Super User
Üç ayda 3 min 612 ton pambıq ipliyi ixrac olunub
“Ədəbiyyat və incəsənət” portalının Açıq portfel rubrikasında Dövlət Gömrük Komitəsinə istinadən pambıq barədə statistika gətirəcəyik.
Cari ilin üç ayında 17 min ton pambıq lifi, 3 min 612 ton pambıq ipliyi ixrac olunub.
İxrac edilən pambıq lifinin dəyəri 31,3 milyon ABŞ dolları, pambıq ipliyinin dəyəri isə 10,9 milyon dollar olub.
Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 72,8 milyon dollar olmaqla 32,8 min ton pambıq lifi, məbləği 13,2 milyon dollar olmaqla 3 min 147 ton pambıq ipliyi ixrac edilib.
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.
7-ci dərc
Axır ki, gəlib çatdım. Ofisin qapısı açıq idi. Mexaniki olaraq saata baxdım. Ona iyirmi beş dəqiqə qalırdı. Adəti üzrə saat 9-da işə gələn Layiqə kompyuter masası arxasında oturmuşdu, qarşısında pürrəngi çay buğlanırdı. Çayın olduqca gözəl ətri hər yanı bürümüşdü. Qəribə idi. Yəni bu qız belə ətirli çay dəmləyib?
Məni görəndə ayağa qalxıb salamlaşan Layiqə, -“Qonağınız var, Bəxtiyar müəllim, mətbəxdə sizi gözləyir” –deyib, yenidən oturdu.
Qonağın niyə mətbəxdə gözləməsindən və Layiqənin bir qədər çaşqın baxışlarından heç nə anlamadan mətbəxə keçdim.
-Gülü?
-Hə, Gülü.
-Nəsə olub?
-Onu mən səndən soruşmağa gəlmişəm. Dünən axşamdan telefonuna zəng çatmır. Bu gün səhər də neçə dəfə yığmışam.
Gülünün məzəmmət dolu səsini qəhər əvəzlədi.
Doğrudan da, məhəllə uşaqları ilə yeyib-içməyə oturanda telefonu söndürüb evə atmışdım. Səhər də elə bir zəng gözləmədiyim üçün olduğu kimi cibimə qoymuş, işə salmağı lazım bilməmişdim.
-Bağışla, axşam məclisdə idim. Ona görə söndürmüşdüm.
Gülü yaxınlaşıb məni qucaqladı, başını sinəmə söykədi.
-Axı bilirsən, işin elə işdir ki, həmişə gözüm yolda qalır, daim səndən nigaranam. Heç olmasa telefonu söndürmə. Bu gecə nigarançılıqdan gözümə yuxu getməyib.
Əlimi onun saçlarında gəzdirdim. Olduqca mülayim, hətta uşaq kimi xasiyyəti olan Gülü ilə həyatımda heç bir qadında görə bilmədiyim bir rahatlıq tapmış, onunla olarkən sanki bütün vücudumla dincəldiyimi hiss edirdim.
-Məni də tamam islatdın ki. Bu nədir, tez çıxar görüm bunları. Vay-vay, su içindəsən, xəstələnməsən yaxşıdı.
Bunları deyə-deyə Gülü əvvəl kepkamı, sonra gödəkçəmi çıxarıb asılqana keçirdi. Sonra da köynəyimin düymələrin açmağa başladı.
-Köynəyi niyə?
-Bu da azsa nəm çəkib. Elə zəng vururdum ki, deyim, paltarların hazırdı. İndi də gələndə fikirləşdim, dəyişəyin olmaz, bir-iki köynək gətirdim.
Köynəyimi çıxaran Gülü -Aa, bu qolun niyə belə qızarıb?-deyə təəccüblə mənə baxdı.
-İstehsalat zədəsidir, -zarafatla cavab verdim. -Boş şeydir, keçib gedər.
Gülü yuyub səliqə ilə ütülədiyi köynəklərimdən birini əynimə geyindirdi. Bu qadını mənə ən çox sevdirən cəhəti olduqca qayğıkeş olması idi. İndi də, əynimə keçirdiyi köynəyimi düymələyə-düymələyə, -Əllərini yu, sənə bir çay dəmləmişəm ki, ən azı üç stəkan içəcəksən, -dedi.
Yuxudan duranda hiss etdiyim susuzluq hələ də keçməmişdi. Bu qadını həyatıma Allah, sanki bir mələk kimi göndərmişdi. Və əlbəttə ki, belə gözəl ətri olan çayı ancaq Gülü dəmləyə bilərdi.
Əllərimi yuyub mətbəxə qayıtdım.
Ofisin yerini bilsə də, heç zaman burada olmamış, bu gün ilk dəfə gələn Gülü, sanki dəfələrlə burada çay süfrəsi açmış kimi, qonaqlar üçün nəzərdə tutulan, özümüzün istifadə etmədiyimiz çay servisini haradansa eşələyib çıxarmış, gətirdiyi şirniyyatlardan gözəl bir süfrə açmışdı.
Birinci stəkanı bir göz qırpımında içdim. Doğrudan gözəl çay imiş.
-Bu nə çaydı belə?
-May çayıdı, Astaradan gəlib. Çayın mayda açan çiçəklərindən yığılıb.
-May çayı? Heç eşitməmişəm.
-Hə, may balı kimi may çayı da var, -Gülü zarafatla burnumun ucuna toxundu, -İç, yüz eşitməkdən bir görmək yaxşıdır.
Mətbəxin açıq qapısından ofisə tərəf boylandım.
-Narahat olma, Layiqə xanıma şirniyyat təklif etmişəm, istəmədi, dedi eləcə çay içəcək.
-Aha, artıq xanımlar tanış olublarmış…
-Elədir ki var.
-Həəə, onda birini də süz.
Artıq ikinci stəkanı da boşaltmışdım. Amma nədənsə doymaq bilmirdim.
-Gördün, dedim ən azı üç stəkan içəcəksən?
Gülü əlindəki stəkanı qabağıma qoydu.
-Qonşum var eee, Bəyimxanım. Gəlinləri Astaradandı axı, onlar satırdılar. Bir kilo aldım.
-Az almısan. Axşam soruş, qalıbsa, yenə al. Çox bəyəndim.
-Yaxşı, soruşaram.
Gülü ifadəli baxışlarla üzümə baxdı:
-Bu yağış sənə nəyisə xatırlatmır ki, cənab detektiv?
-Sənə nəyisə xatırladırsa, de, Gülanə xanım.
-Mənə həsr etdiyin şeir də yağışla başlayır, unutmusan? O şeiri çox sevdim. Bəlkə də o olmasaydı, səninlə münasibətlərimizə razılıq verməyəcəkdim.
-Sözlərini xatırlayırsanmı?
-Elə şey olar? İstəyirsən əzbərdən deyim.
-Hələ bir de görək.
Özünə həsr olunmuş şeiri Gülanənin özündən eşitmək maraqlı olardı.
Gülanə aramla şeiri deməyə başladı:
Yağış yağır, döyəcləyir pəncərənin şüşəsini
O yağışın damlaları mənəm, gülüm.
İstərdim ki, mən yağış yox, şüşə olum pəncərəndə
Gecə-cündüz qoy döyülüm damlalarla
Təki hər gün səni görüm….
Sən açanda pəncərəni
Həsrətində olduğum o əllərinlə sıgallanım.
Çöldən əsən bir xəfif meh, saçlarını sıgallasın,
Sonra dönüb mənə gəlsin
Mən ətrindən xumarlanım.
Baxım sənə həsrət dolu baxışlarla
Uzandıqca yatağında.
Zəif lampa işığında.
Səhərləri o dağınıq saçlarından bu yaralı ürəyimə
Sevgi axsın sən bilmədən…
Öpüm sənin saçlarından
Sən görmədən…
Nə deyim mən.
Bəlkə bir gün boylananda pəncərəndən
Bütöv şüşə üzərində
Şüşə kimi çatlar vermiş ürəyimi görə bildin.
Bəlkə onda anlayaraq mənim nələr çəkdiyimi
çox demirəm,
Öz evinin şüşəsitək bəlkə məni sevə bildin.
Yağış yağır, döyəcləyir pəncərənin şüşəsini
O yağışın damlaları mənəm gülüm.
İcazə ver şüşə olum pəncərəndə
Orda qalım, orda ölüm….
Doğrudan da, şeir Gülanənin dilindən daha maraqlı, daha şirin səsləndi. Əlimi saçlarında gəzdirib, -Sağ ol, -dedim.
İyirmi dəqiqə sonra süfrəni yığışdırmış, stəkanları yumuş, kepkamı və gödəkçəmi çırparaq qurumaları üçün meh işləyən açıq pəncərənin qarşısında qoyduğu stulun başına keçirmiş Gülü, -Daha gedim, yağış da kəsir, -deyib, məni yenə qucaqladı.
-Axşam gözləyim?
-Dəqiq bilmirəm, gələ bilsəm əvvəlcədən zəng vurub deyərəm.
-Yaxşı.
Layiqə ilə də sağollaşan Gülünü qapıya qədər ötürdüm. O, keçmiş Qubanov, indiki Zivərbəy Əhmədbəyov küçəsindəki avtobus dayanacağına getmək üçün ofisim yerləşən binanın tinini dönüb gözdən itdi.
Yağış demək olar ki, kəssə də, bir köynəkdə olduğum üçün üşüdüm, qapını açıb içəri keçdim. Kresloma oturanda Gülanə ilə ilk tanışlığım yadıma düşdü.
Yaxın münasibətdə olduğum, elmi-tədqiqat institutlarından birində elmi işçi olan bir yoldaşın övladının toyuna dəvət almışdım. Şadlıq evinə daxil olarkən işi gələnləri qarşılamaq olan adam əlindəki siyahıya baxaraq, məni bəzədilmiş masalardan birinə qədər müşayiət etdi və toy sahibinin iş yoldaşları ilə bir masada oturacağımı bildirdi. Salamlaşıb keçib boş yerlərdən birində oturdum. Bir azdan masa doldu. Məndən başqa hamı bir kollektivdə işlədiyi üçün deyib-gülür, badə qaldırır, sağlıqlar deyib şənlənir, mən isə içki də içmədiyimçün heç nəyə qarışmadan, oturduğum yerdən toya tamaşa edirdim.
Masamızdakılar hamısı ailəvi gəldikləri üçün cüt-cüt oturduqlarından, tək gəldiyi o dəqiqə hiss olunan bir xanım diqqətimi cəlb etmişdi. Bir neçə dəfə baxışlarımız toqquşmuş, tez üzünü çevirməsinə baxmayaraq, bir kişi kimi onda maraq doğurduğumu hiss etmişdim.
Məclisin qızğın yerində birdən işıqlar söndü və tamada rusların “Belıy tanes” adlandırdığı, qadınların kişiləri dəvət etdiyi bir rəqs nömrəsini elan etdi.
Masamızdakılar sanki hamısı birdən komanda almış kimi, ayağa qalxaraq rəqs etməyə getdilər.
Masa arxasında bir mən, bir də həmin xanım qaldıq.
Yenə də baxışdıq… Sonra yenə də…
Üçüncü dəfə baxışlarımız toqquşanda ikimizi də elə bir gülmək tutdu ki, artıq bunu sözlə ifadə etmək mümkün deyil.
Daha heç nə gözləmədən ayağa qalxıb xanımı rəqsə dəvət etdim. Məmnuniyyətlə dəvətimi qəbul etdi. Alaqaranlıq rəqs meydançasında rəqs edənlərə qoşulanda hələ bilmirdim ki, uzun tənhalığımdan sonra həyatıma daxil olacaq bir mələklə rəqs edirəm.
Sonradan öyrəndim ki, Gülanə həmin institutda kiçik elmi işçi kimi çalışır. İyirmi yaşında ailə həyatı qurmuş, səkkiz ildən sonra uşaqları olmadığı üçün qarşılıqlı razılıq əsasında həyat yoldaşı ilə ayrılmışdı. Ayrılarkən dörd otaqlı mənzillərini iki ədəd iki otaqlı mənzilə dəyişmişdilər və Gülanə xanım son yeddi ili ikinci mikrorayonda yerləşən iki otaqlı mənzilində tək yaşayırdı.
Toydan sonra evə qədər ötürməyimə razılıq verməyən Gülanə xanım bir neçə gündən sonra işdən çıxarkən institutun qarşısında, əlimdə gül dəstəsi ilə gözlədiyimi görəndə, bu dəfə onu ötürməyimə etiraz edə bilmədi.
Yolüstü bir fincan qəhvə içmək üçün dəvət etdiyim kafedə ona həsr etdiyim, az əvvəlki şeiri dinləməsini xahiş etdim. Təəccüblə mənə baxıb, -Maraqlıdır, buyurun, -desə də, gözlərindən mənə inanmadığı və indi ona haradansa çırpışdırdığım bir şeiri oxuyacağımı düşündüyü sezilirdi.
Bu fikrindən onu tez daşındıra biləcəyimə əmin olduğum üçün romantik görkəm alıb gözlərinin içinə baxdım və şeiri dedim.
Şeir bitəndə daha da maraqla mənə baxdı, -Əgər doğrudan da bu şeri özünüz yazmısınızsa, mən fikirləşərəm, -deyib gülümsədi.
Şeiri doğrudan da özüm yazmışdım və ona həsr etmişdim.
-Yaxın günlərdə yenidən kofe içmək təklifimdən imtina etməzsizsə, əvvəllər yazdığım şerləri də dinləyər və yalan danışmadığıma əmin ola bilərsiniz, -deyib mən də gülümsədim.
Sonra isə tək yaşadığımı, xoşuma gəldiyini, fikrimin ciddi olduğunu ona söylədim.
Və düz dörd aydan sonra təklifimi qəbul etdiyini bildirdi. Bu müddətdə mütəmadi ünsiyyətdə olmağımız, bir-birimizi daha yaxından tanımağımız onun qərar qəbul etməsinə kömək etdi.
Rəsmi nikaha girməsək də, şəriətlə kəbin kəsdirməyin vacibliyində ikimiz də yekdil idik.
Kişilər, əgər həqiqətən xoşunuza gələn bir xanım varsa və onun qəlbini fəth etmək istəyirsinizsə, ona qarşı bir qədər diqqətli olmaq və hərdən gül bağışlamaq yetər.
Şeiri isə yalnız bir halda oxuyun - əgər onu özünüz yazmısınızsa və həmin xanıma həsr etmisizsə…Yoxsa başqasının sözünü başqasına demək qadınlarda hər-hansı təəssürat yaratmayacaq.
Sonra isə… İlk dəfə Gülanənin evində qaldım. Gəlişimə yüngül bir qəlyanaltı süfrəsi hazırlasa da, bu süfrədə cəmi on beş dəqiqə oturmağa səbrimiz çatdı. Onu qollarıma alıb yataq otağına apardım. Çarpayıya uzadıb öpməyə başladım. Tənha, təcrübəli bir kişi ilə yeddi il tək yaşamış bir qadının sevişməsini təsəvvür etmək üçün necə bir fantaziya lazımdır.
Həmişə sakit, nəzərimdə nədənsə uşağı xatırladan Gülü özü məni əynimdəki son paltarıma qədər soyundurdu, sonra isə öz paltarlarını çıxararaq yerə atdı. Bir qadında nə qədər ehtiras yığılarmış. Kişi ilə olmağın çoxdan unutduğu həzzini gözlərini yumaraq yaşayır, tez-tez nəfəs alır, qulağıma, “Yenə də, yenə də istəyirəm” pıçıldayırdı.
Qaranlıqda fosfor kimi parıldayan gözəl, möhkəm bədəni, qulağıma dediyi sözlər məni daha da coşdurur, ondan doya bilmirdirm.
Həmin gecə yalnız səhərə yaxın yuxuya getdik.
Yuxuya gedərkən, -Mən tək yatmağa öyrəşmişəm, -deyərək nazla yorğanına bürünən Gülü, göz vurub üzünü çevirdi. Necə xoşbəxt olduğu sökülməkdə olan dan yerinin pəncərədən üzünə düşən şəfəqlərində simasından aydın hiss olunurdu.
Mən də tək yatmağa öyrəşmişdim. Bu vərdişimizi ikimiz də özümüzdə saxladıq sonrakı gecələrimizdə. Günü-gündən daha yaxın olsaq da, yuxuya gedərkən tək yatırdıq. Uzun illərin tənhalığı ikimizin də xarakterinə möhür kimi vurmuşdu bu vərdişi…
Birgə yaşadığımız müddətdə nə qədər oxşar cəhətlərimiz olduğunu kəşf etmiş, oxşar olmayan cəhətlərimizə isə hörmətlə yanaşmışdıq. Birgə həyata başlasaq da, hərə öz əvvəlki mənzilində yaşamağa davam etmişdi. Mütəmadi olaraq Gülanənin evində görüşür, onun bişirdiklərindən yeyir, bəzi işlərində kömək edir, hərdən gecəni qalır, hərdən isə evimə qayıdırdım. Təkcə bütün bayramları mütləq qaydada birlikdə keçirirdik. Bir də Gülünün tələbi ilə qarderobumun tən yarısını onlara daşımışdım və artıq paltar yumaq, ütüləmək kimi bir problemim yox idi.
Mənim evimə isə heç vaxt gətirməmişdim onu. Köhnə ənənələri hələ də yaşadan məhəlləmizdə məni düz başa düşməzdilər…
Daxili işlər orqanlarından öz arzumla xaric olandan sonra isə sərbəst vaxtım çox olduğu üçün daha tez-tez görüşür, bəzən isə həftəsonlarını müxtəlif rayonlarda təbiət qoynunda keçirirdik.
Belə səfərlərin birində Gülü ilk dəfə niyə indiyədək evlənmədiym barədə sual vermişdi. Gec-tez bunu soruşacağını bilirdim.
Bu mövzunu sevməsəm də, hər şeyi olduğu kimi danışdım ona. Qısa danışdım. Hələ məktəb illərindən bir qızla bir-birimizi sevdiyimizi, ancaq ailə qura bilmədiyimizi dedim. Anası iki ayağını bir başmağa dirədi ki, mümkün olan iş deyil, qızı qardaşım oğluna söz vermişəm, qurtardı getdi. Guya göbəkkəsdi imişlər. Maraqlı adətdir. Bələkdəki uşaqların yerinə gələcək həyatları barədə qərar vermək.
Daha evlənmək haqqında düşünmədim heç vaxt…
Bəlkə elə Gülü ilə də ailə deyil, bu cür münasibət qurmağın səbəbi bu idi…
Nə isə. Gülü getdi.
İndi Tatarın verdiyi məlumatı dəqiqləşdirməliydim.
Bir neçə telefon zəngi edərək bəzi adamlarla danışdım.
Lazım olan şeyləri dedikdən sonra dəstəyi asıb Layiqəyə baxdım.
-Bu günə nəyimiz var?
-Bu günə yaxşı çayımız var, başqa heç nə.
İkibaşlı cavabı bir qədər də sərt səsləndi.
Şəxsi həyatıma heç kəsi yaxın buraxmadığıma görə Layiqə Gülü haqqında heç nə bilmir, yalnız daima təmiz və ütülü olan paltarlarımdan həyatımda kiminsə olmasını ehtimal edirdi. Bu gün bu ehtimallar çox şirin bir qadın simasında ofisə gələrək özünü tam şəkildə doğrultmuş və gözləmədiyim halda Layiqədə qısqanclıq hisslərinin baş qaldırmasına səbəb olmuşdu.
Axı Layiqə məni niyə kiməsə qısqanmalıydı?....
Bəlkə ofisdə tək kişi və tək qadın olduğumuzdan, özünü buranın tək xanımı hesab etməyə alışmış Layiqə bu səhər Gülünün gəlişini, buradakı sərbəstliyini, mənə daha məhrəm olmasını həzm edə bilmirdi? Yəqin ki, belədir. Qadın psixologiyasından heç qadınlar özləri də baş açmırsa, daha bundan o tərəfə getməyək.
-Yaxşı, indi ki çaydan başqa bir işimiz yoxdu, çayı da içmişik, onda mən çıxıram.
-Sizi gözləyim?
-Deyə bilmərəm. Soruşan olsa zəng vur.
-Baş üstə, Bəxtiyar müəllim.
Ofisdən çıxıb sola, Beşmərtəbə tərəfə getməyə başladım. Yağış demək olar ki, kəsmişdi. Adamlar bu gün səhər olduğu kimi islanmamaqçün sürətlə getmir, daldalanmağa yer axtarmırdılar. Əksinə, sanki hamı güclü yağışdan sonra şəhərə xas olmayan təmiz havadan zövq alır, ara-sıra üzərlərinə düşən seyrək yağış damlalarına əhəmiyyət vermirdilər.
Dram teatrının qarşısındakı kiçik parkda dayandım. Skamyalar hamısı yaş olduğu üçün oturmaq mümkün deyildi. Mənsə hələ düz iyirmi dəqiqə burda var-gəl etməli, həmin zaman kəsiyində lazım olan adam gəlib çıxmazsa, yenidən eyni vaxtda bura gəlmək üçün növbəti həftənin bu gününü gözləməliydim.
Gözlədiyim adam tumsatan idi. Təəccüblənməyin, mənə lazım olan məlumatlar bu tumsatan vasitəsilə onun satdığı “Beloçka” tum paketinin içində mənə göndərilir, əvvəlcədən, seçilməməsi üçün yumurlayaraq əlimdə tutduğum əlli manatlıq əskinası guya bir manat ödəyərək tum alırammış kimi ona verirdim, mənə çatacaq, içərisində məlumat yazılmış kağız parçası olan tum paketini və guya bir manatlıqdan qalan altmış qəpik qalığı alıb uzaqlaşırdım. Beləliklə, həm məlumatı almış olurdum, həm də pulunu ödəyirdim. Əgər təyin olunmuş vaxtda tumsatan gəlməzdisə, demək həftə ərzində maraq doğuran heç bir məlumat olmamışdı. Bu səbəbdən, hər həftənin eyni günündə və saatında bura gəlməli idim.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)
Uşaq İncəsənət Festivalının ilk yekunları
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir. Bakı şəhəri üzrə festivalın ilk mərhələsi altı məkanda – Binəqədi rayon mərkəzi Mədəniyyət evi, Mərdəkan Mədəniyyət Sarayı, Ə.Əmirov adına Mədəniyyət sarayı, H.Abbasov adına Mədəniyyət Mərkəzi, Binə qəsəbə Mədəniyyət Mərkəzi, Şağan qəsəbə Mədəniyyət Mərkəzində keçirilir.
Bu barədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib.
“Seçim turunun ilk günündən indiyədək 750-dək iştirakçı Azərbaycan xalq çalğı alətləri ifaçılığı, heykəltaraşlıq, rəsm, solo milli rəqs, piano ifaçılığı, estrada oxuma, akademik vokal, caz ifaçılığı (kollektiv), aşıq sənəti, rəqəmsal incəsənət, aktyorluq, bədii qiraət nominasiyaları üzrə öz qabiliyyətini nümayiş etdirib. Uşaqların ifaçılıq və yaradıcılıq qabiliyyətləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qarşıdakı günlərdə dekorativ-tətbiqi sənət, klassik nəfəs alətləri ifaçılığı, solo müasir rəqs, milli rəqs ansamblı, müasir rəqs ansamblı, xor, xanəndəlik sənəti, klassik simli alətlər ifaçılığı və digər nominasiyalar üzrə iştirakçılar münsiflərin önünə çıxacaqlar”, -deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edir.
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)
Xətai Sənət Mərkəzində növbəti sərgi – “Türküstan nağılı”
Bu gün - mayın 3-də Xətai Sənət Mərkəzində rəssam Afaq Həbi və tələbələrinin əsərlərindən ibarət sərgi açılacaq.
Bu barədə sənət mərkəzinin direktoru Zahid Əvəzov məlumat yayıb.
“Türküstan nağılı” adlı sərgi bir neçə gün ziyarətçilər üçün açıq qalacaq.
Sərgidə 30-dan çox sənət əsərinin nümayişi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)
Güneydən Əbasət Purhəsənin lövhələri – “Uşaqlıq yoldaşım”
“Ədəbiyyat və incəsənət” portalı Güney şairlərinin şeirlərindən seçmələri dərc etməkdədir.
Bu dəfə Əbasət Purhəsənin yaratdığı lövhələrlə sizləri tanış edirik.
Əbasət Purhəsən
Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət şəhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.
UŞAQLIQ YOLDAŞIM
Hava ağlayırdı ağırlığından,
Elə anlayırdım çırpınırsan sən.
Əlimi uzaldıb əlimə aldım,
Sənə layla çaldım doyunca dünən.
Ovcumun içində yuxuya keçdin,
Körpə uşaq kimi, ətsan quş kimin.
Ağzını yumurdun lal dünyamıza,
Ya sona çatırdı sənin də qəmin.
Sən elə ovcumu qucaqlamışdın,
Səni ovucumdan ata bilmirdim.
Yuxu gözlərimi alırdı, ancaq –
Sənsiz yuxularda yata bilmirdim.
Ovcumun içindən ayrılmadın heç,
Səni sevə-sevə öldürdüm dünən.
Uşaqlıq yoldaşım, bayram balığı,
Daha çırpınmayır nə mən, nə də sən...
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)
“Qayınana” tamaşası Özbəkistanda səhnəyə qoyulub
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Azərbaycan teatr və kinematoqrafiyasının şah əsərlərindən olan “Qayınana” komediyası yeni mövsümdə səhnəyə qoyulub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, əvvəlcə çıxış edən Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrın direktoru, Özbəkistan və Qazaxıstanın Əməkdar artisti Azim Mullaxanov Azərbaycan əsərlərinə daim Özbəkistanda böyük maraq olduğunu, “Arşın mal alan”, “Leyli və Məcnun”, “Qayınana” əsərlərinin özbək tamaşaçılar tərəfindən çox sevildiyini qeyd edib. O, Özbəkistanın teatr səhnələrində azərbaycanlı müəlliflərin pyeslərinin, dramlarının, əsərlərinin tamaşaya qoyulmasını daim mühüm hadisə kimi qarşılandığını vurğulayıb. Azim Mullaxanov əməkdaşlıq və diqqətə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirərək, gələcəkdə bu ənənənin davam etdiriləcəyini qeyd edib.
Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalqlarımız arasında daim dostluq, qardaşlığın tarixi haqqında danışaraq, ötən əsrin əvvəllərində azərbaycanlıların Türkistanın mədəni həyatında mühüm rol oynadıqlarını, Azərbaycan müəlliflərinin əsərlərinin Özbəkistan səhnəsində dəfələrlə nümayiş etdirildiyini bildirib. O, bu ənənənin davamı kimi Azərbaycanda məşhur olan Məcid Şamxalovun “Qayınana” əsərinin Özbəkistan səhnəsində tamaşaya qoyulmasına görə Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.
Sonra Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrının baş rejissoru Dastan Xaqverdiyevin quruluşunda "Qayınana" tamaşası nümayiş etdirilib.
Özbək aktyor və aktrisalarının repertuarında təqdim olunan “Qayınana” tamaşasında Cənnət obrazını Özbəkistan Respublikasının Əməkdar artisti Muxabbat Sotvaldiyeva, Afət və Zərifə obrazlarını Gulasal Raxmanova, Ayaz obrazını Omon Yuldaşev, Sevda obrazını Arofat Erqaşova, İlqar obrazını Ravşan İbraqimov, Sədaqət obrazını Zilola Abdullayeva və başqaları canlandırıblar.
Tamaşanın musiqi tərtibatçısı Özbəkistan Respublikasının Fəxri mədəniyyət xadimi Karima Uzakova, dirijoru isə “Şöhrət” ordenli Akmal Turayevdir.
Özbək dilində təqdim olunan tamaşada musiqilər azərbaycanca ifa olunmuş, bir çox məşhur səhnələr tamaşaçıların alqışları ilə qarşılanıb.
“Qayınana” komediyasının Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrında on gün nümayişi nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)
Poetik qiraətdə Elxan Yurdoğludur – “Aprel gəldi, sevgili”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin diqqətçəkən şeirlərindən ibarət Poertik Qiraət rubrikasında bu həftə Elxan Yurdoğlunun şeirlərinin növbəsidir.
APREL GƏLDİ, SEVGİLİ...
Aprel gəldi, sevgili...
Sevgi kimi gəldi.
Yasəmənlər açacaq,
Gilənarlar çiçəkləyəcək...
Uçacaq kəpənəklər,
Qızlar daha da gözəlləşəcək...
Gözüm görməyəcək heç nəyi, heç kimi,
Sadəcə, sənə şeir yazacağam, sevgili...
Aprel gəldi, sevgili...
Sən gəldin elə bil...
Nə xoş qoxular doldu içimə,
Nə gözəl gülümsədi günəş,
Nə gözəl oxuyur sərçələr,
Yaşıl-yaşıl yarpaqlayır göycələr.
Amma nə vecimə, kim nə düşünür, nə bilir,
Sadəcə, sənə şeir yazacağam, sevgili...
Aprel gəldi, sevgili...
Bir bahar da gəncləşər ölüm,
Bir boy da böyüyər ömür.
Üstümdən
Üç yüz altmış beş gün keçər,
Yanımdan şeirə vurğun qadınlar
Alnımdakı qırışlar kimi düzgün keçər.
Torlanan gözlərimdən yayınarlar deyə,
Məyus keçər, üzgün keçər,
Baxışları süzgün keçər.
Tutular şeirimin ərköyün dili,
Sadəcə, sənə şeir yazacağam, sevgili...
Aprel gəldi,
Sən də gəl, sevgili.
Aprel gedəndə gedərsən,
Özünlə apararsan sevgimi.
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)
“Rakurs” nələrə rakurs edir?
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” rüblük bülleteninin növbəti sayı çapdan çıxıb.
2023-cü ilin yanvar, fevral, mart aylarında görülən işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində, eyni zamanda, ölkəmizdə kino sahəsində görülən işlərdən də bəhs olunub.
Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülletenin budəfəki nömrəsində görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda məzarüstü abidəsinin açılışı, Beynəlxalq Muğam Mərkəzində keçirilən anım mərasimləri yer alıb. Bundan başqa, çəkiliş meydançalarına, festival və müsabiqələrə, yubilyar filmlərə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə və dünyasını dəyişmiş sənətkarların nekroloquna yer verilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə (ADMİU) əməkdaşlıq çərçivəsində operator, Əməkdar incəsənət xadimi Rafiq Quliyevin uzun illərin təcrübəsindən bəhrələnərək kinoya dair yazdığı “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” dərsliyinin işıq üzü görməsi, eyni vaxtda ittifaqın maliyyə dəstəyilə AKİ İdarə Heyətinin üzvü, sənətşünas Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabının nəşr olunması haqqında məlumat da bülletendə öz əksini tapıb.
İnformasiya bülletenində həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbinin ikinci buraxılış məzunlarına diplomların təqdim edilməsi, gənc kinematoqrafçıların mükafatlandırılması, filmlərin nümayişləri, dünyasını dəyişmiş kinematoqrafçıların yubiley məqalələri, yaradıcılıq gecələri, tədbirlər də işıqlandırılıb.
Vətən müharibəsinə həsr olunmuş filmin çəkilişinin də yer aldığı bülletendə, eyni zamanda bu ilin oktyabr ayında Şuşa şəhərində keçiriləcək “Qorqud Ata Türk Dünyası” film festivalı, II “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı və Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına sənəd qəbulunun elan olunması və s. məqamlar da qeyd olunub.
Xatırladaq ki, kino tədqiqatçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü ilə çap edilir. Əsas məqsəd, bu təşəbbüsün ittifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşıması ilə yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir.
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)
Ceyms Allenə görə insan özü barədə nə düşünürsə, mahiyyətcə elə düşündüyünə bərabər olur
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.
Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.
Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.
Beləliklə ən yaxşı onluq.
10 -3-cü yerlərlə tanış olmuşduq. Bu gün 2-ci yerlə tanış olacağıq.
10-cu yer:
Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»
9-cu yer:
Riçard Brenson. «Çılpaq biznes»
8-ci yer:
Riçard Brenson. «Hər şey cəhənnəmə, giriş və elə!»
7-ci yer:
Robert Kiyosaki. «Varlı ata, kasıb ata»
6-cı yer:
Ayn Rend. «Atlant çiyinlərini düzəltdi”»
5-ci yer
Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək»
4-cü yer
Qay Kavasaki. «Startap»
3-cü yer
Napoleon Hill «Düşün və varlan»
----------------
2-ci yer
Ceyms Allen «Düşünən insan»
Düz 116 il öncə yazılan bir kitabın hələ də populyar olması, hələ də insanlara bələdçilik etməsi, fayda gətirməsi əlbəttə ki, diqqətçəkən haldır. İnsan özünüinkişafı üzrə klassik iş hesab olunan bu kitabın əsas ideyası odur ki, insanı onun düşüncələri formalaşdırır. Yüksək, ali fikirlər insanı yüksəldir, necə deyərlər, axmaq fikirlər isə insanı alçaldır.
Həyatı faciələr içində keçən, cəmi 15 yaşında ikən atasının öldürülməsi səbəbindən təhsilini atıb ailəsini dolandırmaq üçün ağır işlərə qatlaşan Allendə kitaba sevgini Lev Tolstoyun yaradıcılığı oyadıb. Yüzlərlə kitab oxuyan bu dahi şəxsiyyət insanın imkanlarının dəyişilməsi üçün düşüncənin gücünü ən əsas faktor hesab edir.
Allenə görə insan özü barədə nə düşünürsə, mahiyyətcə elə düşündüyünə bərabər olur.
İlk dəfə motivasiya mövzusuna toxunan Allen şəxsiyyətn inkişafını, uğur qazanma sirlərini məhz düzgün düşünə bilməkdə görməklə insanlığı düşünməyə səsləyir.
Sadəcə, düşünün, əziz oxucularım! Hər şey sizin düşüncələrinizdən asılıdır.
2-ci yerdəki kitabla tanışlıq da baş tutdu. Bəs 2-ci yerdə hansı kitab qərarlaşıb? Bunu sabah biləcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)
“Heydər Əliyev və Qarabağ" mövzusunda inşa müsabiqəsi yekunlaşıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası tərəfindən təşkil edilmiş "Heydər Əliyev və Qarabağ" mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Baş İdarədən verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilmiş müsabiqədə Sabunçu rayon 252, 169, 107 və 80 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edib.
Müsabiqədə I yerə 252 nömrəli tam orta məktəbin şagirdi Jalə Mahmudova, II yerə 107 nömrəli tam orta məktəbin şagirdi Aylin Quliyeva, III yerə isə 252 nömrəli tam orta məktəbin şagirdi Leyla Kazımlı layiq görülərək diplomlarla təltif olunublar.
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)