Super User

Super User

Çərşənbə axşamı, 22 Avqust 2023 11:45

Nazirə Neftçalada yazılan məktubun əks-sədası

MİRZƏ XƏLİL VƏ QIZI RÜBABƏ XANIM MURADOVA BİR MÜDDƏT NEFTÇALADA YAŞAYIBLAR

 

Etibar Əbilov, “Ədəbiyyat və incəsənət”

 

Şəkildəki unudulmaz muğam ifaçımız Rübabə xanım Muradovanı təbii ki, hər biriniz tanıdınız. Digər fotodakı şəxs isə Rübabə xanımın atası Mirzə Xəlildir. Bildyiyimiz kimi Rübabə xanımın ailəsi İranda yaşayıb və Rübabə xanım da 1930-cu ildə Ərdəbil şəhərində anadan olub. Mirzə Xəlil Tehranda dini, Xorasanda isə göz həkimliyi üzrə tibbi təhsil alıb.

Kecən əsrın 40-cı illərində Təbrizdə Pişəvərinin rəhbərliyi ilə Milli Azadlıq hərəkatı başlayanda Mirzə Xəlil də həmin hərəkata qöşulub və hətta fəallığına görə Azərbaycan Demokratık Firqəsinin Ərdəbil şəhər şöbəsinin sədr müavini olub. 

Böyük ümidlərlə və arzularla yaradılmış Azərbaycan Demokratık firqəsi Stalinin xəyanəti nəticəsində məglubiyyətə uğrayır. Şah rejimi Təbrizi qan gölündə boğur. Şahın əmri ilə firqənin üzvlərinə amansız divan tutulur. Mirzə Xəlil də digər azərbaycanlı məsləkdaşları ilə Şimali Azərbaycana pənah gətir.

Mənim bu yazıda məqsədim Mirzə Xəlilin (və həm də Rübabə xanımın) Azərbaycandakı  həyatında unudulmuş mühüm bir məqam haqqındadır. Rübabə xanım haqqında yazılanlarda və yaxud onun haqqındakı televiziya verilişlərində Rübabə xanımın ailəsinin əvvəl Sabirabadda, sonra Salyanda, 1957-ci ildən isə o vaxtkı Əlibayramlıda (indiki Şirvanda) yaşadığı qeyd edilir. Bunlar təbii ki, həqiqətdir. Amma digər bir həqiqət var ki, həmin həqiqət barədə heç kəs yazmır, demir.

Həqiqət isə ondan ibarətdir ki, Mirzə Xəlilin 7 nəfərlik ailəsi 1950 -illərin ortalarında Neftçalada yaşayıb.

Mirzə Xəlil Neftçalanın 26-lar adlanıan qəsəbəsində tibb məntəqəsində işləyib. Və elə həmin qəsəbədə də yaşayıb...

Amma İranı tərk edərkən həkimlik diplomunu özü ilə götürmədiyindən, yəni diplomu olmadığından, onu həkim olaraq işə götürməyiblər. Mirzə Xəlil də məcburən 26-lar qəsəbəsindəki tibb məntəqəsində az maaşla fəhlə kimi  işləyib. Amma onun xahişini və çamaat arasındakı hörmətini nəzərə alıb, qeyri rəsmi də olsa ona göz xəstələrini müalicə etməyə, sarğı sarımağa icazə veriblər... Atam İmamverdi Əbilov təbii ki, Mirsə Xəlili tanıyırdı və haqqında həmişə böyük ehtiramla danışırdı. Mirzə Xəlil bizim tərəflərdə "Quran"ı mükəmməl bilən bəlkə də yeganə şəxs olub. Ağır təbətli olub, el-obanın xeyrində şərində yaxından iştirak etdiyi üçün hamı ona hörmət edib. 

Atam danışırdı ki,

onun böyük bir istəyi var idi. Həkim kimi hüququnun tanınması və həkim kimi fəaliyyət göstərmək, həkim kimi əmək haqqı almaq. Amma bütün əlaqədar, cavabdeh təşkilatlar Mirzənin diplomunun olmamasını əsas gətirib onun istəyini rədd ediblər... Atam danışırdı ki, bir dəfə ondan diplomunu özü ilə İrandan niyə gətirmədiyini soruşdum. Diplomuna görə çox əziyyətlər çəkmiş Mirzə Xəlil:

-Canım,orada (İranda) bizi adam yerinə qoymurdular,haqqımızı tapdayırdılar... Burda da (Sovet İttifaqı) bizə inanmırlar.... Cəlladın qaç-qovunda nə yada düşürdü ki, diplom da yada düşə? Məgər diplom vətəndən şirindir? Vətəni qoruya bilmədik, diplomu necə qoruyaydıq, ay sağ olmuş- cavabını verib.

...Yenə də atamın xatirələrinə istinad edirəm: 1955-ci ilin martında Azərbaycanın o vaxtki Səhiyyə Naziri Vəli Axundov (Sonralar Azərbaycan MK- nin birinci katibi) səhiyyə işciləri ilə görüş keçirmək üçün Neftçalaya gəlir. Təbii ki, iclasda yalnız səhiyyə işçiləri, həkimlər, tibb bacıları iştirak edib. Mirzə Xəlil o vaxtlar Neftçalada rəhbər vəzifədə işləmiş atamdan problemlərini Vəli Axundova çatdırmağı xahiş edir. İclasdan sonra atam Mirzə Xəlili Nazirlə görüşdürür. Nazir Mirzə Xəlili dinləyib ona bir ərizə yazmagı tapşırır. Mirzə Xəlil qonşu otaqda bir ərizə yazıb atama verir. Atam da ərizəni oxumadan Nazir Vəli Axundova təqdim edir.

Vəli Axundov ərizənin ilk cümləsini oxuyub:

-Siz bu ərizəni özünüz oxumusunuz?-deyə atamdan soruşur.

Atam-Xeyir-deyir.

Nazir isə sadəcə:

-Gərək oxuyaydız- deyib ərzəni atama qaytarır. Mirzə Xəlil tərəfindən yazılmış ərizənin birinci cümləsi belə idi(atam həmin ərizəni saxlayırdı):

-Dövləti Şurəvinin Azərbaycan Cumhuriyyəti Səhiyyə rəisi Vəli Axundov həzrətlərinə...

(Atam deyirdi ki, belə tələsik hərəkət etdiyimə görə,ərizəni oxumadan nazirə təqdim etdiyimə görə özüm də pis olmuşdum).

Daxilən xeyirxah insan olan Vəli Axundov söhbəti böyütmür, sadəcə-Deyin, ərizəni təzədən yazsın-deyir.

Atam yaxın dostu olan bir ədəbiyyat müəllimindən xahiş edir və həmin müəllimin köməyi ilə Mürzə Xəlil ərizəni təzədən yazır və həmin ərizə Vəli Axundova təqdim olunur...

Həmin ərizədən az sonta Mirzə Xəlil Əlibayramlıya köçür. Orada daimi məskən salır və  Əlibayramlıda da vəfat edir. Məzarı da Əlibayramlı (indiki Şirvan) şəhərindədir.

Etiraf edim ki, Mirzə Xəlilin Nizirə yazdığı ərizənin müqəddaratından da xəbərim yoxdur.

Ümumiyyətlə, bir çox bilmək istədiyim suallar olub ki, mən o sualları atama verməyi həmişə təxirə salardım. Gələn dəfə soruşaram deyib üstündən keçərdim. İnsan nə yaşda olursa olsun, ölümün qaşla göz arasında qərarlaşdığını bilsə də, bir vaxt valideynlərini itirəcək qaçılmaz həqiqət haqqında çox az fikirləşir. Bu mənada, atamdan, onun bildiyi bir çox hadisələri vaxtında özündən soruşmadığıma,o sualları sonraya saxladığıma görə, indi də ağrılı təəssüf hissi keçirirəm.

...Nəhayət... Neftçalanın köhnə kişiləri yaxından tanıdıqları xeyirxah, nəcib insan, böyük, unudulmaz muğam ustadımız, xalq və bəstəkar mahnılaımızın əvəzsiz ifaçısı Rübabə Muradovanın atası Mirzə Xəlil haqqında həmişə böyük məhəbbətlə söhbət açırdılar. Amma təəssüf ki, indiki gənclərin (təkcə gənclərin yox) bir çoxunun böyük muğam ifaçısı Rübabə Muradobanın bir müddət Neftçalada yaşadığından sadəcə olaraq xəbərləri belə yoxdur.

Bütün həqiqətlər isə yazılmalı və deyilməlidir. 

Allah Mirzə Xəlilə də, Rübabə xanım Muradovaya da qəni-qəni rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)

Çərşənbə axşamı, 22 Avqust 2023 11:30

“Natiq” ritm qrupu gənclərlə görüşəcək

Bu gün YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti Natiq Şirinov və onun rəhbərlik etdiyi “Natiq” ritm qrupu ilə gənclərin görüşü təşkil ediləcək.

 

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək görüşdə Xalq artisti Natiq Şirinov milli ritmlər mövzusunda çıxış edərək, “Natiq” ritm qrupunun milli musiqi mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlərdən söhbət açacaq.

 

“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır. Tədbir müddətində, həmçinin “Azərbaycan peşəkar musiqi mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması amilləri”, “Müasir gənclik: Milli-mənəvi və tarixi dəyərlərimiz” və “Milli ritm sənəti: dünənimiz, bu günümüz, sabahımız” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. 

Tədbirin bədii hissəsində “Natiq” ritm qrupunun ifasında müxtəlif kompozisiya və eksperimental ritmik musiqi nümunələri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilir. 

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)

Çərşənbə axşamı, 22 Avqust 2023 11:15

“İnsanlar dünya üçün əl-ələ tutuşsa…”

Kubra Qiliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsan və zaman. Bir-birinə çox sıx bağlı olan iki məhfum əsasında kainatın axış sistemi, bu sistemin alt sistemləri formalaşır. Zaman axır, insan inkişaf edir və müəyyən səviyyədə fərqliliklər meydana çıxır. Min illiklər boyu insan iki əli ilə tarazılığı saxlamağa çalışır. Bir əli ilə ağaclar əkib meşələr salır, obiri əli ilə ağacları qırıb əldə etdiyi odunla evini isidir. Bir əli ilə heyvan bəsləyir, obiri əli ilə heyvanların nəslini tükədir. Bir yandan pulu yaradır, digər tərəfdə kasıblığı. Acı tox ilə öldürür, suyu alov ilə söndürür. Daim dilində "tərəqqi, inkişaf, mədəniyyət, multikulturalizm" şüarları səslənən insan cəmiyyəti çox təəssüf ki, tarazlıqda saxlaya bilmir və özünün əməyindən əlavə Tanrının bəxşişi olan həyatı da məhv edir. 

Amma cəmiyyətin içində getdikcə nəsli kəsilən bir kütlə var ki, hər şeyin fərqinə varıb və fərqinə vardıqlarını  qınamaq əvəzinə axtarışa keçiblər. Bəs yaxşı, çarə nədədir? Maddi, mənəvi, fiziki, təbii və hətta süni yolla bir çox itkilərə məruz qalıb yaşadığı torpaqlarda özü özünə təhlükə olan insanlar bu qədər itkinin qarşısını ala bilərmi?

Əlbəttə alar, axı dünyanı gözəlləşdirməyə çalışan elə məhz insan və onun bəşəri kəşfləri olub. Axı, Tanrı insanı cəmiyyətin ən alisi olaraq yaratdı. Düşünürəm ki, Tanrı insanı ortalama ömür sürüb torpağa qarışan çürüntü olaraq yaratsa idi ona instinkt və şüur verməzdi. Tək gərəkən bir az araşdırmaq, addım ata biləcək yollar seçmək və bunu yaymaqdır. Cəmiyyətin çarəsiz qaldığı bu dönəmdə insanların dadına yalnızca mədəniyyət və elm çata bilər. Hansı ki, maariflənmiş insan mədəniyyətində barbarizmdən kənar davranaraq fərqinə vardığı bu problemləri həll etmək üçün elmini ortaya qoysa, insanlar dünya üçün əl-ələ tutuşsa böyük bir mədəniyyət erası açıla bilər. Sosial fərqindəliyi olan fərd bunu ətrafına aşıladıqca ətraf genişlənər və böyük bir mədəniyyət kütləsi öz gücünü maariflənmə, düzgün təbliğat və elmin köməyi ilə bütün çətinliklərin öhdəsindən gələ bilər.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)

Xarüqə bir xəbər: yenə də bu cür inanılmaz xəbər Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazovdan gəlib. O,  Buenos-Ayres şəhərində argentinalı rejissor Hüqo de Ana ilə görüşüb.

 

Teatrdan bildirilib ki, görüş çərçivəsində “Aida” operasının yeni tərtibatda səhnələşdirilməsi məşhur rejissorla müzakirə edilib.

Xatırladaq ki, Hüqo de Ana karyerası boyu "La Skala", "Arena di Verona", "Covent Garden", "Opera Australia", "Teatro Colon", "Teatro San Carlo Cancels", "Teatro Real" kimi dünyanın məşhur opera teatrlarında bir çox opera tamaşalarını səhnələşdirib.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)

“Artım” layihə məkanında qrup sərgisi davam edir

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yaşıl rəng göz dincəldir. Amma tək bumu? Əsla yox. Yaşıl rəng builki dəb trendidir. Və 

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında (İçərişəhər, Kiçik Qala küçəsi, 5) açılan Azərbaycanın gənc rəssamlarının “Guilty pleasure” (“Müqəssir zövq”) adlı qrup sərgisində yaşıl rəngin dominantlıq təşkil etməsi də məhz bu səbəbdəndir.

 

Sərginin kuratoru olan Zəhra Məmmədovaya yaxınlaşırıq və o, bizə əsərləri sərgilənən gənc rəssamların adlarını sadalayır: Ağaəli Sadirli və Nail Dadaşzadə dueti, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad J., Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nərmin Zeynallı və Nigar Səmədzadə. 

Zəhra Məmmədova həm də bizlərə sərginin mahiyyəti barədə məlumat verir. Demək,

sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. “Guilty pleasure” sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi “kitç” (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı böyük maraqla araşdırır, “ənənəvi zövq” və “orijinallıq” anlayışlarını şübhə altına qoyur.

Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə, yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq, “şişirdilmiş sentimentallıq”, “ani emosional məmnunluq” və “səysiz istehlak” anlayışlarını ironik tərzdə önə çıxarır.

“Guilty pleasure” təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri “o qədər pisdir ki, yaxşıdır” paradoksunu götür-qoy etməyə dəvət edir. Bu fikri davam edən ekspozisiya zövqlə bağlı ənənəvi təəssürata meydan oxuyur və şəxsi qərəzləri araşdırmağa, özünü “məqbul və ya arzuolunan” kimi qələmə verən mədəni gözləntilərlə üz-üzə dayanmağa sövq edir. Məqsəd estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, “pop” mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək, eləcə də qıcıqlandırmaqla, şıltaq, ekssentrik, şən, oynaq olmağa sövq etməkdir.

Diqqətimi ən çox çəkən Mələk Bayramlının təqdimatıdır. Onun təqdimatı iki hissədən ibarətdir: videoinstalyasiya və divar oboyları. Divar oboylarında meşədəki ceyranlar təsvir edilib. İnsanlar urbanizasiyaya rəvac verir, dünyanı dəyişirlər. Zira, öz evlərinin interyerində  təbiətlə bağlı atributlar işlədirlər. Bu, sanki onlar üçün bir xatırlatmadır ki, siz hardan gəlmisiniz. 

Yəni, biz hardan gəlmişik!

Əlinizə sağlıq, Mələk xanım! 

Sərgidə bir çox məşhurları, o cümlədən bakılı oğlan Bəhram Bağırzadəni də görürük. 

Qeyd edək ki, sərgi sentyabrın 3-dək ziyarətçilər üçün açıqdır.

Sərginin iş saatı bazar ertəsi istisna olmaqla hər gün saat 12-dən 20-dəkdir.

Buyurun, gəlin, feyziyab olun! 

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)

Rusiyanın TASS İnformasiya Agentliyinin təşkilatçılığı ilə Moskva şəhərində MDB-dən olan xəbər agentliklərinin fotomüxbirləri üçün seminar təşkil edilib.

 

Seminarda Agentliyin dəvəti ilə Azərbaycandan “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev, klubun üzvü Elnur Abbasov və AzərTAC-ın əməkdaşı Hümbət Məmmədov iştirak ediblər.

Təlim zamanı TASS-ın Fotoxronika redaksiyasının aparıcı fotoqrafları tərəfindən müasir dünyada xəbər fotojurnalistikası, protokol çəkilişi və rəsmi tədbirlərin işıqlandırılması, videoçəkiliş, eləcə də digər mövzular haqqında məruzələr edilib, praktiki tapşırıqlar verilib. 

Seminar çərçivəsində iştirakçılar TASS İnformasiya Agentliyinin baş ofisinin və Fotoxronika redaksiyasının inzibati binalarında olublar. Fotoqraflar burada əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub, agentliyin iş prosesini yaxından izləyiblər.

Gələcəkdə “Gilavar Foto Klubu” İctimai Birliyi ilə Rusiyanın TASS İnformasiya Agentliyi arasında foto sahəsi üzrə əməkdaşlığın davam etdirilməsi, müxtəlif təlim və layihələrin keçirilməsi istiqamətində müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)

Avqustun 21-də “Bəhram Nəsibov yaradıcılığının təbliği" İctimai Birliyi tərəfindən bəstəkar Bəhram Nəsibovun azərbaycançılıq ideologiyasını və Ulu Öndər Heydər Əliyev şəxsiyyətini vəsf edən mahnılarından ibarət “Azərbaycançılığın musiqili təqdimatı” jurnalının təqdimat mərasimi olub.

 

“Azərbaycançılığın musiqili təqdimatı” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Layihənin rəhbəri bəstəkarın oğlu, İctimai Birliyinin sədri Adil Nəsibov bu barədə məlumat verib. O qeyd edib ki, təqdimatda çıxışlar olub, jurnallar paylanılıb və musiqilər səslənib: 

“Bəstəkar Bəhram Nəsibovun şeir, mahnı, marşlarından ibarət jurnala mahnı və marşların mətni, not yazıları və əhatə etdiyi mövzuya uyğun olaraq çəkilən şəkillər, eləcə də mövzular haqqında məlumatlar və fotoşəkillər daxil edilib. Jurnala 8 mahnı və marşlar, 1 şeir daxil edilib. Jurnal gələcəkdə dərslik vəsaiti kimi də istifadə ediləcək. Jurnalda Bəstəkarlar İttifaqının, Rəssamlar İttifaqının rəyləri də öz əksini tapıb. Jurnala daxil edilən mahnıların not yazılarını sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli yazıb. Jurnaldakı rəsmləri rəssam Asəf Kərimov çəkib. Jurnaldakı məlumatları və fotoları təqdim etdiyinə görə Yeni Azərbaycan Partiyasına, eləcə də Ulu Öndər Heydər Əliyevin aforizmlərini təqdim etdiyinə görə Azərbaycan Respublikasının Prezident Kitabxanasına təşəkkürümüzü bildiririk”.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)

Çərşənbə axşamı, 22 Avqust 2023 09:30

Bu dünyanın məhvəri analar deyildirmi?

“Tənha anaların sosial inkişafına dəstək” layihəsi uğurla başa çatıb

 

 

Əl tutmaq Əlidən qalıb. Xüsusən kimsəsiz, ahıl insanlara əl tutmaq böyük savabdır. Və o insanlar həm də anadırlarsa, bu savab ikiqat artmırmı, artır. 

Və “Ədəbiyyat və incəsənət” portalının da əməkdaşlarının söhbət açacağı növbəti mövzu bu barədədir. Məkansa bu dəfə Şamaxıdır. 

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyi, “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi və Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin yaratdığı koalisiyasının təşəbbüsü ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək” layihəsini diqqətinizə yönəltmək istəyirik. Layihə artıq uğurla başa çatıb. Və təşilatçılar media ilə fikir bölüşüblər. 

İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin qeyd etdiyi kimi, layihə çərçivəsində Şamaxı rayonunda yaşayan 30 tənha qadın üçün müxtəlif fərdi və qrup psixoloji seanslar, onların cəmiyyətə, real iş mühitinə inteqrasiyasını sürətləndirən təlimlər, sosial rifahlarının stabilləşdirilməsi və gələcək karyera imkanlarının dəyərləndirilməsi istiqamətində işgüzar görüşlər təşkil olunub.

Nəzərə alın ki, söhbət paytaxt yox, əyalət qadınlarından gedir. Əyalətdəkilər daha çox mühafizəkar olurlar, üstəlik, söhbət ağbirçəkdən gedirdə, onda bu mühafizəkarlıq daha da pərvazlanır. Və bu cür insanlarla belə layihə həyata keçirmək həqiqətən alqışlanasıdır. 

Təsəvvür edin ki, layihənin sonunda iştirakçı qadınlardan 3 nəfəri daimi iş imkanı əldə edib. Digər iştirakçılar isə layihənin əməkdaşlıq etdiyi qurumlar tərəfindən məşğulluq imkanlarının artırılması istiqamətində təlimlərə cəlb edilib, yaxın zamanlarda əldə edəcəkləri aktivlər vasitəsilə istehsal edəcəkləri məhsulları yaradılacaq “Sosial bazarda” satışa çıxaracaqlar.

Layihənin paralel keçirilən fazasında gənclər şəxsi inkişaf və gələcək karyeralarında onlar üçün faydalı olacaq təlimlərdə iştirak ediblər. Belə ki, gənclər üçün təlimlərlə yanaşı, sosial inkişaflarının artması istiqamətində Safari parkına, müxtəlif muzeylərə, komplekslərə info-turlar təşkil edilib. Bununla yanaşı, gənclər yaradıcılıq mərkəzləri ilə yaxından tanış olublar, layihə iştirakçıları yaradıcılıq mərkəzlərində müxtəlif istiqamətlər üzrə klublarda fəaliyyətlərə başlayıblar. 

Qeyd edək ki, “Tənha anaların sosial inkişafına dəstək” layihəsinin əsas məqsədi Şamaxı rayonunda yaşayan, ailə dəstəyindən məhrum olan, həyat yoldaşı ilə birgə yaşamayan və övlad sahibi olan qadınların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması, psixoloji dəstəyin göstərilməsi, tənha qadınların məşğulluğunun təmin edilməsi onların cəmiyyətə adaptasiyasının sürətləndirilməsi, həmçinin onların yeniyetmə övladlarının fərdi inkişafı və düzgün təhsil imkanlarını artırmaqdır.

Layihə Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi sosial sahibkarlığın inkişafına dəstək proqramları çərçivəsində davam etdiriləcək.

Alqışlar!

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)

Küveytin “Fikr-hur”, Əlcəzairin “alharir.info”, İraqın “Nur Mədəniyyət və Media Mərkəzi”, Suriyanın “Qısa hekayə”, Misirin “Hekayə və romanlar” mədəniyyət portalları və feysbuk səhifələri Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı gənc yazıçı Mirmehdi Ağaoğlunun ərəb dilinə tərcümə olunmuş “Fasilə” hekayəsinin yayımına başlayıb.

 

Mərkəzdən verilən məlumata görə, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – Mərkəzin ərəb dili mütəxəssisi Fərid Camalovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portallar Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, David Cozef Şvarts, Stiven Kovi, Robert Toru Kiyosaki kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)

Avqustun 21-də Tovuz stansiyasından 38 kilometr cənub-qərbdə - Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 13:59-da qeydə alınan zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 4,1-ə bərabər olan zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.