərini əbədiyyətə məhz bu gün yumublar.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.