Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Elman Eldaroğlunun məşhur qarmon ifaçısı barədə yazısını təqdim edirik. Söhbət kimdən gedir? Darıxmayın.

 

 

Onunla heç vaxt görüşməmişik, şəxsi tanışlığımız yoxdur, amma barmaqlarından qopan səsdən onu tanıyıram...

Do, re, mi, fa, sol, lya, si! İlk baxışdan adi görünən bu sıralama səsə çevriləndə ilahi möcüzə yaradır...

Bu möcüzəyə musiqi deyirlər- səsləndisə insan pərvazlanan ruhunu öz vücudunda saxlaya bilmir…

Yaxşı musiqi sərhəd tanımır- hansı irqə məxsus olmasından, hansı dildə düşünməsindən asılı olmayaraq insanı vəcdə gətirir…

 

Yeməkxanada əyləşib nahar etməyə hazırlaşırdım. Telefonumu əlimə götürüb, "YouTube"də Ənvər Sadıqovun "Təəssürat" adlı konsertinin videosunu seçdim. Düyməni basıb videonu hərəkətə gətirdim. Qulaqcıqdan istifadə etməyi xoşlamadığımdan ecazkar musiqi sədası altında qarşımda olan təamlardan dadmağa başladım. Yaxınlıqdakı masada 7-8 gənc amerikalı əyləşmişdi. Gənclər deyib gülə-gülə nahar edirdilər. Birdən həmin masaya qəribə bir sükut çökdü. Hiss etdim ki, onlar musiqiyə diqqət kəsiliblər. Bir qədər sonra gənclərdən biri mənə yaxınlaşıb xahiş etdi ki, telefonun səsini ucaldım. Səsin zəif olduğunu görüb, başqa birisi bel çantasından çox da böyük olmayan səsgücləndiricini çıxarıb, telefonu "Bluetooth" vasitəsi ilə ona qoşmağı xahiş etdi. Və musiqi sədaları yeməkxananın salonuna yayıldı. Hamı Ənvərin barmaqlarının yaratdığı səsin sehrinə düşmüşdü. Arada məndən soruşdular ki, bu hansı ölkənin musiqisidir, ifaçı kimdir? Birtəhər anlatdım ki, Azərbaycan adlı keçmiş sovet ölkələrindən birinin musiqisidir, ifaçı da Ənvər Sadıqovdur. Sən demə, həmin gənclər Miçiqan Dövlət Universitetinin musiqi fakultəsinin tələbələri imiş. 1 saat 45 dəqiqəlik konserti böyük həvəslə dinləyib, sonda hamısı, yəni yeməkxananın həmin hissəsində olan 20-30 adam ayağa qalxaraq, ölkəmizin adını yarıdüz, yarısəhv- "Long live Azerbaijan!"- deyə, alqışlamağa başladılar. Kaş o mənzərəni görəydiz, qürur hissi qəhərə dönüb necə boğazımda ilişib qalmışdı. Sevincdən gözlərim yaşarmışdı...

Nə yaxşı ki, belə sənətkarlarımız var, onlar öz ifaları ilə möcüzə yaradıb, Azərbaycan musiqisinin nə qədər gözəl olduğunu dünyaya çatdıra bilirlər. Musiqisi gözəl olan xalqın mənəviyyatı da gözəldir. Bəli, yaşasın, var olsun, Azərbaycan!..

Dünən - aprelin 30-u Ənvər Sadıqovun 57 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Baxın, bizim müəssisələr havaya zəhər buraxır, biziç flora və faunanı qırıb çatır, su hövzələrini, küçələri, təbiəti - hər yeri zibilləyirik. Halbuki insan dağıtmaq üçün deyil, qurmaq üçün yaranıb.

 

“Ədəbiyyat və incəsənət” portalının diqqətini həftəsonu baş verən bu hadisə cəlb etdi: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycan Fotoqrafları Birliyi”nin təşkilatçılığı və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin dəstəyi ilə dəniz sahilinin məişət tullantılarından təmizlənmə aksiyası keçirilmişdi.

Demək, aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizində son illər baş verən təbii proseslərdə dəniz sahilində suyun çəkilməsi ilə əlaqədar yaranan vəziyyətlə bağlı tədbirlərə qoşulmaq və ictimaiyyətin fikrini bu tipli aksiyalara cəlb etməkdən ibarət olub.

Aksiyada “Azərbaycan Fotoqrafları Birliyi”nin üzvləri, həvəskar fotoqraflar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və tələbə heyəti, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları və Abşeron Milli Parkının könüllüləri iştirak ediblər.

Abşeron Milli Parkının Şah Dili Qoruğu sahil zolağında “Təbiətə bir gün” devizi altında məişət tullantılarından, plastik və dəmir qablardan təmizləmə işləri aparılıb, toplanmış tullantılar tullantı məntəqəsinə təhvil verilib.

Bu təşəbbüsə hamı qoşulsa necə əla olar!

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Bu günlərdə İngiltərənin London şəhərindəki Hilton Park Lane salonu nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə ev sahibliyi etdi. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat verir və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə edir.

 

Ondan başlayaq ki, müsabiqəyə ümumilikdə 417000 foto daxil olub. Builki qalib fotoşəkillər əksərən sevgi və insan itkisi, müharibə və barışıq, təbiət gözəllikəri hekayətlərini əks etdirən əhəmiyyətli fotolardır. Bundan əlavə, bu il SWPA ilk dəfə ekoloji problemləri qaldıran və həll yollarını təklif edən fotoqrafların işlərini də mükafatlandırmışdır.

 

Böyük Britaniyalı Ceyms Divin "Səudiyyə Ərəbistanının tədqiqi" seriyasına görə "portfel" kateqoriyasında ən yaxşı seçildi,

 Edqar Martins isə “portret” kateqoriyasında da mükafat qazandı. 

Xatırladaq ki, əsas mükafatın qalibi "Müharibəmiz"adlı fotolar seriyasına görə 25.000 dollar pul mükafatı alan portuqaliyalı fotoqraf Edgar Martins olub. Bu layihə 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı öldürülən, lakin cəsədi heç vaxt tapılmayan dostu və fotojurnalisti Anton Hammerə həsr olunmuşdur. Ötən gün onun barəsində sizə məlumat vermişdik.

İtaliyalı fotoqraf Alessandro Sinke daimi inkişaf nominasiyaaınd 5000 ABŞ dolları qazandı. Habelə o, SPWA-nın sərgilərində iştirak və fotoalbomlarında təmsilolunma hüququ əldə etmişdi. 

"Açıq" kateqoriyasında iştirakçılar yalnız bir şəkil təqdim edə bilər və qalib Cənubi Texasdakı bir cüt Taraklı karakarının - tutuquşusunun ağ-qara fotoşəkilini təqdim edən Meksikadan Dinora Graue Obsura  olmuşdu. 

Bu tədbir çərçivəsində tələbə və gənclər müsabiqələri də keçirilib. Yun Nan  İncəsənət Universitetinin Çinli fotoqrafı Long Jing Yun Nan opera teatrına həsr olunmuş bir sıra əsərlərinə görə Sony-nin 30.000 dollarlıq avadanlığına layiq görülmüşdür.

Bunlar barədə də məlumat almışdınız.

Çindən Fan Li, Cənubi Afrikadan Li-Ann Olvaj və Böyük Britaniyadan Hugh Kinsella Cunningham müvafiq olaraq "Memarlıq", "yaradıcılıq" və "sənədli film" nominasiyalarında qalib olublar. 

 

Şəkildə siz Sony World Photography Awards 2023-ün növbəti mükafatçısı - 

Böyük Britaniyalı Ceyms Divin "Səudiyyə Ərəbistanının tədqiqi" seriyasından lentə aldığı yerin görüntülərini görürsünüz.

 

Növbəti buraxılışlarda “Ədəbiyyat və incəsənət” portal sizləri digər mükafatları qazanan fotoqrafların işləri ilə tanış edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Bazar ertəsi, 01 May 2023 12:30

Sosial şəbəkələrin zərərli tərəfləri

 “Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə gənc sosial şəbəkələrin ziyanları barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Çıxışçımız psixoloq, refleksoloq Fazilə Camalovadır.

 

 

Bir yanda isti evinizdən ayrılmadan çox şeylər edən köməkçi bir vasitə, digər tərəfdən isə  "təhlükəli silah" olan sosial şəbəkələr haqqında kiçik bir xatırlatma.

Həyatımızın ayrılmaz hissəsi olan sosial şəbəkələrin  "İnternetin" bizə verdiyi fayda və ziyanlarından bir az söhbət açaq.

İnternet texnologiyalarının inkişafı insanların bir-biri ilə ünsiyyətini asanlaşdırır. İnternet ünsiyyətdən məlumat mübadiləsinə,  jurnalistikadan mediaya, tanıtım və reklamdan səyahət və tətilə, ictimai xidmətlərdən bankçılıq və ticarətə, əyləncədən sosial əlaqələrə və mədəniyyətlərarası qarşılıqlı əlaqəyə, ətraf  mühit və sağlamlıqdan təhsilə və gündəlik həyatın bir çox sahələrinə müsbət faydalar və yeniliklər gətirdi.

İnternet çoxlu məlumatlara asanlıqla daxil olmaq, insanların hiss və düşüncələrini asanlıqla ifadə etmək, rəqəmsal platformada yaradılmış sosial dostluqlarla ünsiyyət qurmaq imkanı verir. İnternetin dünyada ən böyük təsiri ondan ibarətdir ki, o, məlumat və xəbərlərə dərhal çıxışı təmin edir. İnternet sayəsində dünyanın ən ucqar yerində  belə baş verən hadisələrdən dərhal xəbərdar olmaq mümkündür.

Bununla belə, valideynlər övladlarının internetdə olduqları müddətdə qorunmalarını təmin etmək üçün bəzi tədbirlər görməlidirlər. Valideyinlər azyaşlı övladlarının internetdən istifadə etdikləri zaman, dəstəkləyici ünsiyyətin dəyərini öyrətmək və onların kobud, ayrı-seçkilik, zorakılıq və ya uyğun olmayan davranışın qəbuledilməz olduğunu izah etməli və bu cür hallara yol vermədiklərinə  əmin olmalıdırlar.

 

Valideynlər sosial şəbəkələrdən istifadə edərkən nələrə diqqət etməlidir?

 

Mövzunun bir çox tərəfi olsa da, ilk növbədə internetdən  asılılıq yaranmamasına nəzarət edilməlidir. İnternetdən nizamsız və həddindən artıq istifadə istək davranışı və təbii ki, uşağın funksiyasını pozan əhəmiyyətli psixi problemlər yarada bilər. Ancaq məsələyə yalnız texnologiya asılılığı əsasında yanaşmaq hadisənin əhəmiyyətini azaldır. Uzun müddət ekrana məruz qalma; depressiya, yuxu problemləri, diqqət çatışmazlığı hiperaktivliyi pozuntusu, sosial ünsiyyət pozuntusu, davranış pozuntuları, travma sonrası stress pozğunluğu cinsi və fiziki zorakılıq və maddə asılılığı kimi ciddi psixi problemlərə səbəb ola bilər. İnternet asılılığının ən əhəmiyyətli zərərlərindən birinin insanların sosial həyatlarında məsuliyyətlərini əngəlləmələri olduğunu ifadə edilir. İşdə  pozuntular mənfi təəssürat,  özünü inkişafın  aşağı düşməsi, qeyri-adekvatlıq hissindən tutmuş iş itkisinə qədər bir çox nəticələrə səbəb ola bilər. Sosial mühitdən uzaq olmaq insanlarda tənhalıq hissinə və zamanla sosial bacarıqların azalmasına səbəb ola bilər. Sosial mediadan uzun müddət istifadə bir çox fiziki çətinliklərə səbəb ola bilər. İnsanların məşğuliyyətlərinin azalması, hətta heç nə üçün vaxt ayıra bilməməsi nəticəsində həzzin əvvəlki kimi olmadığı müşahidə olunur. İnsanları məntiqi təfəkkürünü bu  baxımından zəiflədə bilər, ictimai əlaqələri korlaya bilər, depressiya kimi meyllərə səbəb ola bilər, iş həyatındakı performansı təsir edə bilər, insanlar arasında rəqabətə mənfi təsir göstərə bilər, asosyal həyata başlaya bilər.

Sosial şəbəkələrdən və internetdən uzağlaşmağa başlamağa qərar verdiyiniz halda yalnız zəruri, vaxtında və mənalı yazıları paylaşmağa çalışın. Gecə yatmazdan əvvəl və səhər oyanan kimi sosial mediadan uzaq durmağa çalışın. İctimai tədbirə çıxdığınız zaman telefonunuzu mümkün qədər susdurmağa çalışın. Yemək yeyərkən sosial şəbəkələrə baxmamağa çalışın. "Yeni vərdişlər yarataratmaq köhnələri pozmaq deməkdir".  Ekran vaxtını azaltmaqla internetdə boş vaxt keçirmək əvəzinə kitab oxumaq, musiqi dinləmək, söhbət etmək və ya gəzintiyə çıxmaq kimi asanlıqla əldə edilə bilən fəaliyyətlərin siyahısını hazırlayın.

 

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

 

Bazar ertəsi, 01 May 2023 12:00

“Yuxu” – Aydın Tağıyevin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı qocaman yazıçı Aydın Tağıyevin yaradıcılığı ilə tanışlıq çərçivəsində bu dəfə onun “Yuxu” hekayəsini təqdim edir.

 

 

 

AYDIN TAĞIYEV

 

 

YUXU

 

 

...Neçə il bundan qabaq kişi ona gecə gördüyü yuxusunu dil boğaza qoymadan xüsusi bir şadyanalıqla danışmışdı. Hərçənd ki, gördüyü yuxular çox vaxt kişinin yadında qalmırdı.

– Hə, yuxuda görürdüm ki... – O vaxt əri qulağı ağzında qalan xanı­mını çox intizarda saxlama­mışdı. – Heç bilmədim, məni hardan, necə tutub elə bir saraya gətiriblər ki, kinolarda gördüyümüz şah saray­larından qat-qat təmtəraqlı, dəbdəbəli... Döşəmələr fərşlə döşənib, divarlar da başdan-başa xalça, gəbə... Tavanlardan yeddi rəngdə işıq salan çılçıraqlar asılıb.

Kişi hələ də gördüyü yuxunun ləzzəti ilə səsini uzada-uzada:

– Hə... Hə... Hə...

Məni hələ uzaqdan görən kimi qarşıma yüyürüb qarşılayan saray əhli də bir nəfər kimi ədəb-ərkənla əlbəəl pişvazıma çıxıb, “buyur-buyurla” yer göstərirlər. Heç ac-tox olmağımı soruşmadan qarşım­da əlüstü süfrə açırlar. O süfrədəsə nələr yoxdu? Kişi iştahla dodaq­larını yaladı. Quş südünə kimi hər cür naz-nemət. Mən də uzan­mışam xalının üstündə, dirsəklənmişəm qu quşunun tüklərindən hazırlanmış yumşaq mütəkkələrə. Qulluğu­ma biri gəlir, biri gedir... Bir tə­rəfdən də bülbüllərin cəh-cəhi, gül­lərin də ətri məni məst edib. Elə bil birdən-birə ayılıram, ağlıma nə gə­lirsə, üzümü tuturam mənə cani-dildən qulluq edənlərə, soruşuram ki, bəs bura haradır, mən har­da­yam? Onlar da gülümsəyə-gü­lüm­səyə, mehriban-mehriban cavab verirlər ki, əlbəttə, öz evində! Əlbəəl evimiz gəlib durur gözlərimin qabağında. Amma evimiz ha­ra, bura hara? İncik-incik dillənirəm ki, niyə mənimlə məzələ­nirsiniz, axı bura mənim evim deyil? Onlarsa and-aman edirlər ki, elə şey yoxdu. Birdən ağlıma yenə də nə gəlirsə, qayıdıb xəbər alıram ki, əgər bura mənim evimdisə, onda bəs elə bu gündən köçüb gəlib qalıram burda. Daha köhnə evə döndü yoxdur. Bu dəfə onlar nədənsə qayğılanıb ciddi­ləşirlər: – Yox, yox, – deyə tez-tələsik səs-səsə verirlər, – tələsmə, deyirlər, vaxtı çatanda bu evinə birdəfəlik köçəcəksən...

Onların bu sözləri elə bil ağlıma batır, sonra daha mən də susub danışmıram, fikrə gedirəm. Kişi köks ötürüb ah çəkmiş, sonra da yanıqlı-yanıqlı yuxusınun ardını danışmışdı. Çənə-boğaz etməyin yeri deyildi, abrıma qısılıb otur­duğum yerdən ayağa qalxdım. Ayağa qalxmaqla da yuxudan ayıldım...

Bir vaxt gördüyü bu yuxunu kişi bu günəcən yaxşı-yaman ömür-gün sürə-sürə, işləri gah düz, gah əyri gətirə-gətirə bir daha görmədi. Bu­rasını da bilirdi ki, elə özü də gah düz, gah əyri olub.

Əyri olan vaxtların birində yu­xusunu yadına salıb: – Yox, çətin ki, o yuxunu bir də görəm, – deyə yanıb-yaxılmışdı. – Kaş o vaxt o yuxudan heç ayılıb oyanmayay­dım. Bilirdi ki, elə yatan yerindəcə gördüyü yuxunun içində nə qədər dünyasını dəyişənlər olub... Əmin idi ki, o vaxt öz yuxusunun içindən ayılıb oyanmasaydı, bəlkə də, qalıb elə o sarayda da yaşayardı...

 

***

 

Qadın çarpayıda yatan xəstə ərinin başının üstünü kəsdirmişdi. Çarpayının həndə­vərində dörd do­lanır, gah çarpayının baş, gah da ayaq tərəfinə keçə-keçə həm də için-için ağlayırdı. Hönkürtü vurub ağlamağa qorxurdu, xəstəni oyatmaqdan çəkinirdi. Qadın başa düşürdü ki, əri yuxu görür. Xəstənin başı üstündə özündən başqa birisinin də durduğundan isə xəbəri yox idi...

Axı otağın qapısı da, pəncərələr də bağlı idi. Bir kimsə içəri daha haradan keçə bilərdi ki?

Yuxu görən xəstə arabir əl-qol atmağa cəhd edirdi. Bir müddət ondan səs-səmir çıxmadı, heç bir tərpənişi də yox idi. Qadının gözü ərinin yuxulu üzündə qalmışdı. Və yuxulu adamın meyit rəngi almış qırışıq sifətinin haldan-hala düşməsindən, sifət cizgilərinin tez-tez dəyişməsindən başa düşdü ki, xəs­tə hələ də yuxu görür. Yuxu görən adamdan əvvəlcə çağa çığırtısına bənzər bir səs çıxdı. Sonra elə bil bir körpə iç vurub ağladı.

Bir ara yenə ortaya sükut çökdü. Sonra yenə səslər gəldi. Amma budəfəki səslər qarışıq idi. Gah həzin, həlim, sakit, gah qəzəbli. İndi yuxu görən adam elə bil kimə isə gah yalvarır, bəlkə də, onu yola gətirə bilmədiyinə görə hərdən də coşub özündən çıxırdı.

Və ən nəhayət, yuxu görənin xırıltısı eşidildi. Bu xırıltıya həm də bir ağrı-acı, inilti də qarışmışdı. Elə bil xəstə yuxuda onu dartıb harasa aparmaq istəyənin əlindən xilas olub qurtulmaq istəyirdi. Ancaq indi buna gücü çatma­dığından, yalvar-yaxarın da bir xeyri-faydası olmadığını başa düş­düyün­dən yuxusunda köməyə ana­sını haraylayırdı...

...Sonra yuxu görən xəstə toxtayıb səssiz-səmirsiz, kirimişcə, şirin-şirin mışıldadı. Bir ara ondan heç bir səs-səda gəlmədi. Sanki aradan illər keçdi. Yuxulu xəstə birdən yerində, yorğan-döşəkdə qımıldanıb vurnuxmağa, taqətsiz olsa da əl-qol atmağa başladı. Məlum idi ki, bütün bunlar gördüyü yuxunun içində baş verən hadisələrin təzahürüdür, hələ də yuxu görür. Sonra kişidən pıçıltılı bir səs çıxdı. Bu pıçıltını yalnız yuxu görən adamla üzbəüz qarşısındakı eşidə bilərdi.

 

***

 

Neçə vaxtdan bəri yorğan-döşəkdə yerinin içində gecəni səhərəcən inildəyə-inildəyə, ah-vayla keçirən xəstə bu gecə yataqda daş kimi düşüb qalmışdı. Bəlkə də nə vaxtdan bəri oyaq qaldığı gecələrin yuxusuzluğu ona güc gəlmişdi. Xəstə yuxuya get­mişdi. Səs-səmiri gəlməyən xəstə­nin birdən-birə ayılıb qatma-qarı­şıq səslər çıxarmasından qadın ilk əvvəl diksindi, sonra da başa düşdü ki, əri yuxu görür. Əlbəttə, yuxu görən ərinin indi yuxuda nələr gördüyündən o agah ola bilməzdi, ta ki, yuxu görən ayılıb gördüyü yuxusunu elə özü ona danış­masaydı. Amma... Yuxu görənin qırıq-qırıq, bir növ ardıcıl səslərin­dən elə bil o kişinin yuxuda nələr gördüyünü özlüyündə təxmin edə bilərdi. Çarpayıya bir az da yaxın oturub səsə dinşək kəsildi.

...Elə bil səslər lap qulağının dibindən gəlirdi. Əvvəlcə çağa çığırtısına bənzər bir səs idi. – İnqə... İnqə... İnqə...

Bir müddət çarpayıdakı yuxulu xəstədən heç bir səs-hənir çıxmadı. Sonra elə bil südəmər bir körpə acından iç vurub ağlamağa başladı, bir müddət keçdi, elə bil ac körpəni əmizdirib doydurmuş­du­lar. Səs kəsildi, körpə şirin bir yuxuya getmişdi.

Çarpayıya daş kimi düşmüş yuxulu xəstə bir müddət inildədi, ancaq yuxudan ayılmadı.

Qadın xəstə ərinin başının üstünü kəsdirmişdi.

Qəfildən yenə yuxulu xəstə qarışıq səslər çıxartmağa başladı. Elə bil nadinc, qabağından yemə­yən bir dəliqanlı kiminləsə dala­şırdı.

Sonra pıçıltı ilə qırıq-qırıq deyilən sözlər... Qırıq-qırıq deyilən bu sözlər indiyəcən qadının yadındaydı. Və qadın aradan neçə il keçsə də, birdən-birə ilk dəfə o sözləri eşitdiyində necə həyalanıb həyəcanlanmışdısa, yenə də eləcə haldan-hala düşdü...

Xəstə yuxu görürdü.

Kişi yatağa düşəndən bəri hər gün gəlib ona baş çəkən tanış həkim bir neçə gün bundan qabaq sonuncu dəfə xəstəni müayinə edib onu yola salan qadına pıçıltıyla: – Xəstəni dəva-dərmanla, vurulan iynələrlə incitmək daha günahdı, – demişdi.

Həkimin bu sözlərindən sonra qadın hıçqırmış və o gündən bəri də dediklərinə əməl edib ərinin dəlmə-deşik olmuş qollarına daha iynə vurdurmur, acı dərmanları içirdib sonra da öyüməyə məcbur etmirdi.

Çağa çığırtısı isə başlanan bir yuxu beləcə qarışıq səslərlə hələ ki davam edirdi. Gecədən isə keçirdi... Yuxu görən adamın xeyli sükutdan sonra birdən yenidən səsi gəldi bu bu səsi xanımından savayı yanında hər kim olsaydı da, eşidib ayırd edə bilərdi. Xəstə açıq-aşkar inildəyir, elə hey “Ana, ana” deyib zarıyırdı, körpə kimi anasından kömək istəyirdi.

Qadın başını qaldırıb divardan asılan saata baxdı. Əqrəblərin hər ikisi 12-nin üstündə idi...

Qadın birdən-birə hövllənib gücü çatan qədər çarpayını bərk-bərk silkələdi, xəstəni oyatmaq istədi. Xəstə qımıldanmadı. Və şivən qoparan qadın başa düşdü ki, ərini indi yatdığı bu yuxudan oyanmağı bir də İsrafilin öz Surunu çalan günə qaldı...

 

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

 

Bazar ertəsi, 01 May 2023 12:45

Kukla teatrının may repertuarı

Azərbaycan Dövlət Kukla Tetarı may repertuarını açıqlayıb. Bəri başdan qeyd edək ki, uşaqları xoş saatlar gözləyir.

Repertuarı təqdim edirik:

 

 

QOĞAL

 1 May  (12:00 ; 14:00 ; 16:00)

                         QOĞAL (Rus dilində)

 1- 5 - 27 May   - 18:00

 12 May   - 16:00

                       AĞCA VƏ YEDDÌ CIRTDAN

2-27 May ( 12:00; 14:00; 16:00 )

                        KARLSON (Rus dilində)

2-21 May    - 18:00

10 May        - 16:00

                         LEYLƏYIN HƏDIYYƏSI

3 May   ( 12:00;  14:00;  16:00 )

10 May  ( 12:00; 14:00 )

                       ÇIPOLLINO (Rus dilində)

3-14 May       - 18:00

9 May           - 16:00

                       QAR KRALIÇASI

4 May        ( 12:00;  14:00;  16:00 )

                      DURNA BALIĞI ( Rus dilində)

4 May        - 18:00

19 May      - 16:00

                       MƏLIKMƏMMƏD

5 May          ( 12:00;  14:00;   16:00 )

                      ÜÇ DONUZ BALASI

6 - 21 May   ( 12:00;  14:00;  16:00 )

                      DÜYMƏCIK

20 May         ( 12:00;  14:00;  16:00 )

                      DÜYMƏCIK ( Rus Dilində )

6 - 20 May   - 18:00

                       GÖZƏL VƏ BƏDHEYBƏT

7 May            ( 12:00;  14:00;  16:00 )

                        ÜÇ CƏSUR ( Rus dilində )

7 - 13 - 28 May  - 18:00

                        YEDDI NAR ÇUBUĞU

9 May        - ( 12:00;  14:00 )

                       MAŞA VƏ AYI

12 May      - ( 12:00;  14:00 )

                       QIZIL BALIQ     

13 May         ( 12:00;  14:00;  16:00 )

                       GÖYÇƏK FATMA

14 May          ( 12:00; 14:00;  16:00 )

                        QIRMIZIPAPAQ

19 May        - ( 12:00;  14:00 )

                        PIŞIYIN EVI

26 May         - ( 12:00;  14:00 )

                       PIŞIYIN EVI (Rus dilində)

26 May          - 16:00

                       CIRTDAN

28 May          ( 12:00;  14:00;  16:00 )

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Bazar ertəsi, 01 May 2023 12:15

Milli Dram Teatrının may repertuarı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı may ayında həm müasir, həm klassik əsərlər əsasında səhnələşdirilmiş maraqlı tamaşalarla çıxış edəcək. Teatrın may repertuarı açıqlanıb. Onu təqdim edirik. 

 

1 may –“Çippollino”

2 may – “Göyçək Fatma”

3 may – “Buratino axmaqlar ölkəsində”

5 may – “Anamın kitabı”

6 may – “Mənim günahım”

7 may – “Ah, bu uzun Sevda yolu”

9 may – “Qarabağnamə”

12 may – “Filumena Marturano”

13 may – “Dəli yığıncağı”

14 may – “Şah Qacar”

17 may – “Bir, iki, bizimki”

18 may – “Manqurt”

19 may – “Xurşidbanu Natəvan”

20 may – “Xanuma”

21 may – “Ölülər”

25 may – “Medeya”

26 may – “Zəfər yolu”

27 may – “Ah, bu uzun Sevda yolu”

28 may – “Danışan gəlincik”

28 may — “Qarabağnamə”

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək. Teatrın may repertuarını təqdim edirik.

 

2 may- “Şirinlər”

3, 4 may – “Mauqli”

5 may – “Çippollino”,

6 may - “Uzuncorab Peppi”, “Sərgüzəşti- vəziri xani-Lənkəran”

7 may – “Balaca və damda yaşayan Karlson”, “Mən gəldim qızlar”

12 may – “İstədiyim kimi yaşamışam”

13 may- “Möcüzəli pillələr”, “Qağayı”

14 may- “Danışan gəlincik”, “Ana”

20 may – Kod adı “V.X.Y”, “Şən Elf və cadugər”

27, 28 may – “Balaca kişilər” (yeni tamaşa)

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı Güney şairlərinin şeirlərindən seçmələri dərc etməkdədir.

Bu dəfə Əbasət Purhəsənin yaratdığı lövhələrlə sizləri tanış edirik.

 

 

Əbasət Purhəsən

 

Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət şəhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.

 

 

BİZ BEŞ YOLDAŞIYDIQ

 

Biz beş yoldaşıydıq məhəlləmizdə,

İtlər ulayırdı küçələrində.

Biz beş yoldaşıydıq, biz beş beyni qan,

Əhərin dumanlı gecələrində.

 

Gündüzlər, gecəyə fikirləşirdik,

Gecələr, gündüzə fikirləşirdik.

Bizi aldadırdı matikli qızlar,

Yenə aldanmağa hazırlaşırdıq.

 

On beş yaşındaydıq həyatımızda,

Həyat bizdən qoca, arzumuz təbriz.

Hələ fikirimiz böyüməmişdən,

Günlər sovuşurdu, böyüyürdük biz.

 

Fəsillər sovuşdu, illər sovuşdu,

Nə oynaya bildik, nə gülə bildik!

Beş oğlan əhərdən dünyadan köçüb,

Dörd oğlan təbrizdə dünyaya gəldik!

 

Bizlər yerimizi dəyişə bildik,

Nədən fikrimizi dəyişənmədik?

Görən bu dünyanın dalında nə var?

Qaranlıqlarınan güləşənmədik!

 

Qəfələr bucağı yerimiz idi,

Ürəyi doluyduq, beyni boşuyduq.

Aldadırdı bizi bəzəkli təbriz,

Biz beş yoldaşıydıq, biz beş daşıydıq.

 

 

P.S. Növbəti lövhədə Əbasət Purhəsənin “Uşaqlıq yoldaşım” şeiri sərgilənəcək.

Rubrikanın aparıcısı “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağladır.

 

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

 

Həftəsonu ən çox oxunan xəbər Əməkdar artist Nüşabə Ələsgərliyə dosent elmi adının verilməsi xəbəri olub. Bu xəbər  Axşam.az saytında gedib. Müğənni sayta açıqlamasında deyib ki, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Esdrada sənəti" kafedrasında dərs deyən ifaçı dosent olub.

"Universitetdə Elmi Şura bunu təsdiqlədi və dosent oldum" deyə, Nüşabə Ələsgərli bildirib. 

Qeyd edək ki, Nüşabə Ələsgərli 2018-ci ildə "Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri" adlı elmi işini müdafiə edib və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim işləyir.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.