“Artım” layihə məkanında qrup sərgisi davam edir
Könül, “Ədəbiyyat və incəsənət”
Yaşıl rəng göz dincəldir. Amma tək bumu? Əsla yox. Yaşıl rəng builki dəb trendidir. Və
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında (İçərişəhər, Kiçik Qala küçəsi, 5) açılan Azərbaycanın gənc rəssamlarının “Guilty pleasure” (“Müqəssir zövq”) adlı qrup sərgisində yaşıl rəngin dominantlıq təşkil etməsi də məhz bu səbəbdəndir.
Sərginin kuratoru olan Zəhra Məmmədovaya yaxınlaşırıq və o, bizə əsərləri sərgilənən gənc rəssamların adlarını sadalayır: Ağaəli Sadirli və Nail Dadaşzadə dueti, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad J., Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nərmin Zeynallı və Nigar Səmədzadə.
Zəhra Məmmədova həm də bizlərə sərginin mahiyyəti barədə məlumat verir. Demək,
sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. “Guilty pleasure” sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi “kitç” (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı böyük maraqla araşdırır, “ənənəvi zövq” və “orijinallıq” anlayışlarını şübhə altına qoyur.
Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə, yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq, “şişirdilmiş sentimentallıq”, “ani emosional məmnunluq” və “səysiz istehlak” anlayışlarını ironik tərzdə önə çıxarır.
“Guilty pleasure” təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri “o qədər pisdir ki, yaxşıdır” paradoksunu götür-qoy etməyə dəvət edir. Bu fikri davam edən ekspozisiya zövqlə bağlı ənənəvi təəssürata meydan oxuyur və şəxsi qərəzləri araşdırmağa, özünü “məqbul və ya arzuolunan” kimi qələmə verən mədəni gözləntilərlə üz-üzə dayanmağa sövq edir. Məqsəd estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, “pop” mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək, eləcə də qıcıqlandırmaqla, şıltaq, ekssentrik, şən, oynaq olmağa sövq etməkdir.
Diqqətimi ən çox çəkən Mələk Bayramlının təqdimatıdır. Onun təqdimatı iki hissədən ibarətdir: videoinstalyasiya və divar oboyları. Divar oboylarında meşədəki ceyranlar təsvir edilib. İnsanlar urbanizasiyaya rəvac verir, dünyanı dəyişirlər. Zira, öz evlərinin interyerində təbiətlə bağlı atributlar işlədirlər. Bu, sanki onlar üçün bir xatırlatmadır ki, siz hardan gəlmisiniz.
Yəni, biz hardan gəlmişik!
Əlinizə sağlıq, Mələk xanım!
Sərgidə bir çox məşhurları, o cümlədən bakılı oğlan Bəhram Bağırzadəni də görürük.
Qeyd edək ki, sərgi sentyabrın 3-dək ziyarətçilər üçün açıqdır.
Sərginin iş saatı bazar ertəsi istisna olmaqla hər gün saat 12-dən 20-dəkdir.
Buyurun, gəlin, feyziyab olun!
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)