
Super User
KİNOBƏLƏDÇİ-də bu gün “Mələklər şəhəri”
Bələdçiniz Uraqan Abdullayevdir
“Rüzgarı üzərində hiss edə bilmədikdən sonra qanadlarının heç bir əhəmiyyəti yoxdur."
Mənə görə, sevgi mövzusunda izlədiyim ən dərin filmlərdən biri "Mələklər Şəhəri" oldu. Mələklər insanlara kömək edir, lakin onların duyğuları yoxdur, nəfsləri yoxdur. Onların vəzifəsi sadəcə insanlara kömək etmək, dünyasını dəyişənləri isə digər dünyaya daşımaqdan ibarətdir.
Günlərdən bir gün mələklərdən biri dünyasını dəyişmiş insanı aparmaq üçün gəlir. Qadın doktor xəstənin yaşaması üçün əlindən gələni edir ki, adam ölməsin. Lakin əcəlin də öz vaxtı var, o nə qədər etsə də, xəstənin həyatını xilas edə bilmir. Mələk doktor qadının bu əzminə aşiq olur. Bir anlıq gözləri qadının gözləri ilə kəsişir, qadın mələyi görməsə də, mələk qadının baxışlarındakı yaşam eşqini görə bilir. Öz eşqinin əsirinə çevrildiyini hiss edən mələk öz varlığından imtina edərək insan olmağa qərar verir və qadının gözünə görünür. Lakin qadın bu dünyada mələklərin olduğuna inanmırdı, ta ki, mələyə aşiq olana kimi...
Baxmaqdan ən çox keyif duyduğum filmlər mistik formada yazılmış olan ssenarilərdir. Hər şeydən önəmli olan isə filmin izləyiciyə ötürdüyü mesajdır. Mesaj yetərincə uğurludursa, aktyorların oyunu mükəmməldirsə, o filmi sevməmək üçün bir səbəb qalmır. Baxılan filmdən hər insan fərqli bir nəticə çıxara bilər. Mənim bu filmdən çıxartdığım nəticə sevginin dərin qatlarına enməyimə kömək oldu. Mələkləri hər kəs görə bilməz, o vaxta qədər ki, onlar sənin gözlərinə görünmək istəmir. Bəzən onlar gəlir və səni qoruyur, qulağına nəsə pıçıldayır və gedir. Yaşamaq da, ölmək də həyatın bir parçasıdır, önəmli olan isə bu dünyada nəyin uğrunda mübarizə apardığından əmin olmaqdır.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
Bakıda rejissor Oleq Səfərəliyevin “Qorxu mağarası” filmi nümayiş olundu
Rusiya Kinosu Günü ilə əlaqədar ötən gün - avqustun 27-də “Zagulba fm”də Bakıdakı Rus Evinin dəstəyi ilə rusiyalı və azərbaycanlı rejissor, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdində Kino məktəbinin direktoru Oleq Səfərəliyevin “Qorxu mağarası” filmi nümayiş olundu.
Filmdə gənc cütlük olan Kuznetsovların ailə həyatında baş verən böhrandan söhbət açılır. Ailədə kiçik qız böyüyür və onlar bu səbəbdən münasibətlərini qoruyub saxlamağa cəhd edirlər. Cütlük günü birgə, bütöv ailə kimi keçirmək qərarına gəlir və attraksionlar parkına yollanırlar. “Qorxu mağarası” adlanan attraksionun birində onların qızları müəmmalı şəkildə yoxa çıxır. Kuznetsovlar qızlarını axtarmaq məqsədilə yerli polis bölməsinə müraciət edirlər. Daha sonra cəfəng kabus başlayır: parkda belə attraksion aşkar edilmir.
Təqdim olunan ekran əsərində rollarda Viktoriya Tolstoqanova, Sergey Qorobçenko, Nina Ruslanova, Viktor Kosıx və digərləri çəkiliblər.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
BİRİ İKİSİNDƏ: Murad Köhnəqalanın “Buğdanın göyə çəkilməsi” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün nəsr zamanıdır, sizlərə Murad Köhnəqalanın “Buğdanın göyə çəkilməsi” hekayəsi təqdim olunur. Hekayə, yeri gəlmişkən Mir Cəlal adına 3-cü hekayə müsabiqəsində 197 hekayə arasında üçüncü yerə layiq görülüb.
Murad Köhnəqala: Dostlar, sizə təqdim edəcəyim bu hekayəm Mir Cəlal adına 3-cü hekayə müsabiqəsində 197 hekayə arasında üçüncü yerə layiq görülüb. Hekayənin əvvəlki variantında baş qəhrəmanın, yəni o balaca qızın adı yox idi. Bir gün hekayəni yenidən işləməli oldum və “balaca qız” adlandırdığım qəhrəmanı öz adı ilə canlandırmağı lazım bildim. Çox fikirləşdim, xoşuma gələn bir ad xatırlaya bilmədim. Yoldaşıma dedim, bu hekayənin qəhrəmanı üçün mənə bir gözəl qız adı deyə bilərsənmi? O da heç fikirləşmədən “İpək!” dedi. Ad çox xoşuma gəldi. Dərhal da əziz dostum Rəşad Məcidin nəvəsi İpək xanım yadıma düşdü. Onun 44 günlük müharibə dövründə sosial şəbəkədə paylaşdığı videolarını xoş xatirə kimi xatırladıq. Yadınızda olar, həmin tarixi dönəmdə balaca İpəyin o pozitiv videoları bizi qəlbən necə qələbəyə inandırır, dərdimizi necə yüngülləşdirirdi. Həmən fikirləşdim ki, qəhrəmanın adı İpək olacaqsa, elə, hekayəni də həmin İpək xanıma həsr eləməliyəm. Beləcə, hekayənin üstündə “Rəşad Məcidin sevimli nəvəsi İpək xanıma həsr edirəm” yazıb arxivimdə “Hekayələr” papkasına yerləşdirdim.
Aradan bir müddət keçmişdi, feysbukda təsadüfən Rəşad Məcidin səhifəsində Mir Cəlal adına hekayə müsabiqəsinin elanını gördüm. Elanda şərt kimi “beş min” söhbətini oxuyanda elə bildim təqdim olunan hekayə beş min işarədən çox olmamalıdı. Ona görə elanın üstündən keçdim. Sonradan həmin elan bir də qarşıma çıxdı, yenidən oxudum. Sən demə, qoyulan şərt beş min işarədən yox, “beş min sözdən artıq olmamalıdı” imiş.
İndiyə qədər heç bir yaradıcılıq müsabiqəsində iştirak eləməsəm də, nədənsə bu dəfə maraq məni götürdü. Özü də baxdım ki, müsabiqənin vaxtı sabah tamam olur. Dərhal topladığım hekayələr papkasına göz gəzdirdim və müsabiqə üçün “Buğdanın göyə çəkilməsi” hekayəsini seçdim. Dərhal da fikirləşdim ki, ey dadi-bidad, birdən münsiflərin arasında Rəşad Məcid də olar, onçun onun nəvəsinə həsr etdiyimi hələlik yazmamalıyam. Beləcə, hekayənin üstündə yazdığım “Rəşad Məcidin sevimli nəvəsi İpək xanıma həsr edirəm” sözlərini müvəqqəti yığışdırıb göndərdim müsabiqəyə.
Müsabiqənin qalibləri elan olunan gün məlum oldu ki, Rəşad Məcid də münsiflərdən imiş. Düzdü, Rəşad hansısa üzrlü səbəbdən təqdimetmə mərasiminə gələ bilməmişdi, ancaq onun adı münsiflər arasında çəkiləndə öz zənnimdən razı qaldım. Münsiflər heyətinin rəhbəri hörmətli yazıçımız Elçin Əfəndiyev öz çıxışında hekayələrin anonim formada oxunduğunu və göndərilən əsərlərin tam obyektiv qiymətləndirildiyini dəfələrlə söylədi. Əlbəttə, hörmətli Elçin müəllimin səmimiyyətinə qətiyyən şübhə eləmirəm.
Mənə maraqlı gələn təkcə odur ki, hekayəsi birinci və ikinci yerlərə layiq görülən müəlliflər Azərbaycanın çağdaş ədəbi aləmində heç vaxt görünməyən adamlardı. Yeganə, onların arasında ikinci yeri tutanlardan birini, Cavidan xanımı tanıya bildim. Lakin “Yağışlı bir gün idi” adlı hekayəsi birinci yerə layiq görülən Seymur Həmzəyevi ilk dəfə orda gördüm. Deyim ki, Seymur elə ilk görüşdən çox səmimi insan təsiri bağışladı mənə. Ancaq çox istərdim Seymurun həmin hekayəsini oxuyam, görüm, doğrudanmı məndən yaxşı yazıb. (Bu yerdə bir gülüş smayliki təsəvvür eləyin). Zarafat bir yana, bu situasiyada həm də düşündüm ki, nə bilmək olar, bəlkə, doğrudan da, papaq altda biz tanımadığımız gənc, istedadlı yazıçılar yatır.
Beləliklə, sözügedən hekayəmi “Ulduz” jurnalının oxucularına da təqdim edirəm.
Rəşad Məcidin sevimli nəvəsi İpək xanıma həsr edirəm
Marketdən əlində dolu torba ilə çıxan qızcığazın arxasınca balaca bir it düşdü. İt qızın yanı ilə xeyli yeridikdən sonra “hey!” deyə bir səs çıxartdı. İtin qeyri-adi səsindən diksinən qızcığaz yüngülcə kənara atıldı. Onun bu təlaşını hiss edən it:
– Qorxma, dostum, mən danışa bilirəm, – dedi və əlavə elədi. – Adətən, səni mağazaya gələndə yox, daha çox məktəbə gedəndə görürəm. Mənimlə dost olarsan?
– Dost? Hə, olaram, heç heyvan dostum yoxdu, – qızcığaz mehriban səslə dilləndi. – Düz deyirsən, biz məktəbə həmişə bu yolla gedirik. Bayaq qardaşım dostları ilə futbol oynamağa getmişdi, ona görə anam mağazaya məni göndərdi.
– Qoxusundan bilirəm ki, torbanda kolbasa da var, – deyib it üst dodağını yaladı.
– Kolbasa, pendir, süd, çörək, konfet almışam, – qızcığaz yanı ilə tullana-tullana gedən itin sözlərini təsdiqlədi.
– Heey, mənə bir dilim kolbasa-çörək verərsən? – deyə it yalvarıcı səslə ondan soruşdu.
– Əlbəttə, verərəm!
Qızcığaz torbanı açıb bir az çörək, bir neçə dilim kolbasanı səkinin kənarında onun qarşısına qoydu və dayanıb gözlədi. İt kolbasa-çörəyi cəld yedikdən sonra oturub arxa ayağı ilə qulağının dibini qaşıdı.
– Sənə nə olub, niyə qaşınırsan? – itdən soruşdu.
– Bilirsəəən?.. – it utanaraq cavabını bir az ləngitdi. – Axmaq birələrdi, bədənimizə düşüb bizi yeyir, dəhşət qaşınır, qaşınır, qaşınır...
– Bəs onun dərmanı yoxdu?
– Hoho! Niyə yoxdu? Bunun dərmanı siz insanlardadı. Bit-birəyə qarşı şampunlar var, gərək insanlar həmin şampunlarla bizi çimizdirsin. Yazıq küçə pişiklərini də birələr məhv eləyir. Əşi, nə isə, bu söhbəti buraxaq, sən mənə yenə kolbasa verə bilərsən?
– Əlbəttə! – deyib qızcığaz onu yenə kolbasa-çörəyə qonaq elədi. İt onun bu hədiyyəsini də yedikdən sonra ağız-burnunu yalayıb aralarında yaranmış dostluğu dərinləşdirmək üçün soruşdu:
– Sən çox yaxşı qızsan, adın nədi?
– Adım İpəkdi! Bu adı mənə nənəm verib. Dediyinə görə, o mənim ipək kimi mülayim bir insan olmağımı arzulayıb.
– Oy, nə yaxşı addı! – İt qızcığazın qarşısında tullanıb-düşdü. – Mənim də adım Bibodu, Bibo! Bu adı mənə dostlarım qoyub. Bilirsən niyə? Küçədə siqnal verən maşınları görəndə əsəbiləşib dəli oluram, ona görə.
– Hə, yersiz siqnal verən maşınlara mən də əsəbiləşirəm. Lazım oldu-olmadı siqnal verir, ətrafdakıları veclərinə almırlar. Halbuki maşınlardakı siqnallar ən gərgin vəziyyətlər üçün quraşdırılıb.
İpəyin mehriban bir insan olduğunu duyan Bibo ürəyini ona açmaq qərarına gəldi:
– Dərdimiz təkcə siqnal olsaydı, nə vardı, İpəkciyim? Bir də görürsən, yekə-yekə kişilər əlinə daş alıb bizi qovurlar. Bəzi uşaqlar da onlardan öyrənib, biz itləri harda gördülər, daşlayırlar. Hərdən olur, gedib uzaqdan qorxa-qorxa ət satan kişilərin əllərini güdürük ki, bəlkə, bizə də bir tikə atdılar. Atmırlar! Dəhşət zalımdırlar! Fikirləşmirlər ki, bizim həyatımız onların insafından asılıdır. Həmin kişilərin çayxanalarda oturub zalımdan, zülmdən danışdıqlarını çox eşitmişəm, ancaq öz zalımlıqlarından xəbərləri yoxdu.
– Aaa, gör ee, bu şeylərə heç mən də fikir verməmişdim! Bibo, indən belə anam məktəb üçün qoyduğu buterbrodların hamısını sənə verəcəm, yaxşı? – deyə İpək kövrək səslə dilləndi.
– Yoox, İpək, gəl belə eləməyək! Onda sən ac qalarsan. Bilirsən, necə eləmək lazımdı? Sən anana de ki, buterbrodu bir az çox qoysun, bax onda yarısını mənə verə bilərsən.
– Hə, hə, bu, əla fikirdi!
İpəyin razılığından ürəklənən Bibo fürsət ikən yol boyu ona ürəyindəkilərdən danışmağa başladı:
– Bilirsən? Gəl sənə bir əhvalat danışım, gör insanlar bizə qarşı necə amansızdır. Bunu mənə anam söyləyib. Ona da öz anası danışıbmış. Deyir, qədimlərdə Tanrı təbiətdə hər cür nemətdən bol yaradıbmış. İnsanlar bir-biri ilə çox mehriban dolanırmış. İtlər də həmişə onların yanında olurmuş. O qədər bolluq imiş ki, sünbüllərin gövdəsindəki buğdalar lap aşağıdan yuxarıyacan düzülürmüş. Başa düşürsən? Yəni sünbülün üstü tamam buğda ilə örtülü olurmuş.
Bir gün insanlar Tanrının bəxş elədikləri ilə kifayətlənməyib ona asi düşərək öz aralarında müharibələrə başlayırlar. Onlar bir-birinin yurd-yuvasına hücum edir, güclü olanlar zəifləri əsir götürüb işgəncələr altında qul kimi işlədir. Tanrı insanların bu bolluqda qudurğanlıq etməsindən qəzəblənib onların çörəyini azaltmaq üçün buğdanı yavaş-yavaş göyə çəkməyə qərar verir. Beləcə, buğdalar sünbüllərin aşağısından yavaş-yavaş yuxarıya doğru yoxa çıxmağa başlayır. Başları didişməyə qarışan insanların bundan heç xəbəri də olmur.
Lakin itlər görür ki, çörək tamamilə yoxa çıxacaq, yığışıb üzü göyə ulaşaraq Tanrıya yalvarırlar. Tanrının onlara yazığı gəlir və itlər ac qalmasın deyə, sünbülün ucunda buğda saxlayır. İnsanların hələ də xəbəri yoxdu ki, onlar bizim payımızı yeyirlər. Qoy yesinlər, ancaq bizə də verməlidirlər axı!
– Ay aman, gör sizə qarşı nə qədər haqsızlıq eləyirik! – deyə İpək bu dəfə lap ağlamsındı.
– Yox, yox, sən kövrəlmə, İpəkciyim! Sənin nə günahın? Sənin çox gözəl qəlbin var! – Bibo ona təskinlik verdi. – Ümumiyyətlə, uşaqların qəlbi gözəl olur, lakin təəssüf ki, böyüdükcə onlar da zalımlaşırlar.
Bibo getdiyi yerdə dayanıb əlini çənəsinə qoyaraq filosof görkəmi aldı və söhbətinə belə bir yekun vurdu:
– Bu yerdə qeyd etməliyəm ki, balacaları da sonradan böyüklər zalımlaşdırır.
– Mən də böyüyəndə zalımlaşacam, Bibo? – İpək təlaşla soruşdu.
– Qulaq as! Baax, böyüklər həmişə həyatı, yaşayışı çətinləşdirməklə məşğul olublar. Həyatda nələrəsə nail olmaq istəyən gənc də getdikcə zalımlaşır və nəticədə zalımlardan ibarət kişi sürüsü meydana gəlir. Zalım kişilərdən də zalım bir cəmiyyət yaranır. Onu da deyim ki, qadınlar həyat çarpışmalarında nisbətən passiv olduqlarına görə kişilərlə müqayisədə o qədər də zalımlaşmırlar. Yəni sən böyüyəndə heç də zalım olmayacaqsan, İpək! Ancaq insanın özündən də çox şey asılıdı. Mən fikir vermişəm, ən zalım insan, əsasən, savadsızlardan, bilgisizlərdən əmələ gəlir. Belələri elə bilir, həyatda yalnız onlar yaşamalıdı. Qətiyyən başqaları haqda düşünmür, ehtiyacı olanlara yardım eləmirlər. Həmin insanlar öz həmcinslərinə bu cür baxırsa, gör bizlər haqda nələr düşünürlər?! Elələrinə qalsa, bizim nəslimizi yer üzündən silərlər.
– Çox sağ ol, Bibo, sən mənə çox şey öyrətdin. Mənim üçün çox gərəkli söhbət elədin. Mən artıq evə çatıram...
– Hə, başa düşürəm, mən küçə itiyəm, narahat olma, səninlə evinizə getmərəm, indi geri qayıdıram.
– Bibo, bəs bu hekayəni yazan kimdi? – deyə İpək boynunu azacıq yana əyərək maraqla soruşdu.
– Bu hekayənin müəllifi? Hə, o da mənim kimi bir küçə şairidi! – Bibo kədərli səslə cavab verdi.
– Anladım, Bibo! Salamat qal, mənim əziz dostum! Sabahdan hər səhər məni məktəb yolunun üstündə gözləyərsən, buterbrodunu gətirəcəm.
– Oldu, mütləq gözləyəcəm, hələlik! Heeey, kolbasasını bol eləyərsən!!!
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
Rus evində gənc istedadların sərgisi açılıb
Şənbə günü Bakıdakı Rus evində gənc istedadların sərgisi açılıb. Sərgi Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı assosiasiyaya istinadən xəbər verir ki, sərgini giriş sözü ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası rəhbərinin müavini Tamerlan Ələkbərov açıb. O bildirib ki, sərgidə gənc rəssamların – İsmayıllı rayonunun İvanovka kənd orta məktəbinin şagirdi Anastasiya Fateyevanın, İvanovka kəndindəki Heydər Əliyev adına orta məktəbin şagirdi Qriqori Falinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Şəhla Nağıyevanın 30 əl işi təqdim olunur.
Onun sözlərinə görə, sərginin keçirilməsində əsas məqsəd gənc istedadların dəstəklənməsi və onların gələcək yaradıcılıq inkişafına motivasiyasıdır. Azərbaycanın Rus Gəncləri Assosiasiyası hər ay belə sərgilər keçirir. Arzu edən hər kəs bu sərgilərdə iştirak edə bilər.
Sonra sağlamlıq imkanları məhdud Şəhla Nağıyevanın anası Şəfəq Nağıyeva çıxış edərək deyib: “Mən Şəhla Nağıyevanın anası olaraq çox sevinirəm ki, mənim gənc qızımın yaradıcılıq işləri burada təqdim olunur və təşkilatçılara minnətdarlığımı bildirirəm. Şəhla 16 ildir şəkil çəkməklə məşğuldur, artıq 80-dən çox əl işi var. O, Moskvada, “Mən bacarıram” adlı festivalda ikinci yeri tutub və hazırda öz fəaliyyətini Bakıda davam etdirir”.
Gənc istedad Qriqori Falin çıxışında ona öz əl işlərini ictimaiyyətə təqdim etmək fürsəti yaratdıqlarına görə təşkilatçılara təşəkkürünü bildirib.
Sərgidə 10 rəsmi təqdim olunan gənc rəssam Anastasiya Fateyeva vurğulayıb ki, bu sənəti özü öyrənib və onda rəssamlığa istedad irsidir.
Qeyd edək ki, sərgi 10 gün davam edəcək. Arzuedənlər sərgini Üzeyir Hacıbəyli, 77 b ünvanında (Bakıdakı Rus evi) ziyarət edə bilərlər. Giriş pulsuzdur.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
“Məni öldürməyə, işdən qovmağa çalışdılar…”
BU GÜN YAZIÇI ƏLİBALA HACIZADƏNİN 88-Cİ İLDÖNÜMÜDÜR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyirdi ki;- “”Vəfalım mənim” romanımın üstündə başım çox cəncəllər çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşıma çıxdılar. Məni öldürməyə, işdən qovmağa çalışdılar. Bir dəfə işdən çıxartdılar, yenə mübarizə aparıb öz işimə qayıtdım. Axırda gördülər mümkün deyil, baş elmi işçilikdən məni çıxarıb kiçik elmi işçi elədilər. Maaşım 320 manat idi, elədilər 145 manat. Dedilər get buradan. Dedim heç yana gedən deyiləm. Mən yetim oğlan olmuşam. Pendir-çörək yemişəm. Pendir-çörəklə də uşaqlarımı saxlayacağam, amma sənətimi və iş yerimi dəyişməyəcəyəm. Zaman keçdi, o mənə haqsızlıq edənlərin hamısı gözümün qabağında tut kimi tökülüb getdilər.”
Qəribə adam idi. Sanki bu qəribəlik taleyinə yazılmışdı. Ömrü boyu haqsızlıq, ədalətsizliklə üz-üzə qalsa da ruhdan düşmür, yazıb yaradırdı…
“Hələ uzun illər bundan əvvəl demişdim ki, mən ədəbiyyatımızın ögey balasıyam. O zaman mənim bacarığımdan istifadə olunmayıb. Uzun müddət adım qara siyahıda olub. Mənim stolum mənim səngərimdir. Elə adamam ki, çağırılan yerə ərinmirəm, çağırılmayan yerdə görünmürəm. İndi-indi tədbirlərə dəvət eləyirlər. İnanın ki, üçüncü kursu bitirənə kimi Bakı kimi küləkli şəhərdə pencəkdə oxumuşam. Aldığım təqaüdün yarısını ev kirayəsinə ödəmişəm.”- söyləyirdi.
O, Azərbaycan ədəbiyyatı tarixində ən çox tirajla çap olunan müəlliflərdən biri olub. Bir vaxtlar elə bir ev tapılmazdı ki, onun “İtgin gəlin” kitabı həmin ailədə olmasın. Söhbət 1935-ci il, avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olan yazıçı Əlibala Hacızadədən gedir…
Deyirdi ki;- “Ədəbiyyat aləmi müqəddəs bir aləmdir və əbədiyyət adlı bir dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzablısıdı. Mən ömrümün böyük bir hissəsini burada – müqəddəs saydığım bu dünyanın içində yaşamışam. Onun paklğını, müqəddəsliyini bildiyim üçün, o aləmin qapısı ağzında ayaqqabılarımı təmizləyib içəri girmişəm, bilmişəm ki, o saf, şəffaf dəniz kimi, natəmiz şeyləri qəbul etmir, silkinib-çırpınıb gec-tez sahilə atır…”
Bəli, Əlibala Hacızadə bu fani dünyada belə bir ömür yaşayıb. Əməlləri ilə Allahın nə qədər xoşuna gəldiyi isə axirətdə məlum olacaq. Deyirlər ki, bu dünyada Allaha inamınla, imanınla yaşayanları, o dünyada mükafat gözləyir…
Yaşasaydı avqustun 28-i 88 yaşı tamam olacaqdı. On dörd il bundan öncə Allahın ölüm mələyi Əzrailə qoşulub əbədi dünyaya getdi. O dünyada sorğu-sualı asan, son mənzili rahat olsun!
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
London festivalında “Mən qayıdıram” filmi finala çıxmışdır
Londonda keçirilən "Lift-Off First-Time Filmmakers Showcase 2023" festivalında Azərbaycan kinosu "Mən qayıdıram" filmi ilə təmsil olunmuşdur. “Mən qayıdıram" filminin öz kateqoriyasında 150 film arasından seçildiyini və "Lift-Off First-Time Filmmakers Showcase 2023" festivalında münsiflər heyətinin seçimində finala çıxdığını bildirməkdən məmnunuq duyuruq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə prodüsser Gülüstan Əliyeva məlumat vermişdir. Gülüstan Əliyeva söyləmişdir ki, “Bizə dəstək olanlara ürəkdən təşəkkür edirik. Festivalın qalibləri gələn həftə bəlli olacaq”.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
Liderlik qanunlarından: Yaxın çevrə qanunu
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.
«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!
Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq. Bu gün sırada 11-ci qanundur:
11.Yaxın çevrə qanunu
«Liderin potensialı onun yanında olan insanlarla ölçülür».
Hər bir liderin potensialını onun yanında, çevrəsində olan insanlarla təyin etmək mümkündür. Əgər bu insanlar mənən güclüdürlərsə, onda həmin lider bütün təşkilata böyük təsir göstərmək qabiliyyətində olacaq. Yox, əgər, onlar zəifdirlərsə, lider heç nə eləyə bilməyəcək. Məhz bu da yaxın çevrənin qanunudur.
Personal düzgün seçiləndə potensial sanki raket kimi göyə yüksəlir.
Con Maksvell yazır: «Tanrı məni ən yaxşı əməkdaşlardan ibarət çox gözəl komanda ilə mükafatlandırıb. Amma mən hələ nöqtə qoymuram. Mən bundan sonra – növbəti onillikdə də ondan sonra da bu komandanı möhkəmləndirəcəyəm, öz yaxın ətrafıma digər yaxşı adamları cəlb edəcəyəm. Mən axı bilirəm ki, məndə çoxlu istifadə olunmamış potensial qalıb. Əgər mən öz imkanlarımı tam realizə etmək istəyirəmsə, mütləq özümü ən yaxşı insanlarla əhatə etməliyəm. Bu, qarşıda qoyulmuş məqsədlərə çatmağın yeganə yoludur».
Yaxın çevrə qanunu da məhz budur.
***
Digər 10 qanunla isə ötən günlər tanış olmuşdunuz:
1.Tavan qanunu.
«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».
Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.
Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.
2.Təsir qanunu
«Liderliyin həqiqi ölçüsü təsirdir».
Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.
3.Proses qanunu
«Lider bir gün ərzində deyil, günbəgün olurlar».
Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.
Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.
«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».
Liderlik – inkişaf qanunlarına tabedir.
4.Naviqasiya qanunu
«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».
Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.
Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.
Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.
Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.
Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.
«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».
Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:
- Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;
- məqsədi lokallaşdırmaq və sistemləşdirmək;
- prioritetləri ünvanlı korrektə etmək;
- əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;
- planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;
- reallaşdırmaya fəal qoşulmaq;
- gözlənilən problemlərə uyğunlaşmaq;
- uğurları təbii şəkildə görmək və qeyd etmək;
- hər gün öz planına nəzarət etmək.
Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.
5. E.F.Xatton qanunu.
«Əsl lider danışanda insanlar ona qulaq asır».
Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.
«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.
Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.
Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.
Vəzifəcə lider birinci danışır, real lidersə sonda.
- Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;
- Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;
- Lider çoxlu informasiyaya malik olur;
- Liderlik intuisiya qabiliyyəti tələb edir;
- Liderlik təcrübədən qaynaqlanır;
Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:
- Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?
- Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?
6.Möhkəm özül qanunu
«Liderliyin əsası etibardır»
Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.
Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.
General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».
Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.
Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.
Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.
7.Hörmət qanunu.
«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».
1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.
O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.
1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.
Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.
Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.
Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.
8.İntuisiya qanunu
«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».
Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.
Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.
İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.
Liderlik elmdən daha çox incəsənətdir.
9.Maqntizm qanunu
«Siz özünüz kimi olanları cəzb edirsiniz»
Effektiv liderlər həmişə yaxşı adamları axtarırlar. Bu, əksər hallarda məhz onların özlərinə bənzəyən, onlara lazım olan xarakterə malik olan, onlardakı keyfiyyətlərə malik olan adamlar olur. Məhz maqnetizm qanunu da budur: siz özünüz kimi olanları cəzb edirsiniz.
Pessimist və optimistlər az halda bir-birini cəzb edə bilər. Daha çox, yaşıdlar bir-birini cəzb edə bilirlər. Sosial mənsubiyyət, əlaqələr və ətraf da cəzbetmədə rol oynayır.
İnsanları həm də eyni mənəvi dəyərlər cəzb edə bilir. Başqa bir cəzbetmə obyekti – həyat təcrübəsidir.
10.Əlaqə qanunu
«Liderlər öncə ürəkləri tərpədirlər»
Ünsiyyət qurmaq bacarığı, hər bir kəslə dost ola bilmək qabiliyyəti qiymətli keyfiyyətdəir. Əsl liderlər gözəl bilir ki, insanları öz ardlarınca aparmaq üçün öncə ürəkləri tərpətmək lazımdır. Böyük liderlər həm ayrı-ayrı individlərlə, həm də insan qrupları ilə, kütləylə sıx əlaqə saxlamaq qabiliyyətinə malik olurlar.
ABŞ prezidentlərindən olan Ronald Reyqan Böyük Kommunikator təxəllüsünü auditoriyada harmonik anlaşma anlayışı yaratdığına, ayrı-ayrı fərdlərin ürəklərini tərpədə bilməsinə görə almışdı.
Qrupdakı insanlarla əlaqə yaratmaq üçün tezliklə hər bir insana müraciət etmək lazımdır. Liderin məqsədi onu əhatə edən adamlarla əlaqə qurmağın təşəbbüsçüsü olmaqdır.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
Bakıda klassik avtomobillər sərgisi keçirilib
Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin sərgisi keçirilib.
AzərTAC xəbər verir ki, sərgidə avqustun 27-də keçiriləcək yürüş üçün qeydiyyatdan keçmiş klassik avtomobillər, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən avtomobil sərgisinin eksponatları sırasında olan bəzi nəqliyyat vasitələri yer alıb. Ümumilikdə sərgidə 140-dan çox avtomobil nümayiş olunub.
Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgidə unikallığı ilə seçilən avtomobil də yer alıb. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz “Qaz-M21 Volqa” avtomobili üzərində yaradılıb. Bu, avtomobil üzərində quraşdırılan unikal dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.
Sərgidə 1983-cü ilədək istehsal olunmuş retro nəqliyyat vasitələri nümayiş etdirilib. Ən qədim avtomobil isə 1931-ci il istehsalı olan “Ford Model A” markalı maşın olub.
Sərgidə iştirak edən “Mercedes-Benz C-Class 170” avtomobilinin sürücüsü Azər Abıyev bildirib ki, bu avtomobil dünyada öz seriyasının birinci versiyasıdır. “2022-ci ildə Almaniyada keçirilən avtomobil sərgisindən almışam. Həftədə bir dəfə - yalnız bazar günləri istifadə edirəm. Bu avtomobildən Azərbaycanda bir dənədir”, - deyə o əlavə edib.
“Harley-Davidson” markalı motosikletin sahibi Vladislav Vologin nəqliyyat vasitəsinin 1938-ci ilə məxsus olduğunu söyləyərək bildirib: “Bu, mənə babamdan qalıb. Hazırda çox az adam bundan istifadə edir”.
Sərgiyə 1926-cı il istehsallı “Moskvich”i ilə qatılan Araz Kərimov isə nəqliyyat vasitəsini beş il əvvəl Polşadan gətirdiyini vurğulayıb. O deyib: “Avtomobili təxminən 1500 dollara almışam. Bu cür köhnə avtomobillərə uşaqlıqdan həvəsim var”.
Qeyd edək ki, klassik avtomobillər avqustun 27-də Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək “Sea Breeze” istirahət mərkəzinədək yürüş edəcəklər.
Əlli kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatacaq klassik avtomobillərin orada da sərgisi təşkil olunacaq. Tamaşaçılara, həmçinin tanınmış ifaçıların iştirakı ilə konsert proqramı təqdim ediləcək.
Əyləncə proqramına müsabiqələrin keçirilməsi, müxtəlif nominasiyalarda hədiyyələrin təqdimatı da daxildir.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
Fars rejiminin qatı əleyhdarı Seyid Cəfər Pişəvərinin doğum gününə
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
İstirahət günlərinə daha bir təqvim hadisəsi düşdü. Seyid Cəfər Pişəvərinin doğum günü, anadan olmasının 132-ci ildönümü.
Azərbaycan xalqının böyük oğullarından biri də Seyid Cəfər Pişəvəri olub. O, 26 avqust 1892-i il tarixində Cənubi Azərbaycan, Xalxal mahalının Zaviyə kəndində, yoxsul ruhani ailəsində dünyaya gəlib. İlk təhsilini doğulduğu kənddə alan Seyid Cəfər 12 yaşında ikən ailəsi ilə birlikdə Bakıya (Bülbülə kəndinə) köçüb. 1913-cü ildə Xırdalan kəndində məktəb açmışdı. ildə Pişəvəri "Ədalət" partiyasına daxil olmuş, Nəriman Nərimanovla sıx əməkdaşlıq etmişdir. Bu dövrdə o, həm də Bakıdakı "İttihad" mədrəsəsində dərs demişdir.
1918-ci ildə İran "Ədalət" partiyası Mərkəzi Komitəsinin üzvü seçilmiş və partiyanın rəsmi orqanı olan "Hürriyyət" qəzetinin məsul redaktoru təyin olunmuşdur. Bununla yanaşı, "Azərbaycan füqərası", "Zəhmət sədası", "Füqəra sədası", "Bakı fəhlə konfransının əxbarı" qəzetlərində məqalələrlə çıxış etmişdir. Pişəvəri bu dövrdə Gənc İşçilər İttifaqının orqanı olan "Yoldaş" jurnalının məsul redaktoru vəzifəsində də çalışırdı. 1918-20-ci illərdə İranın bir sıra şəhərlərində "Ədalət"in yerli təşkilatlarının yaradılmasında yaxından iştirak etmişdir. O, irtica və imperializm, müstəmləkəçilik və despotizm əleyhinə mübarizədə İran xalqlarının ittihad və ittifaqının təmin olunmasmı başlıca şərt hesab edirdi.
1920-ci ilin yanvarında, eyni zamanda, " Yoldaş" jurnalının redaktoru olan Pişəvəri "Yaşasın müstəqil Azərbaycan Şura Hökuməti" adlı məqalə ilə çıxış etmişdir. Pişəvəri Şura hökuməti uğrunda çıxış etsə də, o, Azərbaycanın müstəqilliyinin tərəfdarı idi.
Pişəvəri "Ədalət" partiyasının Gilan Respublikası hökumətinin sədri Kiçik xanla danışıqlar aparmaq üçün 1920-ci il mayın 23-də Rəştə göndərdiyi nümayəndə heyətinə başçılıq etmişdir. Uğurla keçən danışıqlardan sonra Pişəvəri Kiçik xan hökumətində xarici işlər komissarı vəzifəsinə təyin olunmuşdur. Həmin ilin iyununda İran Kommunist Partiyasının (İKP) Ənzəlidə keçirilən I qurultayında İKP MK-nın 15 üzvündən biri seçilən Pişəvəri 1922-ci ildə İKP MK Cənub bürosunun rəhbəri təyin edilərək, 1923-ci ilədək İsfahanda çalışmışdır. 1930-cu ilin dekabrında həbs edilmiş, 1940-cı ildə azadlığa buraxılaraq, Kaşana sürgün olunmuş, lakin az sonra burada yenidən tutulmuş, 1941-ci ilin sonlarında azadlığa buraxılmışdır.
1941-45-ci illərdə Cənubi Azərbaycanda demokratik hərəkatın öncüllərindən biri olmuş və Azərbaycan xalqının muxtar hüquqları uğrunda mübarizədə fəal iştirak etmişdir. 1943-45-ci illərdə Tehranda marksist məfkurəli "Ajir" qəzetini buraxmışdır. 1944-cü ildə İran Məclisinə seçilən Pişəvərinin deputatlıq mandatı məclisin mürtəce çoxluğu tərəfındən rədd edilmişdi.
1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi (ADF) təşkil olundu. Cənubi Azərbaycanda milli azadlıq hərəkatının qələbəsi nəticəsində 1945-ci il dekabrın 12-də (21 Azər) Təbriz şəhərində Azərbaycan Milli Məclisinin iclası açıldı. Milli Məclis Azərbaycan Milli hökumətinin təşkilini Pişəvəriyə tapşırdı. Məclis 10 nazirdən ibarət hökumətin tərkibini təsdiq etdi. Azərbaycan Milli hökuməti bir il yaşadı və İran şahlıq rejiminin hərbi təcavüzü nəticəsində 1946-cı il dekabrın 12-də süqut etdi. Pişəvərinin siyasi mövqeyi İran daxilində Azərbaycanın muxtariyyəti uğrunda mübarizədən onun tam müstəqilliyi ideyasınadək yüksəlmişdir. "12 şəhrivər", "Qızıl səhifələr" adlı bədii əsərlərin müəllifı və naşiri idi. Ana dili və ədəbiyyatına, pedaqogikaya və s. məsələlərə dair məqalələrin müəllifıdir.
1947-ci il iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə maşın qəzasına düşmüş və həlak olmuşdur. Hazırda Pişəvərinin özü Bərzəxdə, məzarı isə Fəxri Xiyabandadır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
“Arşın mal alan” Laçında
Bir vaxt güllə səsləri gələn diyardan indi çal-çalğı səsləri gəlir…
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçında keçirilən şəhər günü tədbirləri davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Laçın Şəhəri Günü” tədbirləri çərçivəsində avqustun 26-da Həkəri çayının sahilində, bulvar ərazisindəki əsas səhnədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilib.
Aktyor heyətinin məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)