Yaxşı kitab da tarixin bir hissəsidir. Odur ki, günümüzün tarixini gələcək nəsillər üçün məhz bədii əsərlər yazmaqdadır.
"Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyi, "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsinin icrasına start verib. Layihə çərçivəsində bir sıra tədbirlərin, görüşlərin keçirilməsi, yazıların nəşr olunması nəzərdə tutulub. Deyək ki, layihə həm də bədii ədəbiyyatın təbliğinə hesablanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, avqustun 16-da Qaradağ rayonunda Heydər Əliyev Mərkəzində "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsi çərçivəsində "Cığır" tarixi romanının ictimai müzakirəsi keçirilib.
Azərbaycan himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev vətənpərvərliklə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Heydər Əliyev Mərkəzində "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" mövzusunda tədbirin keçirilməsi təsadüfi deyil. Çünki bu Mərkəzdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq mütəmadi tədbirlər keçirilir. Həmin tədbirlər vasitəsilə Ulu Öndərin Azərbaycan xalqı, Azərbaycan tarixi qarşısında xidmətləri gənclərimizə çatdırılır: "Növbəti seminarımız da "Heydər Əliyev və Azərbaycan gənclərinin milli vətənpərvərlik tərbiyəsi" mövzusudur. Düşündük ki, milli vətənpərvərliyin təbliğində böyük xidmətləri olan, bu istiqamətdə çoxsaylı tarixi romanların müəllifi olan yazıçı-publisist Yunus Oğuzu dəvət edək. Xüsusən, yenicə çapdan çıxan "Cığır" romanı haqqında gənclərimizə məlumat verilsin".
Yunus Oğuzun əsərlərinin dünya azərbaycanlıları arasında vətənpərvərliyin təbliğində mühüm rol oynadığını qeyd edən Q.Əliyev bildirib ki, bu təbliğat onun tərəfindən həm şəxsi fəaliyyəti, həm də əsərləri ilə aparılır: "Azərbaycan tarixinin şanlı səhifəsinə çevrilən 44 günlük Vətən müharibəsi vətənpərvərliyin əsl nümunəsidir. Bunun bədii əsərlərdə əks olunması isə xüsusi əhəmiyyət daşıyır".
Tədbir iştirakçılarına bildirilib ki, layihə çərçivəsində yazıçı- publisist Yunus Oğuzun "Cığır" tarixi romanı işıq üzü görüb. Romanda Şuşanın yaradılmasından tutmuş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu və Ali Baş Komandanın qələbəsindən bəhs edilir. Əsərdə yazıçı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının mərd, mübariz, döyüşkən ruhunu ortaya qoyub və Ali Baş Komandan İlham Əliyev və onun Müzəffər Ordusunun uğurlu əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.
Həmçinin qeyd edilib ki, "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyi həyata keçirdiyi layihələrdə vətənpərvərlik mövzusuna xüsusi önəm verib. Layihə çərçivəsində çapdan çıxan "Cığır" kitabı da eyni amala xidmət edir. Ümumilikdə isə "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsi çərçivəsində vətənpərvərliklə bağlı on yazı dərc olunacaq, gənclərə təmənnasız olaraq "Cığır" kitabı paylanacaq.
Vətənpərvərlikdə dövlət şüurunun önə çıxmasının vacib şərt olduğunu qeyd edən yazıçı-publisist Yunus Oğuzun sözlərinə görə, dərsliklərdə tariximiz yenidən yazılmalıdır. Xüsusən, ən yeni tariximiz gənclərə məcburi qaydada öyrədilməlidir. Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun yüksəlməsində Heydər Əliyevin fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən Y.Oğuzun bildirdiyinə görə, "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birlik Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yaranıb: "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyin hədəfi təkcə Qarabağı işğaldan azad etmək deyil, həm də Güneydə baş verən prosesləri nəzarətdə saxlamaq idi. Hələ 1997- ci ildə Heydər Əliyev demişdi ki, "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir". Bu dahi şəxsiyyət başdan ayağa dövlət idi, dövlətçi idi. O, qaçqın və məcburi köçkünlərlə görüşdə demişdi ki, "mən əminəm ki, Şuşaya qayıdacağıq". Onda fəhm var idi ki, biz Qarabağa qayıdacağıq. Mən "Cığır" romanını Şuşada yazdım. Vaqif poeziya gününün açılışı zamanı Şuşada olanda "Mən Şuşada yazıram" adlı bir məqalə yazmışdım. Cənab prezidentlə görüşəndə də dedim ki, "mən Şuşada yazıram". Əvvəl sakitcə baxdı, söz demədi, amma baxışlarından hiss edirdim deyirdi ki, "əlbəttə Şuşada yazmalısan, Şuşanı mən almışam sizin üçün". Təbii ki, Ali Baş Komandan olmasa idi işğal altında olan torpaqlarımızı azad etmək mümkün olmayacaqdı".
Y. Oğuz qeyd edib ki, cəmiyyət bütövlükdə müharibənin ruhunu verə biləcək bir roman gözləyirdi ki, bu da "Cığır" romanıdır: "Bu roman həm də hamının arxa cəbhədə yaşadığı bir həyat dövrüdür. Romanda uydurulmuş heç kim yoxdur. Bütün qəhrəmanlar öz adı ilə verilib. Hətta cənab Ali Baş Komandanın bədii obrazı romanda əksini tapıb. Ümumilikdə "Cığır" bizim qalib ruhumuzdur, vətənpərvərliyin təbliğidir. 44 günlük müharibə bir daha göstərdi ki, xalq özü qəhrəmandır, çünki xalqla ordu birləşərək vahid orduya çevrildi". Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə Şirinzadə və YAP Qaradağ rayonu Davam Tarix klubunun sədri Sudavə Dursunəliyeva çıxış edib.
Sonra yazıçı-publisist Yunus Oğuz gənclərin vətənpərvərliklə bağlı suallarını cavablandırıb və "Cığır" romanını iştirakçılara hədiyyə edib.
“Ədəbiyyat və incəsənət”
(17.08.2023)