“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisndə layihəsində yenidən Şeir vaxtıdır, Firəngiz Sabirqızının şeirləri ilə tanışlıqdır.
Bir az göyə yaxın ol,
Bir az da yerə uzaq.
Bir az isin odlara,
Bir az üşütsün sazaq.
Ulduzlarda arzu tut,
Yerlərdə dəfn etməyə.
Məni də həbsə göndər,
Sonra da əfv etməyə.
Allaha salam söylə
Aşan ağac kökündən...
Sonra bir kəndir düzəlt
Şeytanın ağ tükündən...
Asıl ay işığından,
Süzül gözlərimə düş.
Sonra gəl mənə yalvar,
Əyil dizlərlmə düş.
Denən, məni bağışla,
Allah bağışlayandır.
Mən Allah deyiləm ki...
Adım cin daşlayandı...
***
Səndən qalan nə varsa,
Şəkil oldu mənimçün.
Nə çəkdimsə soldu e,
Divar oldu səninçün.
Asıldığım bu ömür
Ağır gəldi çəkidə.
Yenə baxıb gülürsən
Solub, ölən şəkildə...
Nə gülməli günüm var,
Qaralarım ağ olub.
Xırda dərə-təpələr
Başa çıxıb dağ olub.
Gəl çərpələng uçuraq
Bu daĝların başından.
Kağız gəmi üzdürək
Axan gözüm yaşından.
Bax, hər şeyin çarası,
Bax, hər şeyin yolu var.
Bir ağac böyüdürəm
Asılmalı qolu var...
***
Kəsdim, bax, ürəyimin
Sən olan tərəfini.
Yanağımın, gözümün
Nəm olan tərəfini.
Sənsizliyin çəkisin,
Ölçdüm, qanım qədərdir.
Nə desəm də, ta boşdu,
Nə desəm də, hədərdi...
Sildim saçıma düşən
Yağışın payızını...
Təkcə qışı oxşadım
Baharını yazını...
Addım- addım unutdum
Səndən qalan nə varsa...
Sən də açıl, örtül ta,
Pəncərələr divarsa...
***
...Mən hər gün sənin o
Zəng çatmayan nömrənə
Yüz dəfə zəng edirəm...
"Bu nömrəyə zəng çatmır"
Deyən o qızın belə
Əllərindən öpürəm...
Tək-tənha qoymur məni
Bir hənirti, səs edir..
Nömrənin o üzündən
Operator bəs edir...
Bilirəm ki, sağam mən,
Öldürməyib yoxluğun...
Azı həmişə udur
Sənin nöqtə çoxluğun...
Sən yoxsan, amma nömrən
Yaşayacaq mənimçün.
Yenə həmən nömrəni
Yığacam özüm üçün...
Bir gün o qız susacaq,
Bu zənglərim bitəcək.
"O nömrəyə zəng çatır"
Deyib küsüb gedəcək...
***
Əl uzatsan, dəyər göyə əllərin,
Sığal çəkər barmaqların aya da.
Ovuc-ovuc toparlayıb zər kimi
Ulduzları asar dən-dən havada.
Saçlarını külək sığalldıqca
Gözlərini qapayarsan gecəyə.
Yanaqların nurun alıb sevgidən,..
..."Sən günəşə bənzəyirsən "necə də...
Qollarını geniş açıb quş kimi
Uçacaqsan sanki üzü Allaha.
Sən göylərə məndən daha yaxınsan,
Qısqanıram, düzü, səni Allaha.
Oxa bənzər kirpiyində titrəyiş,
Qaşlarında sakit sular baxırdı.
Köksün dərin dərya kimi endikcə
Sual-sual arxasınca axırdı...
Dodağında xəfif təbəssüm gəzər,
Parıldayar dişlərin dənə-dənə.
Bu gecənin sükutunu dinşəyib,
Pıçıldadım," yenə gələrsən...yenə"...
***
Köhnə, sınıb-uçulmuş
uzaq qapı kimisən.
Qeyri-adi nəyin var?
sən də hamı kimisən...
Sənin də iki əlin
qırış tutub biləkdən.
Sən də sevib atmısan
Hamı kimi ürəkdən.
Sənin də gözlərində
Yalançı göz yaşın var...
Hamı kimi öləndə
Bir bəstə başdaşın var...
Sən də hamı kimisən,
Ayağların iz qoyur.
Sənin də başın altda
Biri gəlib diz qoyur.
Sən də hamı kimisən,
Soyuqda titrəməyin,
Əlini ovmağın var...
Yaxında it görəndə
Daş atıb qovmağın var...
Özgələrdən nə fərqin?
Fikirləşib tapmıram...
Ən uzaq yollarımsan,
Gedib-gedib çatmıram...
Sən də hamı kimisən,
Hamı da sənin kimi...
Səni kimlər sevəcək?
Bir də bax... mənim kimi,
Bir də bax mənim kimi...
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)