Super User

Super User

HƏRRAC EVİNİN EKSPERTİ BENEDİKT KARTER KİTABI DÜNYA ƏHƏMİYYƏTLİ ŞEDEVR ADLANDIRIR

 

 

Böyük Britaniyanın məşhur “Sothebys” hərracında Şah Təhmasibin “Şahnamə”sinin əlyazmasının illüstrasiyalı vərəqi 7 milyon dollara satılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” TASS.ru-ya istinadən xəbər verir. 

 

Hərracın İslam və Hindistan incəsənəti departamentinin direktoru Benedikt Karter məlumat verib. O qeyd edib ki, İran-Turan müharibəsinin rəsmini əks etdirən bu qiymətli nümunə auksionda ən çox təklif alanlar sırasında olub. O əlavə edib ki, bu illüstrasiyalı vərəq dünyanın orta əsrlərə aid ən nadir əsərlərindən biridir. Bu unikal nümunə 1658-ci ildə Şah İsmayılın oğlu Şah Təhmasib tərəfindən Osmanlı Sultanı II Səlimə hədiyə edilib. 

Qeyd edək ki, hərracda həmçinin XVII-XVIII əsrlərə aid Yaxın Şərq, Şimali Afrika, Türkiyə, İran, Hindistan və Cənubi Asiyadan müxtəlif İslam əsərləri də satılıb. B.Karter bildirib ki, ümumilikdə 135 əsər kolleksiyaçıları tərəfindən alınıb. Onların arasında Osmanlı imperiyası zamanında – XVII-XIX-əsrlərdə məşhur müsəlman xəttatları tərəfindən yazılmış Qurani-Kərimin nadir nümunələri də var. Osmanlı sultanlarının XVII əsrə aid qızıl naxışlı xəncəri isə 254 min funt sterlinqə satılıb. Həmi əsrdə hazırlanan “Qızıl buynuz” vazasının satışından 126 min dollar, müxtəlif geyim, keramika, metal əşyalar və rəsm əsərlərindən isə “Sotheby” hərracı 15,7 milyon dollar əldə edib. 

Ekspert vurğulayıb ki, son illər hərracda İslam əsərləri və irs nümunələrinə tələbat xeyli artıb. Kolleksiyaçılar onların nadir olmasına xüsusi əhəmiyyət verirlər. Ən çox tələbat isə Qurani-Kərimin müxtəlif əsrlərdə xəttatlar tərəfindən yazılmış nümunələrinədir. Hətta bu nümunələr 2-3 milyon dollara kimi qiymət alır.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Çərşənbə axşamı, 02 May 2023 11:15

Ötən il Azərbaycana 230 min ərəb gəlib

“Ədəbiyyat və incəsənət” Açıq portfeldə növbəti məlumatı Dövlət Turizm Agentliyinə istinadən bildirilib. 

2022-ci ildə Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ikinci pillədə qərarlaşıb.

 

“Ötən il Yaxın Şərq ölkələrindən Azərbaycana 228 min 294 xarici vətəndaş səfər edib ki, bunun da 18 faizi BƏƏ vətəndaşları təşkil edib”, -deyə məlumatda qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Mədəniyyət naziri Adil Kərimli və nazirlik əməkdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayaraq 

2023-cü ilin 100 illik yubileyini qeyd edən universitet üçün əlamətdar olduğunu vurğulayıb. Sonra rektor naziri son illərdə ali məktəbin fəaliyyətindəki yeniliklərlə tanış edib.

Nazir Teatr sənəti, Rəssamlıq fakültələri və Audiovizual sənətlər fakültəsinin studiyası ilə tanış olub, dekanlarla görüşərək fikir mübadiləsi aparıb.

Daha sonra qonaqlar ADMİU-nun SABAH qrupları tələbələrinin ifasında Əməkdar artist Nofəl Vəliyevin quruluşunda Bertolt Brextin "Teresa Karranın tüfəngləri" tamaşasını izləyiblər.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Mayın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə “Heydər Əliyev irsi” mövzusunda rayon-şəhər Heydər Əliyev mərkəzlərinin ümumrespublika konfransı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 

Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində gerçəkləşən konfrans Ulu öndərin 100 illik yubileyinə həsr olunub. 

Tədbirdə Mədəniyyət Nazirliyinin rəhbərliyi, paytaxtdakı Heydər Əliyev Mərkəzinin məsul şəxsləri, respublikanın rayon və şəhərlərinin Heydər Əliyev mərkəzlərinin rəhbərləri, alim və mütəxəssislər, ali məktəblərin tələbələri iştirak ediblər. 

Öncə Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli liderin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub.

Konfrans Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxın nümayişi ilə başlayıb.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova açılış nitqi söyləyib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva, Heydər Əliyev Mərkəzinin departament rəhbəri Zafiq Xəlilov, Bakı Dövlət Universiteti Tarix fakültəsi Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova çıxış ediblər.

Konfransda daha sonra Lənkəran şəhər, Xaçmaz rayon, Şirvan şəhər, Yevlax şəhər və Gəncə şəhər Heydər Əliyev mərkəzləri direktorlarının mövzu ilə bağlı məruzələri dinlənilib.

Çıxış və məruzələr ətrafında müzakirələr aparılıb, Heydər Əliyev mərkəzlərinin fəaliyyəti ilə bağlı metodiki tövsiyələr verilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Çərşənbə axşamı, 02 May 2023 09:00

Mədəniyyət naziri kino ocaqlarına baş çəkib

Ötən günü mədəniyyət naziri Adil Kərimlinin kino ocaqlarına baş çəkməsi günü adlandıra bilərik. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bu missiyanı işıqlandıracaq. 

 

ÖNCƏ “AZƏRBAYCANFİLMƏ”

 

Öncə nazir Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasını ziyarət edib. Kinostudiyanın səs, geyim-rekvizit, pirotexnika, texniki avadanlıqlar, çəkiliş pavilyonları və digər bölmələr ilə yaxından tanış olan nazir əməkdaşlarla fikir mübadiləsi apararaq, sahənin inkişaf etməsi üçün atılacaq addımlardan danışıb.

Kinostudiyanın direktoru Nazim Hüseynov naziri ərazi və inzibati binalardakı şəraitlə tanış edib. Eldar Quliyev, Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Tofiq Tağızadə və digər görkəmli kino sənətkarlarının kinostuduyadakı iş otaqlarının mühafizə olunması gənc kinematoqrafçılar üçün mənəvi stimul kimi də dəyərləndirilib.

Kino mühitinin inkişafı üçün atılacaq addımlardan biri də 100 illik kino məbədinin dövrün rəqabətə davamlı kino təşkilatlarından birinə çevrilməsinin labüdlüyü vurğulanıb. Bütün bölmələrin müasir standartlarda texniki təminatı üçün dövlət və özəl sektor tərəfindən sərmayə qoyulması ətrafında müzakirələr aparılıb. Digər kino qurumlarının "Azərbaycanfilm"in təcrübəsinə çatmağı üçün əməkdaşlığın vacibliyi qeyd olunub.

Nazir ərazidə yerləşən Dövlət Film Fondu ilə də yaxından tanış olub.

 

SONRA DÖVLƏT FİLM FONDUNA

 

Daha sonra nazir Dövlət Film Fonduna baş çəkib. Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev  öncə naziri ümumi ərazi ilə tanış edib. Bildirib ki, Dövlət Film Fondu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 2008-ci ildə Dövlət Film Fondu üçün yeni bina istifadəyə verilib. 

Mədəniyyət naziri Adil Kərimli ümumi sahəsi təxminən 6,6 min kvadrat metr olan Azərbaycan Dövlət Film Fondunun texniki avadanlıqlarla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, tamaşa salonu, yardımçı otaqlarla, həmçinin Fondda filmlərin saxlanılma və bərpa şəraiti, filmlərin saxlanma boksları, lentlərin bərpa avadanlıqları və digər texniki imkanları ilə tanış olub. 

Nazirə Film Fondunun nəzdində fəaliyyət göstərən Kino Muzeyinin eksponatları haqqında geniş məlumat verilib, diqqətinə çatdırılib ki, hər il Film Fondunda Azərbaycan kino xadimlərinin xatirələrinə həsr olunmuş tədbirlər, yubiley və xatirə gecələri təşkil olunur, şəxsi arxiv fondları yaradılır və hazırda Fondda qorunan ümumi saxlanma vahidlərinin sayı 80.000-i ötüb. 

Sonra mədəniyyət naziri Film Fondunun hazırkı dövrdə qarşılaşdığı problemlərlə maraqlanıb və qurumun gələcəkdə də dövlət qayğısı ilə əhatə olunacağını xüsusi vurğulayıb.

Düşünürük ki, Adil Kərimlinin bu səfərləri kino sənayemiz üçün faydalı və düşərli olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

 

Macarıstanın paytaxtı Budapeşt şəhərində TÜRKSOY-un baş katibliyi tərəfindən “Türk dünyasının muzeyləri” adlı panel keçirilib.

 

AzərTAC xəbər verir ki, məşhur macar etnoqrafı, türk xalqları və şamanizm haqqında tədqiqatlar aparmış Dioszegi Vilmosun 100 illiyinə həsr olunmuş panelə türk dünyasının qabaqcıl muzeylərinin rəhbərləri və aparıcı mütəxəssisləri dəvət olunub. TÜRKSOY Muzeylər Birliyi, Türk Dövlətləri Təşkilatının Avropa ofisi və Macarıstan Etnoqrafiya Muzeyi ilə iş birliyi çərçivəsində reallaşan toplantıda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova da iştirak edib. O, TÜRKSOY Muzeylər Birliyinin dönəm rəhbəri kimi tədbirdə açılış nitqi ilə çıxış edib. Türk dövlətlərinin muzeyləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində artıq ənənə halını almış bu toplantıların önəmini vurğulayıb. Macarıstanla türk dünyası arasında tarixən mövcud olan və müasir dövrdə getdikcə güclənən qarşılıqlı mədəni əlaqələrdən bəhs edib. 

Sonra toplantı panel sessiyalarla öz işini davam etdirib. Birinci sessiyada Şirin Məlikova “Muzey və ziyarətçi: Əməkdaşlıq üfüqləri” adlı geniş məruzəni iştirakçıların diqqətinə çatdırıb. Məruzədə Azərbaycan Milli Xalça Muzeyinin ziyarətçilərlə müasir tələblərə uyğun qurulmuş iş prinsiplərindən, tamaşaçılarda qədim milli irsə maraq yaradılması istiqamətində həyata keçirilən çoxsaylı mədəni, təhsil layihələrindən və bu aspektdə digər mühüm məsələlərdən bəhs olunub. Məruzə sessiya iştirakçıları tərəfindən maraqla qarşılanıb və müzakirələr zamanı Şirin Məlikova ona ünvanlanan sualları cavablandırıb.

Panelə qatılan Türkiyə, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və s. ölkələrin nümayəndələri muzey sferasını və etnoqrafik tədqiqatları əhatə edən digər maraq doğuran məruzələrlə çıxış ediblər. 

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Mayın 6-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz mövqeyi” adlı tədbir keçiriləcək. 

Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi və "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin təşkilatçılığı ilə reallaşacaq. 

“Ədəbiyyat və incəsənət” portalına İctimai Birlikdən verilən məlumata görə, tədbir çərçivəsində Ümummilli Liderin poeziyamızın inkişafı üçün gördüyü işlərdən danışılacaq, əvəzsiz xidmətləri vurğulanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Bazar ertəsi, 01 May 2023 15:15

Xanəndə Sabir Mirzəyevin xatirəsi anılacaq

 

Mayın 16-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, unudulmaz xanəndə Sabir Mirzəyevin xatirə gecəsi təşkil olunacaq.

Tədbiri tarzən Rövşən Qurbanovun müşayiəti ilə ansambl idarə edəcək. Eyni zamanda, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, eləcə də Mirələm Mirələmov, Rəvanə Qurbanova, Səbuhi İbayevin ifaları səslənəcək. 
Qeyd edək ki, Azərbaycanın görkəmli xanəndəsi, “Çahargah” muğamının mahir ifaçısı Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olub. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S.Mirzəyevin layiqli yeri var. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamış və 40 il ərzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Sabir Mirzəyevin eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizin daha da inkişaf etdirilməsi istiqamətində böyük əməyi olub. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşiqəm" xalq mahnıları, "Çahargah" və "Rast" muğamları Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olaraq xalqın milli mədəni sərvətinə çevrilib.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”
(01.05.2023)

 

Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatı müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Dövlət Tərcümə Mərkəzinin ispan dilində ərsəyə gətirdiyi “Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev” kitabını nəşr edib.

 

Dövlət Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, “Mən Naxçıvanda doğulmuşam…”, “Bura da bir cəbhədir”, “Heydər və Zərifə”, “Bu peşəni yeniyetmə vaxtlarından seçmişəm”, “Respublikanın rəhbəri”, “Sən bütün İttifaqa lazımsan”, “Mən insanam, daşdan, dəmirdən deyiləm”, “Xalqıyla birlikdə olmaq haqqı”, “Doxsan üçüncü”, “Dünya siyasətində Azərbaycan nefti”, “Günəş dənizdən doğur”, “Prezident ili”, “Dünyanın gözündə” adlı on üç fəsil üzrə tərtib edilmiş kitabın ispan dilinə tərcümə müəllifləri – tanınmış Salvador dilçi-alimi, professor Sesar Edqardo Martines Flores və ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

 

Xəbər verdiyimiz kimi, Milli Muğam Müsabiqəsinə yekun vuruldu, qaliblər mükafatlandırıldı. Bu müsabiqə Heydər Əliyev Fondunun təşkilatçılığı nəticəsində keçirildi. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kəriminin sədrlik etdiyi Münsiflər heyətinin rəyinə görə, müsabiqədə instrumental ifaçılıq daha yüksək səviyyədə idi. Burada qalib olanlar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.

Bundan sonra Milli Muğam Müsabiqəsinin iki ildən bir keçirilməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.