
Super User
Bakıda hansı mədəniyyət xadimlərinin adlarına küçələr var?
SUAL
Hörmətli “Ədəbiyyat və incəsənət”. Bu günlərdə evdə mərc gəldik ki, Bakıda neçə mədəniyyət xadiminin adına küçə var? Biz köklü bakılıyıq, Bakını bizim kimi kimsə tanıyammaz. Bununla belə, iki valideyin və dörd övlad hərə bir fərqli rəqəm dedi. Mərci kimin udması isə sizin bu sualı cavablandırmağınızdan asılı olacaq.
Bakıda hansı mədəniyyət xadimlərinin adlarına küçələr var?
(Renat Salmanov, Bakı)
CAVAB
Bakıda hansı məşhur mədəniyyət xadimlərinin adına küçələr var?
Şair və yazıçılardan başlayaq:
Cavid, Mirəli Qaşqay, Əhməd Cavad, Mirəli Seyidov, Mirzə İbrahimov, Nigar Rəfibəyli, Tolstoy, Sabit Rəhman, Puşkin, Yesenin, Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Sani Axundov, Şıxəli Qurbanov, İslam Səfərli, Əliağa Vahid, Müşfiq, Süleyman Vəzirov, Seyid Əzim Şirvani, Nizami, Məhsəti Gəncəvi, Bəxtiyar Vahabzadə, Məhəmməd Hadi, Çəmənzəminli…
Sonra məşhur aktyorlara keçək: Mirzağa Əliyev, Abbas Mirzə Şərifzadə, Həqiqət Rzayeva…
Bəstəkarlara nəzər yetirək: Asəf Zeynallı, Tofiq Quliyev, Fikrət Əmirov, Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov…
Müğənnilərə baxaq: Şövkət Ələkbərova, Rəşid Behbudov. Müslüm Maqomayev, Həqiqət Rzayeva, Seyid Şuşinski, Mirzə Babayev, Xan Şuşinskinin adları yalnız musiqilərdə deyil, küçələrdə də yaşayacaq.
Rəssamlardan Əzim Əzimzadə, Səttar Bəhlulzadə, tarzənlərdən Mirzə Mənsur, Hacı Məmmədov…
Unutduqlarımız oldumu? Bəlkə də var. Ona görə də sonda üç nöqtələr qoyduq.
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
5 lövhə - Səfa Rəşidin qürbət şeirləri
“Ədəbiyyat və incəsənət” portalı İspaniyada - Santander şəhərində yaşayan həmyerlimiz, gözəl şeirlər müəllifi Səfa Rəşidin şeirlərini təqdim edir. Qürbət şeirlərində vətən həsrəti doğmaların həsrətinə qarışaraq qüssə notlarına kökləyəcək sizləri. Amma mənəvi zənginlik məhz qüssədən, kədərdən, iztirabdan yaranar, bu bir aksiomdur.
1-Cİ LÖVHƏ
Payız idi, bağçamızın gülləri
Soldurmuşdu yarpaqların sazaqda.
Tənhalığın payızında üşüyüb
Darıxırdım, darıxırdım uzaqda.
Xilaf çıxdı vədəsinə arzular,
Nə doğrusu, nə yalanı bilindi.
Neçə ümid əllərimi buraxdı,
Neçə arzu ünvanını itirdi.
Sızıldadı yetim qalan ümidlər
Qəribliyin dumanında, çənində
Eh, nə yaman ip çəkəndi qəriblik,
Çırpınarsan tənhalığın əlində.
2-Cİ LÖVHƏ
Piyada keçidlərinə insan şəkli çəkin!
Uşaq şəkli çəkin, əli çantalı...
Qoca şəkli çəkin, əli əsalı...
Qadın şəkli çəkin, tale yüklü
yorğun düşüncəsilə...
Çırpın qapıları sərxoş yaramazlıqların üzünə,
Uçurun içinizdəki qatillik piramidasını,
Piyada keçidlərinə qorxusuz qaytarın insanları!
Günlər ümidlə açılmaqdan yoruldu...
buludlar topa-topa ötdü pəncərəmizdən...
Yağışlar payız olub
yudu yiyəsiz qalmış
bağlı darvazaları,
Meşələr yaz geydi, payız soyundu...
Uşaq bağçasında güllər çiçəklədi vərəqlərdə,
günəş doğdu körpə barmaqlar arasında...
Bir il də bitdi əzizim, bir il də bitdi...
3-CÜ LÖVHƏ
Çox uzundu, gecələrin həmləsi,
Yorularsan, gözlərini qan çəkər.
Dayanarsan, aynaların önündə
Darıxarsan, bəxt üzünü yan çəkər.
Kibrit-kibrit alışarsan içində,
Bir ummanlıq suda sönməz həsrətin.
Ayrı salıb taleyinin köçündən
Dəyişdirdin ünvanını qismətin.
Qırıq-qırıq saçlarından dən olar,
Həsrət boyda ayrılığın ağrısı.
Taleyinin bir üzündə payız var,
Bir üzündə ürəyinin oğrusu.
4-CÜ LÖVHƏ
İndi səni hamıdan soruşuram...
Gunəşə deyirəm,
onun açılan sabahlarına şəfəqlərini dağıt,
dənizə deyirəm,
dalğalarınla yaxınlaşan kədərini qov,
küləyə deyirəm,
pəncərədən otağa dolan yalnızlığı
qapıdan ötür, dəymə o xoşniyyətə,
çiynində saçlarını darıxdıran qadına toxunum.
5-Cİ LÖVHƏ
Bir ömür istədim Tanrıdan
Ödənişim, – qurbətdə payız.
Bir qadın sevdim,
Sevgisindən qorxduğum...
Bir məlhəm tapdım,
Ağrsından solduğum...
Divarların tanış səsində
həyat davam edir.
Yağışlar yağır, şeirlər pıçıldaşır.
Payızlaşır bir otaqda şair ömrü...
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
Sevər Şəhabidən “Cəhənnəm-cəhənnəm” - İRTİCAÇI REJİMƏ QARŞI
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında gedən şeirlərdən ən diqqətçəkənlərindən biri Sevər Şəhabinin “Cəhənnəm-cəhənnəm” şeiridir. Burada fars-molla rejiminin mənfur siyasəti faş olmurmu, olur.
CƏHƏNNƏM - CƏHƏNNƏM
Pambıqları təpməmişdən,
Qulağıma yalan qoyun.
Altıma əqrəb döşəyin,
Üstümə də ilan qoyun.
Yalanlara alışmışam,
Zəhər ilə qarışmışam,
Taleyimlə barışmışam,
Baş altıma saman qoyun.
Burda minlər endilər,
Nədənsə çox sevindilər!
Bəlkə orda da mindilər!
Kürəyimə palan qoyun.
«Ədəbiyyat və incəsənət”
(17.10.2023)
Qazaxıstanda “Şuşa Günləri”nin keçirilməsi ölkələrimiz arasındakı dostluq münasibətlərinin gücləndirilməsində önəmli rolu oynayıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Qazaxıstan Respublikasına səfərləri çərçivəsində ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüblər.
Fonddan verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Milli Məclisinin üzvləri akademik Nizami Cəfərov, Fatma Yıldırım, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov iştirak ediblər.
Görüşdə Astana və Türkistan şəhərlərində “Şuşa Günləri”nin keçirilməsinin Azərbaycan və Qazaxıstan arasındakı tarixi qardaşlıq bağlarının, dostluq münasibətlərinin gücləndirilməsindəki önəmli rolu vurğulanıb. Həmçinin Fondun qazax xalqının böyük şair-mütəfəkkiri Abay Kunanbayevə həsr olunmuş “Abay Azərbaycanda və Dünyada” adlı yeni kitabının nəşr edilməsi və Astanada təqdimatı, Abayın 175 illik yubileyi münasibətilə Fond tərəfindən İspaniyada poçt markalarının çap edilərək dövriyyəyə buraxılması və təşkilatın mərkəzi qərargahında “Abay Günü”nün keçirilməsi kimi məsələlər qeyd olunub.
Tərəflər arasında mədəniyyət və irs sahəsində qarşılıqlı səylərə və əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş bir sıra məsələlər müzakirə olunub. Ortaq fəaliyyətə və əməkdaşlığa dair gələcək planlar nəzərdən keçirilib.
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
"The Cultural Tutor" Naxçıvanın Qarabağlar türbəsi barədə paylaşım edib
Tviter platformasında 1,5 milyon izləyiciyə malik "The Cultural Tutor" səhifəsi “Azerbaijan Nakhchivan” (@aze_nakhchivan) səhifəsinin təşəbbüsü ilə Naxçıvanın Qarabağlar türbəsi barədə paylaşım edib.
AzərTAC xəbər verir ki, paylaşım qısa zaman ərzində 74 mindən çox baxış sayı yığıb.
Qeyd edək ki, Qarabağlar türbəsi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndində yerləşir. Qarabağlar türbəsində qoşa minarə və onların arasında yerləşən bina qalıqları var. Qoşa minarənin 12-ci əsrin sonu – 13-cü əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə 14-cü əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatunun adı yazıldığından, onun Quti xatunun şərəfınə tikildiyi güman edilir. Türbə 2003-cü ildə əsaslı bərpa olunub.
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
Suqovuşan istirahət parkının ikinci mərhələsində körpü salınması planlaşdırılır
Suqovuşan istirahət parkında birinci mərhələ ilə bağlı işlər artıq başa çatıb. Gələcəkdə burada əyləncə növləri üzrə zonalar yaratmaq nəzərdə tutulur.
Bu barədə AzərTAC-a müsahibəsində Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımzadə deyib.
Onun sözlərinə görə, ikinci mərhələdə parkda piknik zonalarının yaradılması, körpü salınması planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
Şimali Kipr Prezidenti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 16-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.
“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, ziyarət zamanı Ersin Tatar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Görüşdə 2022-ci il noyabrın 11-də keçirilən Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə görüşü çərçivəsində təşkilatın müşahidəçi dövləti statusunu əldə etdiyini deyən Prezident Ersin Tatar zəngin Türk tarixi, mədəniyyəti, ədəbiyyatı və musiqisindən söz açaraq, ölkəsinin və xalqının Türk dünyasının bir parçası olduğunu vurğulayıb.
O, Şimali Kipr Türk Respublikasının tezliklə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyət göstərdiyi ölkələr sırasında yer alacağına ümid etdiyini bildirərək, bu vasitə ilə təşkilatla birgə müxtəlif layihələrə imza atılacağını qeyd edib.
Söhbət zamanı Fondun prezidenti Günay Əfəndiyeva ortaq soy-kök, adət-ənənə, dil, folklor, din kimi amillərin Türk dövlətləri arasındakı dostluq və qardaşlıq əlaqələrinin təməlində dayandığını, Türk dünyasının birgə gələcəyi üçün möhkəm zəmin yaratdığını bildirib. Günay Əfəndiyeva çoxəsrlik Türk mədəni irsinin qorunması və nəsillərdən nəsillərə ötürülməsi istiqamətində Fondun genişmiqyaslı fəaliyyəti və beynəlxalq layihələri haqqında məlumat verib.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin və gələcək əməkdaşlığın perspektivlərinin müzakirəsi ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
Rəsm qalereyası: Arif Hüseynov, “Miniatür”
POETİK QİRAƏTdə Əşrəf Veysəllinin “Sözün qələbəsi” şeiri
“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. Bu gün “Sözün qələbəsi” şeiri təqdim edilir.
SÖZÜN QƏLƏBƏSİ
Vətən, təbrik edirəm, təbrik edirəm səni
Qəlbindəki duyğunun, hissin qələbəsidir.
Susmuş bulaqlarında hərarətin, hənirin
Sönmüş ocaqlarında közün qələbəsidir.
Yurdu bizə əmanət qoyub babalarımız,
Çox qanları su ilə yuyub babalarımız.
" Səbr Allahın adıdır" deyib babalarımız,
Otuz illik həsrətin dözüm qələbəsidir.
Nə yaxşı!- gördüklərim nə yuxudur, nə röya,
Günəş də gülümsəyir nurunu yaya- yaya.
Bu işıqlı dünyaya, yaraşıqlı dünyaya
Zülmətlərdən boylanan gözün qələbəsidir.
Billur kimı suları dərələrdə lillənən,
İstəkləri gül açan, arzuları dillənən,
Əngin səmalarında bayrağımız yellənən
Ərgünəşin, Murovun, Kirsin qələbəsidir.
"Heyratı"nın sədası öz dünyamdan qoparır,
Bu yaşımda məni də "cəngi"cəngə aparır.
Tarzənin sinəsində tar da tufan qoparır.
Aşığın köksündəki sazın qələbəsidir.
Biz Vətənə can demir,canı qurban deyirik,
Yüzillik düşmənini 44 günə əyirik!,,
Bu şanlı qələbəmiz şər üstündə xeyirin,
Sərt qışın üzərində yazın qələbəsidir.
Vurğunuyuq burdakı hər döngənin ,guşənin,
Başına dolanarıq bizi başa düşənin.
Xocalının, Ağdamın, Xocavəndin, Şuşanın,...
İntiqamın, qisasın, hirsin qələbəsidir.
Aynasından ay, ulduz asılan körpələrin,
Oyuncaq dünyaları pozulan körpələrin,
Taleyinə şəhidlik yazılan körpələrın,
Yellənçəkdə yellənən qızın qələbəsidir.
Hamı zəfər eşqində, qələbə həvəsində,
Od yağır komandirin " Atəş!, Atəş!" səsindən...
Qəhrəman əsgərlərin döyüş səlnaməsində
Qızıl hərflə yazılan qızıl qələbəsidir.
Öz fərmanı olurmuş hər vaxtın, hər zamanın,
Möcüzəsi var imiş Şuşamızda dumanın.
Dilinə qurban olum Ali Baş Komandanın,
Cəsarət meydanında sözün qələbəsidir!
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
BİRİ İKİSİNDƏdə Aysel Fikrətin “Məscidin dəlisi”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün yenə Nəsr saatıdır, sizlərə Aysel Fikrətin “Məscidin dəlisi” hekayəsi təqdim olunacaq.
NƏSR
Aysel FİKRƏT
MƏSCİDİN DƏLİSİ
Allahın tanımadığı evi olmaz. Yerin özü də Onun evidi. Bax sənin də, mənim də nə etdiyimizi, harda olduğumuzu bir o Yaradan bilir. Nənəsi Abdullanı belə böyütmüşdü. Onun süngüyə gedən dilinə qurban, sadağa gedə-gedə. Sübh namazında: “Ay Allah, bu balamı da qat bu dünyanın uşaqlarına. Axı mənim bu dünyadan yanına köç edən, mələk qızımın nə günahı var idi ki, onun uşağının dili lal ola. Ay Allah, bu uşağın dilini aç. Onun da, bəlkə, Sənə sözü var”. Güllü yorğanlardan gələn gülab iyinin gözəlliyində böyümüşdü Abdulla. Bir gün də tezdən oyanıb “Nənə” – demişdi Abdulla. "Ay nənə..."
Abdullanın dilinin açıldığı gün nənəsi o dünyaya köç etdi. Abdulla ölümün nə olduğunu görməmişdi. Saatlarca nənəsinin yanında oturub onu oyandırmaq üçün səslər çıxarmışdı. Abdulla özü də anlamadan sözlər deyirdi. Ac idi, susuz idi. Qonşu Zibeydə gəlməsə, bəlkə də, Abdulla da ölüb gedəcəkdi. Qonşunun hay-küyünə adamlar yığıldı. Abdullanın nənəsini harasa apardılar. Abdulla nənəsiylə dua etməyə getdiyi evin ta yanında torpaq qazıldı. Abdulla nənəsinin torpağa əkilməsini gözüylə gördü. Onda onun gözləri böyüyüb dünyanı aşdı. Abdulla bu dünyanı hələ bu günə qədər belə aydın görməmişdi.
Nənəsinin dua etmək üçün onu gətirdiyi məscid adamla dolu olardı. İsti idi. Yerə xalçalar, yorğanlar döşənmişdi. Nənəsi tez-tez Abdullaya “Gözlərini yum, bala, yat. Yuxuda sənə şəfa verilər”, – deyərdi. Abdulla çox yorulmuşdu. Adamların arasından qaçıb məscidin içində bir sakit yer tapıb uzandı. Gülab ətri verən yorğanı üstünə örtüb nənəsinin sözlərini bir də düşünüb yatdı.
Kəndin adamları onu məsciddə tapanda çox kövrəldilər. Bu gecə ona dəymədilər. Səhər azan səsinə oyanan Abdulla bir daha evinə getmək istəmədi.
Hər gün obaşdan oyanıb ətrafı səliqəyə saldı. Su daşıdı. Nənəsinin qəbrinin yanına su tökdü. Hər dəfə su tökdükcə bir az böyüdü Abdulla. Axırda böyüyüb 19 yaşında bir gənc oldu. Kənddə hamı sevərdi Abdullanı. Təkcə Ağgüldən başqa. Uşaqlıqdan bəri gözünün tutduğu bu qız Abdullanın onun üçün dərdiyi gülləri yolun düzünə səpələyib “məscidin dəlisi” deyib qaçmışdı bir dəfə.
O gündən Abdulla heç ağıllı olub bir kəlmə deyə bilmədi. Lal baxışlarla, ağzından çıxan bir-iki sözü də içində susdurdu.
Abdulla nənəsindən sonra sığındığı Allahdan, bir də Ağgüldən başqa bir həqiqət tanımırdı.
Məscidə baxan Hüseyn kişi də deyirdi, ay kişi, Abdulla olmasa, bu məscidin halı necə olar. Abdulla səhər durub həyətin bütün işlərini görərdi. Darvazanı açar, insanlara yardım edərdi. Dua üçün gələn xəstələri əlində daşıyar, qocalara su verərdi. Abdullanın başqa yönü yox idi. Abdulla üzü Allaha böyümüşdü. Dua vaxtı minbərin altında oyuq kimi bir yer tapıb gizlənərdi. İnsanların diləklərini Allahla bir eşidərdi Abdulla.
Heç kimin onu görməyəcəyindən əmin olub yerini rahatlardı. O, qonşu Zərbəlinin Allaha pənah gətirib, “Ay Allah, sən günahımdan keç” deməsinə xeyli gülmüşdü. Zərbəli bu kəndin mal-qarasını, kasıbını talayan qumarbazın biri idi. Abdulla gülür, gülür, səsini içinə qısa bilmirdi. Zöhrəbəyim qarının “Allah, bilmirəm bu insanlar mənim lal canımdan, dilsiz-ağızsız canımdan nə istəyir” deməsinə lap qəşş etmişdi. Çünki bu məhəllənin uşaqları, böyükləri Zöhrəbəyimin davalarıyla böyümüşdü.
Abdulla burda nələr görmüşdü, nələr... Dostunun malını yeyib iman istəyəni, ev dağıdıb aman istəyəni... Hərdən Abdulla ağlardı, Pakizə ananın xəstə canına, qonşusu Ağcanın itkin oğluna, Qasımın evsiz-eşiksiz, küçədə qalmağına.
Hərdən də qəzəblənirdi sələmçinin, imansızın bura gəlişinə. Onda Abdulla əlində olan xırda daşları göydən atardı. Günahlılar onun məscidində çox qalmasın deyə.
Gecələr nənəsinin qəbrinin daşını öpüb, qoxlayıb yenə məsciddə yatardı. Bu minvalla Abdullanın gülüşü, göz yaşı da insan diləyi idi.
O günə qədər ki Ağgül məscidə gəldi...
O gün Abdulla məscidin həyətindəki gülləri suvarırdı. Qapıda Ağgülü görüb yerində dondu. Əlində satılı, ayağının altında daşı hiss etməyib yıxıldı. Üst-başı su içində, Ağgüldən qaçıb oyuqda gizləndi. Ağgül yaxasından bir məktub çıxardı. Gözəl sinəsində tövşüyən ürəyinin sanki səsi eşidilə-eşidilə “Ay Allah, – dedi, – məni bu məktubla aldatdılar. İndi mənə ölüm yaraşar”.
“Bu məktubda o qədər gözəl sözlər var idi. Məni aldatdılar, – deyib dizlərini yerə qoyub ağladı. – Mən kirləndim. Mən sevginin belə eybəcər olduğunu, o yaraşıqlı oğlanın gözlərinin belə iyrənc olduğunu bilmirdim. Bilmirdim, ay Allah. Ölməliyəm, bilirəm. Yalnız Sən məni bağışla. Keç günahımdan”.
Abdulla heç nə anlamasa da, Ağgülün göz yaşlarına dözmürdü. Ona qoşulub xeyli ağladı. Ağgül hıçqırıq səsi eşidib qaçdı. O gecə qardaşı Ağgülü ölüncə döydü. Ağgülün səsi, naləsi bütün kəndi bürümüşdü. Onu aldadan oğlan da çoxdan qaçıb getmişdi. Ağgül qaçıb gedəndə Allahın evində unutduğu məktubu oxuya bilməsə də, Abdulla onu bir dərd kimi qorudu. Abdulla özü də bilmədiyi bir ürpəntinin ona verdiyi "daha Ağgülü sevə bilməzsən" acısında üşüyürdü... Amma onu sevməyə bilmirdi. Abdulla bir səhər oyanıb nənəsinin qəbrini bağrına basıb getdi... Danışa bilməsə də, son dəfə Allahın dərgahında azan çəkdi. Var səsiylə üzü göyə inildədi. Ürəyində bir söz gizləmişdi, onu heç vaxt demədi... Bir gün də nə su vedrələri, nə ağaclar, nə qəbirlər, nə minbər sevindi. Allahın lütfü düşən bu evdə Abdulla qədər işıq azaldı. Abdulla getdi. Allahın tanımadığı evi olmaz. Yerin özü də onun evidi. Bax, sənin də, mənim də nə etdiyimizi, harda olduğumuzu bir o Yaradan bilir. Nənəsi Abdullanı belə böyütmüşdü. Onun süngüyə gedən dilinə qurban, sadağa gedə-gedə. Sübh namazında: “Ay Allah, bu balamı da qat bu dünyanın uşaqlarına. Axı mənim bu dünyadan yanına köç edən mələk qızımın nə günahı var idi ki, onun uşağının dili lal ola? Ay Allah, bu uşağın dilini aç. Onun da, bəlkə, sənə sözü var”.
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)