Güneydən gələn səslər - Bəxtiyar Nizami Featured

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində Güney  Azərbaycan təmsilçimiz Əli Çağla bu gün sizləri Bəxtiyar Nizaminin şeirləri ilə tanış edəcək. 

 

Bəxtiyar Nizami 1965-ci ildə Təbrizdə doğulmuşdur. Əvvəllər Muğam musiqisi ilə fəaliyyətə başlamış, sonralar şeir istedadını özündə kəşf etdikdən sonra motivli şeirlər yazmışdır. Onun “Məzarlar gecənin tərs üzüdür” adlı kitabı Təbrizdə nəşr edilmişdir.

 

 

Yolda bitən yalqız ağac,

Başında tufan oynayır.

Susuzundan yanan ağac,

Gülündə tikan oynayır.

 

Sənin kimi təklənmişəm,

Zara gəlib ah-amanım.

Sığınacaq yerim sənsən,

Bir sənə gəlir gümanım.

 

Qat-qat toza bürünübsən,

Yağış istir yuya səni.

Sən yerlərdən baş qaldırdın,

Qoymazlar ki, göyə səni.

 

Kölgələnir yetən tənha,

Yarpaqların nə ələnir.

Allah özü adamsızdır,

Bəlkə də adam dilənir.

 

*

 

Gecədir, ulduzlar düşüb dənizə,

Dalğalar fırlanıb başına dönür.

Ay da göydən atır özün dənizə,

Bu gecə göylərin çırağı sönür.

 

Buludlar endikcə dəniz üstünə,

Hava da qoxuyur yağış nəğməsi.

Çaxnaşır buludlar, hönkürtü salır,

Gəlir qulağıma bir ana səsi.

 

Yağışlar buludun göz yaşlarıdır,

Onlar da insanın dərdin duyublar.

Bəlkə də buludlar anaymış, allah

Köçüb bu dünyadan bulud olublar.

 

Uzun bir məsafə milyon illərdir,

Dünya da fırlanır günün başına.

Bu boyda yer üzü dərdin içində,

Düşən daşlar düşür bunun başına.

 

Gecədir, ulduzlar köçür göylərə,

Dənizin özündə dalğa boğulur.

Məryəm sancı çəkir hələ içində,

İsa, anasından təzə doğulur.

 

*

 

Söylə saçlarına toxunmasınlar

Sən sevməlisən ay qadın

Dünyanın ilki də sən, sonu da

Sənin gözəlliyini yarada bilməyəcəklər.

Şairlərə rəssam

İllərdir saçlarınız örpək adlı dustağa

Məruz qalıbdır.

Saçların başlanış

Saçların fırtına

Saçların inqilab

Saçların

Gizli,

Silah...

 

*

 

Bu dünyadan bərk yapışan,

Bildiyini sənə edər.

Bu dünyanı gün oynadır

Bir gün gələr, bir gün gedər.

 

Sən qınama tarını da,

Güvəndiyin varını da,

Ən sevdiyin yarını da,

Bir gün gələr, bir gün gedər.

 

Sirrin açmaz sırdaşına,

Rəhmi gəlməz qardaşına.

Tacın qoysa da başına,

Bir gün gələr, bir gün gedər.

 

Həyat adlı bu qəfəsdə,

Qərar yoxdur heç bir kəsdə,

Lap quruca bir nəfəs də,

Bir gün gələr, bir gün gedər.

 

Çətin səni yada salar,

Hey başına dərdlər calar.

Təkcə səndən bir ad qalar,

Bir gün gələr, bir gün gedər...

 

*

 

Tənhalıq tanrıdan başlayır

Otağının içində bütün əşyaların

Hiss edir yoxluğunu,

Qatarlar daşıdıqca qurtarmır sonsuz yolculuq

Dəmir yolunun ortasında

Birisi qulağına pıçıldayır dünya fəlsəfəsini

Şeir fəlsəfəsini,

Şairlər, filosoflardır dəmirlər dünyasında.

Şeir tanrının yuxusunu yaşayır

Şairlər görür

Yazdıqca

Əriyirsən,

Əriyirsən,

Arzularını

Bethovenin üçüncü simfoniya trajedisində

Görmürsən.

Sən kimsən?! Nəçisən ey insan!

Kitabların kolleksiyasında varlığın danışır

Tarixində qılınc çarpışmalarında,

Barot qoxusu var azadlığın üçün

Azadlığını çalanlar çörəyini təhlükəyə sala bilər

Hələ də

Varlığında

Məqsədsiz gedirsən,

Oturduğun qatarda

Arxanca bir cüt göz

Gizlicə içinə ağlayır

Tanr diskinir,

Qatar dayanır

Son müsafir düşür.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.