Super User
“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev” kitabı İspaniyada nəşr olunub
Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatı müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Dövlət Tərcümə Mərkəzinin ispan dilində ərsəyə gətirdiyi “Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev” kitabını nəşr edib.
Dövlət Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, “Mən Naxçıvanda doğulmuşam…”, “Bura da bir cəbhədir”, “Heydər və Zərifə”, “Bu peşəni yeniyetmə vaxtlarından seçmişəm”, “Respublikanın rəhbəri”, “Sən bütün İttifaqa lazımsan”, “Mən insanam, daşdan, dəmirdən deyiləm”, “Xalqıyla birlikdə olmaq haqqı”, “Doxsan üçüncü”, “Dünya siyasətində Azərbaycan nefti”, “Günəş dənizdən doğur”, “Prezident ili”, “Dünyanın gözündə” adlı on üç fəsil üzrə tərtib edilmiş kitabın ispan dilinə tərcümə müəllifləri – tanınmış Salvador dilçi-alimi, professor Sesar Edqardo Martines Flores və ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.
“Ədəbiyyat və incəsənət”
(01.05.2023)
Milli Muğam Müsabiqəsi iki ildən bir keçiriləcək
Xəbər verdiyimiz kimi, Milli Muğam Müsabiqəsinə yekun vuruldu, qaliblər mükafatlandırıldı. Bu müsabiqə Heydər Əliyev Fondunun təşkilatçılığı nəticəsində keçirildi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kəriminin sədrlik etdiyi Münsiflər heyətinin rəyinə görə, müsabiqədə instrumental ifaçılıq daha yüksək səviyyədə idi. Burada qalib olanlar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.
Bundan sonra Milli Muğam Müsabiqəsinin iki ildən bir keçirilməsi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(01.05.2023)
Cavanşir Quliyev: “Mənə səhfimi desəydilər üzr istəyərdim…”
TV-yə şərh rubrikasında bu dəfə maraqlı bir müsahibəyə toxunacağıq.
Bir neçə il xaricdə - Quzey Kiprısda yaşadıqdan, universitetdə dərs dedikdən sonra vətənə dönən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibə verib. Vəsilə Vahidqızının müəllifi olduğu proqram İctimai TV-də də yayımlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Vətən uzaqda deyil” verilişində Cavanşir Quliyev xaricə köçməsinin səbəbləri ilə bağlı səmimi etiraflar da edib. Onun nitqindən bəzi seçmələri diqqətinizə çatdırırıq:
-Bütün cihazlar uzun zaman istifadədən sonra köhnəlir, sıradan çıxır. İnsan da elədir.
-Orta yaşlarda insanın başqa ölkəyə gedib həyatını yenidən qurması çox çətindir.
-Məni işdən çıxardılar, əsərlərimə qadağa qoydular. İşdən çıxarılmaq bir yana. Mən dostlara da deyirdim ki, çörəkpulu qazanmaq çətin deyil. Mən tar ifaçısı olmuşam. Tarı götürüb bir metro keçidində ifa edərdim, papağımı pulla dolduraradılar. Amma əsərlərimə qadağa qoyulması məni çox ağrıtdı.
-Adam bir səhv edəndə səhvini üzünə deyərlər, mənə də səhvimi desəydilər üzr istəyərdim, amma heç nə demədən sakitcə hər şeydən məhrum etdilər. Çıxış yolunu ölkədən getməkdə gördüm.
-Hərdən rayonunuza - Şəkiyə gedəndə bir gün keşməmiş Bakıdan ötrü darıxırdım. İndisə birdən-birə illərlə məni Bakıdan ayrı
qoydular.
-Mən ömrüm boyu işləmişəm, qurulmuş saat kimiyəm.
-Mən həmişə inanırdım ki, sonda vətənə dönəcəyəm!
“Ədəbiyyat və incəsənət”
(01.05.2023)
Rəsm qalereyası: Helqa Stentsel (Britaniya), sürrealist portretlər silsiləsi
“Mən qarmonla yaşayıram, onsuz mənə həyat yoxdur”
Sazın Ədaləti, kamançanın Habil Əliyevi, tarın Bəhram Mansurovu, gitaranın Rəmişi, qaboyun Kamil Cəlilovu olduğu kimi qarmonun da Avtandil İsrafilovu var idi. Bu qarışıq aprel günlərində Azərbaycan xalqı öz unudulmaz sənətkarını itirdi. Necə deyərlər, dahi sənətkar xalqın kisəsindən getdi.
Biz “Ədəbiyyat və incəsənət” olaraq bu dərin kədər münasibətilə xalqımıza başsağlığı veririk.
RƏSMİ MƏLUMAT
Rəsmi xəbərdə sənətkarın vəfat etməsi xəbəri qısa və sxematikdir:
Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilov vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyinin rəsmi açıqlaması olub.
A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəst-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.
O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.
Mərhum sənətkar Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb.
O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
HƏLƏ ÜMİDLİ İDİ
Uzun müddətdir ki, ifaçının efirlərə çıxmaması, mətbuata açıqlama verməsi, eləcə də çox arıqlaması hər kəsin narahatlığına səbəb olmuş, ağır xəstəliyə tutulması ilə bağlı şayiələrin yaranmasına səbəb olmuşdu. Qarmon ifaçısı mediaya açıqlamasında özünü yaxşı hiss etmədiyini, plevrit xəstəliyindən əziyyət çəkdiyini demişdi:
“Hələ ki, özümü yaxşı hiss etmirəm. Plevrit xəstəliyindən əziyyət çəkirəm. Ağciyərim ətrafında su yığılıb və bir ildən çoxdur ki, onun müalicəsi ilə məşğulam. Hazırda ağciyərimə yığılan suyun 80 faizi çəkilib. Qalan 20 faiz də çəkiləndən sonra özümü əvvəlki kimi yaxşı hiss edəcəm”.
Xəstəliyinə görə efirlərə çıxmadığını, mətbuata müsahibə vermədiyini deyən ifaçı xəstəliyin müalicəsi üçün möhlətə ehtiyac olduğunu bildirmişdi: “Özüm efirə çıxmıram, evdə müalicə alıram. Narahat olmayın, çox pis, əlacsız xəstəlik deyil bu. Sadəcə bunun da müalicəsi üçün möhlətə ehtiyac var. Sağalmağım üçün nə lazımdırsa həyata
keçirilir”.
O həmçinin bildirmişdi ki, səhhətindəki problemlərə baxmayaraq, sevdiyi qarmonundan ayrılmır: “Mən qarmonla yaşayıram, onsuz mənə həyat yoxdur”.
ÜMİD KƏSİLƏNDƏ
İlk dəfəsində hələ ümidli görünən müğənni növbəti dəfə mediaya açıqlama verəndə xeyli bədbin görkəmdə idi.
Xəstəliyinin bir neçə il bundan öncə başladığını deyən ifaçı müalicəyə gec başladığını bildirmişdi:
“4-5 bundan əvvəl xəstəliyin əlamətləri görünməyə başladı, amma o zaman da tam olaraq anlaya bilmədik. Sonra ağciyərimə yığılmış suyu iki dəfə çəkdilər. Amma məlum oldu ki, suyu çəkmək yox, içəridə qurutmaq lazımdır. Bir ildir ki, qurultmaqla məşğulam. Bədənimdə qalan 20 faiz su da tam müalicə olunmalıdır ki, mənim canım da bu xəstəlikdən qurtulsun. Bunu çox istəyirəm”.
Çox təəssüf. İstəyi həyata keçmədi.
USTAD MUSİQİÇİ
Azərbaycan xalqı dünyada tanınmış istedadlı sənət adamları ilə daima qürur duymuşlar. Çünki İstedadlı şəxslərimiz qədim “Odlar Diyarı” adlı Azərbaycanımızı sənət aləminə bəxş etdikləri öz möhtəşəm əsərləri ilə dünya miqyasında tanıtmışlar. Belə istedadlı Vətən oğullarından biri də 80 yaşını haqlamış “Şöhrət” ordenli, Azərbaycanın Xalq Artisti görkəmli qarmon ifaçısı Aftandil Bəy İsrafilov idi. Bəy sözü Avtandil İsrafilova çox yaraşır. Çünki qarmon adlı nökərin 70 ildir Azərbaycan mədəniyyətində ağası, bəyi, şahı, sultanı o olmuşdu.
Çox təəssüf ki, onu itirdik.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(01.05.2023)
Açıq portfel: Buğda idxalı artıb, ya azalıb?
“Ədəbiyyat və incəsənət” portalının Açıq portfel rubrikasında Dövlət Gömrük Komitəsinə istinadən buğda idxalı barədə məlumat verəcəyik.
Yanvar-mart aylarında 356,1 min ton buğda idxal edilib. Və idxal edilən buğdanın dəyəri 108,7 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 62,4 milyon dollar olmaqla 182,8 min ton buğda idxal edilib.
Hesabat dövründə düyü idxalı artıb. Belə ki, yanvar-mart aylarında dəyəri 19,3 milyon dollar olan 21,9 min ton düyü idxal edilib. Ötən ilin eyni dövründə 16 min ton düyü idxalı həyata keçirilib. İdxal edilən düyünün dəyəri 13,1 milyon dollar olub.
Qarğıdalı idxalında da artım baş verib. Bu müddətdə 8,4 milyon dollarlıq 22,6 min ton qarğıdalı idxal olunub. Ötən ilin eyni dövründə isə məbləği 7,3 milyon dollar olan 21,9 min ton qarğıdalı idxal edilib.
“Ədəbiyyat və incəsənət”
(01.05.2023)
Türk pop musiqisinin parlayan ulduzu Edis də Bakıya gəlir
Mayın 6-da “Baku Crystal Hall”un səhnəsində özünəməxsus səsi və səhnə performansı ilə milyonların qəlbini fəth etmiş Türk pop musiqisinin parlayan ulduzu Edis azərbaycanlı sevənlərinin qarşısına çıxacaq.
Gənc ulduz müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.
Qeyd edək ki, xüsusi qonaq olan “Köfn” musiqi qrupunun çıxışı isə konsertdə xüsusi ovqat yaradacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(01.05.2023)
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal da Bakıda gəlir
Mayın 10-da Bakı Konqres Mərkəzində Türkiyənin sevilən müğənnisi Mustafa Sandalın konserti təşkil olunacaq.
Tək elə “Onun arabası var” mahnısının ifası ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(01.05.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.
5-ci dərc
- Maşının mənə məxsus olduğunu neçə nəfər bildi və onlar kimlər idi?
Day-day təbii ki, bütün suallara aydınlıq gətirmək fikrində idi.
-Bu gün səhər Təmraz və onun yaxın dostu bilirdi, onlar da yəqin ki, artıq unutmuş olarlar, başqa heç kim, -dedim.
-Bir az havaya çıxsaq pis olmaz, -deyən Day-day maşına baxmaq arzusunda olduğunu gizlətmədi.
Deməli cavablarım onu qane etmişdi.
Nəhayət yorğunluğumu çıxarmaqdan çox məni daha da yoran bu kreslodan qalxdım. Bu kreslonu kim icad etmişdi bilmirəm, ancaq onun özünü bir neçə saat düzəltdiyi kresloda oturmağa məcbur etsəydilər, yəqin ki, bir daha belə ixtiralara imza atmazdı. Sanki kreslonun içinə su doldurmuşdular, oturan adam azca qımıldanan kimi oturacağı üç-dörd dəfə ləngər vururdu. Təkcə bul-bul eləməyi çatmırdı.
Açarı qəsdən maşının açar yerində qoymuşdum. Mövlayev sürücünün qapısı tərəfdən yaxınlaşaraq əvvəlcə əlini maşının damına qoydu, sonra qapını açıb salona əyləşdi və mühərriki işə saldı. Bir qədər saat kimi işləyən mühərrikin səsinə qulaq asdıqdan sonra maşından düşüb aralıda dayanmış lovğa gəncə onsuz da təmiz olan maşını yuduzdurmağı tapşırdı.
Bəlkə də, kimsə məni başa düşməz, ancaq bəzən insan sanki canlıymış kimi öz maşınına bağlanır, onu öz dostu hesab edir. Day-daya da bu hisslər yad deyilmiş.
Tapşırıqları dərhal yerinə yetirməyə öyrəşmiş lovğa gənc maşını meydançadan çıxarıb sağ tərəfə, şəhər mərkəzinə gedən yola yönəltdi. Yəqin ki, maşını həmişə eyni yerdə yuduzdururdu.
İsfəndiyar Mövlayev isə mənə yaxınlaşıb əlini uzatdı, cavabında ona uzatdığım əlimi bərk-bərk sıxaraq, -Sən öz işini çox əla yerinə yetirdin, gözlədiyimdən də əla, -dedi.
İndi yəqin ki, mənim qonorarım haqqında söhbət açılmalı idi. Ancaq bir qədər əvvəlki kiçik incikliyim nəzərə alınmazsa, İsfəndiyar Mövlayev kimi bir adamdan gördüyüm işin müqabilində hər hansı bir qonorar almaq fikrim yox idi. Hamıya etdiyi təmənnasız yaxşılıqlara görə. Cəmi bircə gün əziyyət çəkmişdim və heç bir əlavə xərcim də çıxmamışdı. Təmrazın dostuna verdiyim dörd min manatdan əlavə dollar və manatın məzənnəsindəki fərqdən qalan təxminən 450 manat isə digər xərcləri artıqlaması ilə ödəmişdi. Düşündüyümün əksinə olaraq, evdən götürdüyüm pullara da ehtiyac olmamışdı. Nadir və dostlarına isə bir qonaqlıq verməyə özümün də gücüm çatardı. Odur ki, İsfəndiyar kişiyə sözünün ardını gətirməyə imkan verməyib getmək istədiyimi bildirdim.
Mövlayev, -Çox yorğun görünürsən, dincəlsən yaxşı olar, - deyib əlini yüngülcə çiynimə toxundurdu. -Uşaqlar səni aparsınlar.
-Narahat olmayın, -dedim, -Dostum məni götürəcək, sağ olun.
-Onda hələlik.
Allah bilir Mövlayevin bu hələliyinin arxasında nə gizlənmişdi.
Yavaş-yavaş şəhər istiqamətində addımladım. Bir qədər uzaqlaşandan sonra taksi saxladacaqdım. Telefonumu çıxarıb Nadiri yığdım və ofisimin yaxınlığındakı kafeyə gəlməsini xahiş etdim. Ardınca kafedə işləyən tanışıma zəng edib iki nəfərlik yaxşı bir süfrə hazırlamasını tapşırdım. Telefonu cibimə qoyub yanımdan keçən “Reno” markalı taksiyə əl edib saxlamasına işarə verdim. Taksi işarəmi gözləyirmiş kimi düz yanımda yerə mıxlandı. Keçib qabaq oturacaqda əyləşib sürücüyə ünvanı dedim. Bu taksi bütün “Reno” markalı taksilər kimi sarı rəngdə idi...
Mən sizə detektiv agentliyi təsis etdikdən sonra aldığım ilk sifariş haqqında söhbət açdım. Bundan sonra baş verənləri isə qısa şəkildə danışacağam. Day-dayla son görüşümdən təxminən on beş gün sonra köməkçisi mənə zəng vurub, bir nəfər notarius və bir nəfər tanımadığım şəxslə ofisimə gəldi. Yarım saat ərzində “Nizami” metrosu ilə üzbəüzdə yerləşən qırx kvadratmetrlik ofisin alqı-satqı sənədləri tərtib olundu, ofis açarları ilə birlikdə mənə təqdim olundu. Mən yalnız bəzi sənədləri imzaladım. Köməkçi bu ofisin Day-day tərəfindən mənə hədiyyə olunduğunu bildirib gəldiyi adamlarla birlikdə ofisi tərk etdi.
Sözün düzü, “hələlik” sözündən sonra Mövlayevdən nəsə bir sürpriz gözləyirdim. Ancaq daha bu boydasını yox. Qonaqlar ofisi tərk edəndən on dəqiqə sonra maşına minib sənədlərdə göstərilən ünvana gəldim. Qapını açıb ofisə daxil oldum. Az əvvəl ofisin mənə hədiyyə olunduğunu biləndə o qədər təəccüblənməmişdim ki, içəri girəndən sonra o qədər təəccübləndim. Ən son dəbdə təmir bir tərəfə, ofis mənim ölçülərimlə çox bahalı mebel və detektiv agentliyi üçün lazım olan cihazlarla təchiz olunmuşdu.
Bəli… Böyük insanların hədiyyələri də özləri kimi böyük olur. Day-day oğurlanmış maşınını qaytardığım üçün az qala maşının dəyərində pul xərcləyərək bu ofisi mənə hədiyyə etməyi lazım bilmişdi.
Telefonumu çıxarıb Mövlayevin nömrəsini yığdım. Yenə də altıncı zəngdən sonra telefona cavab verdi.
-Salam, İsfəndiyar müəllim.
-Salam, Bəxtiyar.
-Sizə hədiyyənizə görə təşəkkür etmək istəyirdim.
-Dəyməz, gördüyün iş o hədiyyəyə layiqdir. Bir də ki, sən mənim evimdə təklif olunan çaydan imtina edən ilk adam oldun.
Bu detalı tamam unutmuşdum. Sonradan həmin gün Mövlayevin çox yaxın dostlarından birini itirdiyini, az əvvəl dəfn mərasimindən gəldiyini öyrənmiş, məni qaşqabaqlı qarşılaması səbəbini başa düşmüş və maşını qaytardığımı bildikdən sonra çay təklif etməsi barədə yanlış düşündüyümü anlamış, etdiyim hərəkətə çox peşiman olmuşdum. İndi haqlı olaraq Day-day bunu mənim üzümə vururdu.
Sanki fikirlərimi oxuyurmuş kimi Mövlayev telefonun o başından dilləndi:
-Sən bir gün şəhərdə olmamışdın, ancaq yəqin ki, sonradan həmin gün yaxın dostumu itirdiymi eşitdin.
-Axır qəminiz olsun, -dedim, başqa nə deyəydim…
-Şükür Allahın məsləhətinə. Ancaq bilsən də, bilməsən də özünə qoyduğun hörmət sənə olan rəğbətimi daha da artırdı, istədiyin vaxt istənilən məsələ ilə bağlı müraciət edə bilərsən.
Mövlayevin bu sözləri söhbətin bitməsinə işarə idi. Təşəkkür edib xətti kəsdim.
Yenidən ofisə göz gəzdirdim. Həyatın gözlənilməzliklərlə dolu olduğunu yaxşı bilirdim. Ancaq yenə də buranın mənim olduğuna inanmağım üçün mənə bir qədər vaxt lazım idi…
Və buna düz bir gün vaxtım getdi. Elə inanan kimi də, növbəti gün köhnə ofisin satılması bərədə qəzetə elan verdim. Təxminən on gün sonra ofisə müştəri çıxdı və mən təmirə xərclədiyim pulu nəzərə almaqla köhnə ofisi demək olar ki, mənə başa gələn qiymətə satdım. Pulu alan kimi ilk növbədə tanış banka gedib maşının tapılmasında mənə böyük köməklikləri dəymiş dostlarımızın adına hesab açdıraraq hərəsi üçün karta iki min manat qoydum. Nadirə pul təklif etməyim xətrinə dəyərdi. Odur ki, ona bir yaxşı qızıl saat aldım. Görüşərək hər şeyi olduğu kimi danışıb, saatı dost payı kimi qəbul etməsini, kartları isə uşaqlara çatdırmasını xahiş etdim.
Maşınının qaytarılması müqabilində Day-daydan heç nə almamağa qərar vermişdimsə, deməli, həmin maşının qaytarılmasında böyük rolu olan uşaqlara da heç nə verməməyə ərkim çatmışdı. Əgər belə idisə, mənə verilən bu hədiyyədən sonra bu işdə zəhməti olan hər kəsin payına düşəni verməyə borclu idim.
Bütün bunları edəndən sonra yeni ofisdə işə başladım. Yadınızdadırsa, layiqli köməkçi tapa bilmədiyimi sizə demişdim. Yeni işə başladığımdan dörd ay sonra nəhayət ki, özümə çoxdan axtardığım köməkçi tapdım. Özü də adı nə olsa yaxşıdır?- Layiqə.
Layiqə ilə təsadüfən metroda tanış oldum. Vacib bir iş dalınca “Neftçilər”ə getməliydim. “Gənclik” metrosuna qədər bir təhər getsəm də tıxac imkan vermədiyi üçün maşını duracaqda saxlayıb metro ilə getməyə qərar verdim. Həqiqətən, metro bir qədər havasızlığı nəzərə alınmasa, nəqliyyat vasitələrinin ən yaxşısıdır. Bir saat sonra artıq işlərimi bitirib geri qayıdırdım. Platformada dayanıb şəhər istiqamətinə gedən qatarı gözləyən hündür boylu, sarı qıvrım saçları çiyinlərinə tökülmüş, ilk baxışdan idmançı olduğu heç bir şübhə doğurmayan, Aviasiya Akademiyasının müdavimi geyimində olan olduqca gözəl, suyuşirin bir qız nəzərimi cəlb etdi. Qatarın gəlməyinə hələ 3 dəqiqə var idi.
Utanmaqdan keçib, yaxınlaşıb təhsil aldığı akademiya barəsində qıza bir neçə sual verdim. Gülümsəyərək suallarımı cavablandırdı. “Gənclik” stansiyasına qədər birlikdə gəlməli olduq. Söhbət əsnasında məlum oldu ki, Layiqənin iyirmi altı yaşı var, on üç ildir idmanın karate növü ilə məşğul olur, akademiyanın sonuncu kursunda oxuyur və qırmızı diplom almağa namizəddir. Bu fakt məni çox maraqlandırdı. Çünki çalışqanlığı və savadı ilə istənilən sahədə uğur qazanmağa nail olmuş insan öz ixtisası olmasa belə, digər sahələrdə də ən azı bu uğurun yarısını qazanmağa qadir olur. Bu aksiomdur. Layiqə də təhsil aldığı sahədə maksimum uğur qazanmağa yaxın idi. Bu maksimum uğurun yarısını köməkçim kimi qazanardısa, məni tam qane edərdi. Ona görə də, ayrılarkən çox fikirləşmədən vizit kartımı Layiqəyə verib detektiv olduğumu, hal-hazırda köməkçi axtardığımı ona bildirdim.
Bundan bir ay sonra Layiqə zəng edərək buraxılış imtahanlarını uğurla verdiyini, akademiyanı qırmızı diplomla bitirdiyini, təklif etdiyim işlə bağlı görüşmək istədiyini söylədi. Onunla ofisdə görüşdük. Göy cins şalvar, ağ qısaqol kofta və krossovka geymiş Layiqə salam verərək bir anlıq heyranlıqla ofisi nəzərdən keçirdi. Sadəliyi ilk baxışdan sezilirdi. Keçib göstərdiyim yerdə oturdu. Akademiyanı qırmızı diplomla bitirməsi münasibətilə onu təbrik edib, iş barədə, ondan olunacaq tələblər barədə məlumat verdim, sonra isə aylıq məvacibi olacaq rəqəmi səsləndirdim. Çox düşünmədən detektiv köməkçisi işləməyə böyük həvəsi olduğunu, şərtlərimlə razılaşdığını bildirdi. İlk gündən çalışqanlığı və bacarığı ilə etimadımı doğruldan Layiqə məşhur iş adamı Nicat Bayramovun oğurlanmış brilliant kolleksiyasının tapılması üçün aldığım sifarişin icrası zamanı necə dəyərli bir köməkçi tapdığımı sübut etdi. Araşdırmanın ən həlledici məqamında hər şey bir anda məhv olub getmək üzrəykən Layiqənin fikirləşdiyi bir fənd vəziyyəti xilas etdi. Ancaq sirr olduğu üçün bu barədə sizlərə bundan artıq məlumat verə bilmərəm. Əsas odur ki, necə yaxşı bir köməkçim olduğunu bildiniz. Bir şeyi çıxmaq şərtilə - bu zalımın qızı adi bir çay dəmləməyi də bilmirmiş. Yemək hazırlamaqdan isə daha heç danışmıram…
* * *
Həyətdən Səmədağanın səsi gəldi:
-Petruşka, petruşka, ay balam, bu xoruz görəsən hara getdi, səhərdən hər yeri gəzirəm, heç yerdə yoxdu, cip-cip-cip.
Əslində, mən yuxudan tez oyanmağa vərdiş etmişəm. Saat 7-dən sonra yata bilmirəm. Ancaq bu xoruz məni saat 5-də, 6-da oyadırdısa, nə etməliydim?! Xüsusilə işimin xüsusiyyəti ilə bağlı gecəyarısı yorğun evə gəlib yuxuya gedəndən iki saat sonra xoruz səsinə oyanmaq məni Petruşkaya qarşı ən radikal addımlar atmağa vadar etmişdi.
Həm də, bir neçə qonşu Səmədağaya eşitdirsə də, o, -Xoruz banlayar da, -deyərək sözlərini qulaqardına vurmuşdu.
Bazar günü olduğu üçün elə bir işim yox idi. Layiqənin rəfiqəsinin nişan mərasimi olduğu üçün orada olacaqdı. Nadir ailəsi ilə birlikdə rayonda dincələcəkdi. Birdən ağlıma bir fikir gəldi. Bazarlıq edib axşamtərəfi Səmədağa başda olmaqla məhəllə uşaqlarına həyətdə, manqal qırağında yaxşı bir qonaqlıq vermək. Həm Səmədağanın qarşısında “günahım”ı yumuş olaram, həm də məhəllə uşaqları ilə çoxdandı ki, bir süfrə arxasında yığışmırdıq.
Əl-üzümü yuyub, geyinib həyətə düşdüm. Məndən iki qapı o tərəfdə yaşayan Mehmangilin qapısını döyüb uca səslə çağırdım:
-Mehman, ay Mehman.
-İçəri gəl, qədeş, -səsimə çıxan Mehman gülümsəyib mənə tərəf gəldi.
-Xeyirdimi, Bəxtiyar qədeş, belə səhər tezdən?, -deyə soruşdu.
Mehman məndən on yaş kiçik idi, iyirmi doqquz yaşı var idi. Daimi işi olmadığı üçün məhəllə toylarında kababçılıq edir, birtəhər başını dolandırırdı. Amma kabab bişirməyinə söz ola bilməzdi.
-Bu gün işin-zadın yoxdu ki? -soruşdum.
-Əşşi, kefdən danışırsan, may ayında toy eləyən var ki, işim də olsun? -Mehman əlini yellədi.
-Onda səndən bir xahişim olacaq, -dedim.
-Buyur, qədeş, canla-başla hazıram, -deyən Mehman, əlimdən tutub həyətdəki talvarın altında qoyulmuş stolun yanına gətirdi.
-Yəqin ki, sən də mənim kimi ertədən çay-zad içməmisən, -deyib yoldaşını səslədi:
-Ay Təriş, Bəxtiyar qədeşnən mənə bir çay gətir.
-Çayları süzmüşəm, gözləyirdim ki, oturasınız, gətirim,- Təranə əlində çay dəstgahı evdən çıxdı, -Xoş gəlmisiz, Bəxtiyar qardaş, -deyib çayları, ağ gilas mürəbbəsini, qənddanı stolun üstünə düzdü.
Mehman hansısa işlə bağlı Sabirabad rayonunda olanda Təranəni görüb bəyənmiş, sonradan elçilərini göndərib hərisini almışdı. Mehriban, əlli-ayaqlı gəlin olduğu üçün hamımız onun xətrini çox istəyirdik.
-Salam bacım, bu gün Mehmanı bir az işlətmək istəyirəm, etiraz etmirsən ki? -zarafatla dedim.
-Elə işlətsəniz yaxşıdı, onsuz da neçə gündü mıyın işi-gücü bekarçılıqdan deyinməkdi, -Təranə də zarafatla cavab verib, evə keçdi.
Mənim hesabımla tapşıracağım şeylərə iki yüz manat bəs edərdi. Cibimdən üç dənə yüzlük çıxarıb stolun üstünə qoydum.
-Bu gün bazar günüdür. İstəyirəm məhəllədə bir manqal qoyaq, axşamüstü bir kabablayaq, bunu da səndən yaxşı heç kim bacarmaz, necə deyərlər, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Yaxşı bir erkək kəsdir, basdırma elə, lazım olan başqa şeyləri də al, araqdan başqa, arağı özüm gətirəcəyəm, uşaqlara da tapşır, axşam bağçada olsunlar, -dedim.
“Bağça” məhəllədəki yeganə söyüd ağacının bitdiyi iyirmi kvadrat metrlik dördkünc boş sahəyə deyirdik. Damları qır, küçələri asfalt döşəməli məhəlləmizdə bu ağacdan başqa bir ot belə tapmaq mümkün olmadığı üçün həmin sahə qeyd-şərtsiz bağça adlanmaq hüququ qazanmışdı.
-Baş üstə, qədeş, ancaq bunlara iki yüz bəs edər.
-Üçüncü yüz sənindi, -deyib, ayağa qalxdım. Xasiyyətimi bildiyi üçün Mehman daha bir kəlmə də danışmadan məni qapıya qədər ötürdü.
Təranənin çayı yaman ləzzət eləmişdi…
İndi xırda-para işlərimi görüb, yolüstü ofisə dəyməli, bir tanışımın pay verdiyi, artıq neçə aylardı orada yatan üç litrlik araq şüşəsini götürüb evdə soyuducuya qoymalı idim ki, axşama soyusun. Özüm həvəskarı olmasam da, camaata isti araq verməyəcəkdim ki.
Mehmangildən çıxan kimi Səmədağa ilə üz-üzə gəldim.
-Bəxtiyar qədeş, mənim xoruzumu görməmisən? -deyib Səmədağa ümidlə üzümə baxdı.
-Yox ay Səmədağa, nolub ki? -deyə süni təəccüblə soruşdum.
-Eh, heç yerdə tapa bilmirəm, deyəsən gecəykən xoruzumu oğurlayıblar.
-Ürəyini sıxma a kişi, tapılar. Axşam bağçada ol, balaca yeyib-içmək olacaq, -deyib Səmədağadan uzaqlaşdım.
Mühərrik qızana qədər telefonu çıxarıb çoxdan görüşmədiyim bir nəfərə zəng vurdum və düz saat 3-ə görüş təyin etdim. Sonra şəhərin mərkəzinə üz tutdum. Nahara qədər bir neçə yerə dəyib, saat 3-də vədələşdiymiz yerdə olmalı idim.
Əvvəlcə Layiqənin təkidi ilə kostyum sifariş verdiyim dərziyə dəydim. Şəhərdə çox məşhur olan bu dərzinin qəbuluna düşmək çətin bir məsələ idi. Dərzi Layiqənin bu gün nişanı olan rəfiqəsinin dayısı olduğu üçün onun xahişi ilə məni növbədənkənar qəbul etmişdi. Usta yarımçıq kostyumun qolsuz pencəyini mənə geyindirib bir neçə dəfə o tərəf-bu tərəfə döndərdikdən, təbaşirlə təkcə özünə məlum olan cızlar çəkdikdən sonra, nəhayət, işini bitirdi. Kostyum hazır olanda zəng vuracağını dedi. Oradan çıxanda əməlli başlı dərindən nəfəs aldım. Sanki cəmi onca dəqiqə yox, bütün günü istəmədən o tərəf-bu tərəfə dönməyə məcbur edilmişdim.
Dərzi sexi şəhərin Beşmərtəbə adlanan ərazisində yerləşdiyi üçün oradan birbaşa yaxınlıqdakı ofisimə gəlib üç litrlik araq şüşəsini götürdüm. Bir neçə yerə baş çəkdikdən sonra saat üçə qalmış görüşəcəyim adamla vədələşdiyim parka gəldim. Bakının bu köhnə parkının lap dərinliyində sakit, müştərisi az olan bir çayxana var. Hələ daxili işlər orqanlarında əməliyyatçı kimi fəaliyyət göstərdiyim vaxtlarda vacib məlumatları almaq üçün inanılmış şəxslərlə bu çayxanada görüşərdim. Gözdən uzaq olmasından başqa, çayxananın daha bir üstünlüyü də həmişə boş olan kabinetlərinin olması idi. Əməliyyatçı ilə inanılmış şəxsi heç kim birlikdə görməməli idi. Danışdığımız kimi mən həmişə on dəqiqə əvvəl görüş yerinə gəlir, boş kabinələrdən birinə keçərək telefon vasitəsilə kabinənin nömrəsini inanılmış şəxsə bildirir və çay sifariş edirdim. Bir qədər sonra o gələrək birbaşa kabinəyə daxil olur, lazımi məlumatları çatdırdıqdan sonra yenə bir neçə dəqiqə fasilə ilə kabineti tərk edirdik.
Bu çayxananın bir üstünlüyü də onda idi ki, kabinələri uzunsov formada olmaqla, masalar giriş qapısından sol tərəfdə qoyulmuşdu və qapı açılarkən dəhlizdə hər hansı kənar adam olarsa, kabinədə masa arxasında oturanları dərhal görə bilməzdi. Bununçün bir qədər içəri boylanmalı idi.
Bu dəfə də mən həmişəki kimi bir qədər tez gəlib boş kabinələrdən birinə keçdim və çay sifariş verdim. Gözlədiyim adam cinayətkar aləmdə baş verən hadisələr haqqında çox məlumata malik biri idi. Belə adamlarla əlaqə yaratmaq, mütəmadi görüşüb lazımi məlumat almaq bir detektiv kimi mənim üçün çox vacib idi. Və çox vaxt verilən məlumatlar bu məqsədlə xərclənən pullardan qat-qat qiymətli olurdu.
Düz saat 3-də kabinetin qapısı açıldı və köhnə tanışım içəri girdi. Neçə illər əvvəl Moskvanın “Spartak” futbol komandasında oynamış tatar əsilli futbolçu Vaqiz Xidiyatullinə oxşadığı üçün özlüyümdə ona “Tatar” ləqəbi vermişdim. Ancaq onun bundan xəbəri yox idi, heç olmamalıydı da. “Tatar” vərdişlərimi yaxşı bildiyi üçün görüşmədən keçib üzbəüzdə əyləşdi…
Davamı var
“Ədəbiyyat və incəsənət”
(01.05.2023)
Hadise Bakıda konsert verəcək
Mayın 7-də Bakı Konqres Mərkəzində Türkiyənin məşhur ifaçısı Hadise növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.
Melodik mahnıları, şouları və səhnə performansı ilə insanların rəğbətini qazanan müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(01.05.2023)