
Super User
DYP Nemət Pənahlının idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasının səbəbini açıqlayıb
2000-ci il təvəllüdlü Pənahlı Əhəd Nemət oğluna məxsus “Toyota Land Cruiser” markalı, 90-KM-590 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1100 manat məbləğində ödənilməmiş cərimə olub.
Bunu AzərTAC-a açıqlamasında İdarənin baş inspektoru Araz Əsgərli deyib. Bildirib ki, həmin cərimələrə görə, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə uyğun olaraq Nəsimi Rayon Məhkəməsində avtomobilin müvəqqəti duracağa təmin edilməsi üçün, yəni nəqliyyat vasitəsinin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul olunub. Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd edilən vəziyyəti izah edib, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb.
“Bildirmək istəyirik ki, avtomobillər üzərində ödənilməmiş cərimələrə görə nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin olunması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq, həyata keçirilir. Hər bir avtomobil sahibindən nəzərdə tutmuş qaydalara ciddi şəkildə riayət etməsini xahiş edirik” - deyə Araz Əsgərli bildirib.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
Emmanuil Vitorqan Bakıda “Həyat davam edir” adlı monotamaşa təqdim edəcək
Rusiyanın Xalq artisti Emmanuil Vitorqan noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək.
Rusiyalı aktyor “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək.
Vitorqanın bakılı tamaşaçılar önündə oynayacağı bu tamaşa onun mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub.
Rusiyanın teatr və kino aktyoru olan Emmanuil Vitorqan ekran əsərlərində parlaq obrazlar yaradıb. O, bu gün də səhnədə və kinoda yeni koloritli, dərin məzmunlu yaradıcılığı ilə fərqlənən aktyorlardan biridir.
Tamaşaya biletləri Iticket.az saytında və şəhərimizin kassalarında əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
TÜRKSOY Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə tədbir keçirəcək
TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyalar müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də bu layihələrə meydan verəcək.
Mərkəz 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.
2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə TÜRKSOY-un planladığı “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.
Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.
Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.
Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb.
Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.
Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.
Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.
Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 2023-cü il noyabrın 30-na müəyyən edilib.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
“İndi hər ayrılıq ömürdən uzun…”
Qısa fasilədən sonra “Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən Əlizadə Nuri görüşünüzə gəlir. Bu dəfə “Kül” adlı şeiri ilə.
Şair yenə ovsunlayacaq, yenə təəccübləndirəcək!
Kağızın içində yandı bu ömür-
Mən adam külüyəm, ya kağız külü?
Alışan bu canda o qız da yandı-
Bir az öz külümdü, bir az qız külü…
İndi hər ayrılıq ömürdən uzun,
Ölümlə oyunda ömür uduzur.
Hər axşam yandırır ayı -ulduzu
Tanrı səhər yığır ay-ulduz külü…
Dərd çaxmaq daşıdı- daşdan yanmışam,
Ayaqdan od alıb, başdan yanmışam.
… İlahi, nə yaxşı, eşqdən yanmışam-
Baha eləmişəm bu ucuz külü…
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
Nazirə Neftçalada yazılan məktubun əks-sədası
MİRZƏ XƏLİL VƏ QIZI RÜBABƏ XANIM MURADOVA BİR MÜDDƏT NEFTÇALADA YAŞAYIBLAR
Etibar Əbilov, “Ədəbiyyat və incəsənət”
Şəkildəki unudulmaz muğam ifaçımız Rübabə xanım Muradovanı təbii ki, hər biriniz tanıdınız. Digər fotodakı şəxs isə Rübabə xanımın atası Mirzə Xəlildir. Bildyiyimiz kimi Rübabə xanımın ailəsi İranda yaşayıb və Rübabə xanım da 1930-cu ildə Ərdəbil şəhərində anadan olub. Mirzə Xəlil Tehranda dini, Xorasanda isə göz həkimliyi üzrə tibbi təhsil alıb.
Kecən əsrın 40-cı illərində Təbrizdə Pişəvərinin rəhbərliyi ilə Milli Azadlıq hərəkatı başlayanda Mirzə Xəlil də həmin hərəkata qöşulub və hətta fəallığına görə Azərbaycan Demokratık Firqəsinin Ərdəbil şəhər şöbəsinin sədr müavini olub.
Böyük ümidlərlə və arzularla yaradılmış Azərbaycan Demokratık firqəsi Stalinin xəyanəti nəticəsində məglubiyyətə uğrayır. Şah rejimi Təbrizi qan gölündə boğur. Şahın əmri ilə firqənin üzvlərinə amansız divan tutulur. Mirzə Xəlil də digər azərbaycanlı məsləkdaşları ilə Şimali Azərbaycana pənah gətir.
Mənim bu yazıda məqsədim Mirzə Xəlilin (və həm də Rübabə xanımın) Azərbaycandakı həyatında unudulmuş mühüm bir məqam haqqındadır. Rübabə xanım haqqında yazılanlarda və yaxud onun haqqındakı televiziya verilişlərində Rübabə xanımın ailəsinin əvvəl Sabirabadda, sonra Salyanda, 1957-ci ildən isə o vaxtkı Əlibayramlıda (indiki Şirvanda) yaşadığı qeyd edilir. Bunlar təbii ki, həqiqətdir. Amma digər bir həqiqət var ki, həmin həqiqət barədə heç kəs yazmır, demir.
Həqiqət isə ondan ibarətdir ki, Mirzə Xəlilin 7 nəfərlik ailəsi 1950 -illərin ortalarında Neftçalada yaşayıb.
Mirzə Xəlil Neftçalanın 26-lar adlanıan qəsəbəsində tibb məntəqəsində işləyib. Və elə həmin qəsəbədə də yaşayıb...
Amma İranı tərk edərkən həkimlik diplomunu özü ilə götürmədiyindən, yəni diplomu olmadığından, onu həkim olaraq işə götürməyiblər. Mirzə Xəlil də məcburən 26-lar qəsəbəsindəki tibb məntəqəsində az maaşla fəhlə kimi işləyib. Amma onun xahişini və çamaat arasındakı hörmətini nəzərə alıb, qeyri rəsmi də olsa ona göz xəstələrini müalicə etməyə, sarğı sarımağa icazə veriblər... Atam İmamverdi Əbilov təbii ki, Mirsə Xəlili tanıyırdı və haqqında həmişə böyük ehtiramla danışırdı. Mirzə Xəlil bizim tərəflərdə "Quran"ı mükəmməl bilən bəlkə də yeganə şəxs olub. Ağır təbətli olub, el-obanın xeyrində şərində yaxından iştirak etdiyi üçün hamı ona hörmət edib.
Atam danışırdı ki,
onun böyük bir istəyi var idi. Həkim kimi hüququnun tanınması və həkim kimi fəaliyyət göstərmək, həkim kimi əmək haqqı almaq. Amma bütün əlaqədar, cavabdeh təşkilatlar Mirzənin diplomunun olmamasını əsas gətirib onun istəyini rədd ediblər... Atam danışırdı ki, bir dəfə ondan diplomunu özü ilə İrandan niyə gətirmədiyini soruşdum. Diplomuna görə çox əziyyətlər çəkmiş Mirzə Xəlil:
-Canım,orada (İranda) bizi adam yerinə qoymurdular,haqqımızı tapdayırdılar... Burda da (Sovet İttifaqı) bizə inanmırlar.... Cəlladın qaç-qovunda nə yada düşürdü ki, diplom da yada düşə? Məgər diplom vətəndən şirindir? Vətəni qoruya bilmədik, diplomu necə qoruyaydıq, ay sağ olmuş- cavabını verib.
...Yenə də atamın xatirələrinə istinad edirəm: 1955-ci ilin martında Azərbaycanın o vaxtki Səhiyyə Naziri Vəli Axundov (Sonralar Azərbaycan MK- nin birinci katibi) səhiyyə işciləri ilə görüş keçirmək üçün Neftçalaya gəlir. Təbii ki, iclasda yalnız səhiyyə işçiləri, həkimlər, tibb bacıları iştirak edib. Mirzə Xəlil o vaxtlar Neftçalada rəhbər vəzifədə işləmiş atamdan problemlərini Vəli Axundova çatdırmağı xahiş edir. İclasdan sonra atam Mirzə Xəlili Nazirlə görüşdürür. Nazir Mirzə Xəlili dinləyib ona bir ərizə yazmagı tapşırır. Mirzə Xəlil qonşu otaqda bir ərizə yazıb atama verir. Atam da ərizəni oxumadan Nazir Vəli Axundova təqdim edir.
Vəli Axundov ərizənin ilk cümləsini oxuyub:
-Siz bu ərizəni özünüz oxumusunuz?-deyə atamdan soruşur.
Atam-Xeyir-deyir.
Nazir isə sadəcə:
-Gərək oxuyaydız- deyib ərzəni atama qaytarır. Mirzə Xəlil tərəfindən yazılmış ərizənin birinci cümləsi belə idi(atam həmin ərizəni saxlayırdı):
-Dövləti Şurəvinin Azərbaycan Cumhuriyyəti Səhiyyə rəisi Vəli Axundov həzrətlərinə...
(Atam deyirdi ki, belə tələsik hərəkət etdiyimə görə,ərizəni oxumadan nazirə təqdim etdiyimə görə özüm də pis olmuşdum).
Daxilən xeyirxah insan olan Vəli Axundov söhbəti böyütmür, sadəcə-Deyin, ərizəni təzədən yazsın-deyir.
Atam yaxın dostu olan bir ədəbiyyat müəllimindən xahiş edir və həmin müəllimin köməyi ilə Mürzə Xəlil ərizəni təzədən yazır və həmin ərizə Vəli Axundova təqdim olunur...
Həmin ərizədən az sonta Mirzə Xəlil Əlibayramlıya köçür. Orada daimi məskən salır və Əlibayramlıda da vəfat edir. Məzarı da Əlibayramlı (indiki Şirvan) şəhərindədir.
Etiraf edim ki, Mirzə Xəlilin Nizirə yazdığı ərizənin müqəddaratından da xəbərim yoxdur.
Ümumiyyətlə, bir çox bilmək istədiyim suallar olub ki, mən o sualları atama verməyi həmişə təxirə salardım. Gələn dəfə soruşaram deyib üstündən keçərdim. İnsan nə yaşda olursa olsun, ölümün qaşla göz arasında qərarlaşdığını bilsə də, bir vaxt valideynlərini itirəcək qaçılmaz həqiqət haqqında çox az fikirləşir. Bu mənada, atamdan, onun bildiyi bir çox hadisələri vaxtında özündən soruşmadığıma,o sualları sonraya saxladığıma görə, indi də ağrılı təəssüf hissi keçirirəm.
...Nəhayət... Neftçalanın köhnə kişiləri yaxından tanıdıqları xeyirxah, nəcib insan, böyük, unudulmaz muğam ustadımız, xalq və bəstəkar mahnılaımızın əvəzsiz ifaçısı Rübabə Muradovanın atası Mirzə Xəlil haqqında həmişə böyük məhəbbətlə söhbət açırdılar. Amma təəssüf ki, indiki gənclərin (təkcə gənclərin yox) bir çoxunun böyük muğam ifaçısı Rübabə Muradobanın bir müddət Neftçalada yaşadığından sadəcə olaraq xəbərləri belə yoxdur.
Bütün həqiqətlər isə yazılmalı və deyilməlidir.
Allah Mirzə Xəlilə də, Rübabə xanım Muradovaya da qəni-qəni rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
“Natiq” ritm qrupu gənclərlə görüşəcək
Bu gün YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti Natiq Şirinov və onun rəhbərlik etdiyi “Natiq” ritm qrupu ilə gənclərin görüşü təşkil ediləcək.
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək görüşdə Xalq artisti Natiq Şirinov milli ritmlər mövzusunda çıxış edərək, “Natiq” ritm qrupunun milli musiqi mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlərdən söhbət açacaq.
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır. Tədbir müddətində, həmçinin “Azərbaycan peşəkar musiqi mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması amilləri”, “Müasir gənclik: Milli-mənəvi və tarixi dəyərlərimiz” və “Milli ritm sənəti: dünənimiz, bu günümüz, sabahımız” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Tədbirin bədii hissəsində “Natiq” ritm qrupunun ifasında müxtəlif kompozisiya və eksperimental ritmik musiqi nümunələri təqdim ediləcək.
Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilir.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
“İnsanlar dünya üçün əl-ələ tutuşsa…”
Kubra Qiliyeva, “Ədəbiyyat və incəsənət”
İnsan və zaman. Bir-birinə çox sıx bağlı olan iki məhfum əsasında kainatın axış sistemi, bu sistemin alt sistemləri formalaşır. Zaman axır, insan inkişaf edir və müəyyən səviyyədə fərqliliklər meydana çıxır. Min illiklər boyu insan iki əli ilə tarazılığı saxlamağa çalışır. Bir əli ilə ağaclar əkib meşələr salır, obiri əli ilə ağacları qırıb əldə etdiyi odunla evini isidir. Bir əli ilə heyvan bəsləyir, obiri əli ilə heyvanların nəslini tükədir. Bir yandan pulu yaradır, digər tərəfdə kasıblığı. Acı tox ilə öldürür, suyu alov ilə söndürür. Daim dilində "tərəqqi, inkişaf, mədəniyyət, multikulturalizm" şüarları səslənən insan cəmiyyəti çox təəssüf ki, tarazlıqda saxlaya bilmir və özünün əməyindən əlavə Tanrının bəxşişi olan həyatı da məhv edir.
Amma cəmiyyətin içində getdikcə nəsli kəsilən bir kütlə var ki, hər şeyin fərqinə varıb və fərqinə vardıqlarını qınamaq əvəzinə axtarışa keçiblər. Bəs yaxşı, çarə nədədir? Maddi, mənəvi, fiziki, təbii və hətta süni yolla bir çox itkilərə məruz qalıb yaşadığı torpaqlarda özü özünə təhlükə olan insanlar bu qədər itkinin qarşısını ala bilərmi?
Əlbəttə alar, axı dünyanı gözəlləşdirməyə çalışan elə məhz insan və onun bəşəri kəşfləri olub. Axı, Tanrı insanı cəmiyyətin ən alisi olaraq yaratdı. Düşünürəm ki, Tanrı insanı ortalama ömür sürüb torpağa qarışan çürüntü olaraq yaratsa idi ona instinkt və şüur verməzdi. Tək gərəkən bir az araşdırmaq, addım ata biləcək yollar seçmək və bunu yaymaqdır. Cəmiyyətin çarəsiz qaldığı bu dönəmdə insanların dadına yalnızca mədəniyyət və elm çata bilər. Hansı ki, maariflənmiş insan mədəniyyətində barbarizmdən kənar davranaraq fərqinə vardığı bu problemləri həll etmək üçün elmini ortaya qoysa, insanlar dünya üçün əl-ələ tutuşsa böyük bir mədəniyyət erası açıla bilər. Sosial fərqindəliyi olan fərd bunu ətrafına aşıladıqca ətraf genişlənər və böyük bir mədəniyyət kütləsi öz gücünü maariflənmə, düzgün təbliğat və elmin köməyi ilə bütün çətinliklərin öhdəsindən gələ bilər.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
“Aida” operasını bizim üçün məşhur argentinalı rejissor Hüqo de Ana səhnələşdirə bilər
Xarüqə bir xəbər: yenə də bu cür inanılmaz xəbər Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazovdan gəlib. O, Buenos-Ayres şəhərində argentinalı rejissor Hüqo de Ana ilə görüşüb.
Teatrdan bildirilib ki, görüş çərçivəsində “Aida” operasının yeni tərtibatda səhnələşdirilməsi məşhur rejissorla müzakirə edilib.
Xatırladaq ki, Hüqo de Ana karyerası boyu "La Skala", "Arena di Verona", "Covent Garden", "Opera Australia", "Teatro Colon", "Teatro San Carlo Cancels", "Teatro Real" kimi dünyanın məşhur opera teatrlarında bir çox opera tamaşalarını səhnələşdirib.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
“Guilty pleasure” - Qəbul edilmiş ehkamlara qarşı kinayəli gülüş
“Artım” layihə məkanında qrup sərgisi davam edir
Könül, “Ədəbiyyat və incəsənət”
Yaşıl rəng göz dincəldir. Amma tək bumu? Əsla yox. Yaşıl rəng builki dəb trendidir. Və
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında (İçərişəhər, Kiçik Qala küçəsi, 5) açılan Azərbaycanın gənc rəssamlarının “Guilty pleasure” (“Müqəssir zövq”) adlı qrup sərgisində yaşıl rəngin dominantlıq təşkil etməsi də məhz bu səbəbdəndir.
Sərginin kuratoru olan Zəhra Məmmədovaya yaxınlaşırıq və o, bizə əsərləri sərgilənən gənc rəssamların adlarını sadalayır: Ağaəli Sadirli və Nail Dadaşzadə dueti, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad J., Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nərmin Zeynallı və Nigar Səmədzadə.
Zəhra Məmmədova həm də bizlərə sərginin mahiyyəti barədə məlumat verir. Demək,
sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. “Guilty pleasure” sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi “kitç” (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı böyük maraqla araşdırır, “ənənəvi zövq” və “orijinallıq” anlayışlarını şübhə altına qoyur.
Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə, yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq, “şişirdilmiş sentimentallıq”, “ani emosional məmnunluq” və “səysiz istehlak” anlayışlarını ironik tərzdə önə çıxarır.
“Guilty pleasure” təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri “o qədər pisdir ki, yaxşıdır” paradoksunu götür-qoy etməyə dəvət edir. Bu fikri davam edən ekspozisiya zövqlə bağlı ənənəvi təəssürata meydan oxuyur və şəxsi qərəzləri araşdırmağa, özünü “məqbul və ya arzuolunan” kimi qələmə verən mədəni gözləntilərlə üz-üzə dayanmağa sövq edir. Məqsəd estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, “pop” mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək, eləcə də qıcıqlandırmaqla, şıltaq, ekssentrik, şən, oynaq olmağa sövq etməkdir.
Diqqətimi ən çox çəkən Mələk Bayramlının təqdimatıdır. Onun təqdimatı iki hissədən ibarətdir: videoinstalyasiya və divar oboyları. Divar oboylarında meşədəki ceyranlar təsvir edilib. İnsanlar urbanizasiyaya rəvac verir, dünyanı dəyişirlər. Zira, öz evlərinin interyerində təbiətlə bağlı atributlar işlədirlər. Bu, sanki onlar üçün bir xatırlatmadır ki, siz hardan gəlmisiniz.
Yəni, biz hardan gəlmişik!
Əlinizə sağlıq, Mələk xanım!
Sərgidə bir çox məşhurları, o cümlədən bakılı oğlan Bəhram Bağırzadəni də görürük.
Qeyd edək ki, sərgi sentyabrın 3-dək ziyarətçilər üçün açıqdır.
Sərginin iş saatı bazar ertəsi istisna olmaqla hər gün saat 12-dən 20-dəkdir.
Buyurun, gəlin, feyziyab olun!
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
Gilavar Foto Klubunun üzvləri Moskvada TASS-ın seminarında iştirak ediblər
Rusiyanın TASS İnformasiya Agentliyinin təşkilatçılığı ilə Moskva şəhərində MDB-dən olan xəbər agentliklərinin fotomüxbirləri üçün seminar təşkil edilib.
Seminarda Agentliyin dəvəti ilə Azərbaycandan “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev, klubun üzvü Elnur Abbasov və AzərTAC-ın əməkdaşı Hümbət Məmmədov iştirak ediblər.
Təlim zamanı TASS-ın Fotoxronika redaksiyasının aparıcı fotoqrafları tərəfindən müasir dünyada xəbər fotojurnalistikası, protokol çəkilişi və rəsmi tədbirlərin işıqlandırılması, videoçəkiliş, eləcə də digər mövzular haqqında məruzələr edilib, praktiki tapşırıqlar verilib.
Seminar çərçivəsində iştirakçılar TASS İnformasiya Agentliyinin baş ofisinin və Fotoxronika redaksiyasının inzibati binalarında olublar. Fotoqraflar burada əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub, agentliyin iş prosesini yaxından izləyiblər.
Gələcəkdə “Gilavar Foto Klubu” İctimai Birliyi ilə Rusiyanın TASS İnformasiya Agentliyi arasında foto sahəsi üzrə əməkdaşlığın davam etdirilməsi, müxtəlif təlim və layihələrin keçirilməsi istiqamətində müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)