Super User

Super User

Avqustun 21-də “Bəhram Nəsibov yaradıcılığının təbliği" İctimai Birliyi tərəfindən bəstəkar Bəhram Nəsibovun azərbaycançılıq ideologiyasını və Ulu Öndər Heydər Əliyev şəxsiyyətini vəsf edən mahnılarından ibarət “Azərbaycançılığın musiqili təqdimatı” jurnalının təqdimat mərasimi olub.

 

“Azərbaycançılığın musiqili təqdimatı” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Layihənin rəhbəri bəstəkarın oğlu, İctimai Birliyinin sədri Adil Nəsibov bu barədə məlumat verib. O qeyd edib ki, təqdimatda çıxışlar olub, jurnallar paylanılıb və musiqilər səslənib: 

“Bəstəkar Bəhram Nəsibovun şeir, mahnı, marşlarından ibarət jurnala mahnı və marşların mətni, not yazıları və əhatə etdiyi mövzuya uyğun olaraq çəkilən şəkillər, eləcə də mövzular haqqında məlumatlar və fotoşəkillər daxil edilib. Jurnala 8 mahnı və marşlar, 1 şeir daxil edilib. Jurnal gələcəkdə dərslik vəsaiti kimi də istifadə ediləcək. Jurnalda Bəstəkarlar İttifaqının, Rəssamlar İttifaqının rəyləri də öz əksini tapıb. Jurnala daxil edilən mahnıların not yazılarını sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli yazıb. Jurnaldakı rəsmləri rəssam Asəf Kərimov çəkib. Jurnaldakı məlumatları və fotoları təqdim etdiyinə görə Yeni Azərbaycan Partiyasına, eləcə də Ulu Öndər Heydər Əliyevin aforizmlərini təqdim etdiyinə görə Azərbaycan Respublikasının Prezident Kitabxanasına təşəkkürümüzü bildiririk”.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)

Çərşənbə axşamı, 22 Avqust 2023 09:30

Bu dünyanın məhvəri analar deyildirmi?

“Tənha anaların sosial inkişafına dəstək” layihəsi uğurla başa çatıb

 

 

Əl tutmaq Əlidən qalıb. Xüsusən kimsəsiz, ahıl insanlara əl tutmaq böyük savabdır. Və o insanlar həm də anadırlarsa, bu savab ikiqat artmırmı, artır. 

Və “Ədəbiyyat və incəsənət” portalının da əməkdaşlarının söhbət açacağı növbəti mövzu bu barədədir. Məkansa bu dəfə Şamaxıdır. 

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyi, “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi və Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin yaratdığı koalisiyasının təşəbbüsü ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək” layihəsini diqqətinizə yönəltmək istəyirik. Layihə artıq uğurla başa çatıb. Və təşilatçılar media ilə fikir bölüşüblər. 

İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin qeyd etdiyi kimi, layihə çərçivəsində Şamaxı rayonunda yaşayan 30 tənha qadın üçün müxtəlif fərdi və qrup psixoloji seanslar, onların cəmiyyətə, real iş mühitinə inteqrasiyasını sürətləndirən təlimlər, sosial rifahlarının stabilləşdirilməsi və gələcək karyera imkanlarının dəyərləndirilməsi istiqamətində işgüzar görüşlər təşkil olunub.

Nəzərə alın ki, söhbət paytaxt yox, əyalət qadınlarından gedir. Əyalətdəkilər daha çox mühafizəkar olurlar, üstəlik, söhbət ağbirçəkdən gedirdə, onda bu mühafizəkarlıq daha da pərvazlanır. Və bu cür insanlarla belə layihə həyata keçirmək həqiqətən alqışlanasıdır. 

Təsəvvür edin ki, layihənin sonunda iştirakçı qadınlardan 3 nəfəri daimi iş imkanı əldə edib. Digər iştirakçılar isə layihənin əməkdaşlıq etdiyi qurumlar tərəfindən məşğulluq imkanlarının artırılması istiqamətində təlimlərə cəlb edilib, yaxın zamanlarda əldə edəcəkləri aktivlər vasitəsilə istehsal edəcəkləri məhsulları yaradılacaq “Sosial bazarda” satışa çıxaracaqlar.

Layihənin paralel keçirilən fazasında gənclər şəxsi inkişaf və gələcək karyeralarında onlar üçün faydalı olacaq təlimlərdə iştirak ediblər. Belə ki, gənclər üçün təlimlərlə yanaşı, sosial inkişaflarının artması istiqamətində Safari parkına, müxtəlif muzeylərə, komplekslərə info-turlar təşkil edilib. Bununla yanaşı, gənclər yaradıcılıq mərkəzləri ilə yaxından tanış olublar, layihə iştirakçıları yaradıcılıq mərkəzlərində müxtəlif istiqamətlər üzrə klublarda fəaliyyətlərə başlayıblar. 

Qeyd edək ki, “Tənha anaların sosial inkişafına dəstək” layihəsinin əsas məqsədi Şamaxı rayonunda yaşayan, ailə dəstəyindən məhrum olan, həyat yoldaşı ilə birgə yaşamayan və övlad sahibi olan qadınların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması, psixoloji dəstəyin göstərilməsi, tənha qadınların məşğulluğunun təmin edilməsi onların cəmiyyətə adaptasiyasının sürətləndirilməsi, həmçinin onların yeniyetmə övladlarının fərdi inkişafı və düzgün təhsil imkanlarını artırmaqdır.

Layihə Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi sosial sahibkarlığın inkişafına dəstək proqramları çərçivəsində davam etdiriləcək.

Alqışlar!

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)

Küveytin “Fikr-hur”, Əlcəzairin “alharir.info”, İraqın “Nur Mədəniyyət və Media Mərkəzi”, Suriyanın “Qısa hekayə”, Misirin “Hekayə və romanlar” mədəniyyət portalları və feysbuk səhifələri Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı gənc yazıçı Mirmehdi Ağaoğlunun ərəb dilinə tərcümə olunmuş “Fasilə” hekayəsinin yayımına başlayıb.

 

Mərkəzdən verilən məlumata görə, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – Mərkəzin ərəb dili mütəxəssisi Fərid Camalovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portallar Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, David Cozef Şvarts, Stiven Kovi, Robert Toru Kiyosaki kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)

Avqustun 21-də Tovuz stansiyasından 38 kilometr cənub-qərbdə - Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 13:59-da qeydə alınan zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 4,1-ə bərabər olan zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2023)

Bazar ertəsi, 21 Avqust 2023 19:30

Sabahkı istinin maksimumu 36 dərəcə olacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında yüksək dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacaq. 

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam Daşkəsən-Gədəbəy zonasının bəzi yerlərində qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 23-28° isti olacağı ehtimal edilir. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 15-20°, bəzi yerlərdə 25-30° isti olacağı ehtimalı var. 

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti olacağı gözlənilir.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti olacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 18-20°, gündüz 22-27° isti olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2023)

Bazar ertəsi, 21 Avqust 2023 18:53

“Tor 5” filminin hazırlıqlarına başlanılıb

 

Rejissor Taika Vaititinin ekranlaşdıracağı “Tor 5” filminin hazırlıqlarına başlanıb. 

 

AzərTAC xarici KİV-ə istinadən xəbər verir ki, rejissor hələlik bu layihədə iştirak etmək üçün müqavilə imzalamayıb.

Ekran əsərində baş rolda çəkiləcək avstraliyalı aktyor Chris Hemsworth “Entertainment Weekly” jurnalına verdiyi müsahibəsində növbəti hissədə personajının taleyinin necə olacağı barədə heç bir fikri söyləməyib. 

Qeyd edək ki, 2022-ci ildə ekranlara çıxan “Tor 4: Sevgi və İldırım ” filmi 760 milyon dollardan çox gəlir əldə edib.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2023)

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə Dünya Fotoqrafiya Günü münasibətilə foto müsabiqəyə start verilib.

 

"Report" xəbər verir ki, iştirakçılar fotoqraf və mobilqraf olmaqla 2 kateqoriya üzrə müsabiqəyə qatıla bilərlər.

“İçərişəhərin həyatı” mövzusuna uyğun olaraq 2 ədəd fotoşəkil 10 sentyabr 2023-cü il saat 18:00 qədər qeydiyyat anketi ilə birgə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. . ünvanına göndərilməlidir.

Şərtlər və qaydalar haqda əlavə məlumatı https://icherisheher.gov.az/az/news/584 saytından əldə etmək olar.

Müsabiqə ilə bağlı əlavə sualları İçərişəhər Qoruq İdarəsinin sosial media kanallarından ünvanlamaq olar.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2023)

 

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar maestro Niyazinin anadan olmasının 111 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib. 

 

Sözügedən konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Konsert çərçivəsində Konsert valsı və “Rast” simfonik muğamı səsləndirilib. Solistlər Fatimə Cəfərzadə (soprano) və Gülnar Qüdrətli (xanəndə) orkestrin müşayiəti altında dinləyicilərə bəstəkarın “Arzu” romansı və “Qaragilə” xalq mahnısını təqdim ediblər. Xatırladaq ki, bu mahnının işlənməsi Niyaziyə məxsusdur. 

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2023)

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə az öncə Azərbaycan muğam sənətinin böyük ustadı, Xalq artisti Xan Şuşinskinin anadan olmasının 122-ci ildönümündə İkinci Fəxri xiyabanda məzarı ziyarət olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin nümayəndələri və incəsənət xadimləri sənətkarın məzarı üstünə güllər düzüb, xatirəsini yad ediblər. 

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə çıxış edərək, Xan Şuşinskinin musiqi mədəniyyətimizdə, muğam sənətinin inkişafında xidmətlərindən danışıblar. Qeyd olunub ki, ustad xanəndə muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” kimi dillər əzbəri olan mahnı və təsniflər bəstələyib.

Muğam ustadı İslam Abdullayevin tələbəsi olan İsfəndiyar Cavanşirov “Xan Şuşinski” adını təsadüfən qazanmayıb. Hər kəs anadan olanda ona ad verilir və nadir insanlar olur ki, onlar həyatda ad qazanırlar. Xan Şuşinski hələ gənc yaşlarından ecazkar səsi, ifası ilə muğam sənətinin Xanı olduğunu sübuta yetirmişdi. O həm də bu adı böyük şərəflə Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın kötücəsi olaraq daşıyırdı. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını verib. 

Xanəndənin ailəsi adından çıxış edən oğlu Aslan Cavanşirov və qızı Bəyimxanım Verdiyeva anım tədbirinə qatılan hər kəsə təşəkkür edərək, atalarının doğma yurdu Şuşanın azad olunmasına görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və ölkəmizdə muğam sənətinin inkişafına diqqət və qayğısına görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Xan Şuşinski müstəsna istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanıb, Azərbaycan muğam ifaçılığı sənətini zənginləşdirib. Eyni zamanda bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə edib. 1924-cü ildən keçmiş SSRİ-nin bir çox şəhərlərində uğurla çıxış etməklə, muğam sənətini ayrı-ayrı xalqların nümayəndələrinə sevdirib, musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərib. Vaxtilə onun böyük məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Bayatı-Şiraz”, “Mahur”, “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Şur”, “Çahargah” və “Heyratı” muğamları, bir sıra təsniflər, “Qara qaşın vəsməsi”, “Apardı sellər Saranı”, “Girdim yarın bağçasına” xalq mahnıları, milli musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyicilərin yaddaşına əbədi həkk etdirib. 

Xan Şuşinskinin müəllifi olduğu “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl” mahnıları da dillər əzbərinə çevrilib. O, bəstəkar mahnılarına da müraciət edib, Üzeyir Hacıbəylinin "Qara göz" mahnısının ilk ifaçısı olub.

Ustad sənətçinin gənc xanəndələrin yetişdirilməsində də əməyi var. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələri əsasında məktəb yaratmış görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin inkişafına sərf edib.

Xan Şuşinski 1979-cu il martın 18-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2023)

Bazar ertəsi, 21 Avqust 2023 13:00

Sitrusda balıq steyki

Aysel Qarayeva, “Ədəbiyyat və incəsənət”

 

Əziz izləyicilərim. Yay, deyilənə görə, balıq mövsümü deyil. İşaqlıqdan eşitmişik ki, hansı ayda r hərfi yoxdusa o ay balıq yeyilməz. Amma gəlin biz mövhumata inanmayaq və dünya ilə birgə addımlayaq, may-avqust dövrünü - düz dörd ayı özümüzü balıq yeməkdən məhrum etməyək. Ən azı ləziz təamdan və vitamindən vaz keçməyək. 

Bu gün sizə sitrusda - portağal və limon şirəsində bişən balıq steykinin reseptini təqdim edir.

 

Lazım olan ərzaq:

* 1 böyük dilim salmon balığı

* 1 ədəd portağal

* 1 ədəd limon

* 1 diş sarımsaq

* duz, istiot

* qızartmaq üçün kərə yağı

Hazırlanma qaydası:

İlk öncə balığa duz və istiot səpin. Portağal və limonu yaxşıca yuyub qabığını rəndədən keçirin. Daha sonra portağalın suyunu bir stəkana sıxın, limonun suyunu da başqa bir stəkana sıxıb kənara qoyun. Tavada kərə yağını əridin. Balığı tavaya qoyub qızardın. Tavada olan balıq filesinin üzərindən bıçaqla kəsiklər atın. Sarımsağı da xırda doğrayın. Rəndələnmiş limon, portağal qabığı və sarımsağı tavadaki yağa əlavə edin. Balığın bir tərəfi qızardıqda digər tərəfinin qızarması üçün çevirin. Sıxdığınız limon və portağal suyunu da tavaya əlavə edib balığı bişirin. Arabir qaşıqla tavadaki sousdan götürüb balığın üzərinə gəzdirin. Balıq bişib suyu azaldıqda boşqaba qoyub, şirəli sousunu da üzərinə tökün və süfrəyə verin.

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.