Super User

Super User

Azərbaycanı keyfiyyətsiz məhsullar poliqonuna çevirmək olmaz.

“APA-Economics” xəbər verir ki, bunu bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

 

Rüfət Quliyev deyib ki, insanların səhhəti üçün zərərli olan xaricdən gətirilən, o cümlədən daxildə işbaz sahibkarların istehsal etdiyi məhsulların nə satışına, nə də istehsalına icazə vermək olmaz: "Bu, insanlar üçün təhlükədir. Tutaq ki, aptekdən, hansısa ticarət şəbəkəsindən hansısa qida əlavəsini, yaxud yağı alırsan. O məhsulun üzərində elə şeylər yazılır ki… Az qala xərçəngdən tutmuş prostatın müalicəsinə qədər hər şeyə kömək edir. Axı necə ola bilər ki, adi dərman belə olmayan məhsul bu qədər xəstəliyin müalicəsinə kömək etsin? Bu, insanları aldatmaq deməkdir. Düzdür, yoxlamalarla bağlı ehtiyatlı olmaq lazımdır. Lakin insanların səhhətinə təsir edən belə hallarla bağlı həssas olmalıyıq”.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının Açıq portfel rubrikasında Dövlət Gömrük Komitəsinə istinadən növbəti statistika gətirəcəyik.

 

Bu ilin birinci rübündə 4 min 516 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 25,6 milyon dollar olub. 

Xatırladaq ki, ötən ilin müvafiq dövründə dəyəri 26,9 milyon dollar olmaqla 4 min 967 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Hesabat dövründə 2 min 876 ton süd və qaymaq idxal olunub. İdxal olunan südün dəyəri 6,4 milyon dollardır. Keçən ilin eyni dövründə dəyəri 4,1 milyon dollar olmaqla 2 min 932 ton süd idxal edilib. 

Yanvar-mart aylarında 3 min 349 ton çay idxalı həyata keçirilib. İdxal edilən çayın dəyəri 17,7 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövründə məbləği 15,3 milyon dollar olmaqla 3131 ton çay idxal olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

UŞAQLARI ÖLDÜRMƏK OLMAZ!!!

 

Ruhəngiz Əliyeva yazır

 

İdman zalında uşağın ölümü ilə bağlı görüntüləri izlədim, hələ də özümə gələ bilmirəm. Sözlərim bu qədər açiz qalmamışdı. Lakin sosiallaşmalı və ciddi içtimai qınaq formalaşmalıdır..  Xocalıda baş verənləri izləyəndə, bir də indi qanım dondu... 

Dostoyevskinin şah əsərlərindən olan “Karamazov qardaşları” əsərində İvan Karamazov Alyoşaya deyir: “Mənə de görüm, Alyoşa, əgər sən yaradıcı olsaydın və dünyanın yaradılması kiçik bir uşağın əzabını tələb etsəydi, dünyanı sən yaradardınmı?” 

Əziz Nesin isə bir şeirində belə yalvarır:

"Öyle bir ağlasam

Öyle bir ağlasam çocuklar

Size hiç gözyaşı kalmasa.

Öyle bir aç kalsam

Öyle bir aç kalsam çocuklar

Size hiç açlık kalmasa.

Öyle bir ölsem

Öyle bir ölsem çocuklar

Size hiç ölüm kalmasa"

Uşaqlar, uşaqlarımız... Uşaqlığını yaşaya bilməyən uşaqlarımız.  Öpməyə, əzizləməyə qıymadığımız, gözümüz dəyər deyə doya doya baxmadığımız uşaqlarımız, “yeməyib yedirdiyimiz”, “geyinməyib geyindirdiyimiz” uşaqlarımız…. Döyülməsinə baxa bilmədiyimiz uşağımız, övladımız, balamız…

    O idman zalında qanad alıb mələk oldu,  amma cənnət qapısında gözləyir…. Bizi hesaba çəkəcəyi günün təlaşında gözləyir.. Niyə bizi? Çünki biz kor, kar, lal cəmiyyətə çevrilmişik. Uşaqlarımıza edilən zülmlərə susmuşuq. Onları qorumaq üçün barmağımızı belə tərpətmirik. Biz, əgər varsa, daimi həlli olmayan məhkəmə tədbirlərini müdafiə etmişik. Belə  qatilləri  “edam” da israr etsək də, onun sosial mənşəyinə heç vaxt düşə bilməmişik…..

      Niyə biz işin sosioloji və psixoloji tərəflərini nəzərə almırıq? Niyə biz bütün bunlara sadəcə 10 gün sonar unudulacaq xəbərlər kimi baxırıq?

        Bəli, əsrlər boyu xəstə, pedofil, əqli cəhətdən qeyri-sabit insanlar var. Onlar mövcud olacaqlar. Təəssüf ki, bunu anlamaq üçün əlimizdə lakmus kağızı yoxdur. Təəssüf ki, insanların xarici görünüşü,  sosial vəziyyəti, şəxsiyyəti, danışığı niyyətlərini ortaya qoya bilmir.

      Nəticə etibarı ilə məhkəmə, qanunu, cəza, yaxud  “yazılmayan qanunlar” ürəyimizi soyutmaq üçün bir çarə kimi görünə bilər, amma əsas məsələ ictimaiyyəti məlumatlandırmaqdır. Bunun həlli məktəb deyil, ailədir. Ailədə başlayan tərbiyə insanın xarakterini dəyişir!

       Ailəsində sevgi görməyən, şiddətə məruz qalan, təhqir olunan, gücündən artıq məsuliyyət  yükü daşıyan fərdlərin sağlam olmasını gözləmək böyük xəyal qırıqlığıdır. Bu olacaq...

        Bizə gender bərabərliyini öyrənən, fərqliliklərə hörmət edən, cinsi kimlik və oriyentasiya haqqında məlumatlı, azadlığın sərhədlərini öyrənən, özünü və başqalarını tanıyan, sevgi ilə böyüyən, yaxşı qarşılıqlı əlaqə və ünsiyyətə malik sosial mühitdə yaşayan uşaqlar böyütmək, cəmiyyətə qazandırmaq lazımdır.  Əks halda hətta tərbiyəçi, müəllim kimliyi belə qazansada  qatil ruhlu manqurtlarla üz üzə qalacağıq.

       Şərə qarşı ən böyük mübarizəmiz bu olmalıdır. Şəri, cəhaləti, şiddəti,  cinsi aclığı, üstünlük eqosunu, fərqli və işıqlı görünənə nifrəti, qəzəbi bir qazanda əritməyin yeganə yolu budur. Bu, uşaqlarımızı qorumaq üçün yeganə yoldur. Bunun üçün cəmiyyətdə hər bir fərdin üzərinə çox, çox böyük vəzifələr düşür. Xüsusilə, biz şiddətə sosial baxışı dəyişdirməliyik və şiddətin, üstünlük təşkil etdiyi anlayışın məhv olmasını təmin etməliyik. 

     Bir sözlə, biz mütəmadi olaraq çox, çox mühüm məsələ ilə üzləşirik ki, onun üzərində ciddi, dərin təhlillər aparılmalı, məncə, komissiyalar, məclislər yaradılmalıdır. Ölümlərlə, fiziki,  psixoloji və mənəvi zorakılıqlara qarşı  mübarizə aparmalıyıq. Hər bir valideyin və ya uşaq tərbiyəsinədə hər hansı bir öhdəliyi olan insan bu haqda ciddi düşünməlidir. Bizim borcumuz həm fərdi, həm də ictimai olaraq bu rolların dəyişməsində iştirak etmək, üzərimizə düşəni etmək, təhsil fenomeninin hər bir fərdin həyatında yer alması üçün mübarizə aparmaqdır. Təbii ki, buna ilk növbədə öz ailəmizdən, övladlarımızdan başlamalı, bu mövzuda nümunə göstərən qurumlara, könüllülərə dəstək olmalıyıq.

     İdman zalında döyülərək ölən 7 yaşlı uşaq hər birimizin uşağıdır…..adını bilmədiyim o uşagın atasının hissəlrini duyuram, ananın naləsinin içimdən hiss edirəm…  Bu gün mən bu cəmiyyətdə müəllim, tərbiyəçi, alim olmaqdan utanıram…. Bağışla bizi gələcəyini idman zalında itirən, balaca... Bacarsan, bizi Alaha şikayyət etmə...  Etmə ki, bu dünyanı canilərdən təmizləyək!!!

...Uşaqların ağlamadığı, öldürülmədiyi, kədərlənmədiyi bir dünya arzusu ilə...

 

XATIRLATMA

Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov Elm və Təhsil Nazirliyinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin müəllimidir.

Mehman Xəlilov titulu olan idmançıdır. Həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçilik fakültəsini bitirib. Xəlilov sambo üzrə ixtisaslı məşqçi mütəxəssisdir. O, 2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. Həmçinin digər yerli və beynəlxalq yarışlarda da yüksək nəticələr göstərib.

Xatırladaq ki, aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib. Belə ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi cüdo-sambo məşqləri zamanı ağır xəsarət alıb. M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başının bədəninin altında qalması səbəbindən onun boynu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.

Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

 

Şəkildə: idman zalında çəkilmiş görüntülər

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən Əlizadə Nurinin sehirli poeziya nümunəsiylə tanışlıqdır. Bu dəfə şair “Allah girib yuxuma…” deyir.

 

Bu yeli kim qorxudub,

Niyə belə əsir yel?

Mənə bir yer göstərin-

Ordan görünməsin yer.

 

Sevgi bəhanə imiş,

Hər gün darıxmaq üçün.

İllər pilləkan oldu-

Ölümə çıxmaq üçün…

 

Yol da yoxdu getməyə,

Yol sal, məni yola sal.

Çıx o qəmi qarşıla

Qorxuram ki, yol aza…

 

Mən bir həsrət vağzalı,

Sən də getmiş qatarsan.

Yaram yaman dərindi-

Yaxın gəlmə, batarsan…

 

…Gecə nə mehribandı,

Ayrılmaq istəmirəm.

Allah girib yuxuma-

Ayılmaq istəmirəm…

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Mayın 6-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz mövqeyi” adlı tədbir keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı kitabxanaya istinadən xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi və "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin təşkilatçılığı ilə reallaşacaq. 

Tədbir çərçivəsində Ümummilli Liderin poeziyamızın inkişafı üçün gördüyü işlərdən danışılacaq, əvəzsiz xidmətləri vurğulanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Cümə axşamı, 04 May 2023 18:00

Ədəbiyyat və Şahmat

 

“Ədəbiyyat və incəsənət” portalı gənc yazıçı Ramil Əhmədin yazısını təqdim edir

 

2023-cü il dünya şahmat çempionu Ding Liren oldu. O, bu adı qazanan ilk Çinli qrosmeysterdir. Müsahibəsində Liren, stress və psixoloji gərginlikdən ədəbiyyatin köməkliyi ilə daha konkret desək Alber Kamyunun fikirləri sayəsində xilas olduğunu deyib:

"I remembered how Albert Camus talks about the concept of resistance. The idea is that if you see that you cannot win, do everything in your power to resist. And that memory gave me the determination I needed"

"Əgər qalib gələ bilmədiyinizi anlayırsızsa, gərək bütün mümkün gücünüzlə məğlub olmamaq üçün müqavimət göstərəsiniz."

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2023)

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən...” adlı bədii qiraət müsabiqəsi keçirilib. 

 

Öncə tədbir iştirakçılar Ulu Öndərə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Tədbir Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. 

Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov dövlətçilik salnaməmizdə silinməz iz qoyan, azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan söz açıb, müsabiqənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, “Sən elə bir zirvəsən...” bədii qiraət müsabiqəsinin keçirilməsində əsas məqsəd Ulu Öndərə həsr olunmuş ədəbi-bədii nümunələri təbliğ etmək, habelə milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdan ibarətdir. 

Sonra müsabiqədə iştirak edən bədii qiraətçilər Ulu Öndərə həsr olunmuş şeirləri böyük sevgi və ehtiramla təqdim ediblər. 

Təqdim olunan çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. 

Müsabiqənin nəticələri mayın 5-də elan olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana səfəri çərçivəsində bu ölkənin mədəniyyət və idman naziri Asxat Oralovla görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir ki, görüşdə nazir Asxat Oralov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini türk xalqlarının mədəni irsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə dəyərli töhfə kimi qiymətləndirib. Fondun ümumtürk irsinin ayrılmaz parçası Qazaxıstanın zəngin tarixi və mədəni irsinin təbliği yönündə həyata keçirdiyi layihələri dəstəkləməyə hər zaman hazır olduğunu bildirib. Nazir Türk Əməkdaşlıq Təşkilatları ilə mədəni əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən söz açıb. Fondun qurucu üzv ölkəsi Qazaxıstanla sıx qarşılıqlı əlaqələrindən bəhs edən Günay Əfəndiyeva, qazax xalqının görkəmli şair və mütəfəkkiri Abay Kunanbayevin, tanınmış dastançısı Jambul Jabayevin irsinin tanıdılması yönündə təşkilatın müxtəlif ölkələrdə apardığı işləri diqqətə çatdırıb. O, bu xüsusda Fond tərəfindən Abay Kunanbayevlə bağlı yeni kitabın hazırlandığını da bildirib.

Görüşdə təşkilatla Qazaxıstanın birgə əməkdaşlığı çərçivəsində "Otırar" beynəlxalq sənətkarlar sərgisinin və "Türk Xalqlarının Mənəvi Dəyərləri və Mədəni İrsi" mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi yönündə müzakirələr aparılıb. Fond ilə Qazaxıstan arasında əlaqələrin daha da gücləndirilməsinə dair perspektivlər dəyərləndirilib.

Günay Əfəndiyeva Asxat Aralova Fond tərəfindən nəşr olunmuş Türk Dünyasının mədəni irsini əks etdirən kitabları təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2023)

ÜMUMMİLLİ LİDERİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN KONFRANSIN TƏŞKİLATÇISI AYB ƏDƏBİYYAT FONDUDUR 

 

Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə 5-7 may tarixlərində Qubada “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı konfrans keçiriləcək. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans Qubadakı “Şahdağ Quba-Truskavets” sanatoriyasında gerçəkləşəcək.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konfransda AYB sədri Anar, AMEA prezidenti İsa Həbibbəyli, AYB-nin Birinci katibi Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı Heydər Əliyevin ədəbiyyata, bədii sözə və ədiblərə yüksək münasibəti haqqında çıxış edəcək, Ümummilli lider ilə bağlı xatirələrini, düşüncələrini bölüşəcəklər.

Milli Məclisin deputatı Jalə Əliyeva, Xalq yazıçısı Elmira Axundova, tanınmış kulturoloq Fuad Məmmədov, Xalq şairi Vahid Əziz, yazıçı, Milli Məclisin deputatı Aqil Abbas, Azərbaycan Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid çıxışlarında Ulu öndərin ədəbiyyatımıza, ana dilimizə, yaradıcı insanlara böyük diqqət və qayğısından söz açacaqlar.  Konfransda yazıçı Hüseynbala Mirələmovun, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın, şair, Milli Məclisin mədəniyyət üzrə eksperti Əkbər Qoşalının, ədəbiyyatşünas, YAP İdarə Heyətinin üzvü Elnarə Akimovanın da çıxış və məruzələri dinləniləcək.

Yazıçılardan AYB katibi Elçin Hüseynbəyli, Orxan Fikrətoğlu, şair Qəşəm Nəcəfzadə, AYB sədrinin müşaviri Sayman Aruz, şairlərdən İbrahim İlyaslı, AYB Quba bölməsinin rəhbəri Ramiz Qusarçaylı, gənc yazar İntiqam Yaşar da nəzərdə tutulan çıxışçılar sırasındadır.

Çıxışlar, məruzələr “Heydər Əliyev obrazının Azərbaycan ədəbiyyatında yaradan ilk irihəcmli əsər: “Unudulmaz görüşlər”im barədə”, “Heydər Əliyev dühası və Azərbaycan ədəbiyyatı”, “Heydər Əliyev və Ana dilimiz”, “Heydər Əliyev  və yeni mədəniyyət konsepsiyası”, “Ulu öndərin sənət adamlarına diqqət və qayğısı”, “Sözün qədirbiləni”,  “Heydər Əliyev və türk dünyası”, “Heydər Əliyevin ədəbi gəncliyə qayğısı” və digər mövzuları əhatə edəcək.

İki günlük konfrans çərçivəsində AYB-nin Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə hazırladığı “Əbədi ömrün yüz ili” kitabının təqdimatı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2023)

“Ədəbiyyat və incəsənət”in daimi müəllifi Elman Eldaroğlu yazır

 

 

Özünü şəxsən tanımasam da, varlığından qürur duyuram. Sevinirəm ki, el qızılarımın arasında akademik təhsil, alimlik dərəcəsi uğrunda çalışanların sırasındadır. Axı Yardımlı Azərbaycanın elə bölgələrindən biridir ki, orada zaman-zaman qızların nəinki ali təhsil almasına, hətta orta təhsilə yiyələnmələrinə süni maneələr yaradılıb…

 

Şükür ki, bu gün alim adına layiq görülən qızlarımız az da olsa, vardırlar. Doğrudur, onların əksəriyyəti müxtəlif şəhərlərdə doğulub, araya-ərsəyə gəliblər. Səhv etmirəmsə, Şəhla İbişova Yardımlıda doğulub, böyüyən barmaqla sayılacaq alim xanımlardan biri olacaq. Hələlik Türkiyə universitetlərinin birində doktoranturada təhsilini davam etdirir və həm də qardaş ölkənin tele kanallarından birində çalışır. 

Bu gün, doğum günündə “Facebook” sosial platformasında onun maraqlı bir müraciətinə rast gəldim və heyran qaldım; Ölkə rəhbərinə ünvanlanan bu müraciətdə elm və təhsil naziri təyin olunmasına işarə vuraraq, böyük cəsarət göstərib. Prezidenti əmin etməyə çalışır ki, bu vəzifəyə təyin olunarsa, Azərbaycan elm və təhsilinin yüksək səviyyədə təşkil olunmasına böyük töhfələr verə bilər. Kaş həmin müraciət ünvanına yetişə biləydi…

 

Bu gün Şəhla xanımın doğum günüdür. Növbəti ad gününü qeyd edir. Onu ürəkdən təbrik edir, möhkəm can sağlığı, həyatda müvəffəqiyyətlər, fəaliyyətində uğurlar arzulayıram.

Yeni yaşınız mübarək, Şəhla xanım!

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.