Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qlobal istiləşmə, artan təbii fəlakətlər, amansız müharibələr, pandemiya, su və taxıl qıtlığı, dəhşətli inflyasiya - bütün bunlar böyük bir bəladır. Bəşəriyyət tarix boyu o qədər müsibətlərlə üzləşmişdir ki... Amma hər nə olur-olsun insanlıq bütün bu fəlakətləri dəf edə bilmiş, öz mədəniyyətlərini qoruyub saxlaya bilmişlər. Dahilərin yaratdığı bütün əsərləri bir kənara qoysaq sadə bir gözəl rahibə xanım (Enil) tərəfindən 2300-2500 il öncə bir krala mixi yazı ilə yazılmış dünyanın ilk sevgi məktubunu xatırlamaq yerinə düşər:
-
Bəy, ürəyimin əzizi, sənin gözəlliyin misilsizdir,
bal kimi şirindir sən məni ovsunladın,
Qoy qarşında titrəyim, Bəy, qoy səni oxşayım,
qiymətli nəvazişim baldan şirindir,
nəvazişlərini bağışla, rəbbim əfəndim,
Mən Enlilin ürəyini sevindirən Su-sinəm, nəvazişlərini bağışla
-
Bu sadə şeirin belə zamanın bütün ən dəhşətli sınaqlarından keçərək özünü qoruyub saxlaması mədəniyyətin zəfərinin təcüssümü deyilmi?
Bütün bunlarla yanaşı qeyd etmək istərdim ki, o bəlalar ki, insana insan olduğunu unutdurur, o bəlalar ki, ən dəhşətli hadisələrin səbəbkarıdır. Qısacası, nə qədər ki, içimizdə xeyrlə şər mübarizə aparacaq, o zamana kimi də ən böyük bəlaların səbəbkarı da şərin nökəri olan insan olacaqdır... Mən bundan böyük düşmən tanımıram... İçimizdəki düşməni məhv etməklə mədəniyyətimizi daha da yüksəldə bilərik...
“Ədəbiyyat və incəsənət”
(24.08.2023)