Super User

Super User

 

Avqustun 24-də Heydər Əliyev Sarayında Qazaxıstandan olan “BN Team Orchestra” simfonik orkestrinin ifasında populyar Koreya seriallarından saundtreklər səsləndiriləcək.

 

Və gecədə “Giləmeyvələrdən sonra çiçəklər", "Va-bank", "Al ürəklər: Koryo", "Dolu ev" və s. kimi seriallardan musiqilər səslənəcək.

Proqram “BN Team”in müəlliflik üslubunda və simfonik orkestri, xor və solistlərin müşayiəti ilə ifa olunacaq. Böyük ekranda tamaşaçılar sevimli seriallardan ən gözəl parçaları izləyə biləcəklər. 

BN Team – Qazaxıstanın müxtəlif janrlarda fəaliyyət göstərən yaradıcı və kreativ gənc və enerjili musiqiçilər, aktyorlar və artistlər komandasıdır. Kollektiv son illərdə Qazaxıstanda, eləcə də Bakı, Daşkənd və Bişkekdə çoxlu konsert verib, bu da layihənin miqyaslığı və məşhurluğu haqqında xəbər verir.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 13:30

Ferhat Göçer Bakıya gəlir

 

Sentyabrın 22-də Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin növbəti dəfə konserti təşkil olunacaq.

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 13:15

Səhnəmizin AFAQI...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Min doqquz yüz çoxdanıncı illər idi. Azərbaycan Sovet Sosialist Respublikasının Sumqayıt şəhərinin 8-ci mikrorayonunda qayğısız uşaqlıq illərimi yaşayırdım. Hər şey - yağ, ət, qənd, hətta siqaret, kibrit də talonla satılırdı. Evin birinci uşağı olduğum üçün talonla verilən ərzaqları almaq mənim boynuma düşmüşdü. Zarafat deyil, ailəmizə ayrılan kərə yağını, əti və digər ərzaqları almaqdan ötrü ayda bir neçə dəfə gecədən səhərə qədər növbədə dayanırdım...

O, mikrorayonun əsas ərzaq mağazasının üstündə, yəni Mehriban Ələkbərzadəgilin binasının ikinci blokunda yaşayırdı. Rəhmətlik aktyor Kamil Məhərrəmovdan bir mərtəbə yuxarıda. Yeni il qabağı mağazalarda növbələr daha da uzanırdı. İnsanlar “Paytaxt salatı” hazırlamaqdan otrü, konserviləşdirilmiş yaşıl noxud, xama, mayonez və ya kolbasa almaq üçün bu növbələrdə saatlarla vaxt itirirdilər. Onu ilk dəfə həmin növbələrdən birində görüb, yadda saxlamışdım. Çox gülərüz, mehriban və necə deyərlər, döyüşkən adam kimi tanıyırdım. Nə isə, sonradan bildim ki, Sumqayıt Dövlət Dram Teatrının aktrisasıdır...

Haqqında söhbət açdığım Afaq Səfərova 1955-ci ildə Bakı şəhərində, böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində dünyaya gəlib. Orta təhsilini Bakıda, 20 saylı məktəbdə bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə versə də, lakin müsabiqədən keçə bilməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə gedib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil aldıqdan sonra, aktrisa kimi əmək fəaliyyətinə başlayıb. 1973-1975- ci illərdə Lənkəran Dövlət Dram Teatrında, 1975-1989-cu illərdə Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Sonra uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi fəaliyyət göstərib və həmin universitetin professoru elmi adına layiq görülüb.

1989-cu ildə Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 2013-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub. 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır...

 Deyir ki,- “Mən sevilən və kifayət qədər tanınan kişinin ailəsində anadan olsam da, amma varlı bir ailədə doğulmamışam. Ona görə də heç zaman harın hərəkətlərə yol verməmişəm. Başımı aşağı salıb öz işimi vicdanla icra etmişəm. Atam 1925-ci ilin mart ayının 11-də anadan olmuşdu, 1969-cu ilin mart ayının 23-də vəfat etdi. Baharda doğuldu, baharda da dünyasını dəyişdi. Əslən Qubalıdır, ancaq Bakıda anadan olub. Anası Qızılgül xanım, atası Səfər kişi, ailədə də 3 qardaş, bir bacı olublar. Səhnəyə necə gəlməsi barədə ətraflı məlumatım olmasa da, bilirəm ki, gənc yaşlarında dram dərnəklərinə gedib. İkinci dünya müharibəsində iştirak eləyib və yaralanıb, kontuziya alaraq, lal-kar kimi ordudan tərxis olunub. Ürəyi partlamasın deyə, o dövrün incəsənətə qiymət verməyi bacaran insanları onu xora götürüblər ki, heç olmasa oxuyanların arasında ağzını açıb-yumsun. Bir dəfə evə gələndə az qalıb tramvayın altına düşsün və həmin anda qışqırıb, o hadisədən sonra dili açılıb, qulağı eşidib. Atamın çox qısa ömür yolu və yaradıcılıq fəaliyyəti olsa da, ölümündən 53 il keçməsinə baxmayaraq, hələ də xalqın yaddaşından silinməyib. Mən inanıram ki, bir əsr də keçsə, silinməyəcək. Mənə elə gəlir ki, sənətkarın övladı mütləq sənətkar olmalıdır ki, onu yaşada bilsin. Bəşir Səfəroğlunun dövründə çoxlu sənətkarlar olub, öz zəmanələrinə görə yaxşı tanınıblar, amma əksəriyyəti yaddan çıxıb. Bəşir Səfəroğlunu isə indi hətta uşaqlar da tanıyır...”.

Afaq xanım ilk rollarından özünü istedadlı, işgüzar, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək sevilməyə başlayıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Bir vaxtlar Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. O, teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar"ında Darçınbəyim, Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam"ında Zəhra, Əli Əmirlinin "Bala başa bəla"sında Suğra, Məcnun Vahidovun "Yarımştat"ında Ayna, Aqşin Babayevin "Nekroloq"unda Gülya rollarını ifa edib və "Afaq gülür güldürür" şousunda müxtəlif, rəngarəng obrazlar yaradıb. Azərbaycanfilmin istehsalı olan “Bəxt üzüyü” filmində Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib...

“Ömrümün hər anı məni sevindirir. Mən bu sənətdə mənliyimi, kimliyimi təsdiq etməyi bacardım. Heç vaxt kimin qızı olduğumu unutmadım və Bəşir Səfəroğlunun övladı kimi üzərimə düşən məsuliyyəti hiss etdim, ancaq bu adın kölgəsində gizlənmədim, itib batmadım. Xoşbəxtəm ki, mənim sənətimi sevənlər və qiymətləndirənlər var. Xoşbəxtəm ki, sənətkar adını qazana bildim, xalqın artisti oldum”- söyləyir…

İradəli xanımdır. Neçə illərdir ki, xərçəng xəstəliyinə qarşı vuruşur. Min bir əziyyətə, ağrılara sinə gərir, amma ruhdan düşmür. Bir an da olsa belə yaşamaq eşqi onu tərk etməyib.

 Avqustun 15-i Afaq xanımın növbəti ad günüdür. Bəli, min doqquz yüz çoxdanıncı illər idi. İlk dəfə Sumqayıt şəhərində, ərzaq növbəsində görüb yaddaşıma köçürdüyüm bu xanımın uzun illər tamaşçısı olmuşam. O qədər onun yaratdığı obrazların sayəsində gülüb şənlənmişəm ki, özümü Ona borclu sanıram. Və bu borcu ad günü münasibətilə təbrik etməklə, xoş arzularımı dilə gətirməklə qismən də olsa ödəmək istəyirəm.

Allah sizə şəfa versin və öz möcüzəsilə sizi əsrin xərçəng bəlası ilə mübarizədən qalib çıxarsın!

Çox yaşayın, Afaq xanım!..

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 08:30

31 il keçdi

15 avqust 1992-ci ildə Azərbaycanın ilk milli valyutası dövriyyəyə buraxılıb. Ötən 31 il ərzində milli əskinaslarımız bir neçə dəfə dəyişsə də ilk milli əskinaslarımız tarixdir, onları sizə təqdim edirik. 

Yadınızdamı?..

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Sosial şəbəkələr meyxanaçı Namiq Qaraçuxurlunun özünə "Bentley" markalı avtomobil almasından gen-bol yazmaqdadır. Meyxanaçı özü öz instagram hesabında avtomobili ilə görüntüləri yayımlayıb. 

Namiq fotolarına bu şeir bəndini əlavə edib:

 

Gecə-gündüz yatdım 

röya məni bezdirmədi. 

Yar mənə cövr elədi

dünya məni bezdirmədi. 

Mən elə dəli oldum.

 

Bu yerdə onu demək istəyirik ki, bir qarın çörəklə sınağa çəkilən yüz minlərlə insan ordusu olan yerdə 300 minlik avtomobili gözə soxmaq əsla düzgün deyil. Cah-cəlallı həyat sürənlər bunu reklam etməsinlər. Düşər-düşməzi olar.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 16:00

Məsələ mədəni deyil, vicdanı doyurmaqdır…

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Mədəniyyət dedikdə mənəviyyatmı ön plandadır, yoxsa maddiyatmı?

Bizim zamanla həm sarsıcı, həm də düşünmədən irəli sürdüyümüz qeyri-iradi fikirlər mədəniyyətimizə necə təsir göstərir?

Bu iki suala cavab tapmağa çalışdım. 

 

Belə düşünürəm ki, xalqımızın hər hansı doğruluğa məhəl qoymadan, əsaslandırmadan inandığı bir sıra fikirlər zamanla bizim üçün həqiqət olanları yalan edir. Cəmiyyət arasında belə bir deyim var, -"Ağıl ağıldan üstündür". Əziz dostlar, niyə kiminsə ağlı bizim ağlımızdan üstün və yaxud əksik olmalıdır?! Xeyr, təbii ki bunu ciddi bir kinayə, ya da pis niyyətlə demirəm. Onu demək istəyirəm ki, niyə kiminsə ağlını, şüurunu, gücünü özümün bu cür xüsusiyyətlərim ilə müqayisə etməliyəm?! Məgər bu, insanın öz iradəsini alçaltmaq deyilmi?! Ona görə də belə düşünürəm ki, insanın özünə güvən hissi onun ən güclü qalxanıdır. Niyə xalqımız zaman keçdikcə ağır, təlatümlü bir ruhun təsiri altına düşür?! 

İnsan özünü inkişaf etdirməlidir ki, cəmiyyət inkişaf etsin. Cəmiyyət inkişaf etməlidir ki, maddi və mənəvi dəyərlər öz gücünü qorusun və gələcək nəsillərə öz töhfəsini versin. Məhz belə olan halda mədəniyyətimizin qədim tarixi köklərə əsaslanan sarsılmaz ruhunu qoruyub saxlaya bilərik. Axı mədəniyyətimizin bir sıra cərəyanların təsirinə məruz qalması və onun elementlərinin assimilyasiyaya uğraması çox mənfi bir nəticədir. 

Mədəniyyətimizdə aşağıdakı ifadələr geniş yer tutur: xalq yaradıcılığı, xalq incəsənəti, xalq müdrikliyi, xalq ənənələri, xalq rəvayətləri, xalq sənətkarları, xalq təbibləri, xalq müğənniləri, xalq musiqisi və s. Lakin bir şeyi unutmayaq ki, xalq mədəniyyətində əlavə xalq gerçəkliyi deyilən bir ifadə bizi bu gün narahat edir. Və... bizi narahat edən bu gerçəklər günümüzün qlobal problemləridir. Qlobal istiləşmə, artan təbii fəlakətlər, amansız müharibələr, pandemiya, su və taxıl qıtlığı, dəhşətli inflyasiya… - bütün bunlar həqiqətən də dünyanı sarsıtmaqdadır. Bütün bu gerçəklər bizi narahat edir və əgər bir tədbir görməsək, belə baxıram ki, bu məsələ bizi uzun müddət yormağa davam edəcək. Bəs çarə nədir, təbib hansı eldədir? 

Onu deyə bilərəm ki, mədəniyyət bu halda bəşəriyyətin köməyinə gələ bilməz, bəşəriyyət mədəniyyətin ətəyindən var gücü ilə yapışa bilər. Amma bir həqiqət var ki, tək əldən səs çıxmaz. 

Unutmamalıyıq ki, mədəniyyət keçmişdən bu yana cəmiyyətin həyat fəaliyyətinə təsirsiz ötüşməmişdir. Həyat tərzi, təsərrüfat fəaliyyəti, adətlər, ayinlər, uşaqların tərbiyəsi - bütün bunlar mədəniyyətin təməl nöqtəsidir. Mədəniyyət ailədən başlayır. Valideyn ilk növbədə uşaqlarına ədaləti, sülhü, ehtiyatlı olmağı, tutumlu olmağı təbliğ etməyi bacarmalıdır ki, həmin uşaq da böyüyəndə əldə etdiyi yaxşı tərbiyənin nəticəsi ilə bəşərə töhfə versin. İstər iki bəndlik şeiri ilə, istər bir səhifəlik bədii yazısı ilə, istərsə də valeh edən nəğməsi ilə, fərqi yoxdur. Necə olursa olsun, önəmli olan nəticə bizi gözəl yöndə heyrətləndirsin. Şüar sahibinin sənəti bizə maraqlı deyil ki. Əsas odur şiddətə, qana, ədavətə məhəl qoymadan şəfqəti bizə öyrətsin. Desin ki, əzizim, bir dilim çörək qalıb, sənin isə qardaşın da (bacın) var. Məsələ isə mədəni deyil, vicdanı doyurmaqdır. Əgər vicdanının doymağını istəyirsənsə, həmin bir dilim çörəyi iki yerə böl. 

Desin ki, övladım, suyu və işığı söndür, yoxsa sabah işıqsız və susuz qalacağıq. Desin ki, bu dünyanı qoruyub gələcək nəsillərə çatdırmaq sadəcə bizim əlimizdədir. Əlimizdə olanı isə nə sıxmaq, nə də atmaqla hökümlüyük. 

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 15:00

POETİK QİRAƏT: “Dənizi başına çəkən” Elşad Barat

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün debütdür, ilk dəfədir gənc şair Elşad Baratın şeiri dərc edilir. 

 

Bilirəm, hardasa düz eləmirəm, 

Bilirəm, mənim də günahlarım var.

Bəlkə də sonuncu axşamçağımdı,

Bəlkə də bir sürü sabahlarım var.

 

Neynirəm bu saxta ləpələnməyi?

Balıqçı quşların səsi bezdirir,

Hər kəsin əlində bircə ömür var,

Hamı ehtiyatda ölüm gəzdirir. 

 

Sən gələn yollara etibarım yox,

Gözümü badəyə dikirəm indi.

Sənin sağlığına ayağa qalxıb, 

Dənizi başıma çəkirəm indi.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 14:00

ÖTƏN İL BU GÜN – Elvin Əlizadənin şeirləri

“Ötən il bu gün” rubrikasının redaktorlarının diqqətini bu dəfə sumqayıtlı gənc şair Elvin Əlizadənin örən ilin bu günündə dərc edilmiş şeirləri cəlb etdi.

Elvin Əlizadə 1993-cü ilin fevral ayında Zəngilan rayonunun Ağalı kəndində dünyaya gəlib.

Həmin ilin oktyabr ayından məlum hadisələrlə bağlı ailəsi Sumqayıt şəhərində məcburi köçkün kimi məskunlaşıb. O, Sumqayıt şəhərinin 25 saylı tam orta məktəbini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini bitirib. 2014-15-ci illərdə Beyləqan rayonunda hərbi xidmətdə olub. 2016-cı ildən bu günə kimi Sumqayıtda Əli Kərim adına Poeziya Evində çalışır. Şeirləri məktəb illərindən bu günə kimi dövri mətbuatda çap olunur. 2022-ci ilə “-29” adlı ilk şeirlər kitabı nəşr olunub. Prezidentin illik  təqaüdünə və Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb.

Elvin Əlizadə Silk Way Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun finalçısı və diplomantıdır.

 

 

İlahi, o kənddə nələr var idi...

 

Dünən Zəngilana getmişdim, ata..

Tikdiyin evlərdən əsər yox idi,

Vəhşilik adında əsər var idi..

Otların üstündə əsgər izləri,

Daşların dibində zəfər var idi.

İlahi, o kənddə nələr var idi...

 

Dünən Zəngilana getmişdim, ata!

Nə köhnə yerində şaftalı bağı,

Nə də üzümlükdə üzüm var idi.

Mən ordan çıxanda dil açmamışdım,

Qayıtdım, deməyə sözüm var idi.

Yerdə iməkləyən izim var idi.

 

Dünən Zəngilana getmişdim, ata!

Neçə güllələnmiş başdaşı gördüm.

Evlərin yerində çay daşı gördüm.

Çay nəyə deyirsiz? Enli dərəydi

İçində sevincdən göz yaşı gördüm.

 

Keçdim Babaylıdan, Məmmədbəylidən

Yollar Ağalıya burulur, ata.

Gözü yolda qalan Həkəri ki var

Bulanıq suları durulur, ata.

Deyəcəm bəlkə də inanmıyassan,

Oralar yenidən var olur, ata,

Oralar yenidən qurulur, ata!

 

Dünən kəndimizə getmişdim, ata!

Tikdiyin evlərdən əsər yox idi.

İlahi, o kənddə nələr yox idi. 

 

 

Bayraq

 

Dostların qürur yeri, düşmənlərin göz dağı,

Dalğalan göy üzündə, Azərbaycan bayrağı!

 

Sənə təzim etməkçün düzənliklər dağ olub,

Şəhid qanına batan bu parça bayraq olub!

Sən ən gözəl şeirsən, ən alovlu misrasan,  

Parça dediyim nədir?

- Canımızdan parçasan!

 

Dağımızdan ucasan, daşımızdan ucasan,

Əyilməyən, dik qalan başımızdan ucasan!

Başım üstə yerin var, gözüm üstə yerin var,

Namusunu qoruyan neçə igid, ərin var!

 

Səni Xudafərində görənlər fikirləşir-

Bir Bayrağın altında əbədiyyət birləşir!

Neçə adət-ənənə, mədəniyyət birləşir,

Güneydən quzeyəcən istiqamət birləşir!

Dalğalandığın hər yer Azərbaycan sayılır,

Göy rəngin Göytürklərdən bizə nişan sayılır!

Səndə Demokratiya, Cümhuriyyət birləşir.

Sənin yaşıl rəngindən Azan səsi yayılır.

 

Ay-ulduzlu gecədən doğan bir səhərin var,

Gəlişinə sevinən Şuşan, Kəlbəcərin var!

Sən bu Müqəddəs Günə əmanət qoruyurdun,

Bilirdik, Qarabağda Mübarək zəfərin var!

  

 

Sumqayıt

 

Hamının hər səfərdən geri döndüyü yer var.

Bizi də varlığıyla tamamlayan şəhər var.

Günəşini Xəzərdən salamlayan şəhər var.

Dərdini başqa yerdə ovuda bilmir adam,

Burda öz sevdiyini unuda bilmir adam.

Küçələri upuzun, ayrılıqları qısa,

Qarşılaşır hardasa...

 

Gözəlləşir günbəgün, çiçəklənir ilbəil,

Bu gün dünənki deyil, sabah bugünkü deyil.

Kiçik məhəllələrdən böyük şəhərə dönüb.

Fəhlələrin şəhəri “Möcüzələr”ə dönüb.

Dəqiq xatırlamıram mən o həmin illəri,

Uşaqlığımdan bəri

Bir ağ göyərçin qonub dənizin sahilinə.

Hamı tamaşa edir bu ağ donlu gəlinə

Onu hər an qoruyan, arxasında dayanan

Xəzər adlı qardaşın başının tacıdır o.

Bir ovuc dənin deyil, sülhün, saf məhəbbətin,

Dostluğun acıdır o.

Onu ucaldanların ağarmış saçıdır o.

 

Bu möhtəşəm şəhərin sülh olsa da nişanı

Böyüdü yavaş-yavaş Şəhidlər Xiyabanı.

Böyüdü böyüməmiş, gör necə də böyüdü.

Özü də Göyərçinlə bir həyətdə böyüdü,

bir küçədə böyüdü.

Burda çox şəhidlərə canlı tarix yazıldı.

Şanlı şəhərimizə şanlı tarix yazıldı.

Üstündən əskilmədi böyüklərin nəzəri,

Doğrultdu öz adını:

“İstedadlı  gənc qızlar, gənc oğlanlar şəhəri”-

Qəhrəmanlar şəhəri.

 

Yenə qoruyur səni külüng vuran kişilər,

Həmin əllərdəsən sən.

Nigaran olmasınlar səni quran kişilər,

Əmin əllərdəsən sən,

Əmin əllərdəsən sən !!!

 

 

 

Payız qadın

 

Hava yaman soyuqdur, soyuq baxışlarıntək,

Payız yağışı yağır, sənin göz yaşlarıntək...

Sizin məhəllənizin

yem axtaran sərçəsi,

ac gəzən pişiyi var.

Nə mənim, nə onların isti ev-eşiyi var.

Sizin eyvanın altda üşüyür bir ağac tək,

Mən də təkəm halına yandığım bu ağactək.

Yarpaqlar da sıxılır, elə bil ki, təklikdən.

İntihar eləyirlər hansısa yüksəklikdən.

Yarpaq əgər bezibsə, payız bir bəhanədir...

Eşqi gözdən salmağa ucuz bir bəhanədir.

Hərənin öz sevgisi, inancı, dini olur.

Payız da yarpaqların qiyamət günü olur.

Mən payızı sevirəm, payız da gəlib çıxıb.

Sabah durub görərsən o qız da gəlib çıxıb...

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.

 

 

 

43–cüdərc

Layiqənin bu sözünə dodağım qaçdı.

-Sənin də xidmətlərin böyük oldu. Elə Qızılbaşın məkanına bizi çıxarmağın nəyə desən dəyər. Başqası da oranı əlli beş günə tapa bilməzdi. Əgər sən diqqətli olub, çəkməçini izləyən maşının motorxanasından yerə yağ damcıladığına, onu izləyən adamınsa çəkdiyi siqaretlərin kötüyünü çeynədiyinə və markasına fikir verməsəydin, sonra həmin əlamətləri lazımi ünvanın qarşısında tapmasaydın, ucu-bucağı bilinməyən ara küçələrdə o villanı müəyyən edə bilməzdik. Sənin sayəndə bizə qarşı göstərişlərin «Qızılbaş» ləqəbli kriminal avtoritetdən gəldiyini və qarşı tərəfin kimlər olduğunu öyrəndik.

-Şef, yağ damcılarını konkret villanın girişi qarşısında aşkar etdim. Özü də elə çox deyildi. Görünür, həmin «Nexia» orada qısa müddətə dayanıbmış. İzlədiyim adamın çəkib yerə atdığı siqaret kötüyü ilə eyni markadan olan və onun kimi filtri çeynənmiş siqaret kötüyünü isə xeyli aralıda tapdım. Bəlkə də külək vurub aparıbmış.

-Elə ona görə də biz oraya yaxın, yan-yana və üzbəüz olan dörd ünvanı araşdırdıq. Villalardan birində böyük xidmətləri olmuş keçmiş hərbiçi zabit, birində akademik, birində isə tibb elmləri doktoru öz ailələri ilə yaşayırdılar. Hər şeyin dəqiq olması üçün bunu etdik. Bu adamlar şübhələrdən kənarda idilər. Dördüncü ünvanda isə Qızılbaş yaşayırdı.

Ətrafa boylanan Layiqə soruşdu:

-Şef, indi haradan keçirik, görəsən çox qalıb şəhərə?

-Bax bu gördüyün Xızının Giləzi qəsəbəsidir. Buradan şəhərə təxminən yetmiş kilometr məsafə qalır.

-Yəqin biz çatana hava qaralmağa başlayar.

-Yəqin ki.

-Görəsən, nələr baş verdiyini bu gün öyrənə biləcəyik?

-Darıxma, Layiqə, darıxma. Səni evə düşürüm, hər şeyi öyrənəcəm. Səhər ofisdə görüşərik, öyrəndiklərimi sənə də danışaram. İstəsən, saat 10-da gələrsən.

-Yaxşı, şef. 

-Bir müşahidəmi də səninlə bölüşüm Layiqə. Gələcəkdə lazımın ola bilər. Psixi pozuntuları olan insanlarda yumor hissi olmur. Onlar edilən zarafatları başa düşmür, özləri də heç vaxt zarafat etmirlər. Bağda olduğumuz iki gün ərzində mənim qəsdən etdiyim zarafatlara Qılınc heç bir reaksiya vermədi. Təbii ki, özü də heç zarafat etmədi. Bu da, onun gizli psixi pozuntudan əziyyət çəkdiyinin daha bir sübutu oldu mənimçün. Ümumiyyətlə, yadında qalsın, araşdırmalar zamanı nə qədər çox məlumat toplayarsansa, bir o qədər işin xeyrinə olar. Daha hər şey aydındır deyə, ən xırda şeylərdən belə vaz keçmə. Daim gözün dörd olsun. Diqqətli olmalı, müşahidələrini fasiləsiz aparmalısan. İndi sənə bir lətifə danışacam. Sonra bir sualım olacaq.

-Danışın, şef.

-Bir gün Şerlok Holmsla doktor Vatson çöldə gecələməli olurlar. Alaçıq qurub yatırlar. Gecə yarısı gözlərini açan Holms Vatsonu dümsükləyib oyadır və soruşur: -Vatson, bu səmadakı ulduzlar sizə heç nədən xəbər vermir ki? Vatson yuxulu-yuxulu cavab verir: -Xeyir, Holms, bəs sizə onlar nədənsə xəbər verirlər? Holms deyir: -Verirlər, Vatson, verirlər. Ulduzlar mənə deyir ki, bizim alaçığımızı oğurlayıblar.

Layiqə ucadan qəhqəhə çəkib güldü.

-Bu lətifəni elə belə danışmadım. İndi sənin müşahidə qabiliyyətini bir daha yoxlayacağam. Bax sənə bir sual verim. Ziya Bünyadov prospekti ilə «Koroğlu» metrosu istiqamətində gedəndə, «Çermet» körpüsünün tuşunda sağ tərəfdə böyük bir obyektin üstünə «Bu obyekt satılır» elanı vurulub. Bu haqda nə deyə bilərsən?

Layiqə bir qədər fikrə getdi. Sonra dedi:

-Nə demək olar ki? Obyekt sahibi öz obyektini satışa çıxarıb. Başqa nə deyim.

Bu qızın hər şeyi öyrənmək həvəsi o qədər böyük idi ki, bəzən mən belə ona qibtə edirdim. Hər şeyi öyrənmək üçün tez-tez verdiyi suallardakı məntiq isə mənə xüsusilə xoş gəlirdi. Ona görə də, ara-sıra belə məntiqi məsələlərlə onun düşüncə tərzini lazımi istiqamətə yönəldir, işimizdəki incəliklərə necə diqqət yetirməli olduğunu ona öyrədirdim. Yanımda işlədiyi bir il ərzində xeyli şey öyrənmiş, mən isə köməkçi seçimimdə səhv etmədiyimi anlamışdım.

-İndi mən öz yanaşmamı sənə izah edim. Mən o obyekt sahibini tanımıram. Kimliyi barədə də heç bir məlumatım yoxdur. Ancaq düşünürəm ki, onun bir yox, bir neçə obyekti var. Bilirsən ki, reklamın mətnini sifarişçi verir. Reklamçı isə ona dizayn verərək reklam halına gətirir. Bax elə bir neçə obyekti olduğu üçün sifarişçi reklamın mətnini verərkən, onların içərisindən bunu satışa çıxardığı barədə fikirləri mətnə də «bu» kəlməsini əlavə etməsinə səbəb olub. Reklamçı da heç bir dəyişiklik etmədən mətni verildiyi kimi yazıb. İndi sənə başqa bir şey də öyrədim. Bir mülahizənin doğruluğunu yoxlamaq istəyirsənsə, ona əks tərəfdən də yanaş. Eynilə, cəmi bir obyekti olan adamın yanaşmasına fikir ver. Satmaq fikrinə düşübsə, yüzdə yüz halda adam dostlarına, tanışlarına sadəcə «obyekti satıram» deyəcək. Çünki, dost və tanışlarının onun cəmi bircə obyekti olması və hətta harada yerləşməsi barədə məlumatlı olduqlarını bilir. Eynilə, hamı da başa düşəcək ki, söhbət onun sahibi olduğu bircə obyektindən gedir. Burada da başqa bir incəlik var. Tək obyekti olan biri, ticarəti yaxşı getməzsə, obyekt qazanc gətirməzsə, o halda «əşşi, bezdim, bu obyekti satıram» deyə bilər. Bu iki halı da bir-birindən ayırmağı bacarmalısan. Buradakı «bu», «bu uğursuz», «bu xeyir gətirməyən» və sair kimi ifadələrin əvvəlində işlənən «bu»dur və sırf obyektin uğursuzluğuna işarədir.

Sözümü bitirib Layiqəyə baxdım.

-Şef, bir dənə «bu» kəlməsini üç variantda təhlil etdiz.

-Etdim ki, yadında qalsın. Əşyalar müxtəlif rakurslardan fərqli göründükləri kimi, sözlər də müxtəlif cür yozula bilər. Unutma, Layiqə, dilimizdə yüz mindən artıq söz var. Bəzən hər bir sözün belə sətiraltısı olur. Sadəcə onu oxumağı bacarmaq lazımdır. Bu, bizim işimizdə çox vacibdir. Əgər desəm ki, bəzən həşəratların köməyi ilə də ctnayət açılır, təəccüblənərsən?

-Bu necə olur, şef?

-Qulaq as, bir misal çəkim. Finlyandiyada oğurlanmış və sonradan tərk edilmiş bir avtomobil oğrusunu axtaran komissar maşının içərisindən yalnız bir kiçik qara milçək tapır. Bu milçək qan sormaqla qidalandığına görə onun qanı araşdırılır və tərkibində insan DNT-sinin olduğu aşkar olunur. Sonradan şübhəlilərin dairəsi müəyyən ediləndə DNT analizi vasitəsilə cinayətkarın onlardan hansı olduğunu müəyyən etmək çətinlik törətmir. Əgər komissar, o milçəyə əhəmiyyət verməyib keçsəydi, bəlkə də həmin cinayət heç açılmayacaqdı.

-Eədir, şef. Bəzən ən xırda detallar həlledici olur. 

Layiqəni Buzovnaya düşürəcəkdim deyə, yaxın olmaq üçün Quba-Bakı yolundan Sumqayıtın içərisinə döndüm. Şəhərin o biri başından çıxıb, Corat, Novxanı bağlarını keçib dənizkənarı yola çıxdım. Hələ dəniz mövsümü başlamadığı üçün bu yolda hərəkət az idi. Daha nə mən danışırdım, nə də Layiqə. Bilmədiyi hər şeyi ona danışmışdım. Təkcə, təbii ki, yarımçıq tikilidə baş verənlər barədə susmuşdum.  İyirmi dəqiqədən sonra Buzovnaya çatdıq. Layiqəni evinə düşürəndə saat 21:20 idi. Onunla sağollaşıb şəhərə üz tutdum. İlk növbədə Elbrusla danışacaqdım. Yolu yarı edəndə telefonumu çıxarıb zəng etdim.

-Salam, Elbrus müəllim.

-Salam, qardaş.

-Şəhərdə deyildim, indi qayıtmışam. Vəziyyəti bilmək istəyirdim.

-Mən hələ işdəyəm. Yaxındasınızsa, gözləyim, üzbəüz danışardıq.

-On dəqiqəyə çatıram, gözləyin, -deyib xətti kəsdim.

Rayon polis idarəsinə çatanda Cavadovu idarənin qarşısında dayanan gördüm. Görüşdükdən sonra bir qədər gəzişməyi təklif etdi. Birlikdə idarənin gediş-gəliş az olan yan küçəsinə döndük. Səkidə əkilmiş iri qovaq ağacına çatanda Elbrus dayandı.

-Rayona nə vaxt getmişdiz?

-Dünən axşam.

Cavadov yorğun-yorğun başını yellədi.

-Dünən axşamdan bu yana çox qəribə şeylər baş verib. Ona görə görüşməyi təklif etdim.

-Qılınc saxlanılıb?

-Elə axşamla «götürdük». İfadəsini alandan sonra təcridxanaya göndərib evə getdim. Gecə isə özünü asıb. Mənə səhərə yaxın xəbər verdilər.

Bu gözlənilməz xəbər idi. Mənim üçün, Qılınc kimi birinin özünü asması məntiqdən kənara çıxan bir şey idi.

-İfadəsində nə göstərib?

-Hər şeyi etiraf etdi. Qətli necə hazırladığını, Salamı necə şərə saldığını bir-bir danışdı.

-Sənəm?

-Bəli, Sənəm. Sənəm amili onun dilini açdı. O vaxta qədər heç nəyi boynuna almırdı. Onlar uşaqlıqdan bir-birini sevirmişlər. Yeddi il həbs cəzasını da Sənəmə görə alıbmış. İyirmi yaşında olarkən bıçaqladığı adam, Qılınc əsgərlikdə olanda Sənəmi izləyir, əxlaqsız təkliflər edirmiş. Gələndən sonra bunu eşidən kimi həmin adamı vurub. Bu hadisədən sonra Sənəm daha rayonda yaşaya bilməyib şəhərə köçüb, xəstəxanada işə düzəlib. Yeddi il sonra həmin xəstəxanada təsadüfən rastlaşandan sonra bir daha ayrılmayıblar. Amma münasibətlərini gizli saxlayıblar.

Bəli, mən qatil olan Qılıncın sevgi hissindən məhrum olduğunu düşünmüşdüm. Ancaq belə deyilmiş. Əslində düzdür. İnsan qatil yox, lap bütün dünyanın hakimi belə ola bilər, ancaq kimliyindən asılı olmayaraq, hamı kiçik bir ürəyin əsiridir.

-İndi mənə Qılıncın niyə bir dəfə də doğma rayonuna getməməsi aydın oldu. Sevdiyi qadını burada qarşılayıb, ona daha nə lazım imiş ki? Rayonda isə, olsa-olsa onu qan düşmənləri gözləyirmiş.

-Elə o da, danışmağa başlayandan sonra təxminən belə dedi. Amma əvvəlcə iki saat çəkən dindirmə zamanı ondan bir kəlmə də ala bilməmişdim. Sənəmin adını çəkməyimlə birdən-birə dəyişdi. Onu gizli saxlayacağım təqdirdə hər şeyi etiraf edəcəyini dedi. Bunun mümkün olmadığını bildirib, Sənəmi yalnız şahid kimi cəlb edəcəyimə söz verdim. Bundan sonra «Karat»ın qətli barədə hər şeyi danışdı.

-Bəs sifarişçi?

-Məsələ bundadır ki, sifarişçi barədə sualı verəndə bərk tutuldu, əhvalı yenə dəyişdi, özünə qapandı. Xeyli fikirləşəndən sonra, yorğun olduğunu deyib, o barədə səhər danışacağına söz verdi. Onun üstünə getməyin mənası yox idi. Razılaşıb konvoyu çağırdım. Bu gün sifarişçini həbs edib işi prokurorluğa təhvil verməyi düşünürdüm. Amma gör hər şey necə dəyişdi.

-Salam haradadır?

 

 

 “Ədəbiyyat və incəsənət”

(15.08.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Növbəti Açıq Portfel xəbərini “Ədəbiyyat və incəsənət” portalı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən verir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-iyul aylarında 195 minə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. 

 

Onlardan 57 min nəfər “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib. 

Həmin dövrdə 9 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib. 

Son 7 ayda 7,2 min işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib. Digər bir istiqamət olaraq 121,6 min şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.