
Super User
Sadiq Qarayevin “”N” saylı qəhrəmanlıq” əsəri
Xəbər verdiyimiz kimi istedadlı nasir Sadiq Qarayevin “”N” saylı qəhrəmanlıq” adlı yeni romanı çapdan çıxacaq. Tədqiqatçı filoloq Sima Cəfərova roman barədə fikirlərini yazıb. Redaksiyamıza təqdim edilən yazını diqqətinizə çatdırırıq.
Yazıçının bundan əvvəl də üç əsəri ilə tanış olmuşuq. Bu əsərlər də öz məzmununda dedektiv xarakterli tam dedektiv olmayan mövzuları bədii aspektdə sərgiləyir. Müəllif əsərlərinə ağır üslub və mövzu seçsə də, məzmun hər cəhətdən uğurlu alınır. Ona görə də indiki dövrdə kitabları oxucu qıtlığına məruz qalmır.
““N saylı qəhrəmanlıq” əsəri gələcəyə gedən yolun yolçusudur. Bu, müharıbələri görməyən sabahkı övladlarımızın əlindən tutub gələcəyə aparmaqla yanaşı keçmişimizi də onlara təqdim edir. Əsərdə ayrı-ayrı vətən oğullarının qəhrəmanlıq yolu elə təsvir edilmişdir, elə qələmə alinmışdır ki, sanki esselər toplusudur, amma vətən sevgisi, vətən amalı bu esseləri qırılmaz bir süjetlə birləşdirir. Hər “esse”də bir qəhrəman, onun həyat yolu, daxili dünyası, vətən, ailə sevgisi dayanır.
Müharibə mövzusunda yazılan əsərlərdə həmişə iştirakçı çoxluğu olur. Bu əsərdə iştirakçı çoxluğu qəhrəmanlıqların “N” sayında təcəssüm edir.
Əsər üc hissədən ibarətdir. “Müharibə Tumurcuqları”, ““N” saylı qəhrəmanlıq”, “Mövcudluğun səpələnməsi” başlıqları ilə kitaba daxil olan fəsillərin bir-biri ilə daxili əlaqəsi vətən uğrunda 200 ildən bəri səngimək bilməyən mücadilə və başlanması labüd olan müharibə xətti üzərində qurulmuşdur. SSRİ dövründən müdaxilələrə məruz qalan torpaqlarımızdan – Göyçədən, Zəngəzurdan soydaşlarımızın qovulması, soyqırıma məruz qalması, I Qarabağ müharibəsinin başlanması, Qarabağ və ətraf rayonların işğalı və bu işğal zamanı törədilən insanlığa sığmayan cinayətlər “Müharibə tumurcuqları” bölümünün əsasını təşkil edir. Dünya dövlətlərinin, xüsusilə xristian dünyasının ikili münasibəti də əsərdə öz maqamında üzə çıxır. I Qarabağ müharibəsinin ağirlıqları, çətinlikləri, məğlubiyyətinin -- əslində görünməyən qələbənin səbəbləri, indiyədək olmadığı aydınlıqla açılır. Roman bədii əsərdən çox bir müharibə salnaməsini xatırladır. Az qala hər əsgərin, hər zabitin, müharibə əzabı yaşayan vətəndaşın, hər təcavüzə məruz qalan əsirin, iyrənc, insanlığa sığmayan erməni vandalizminin haqqında ayrıca məlumat verilir.
Oxucu müharibə həyatını yaşayanların hər birinin fərdiliyini görür, fərdlərin birliyində qələbəni tapır.
“Müharibə tumurcuqları” adlanan I fəsildə müharibənin səbəbləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri vəhşiliklər, soyqırımlar, torpaqlarımızın işğalı və I Qarabağ müharibəsi fonunda “Aprel döyüşləri”, “Tovuz döyüşləri” vaxtı əsgər və zabitlərimizin qəhrəmanlığından, Azərbaycan xalqının “Şəhidlik məktəbindən” bəhs edilmişdir. Məhz bu hadisələrdir tumurcuqların yaranmasına, ilkin rüşeymlərin əmələ gələsinə münbit zəmin.
Əsərdə ilk dəfə olaraq Ali Baş Komandanın bədii obrazı verilmiş, müharibədən əvvəl və müharibə dövründə düşüncələri, ideyaları və fəaliyyəti işıqlandırılmışdır. S. Qarayev Ali Baş Komandan surəti yaratmaqla həm əsəri tarixiləşdirmiş, həm də ölkənin idarə olunmasında kamil bir rəhbərin varlığı ilə əminliklə iftixarlanmışdır. Çox incə ştrixlərlə ölkə rəhbərinin qayğılarını, seçim bacarığını, nəyi, necə, nə vaxt düzənləmə qabiliyyətini sərrast dəlil və ifadələrlə oxucuya çatdıra bilir. Bir prezident olaraq xalqını, onun övladlarını düşünəndə nə qədər həssasdırsa, Ali Baş Komandan kimi tapşırıqlar verəndə o qədər sərt və tələbkardir. S. Qarayev dövlətlərarası münasibətlərdə qətiyyətli, təmkinli, haqqa söykənən cəsarətli bir rəhbər surətini çox ustalıqla yaratmışdır. Ali Baş Komandan olaraq “başla” əmri verəndə də, Azərbaycan Prezidenti kimi nəhəng dövlətlərin seçilmiş diplomat jurnalistlərinin suallarını cavablandıranda da, bir vətəndaş kimi müharibənin gedişini generalla müzakirə edəndə də onun daxili dünyasının qətiyyəti və ehtiyatlılıq məqamları xüsusi qabarıqlıqla açılır, oxucu bu davranışlara heyran olur.
Yazıçının qələmi İlham Əliyevin çoxcəhətli surətini çox böyük məsuliyyətlə, həm də incəliklə açır. Bu istiqamətdən ““N” saylı qəhrəmanlıq” əsəri gələcək nəsillərə örnək kitabdır.
Müharibə tumurcuqlarının tam yetişkənliyindən “And” doğur. Bu hər bir Azərbaycanlının vətənə sədaqət, vətəni xilas etmək, qorumaq andıdır. Bu and qələbəmizə gedən yolun işığıdır. Bu and ölkə prezidentinin xalq qarşısında, xalqın prezident, vətən qarşısında andıdır.
““N” saylı qəhrəmanlıq” adlanan II fəsildə müharibəyə hazırlığın tamamlanması, döyüşün planlamaları, başlanması, 2-ci ordu korpusunun timsalında 30 il ərzində möhkəmlənmiş “keçilməz Ohanyan xəttinin” rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri tərəfindən yarılması, kənd və şəhərlərimizin işğaldan azad olunması həm bədii, həm hərbi, həm də tarixi dillə təsvir edilmişdir. Yazıçı onlarla şəhid və qazilərin döyüş yolu, göstərdikləri N sayda və “N” saylı qəhrəmanlıqları, şücaətləri əsasən sənədli, real faktlar əsasında cəlbedici bir üslubla əsərə daxil etmişdir.
“N saylı qəhrəmanlıq” ... bu adin altında N saylı qəhrəmanlıq, N saylı şücaət, N saylı əməliyyat tədbirləri, vətən yolunda N saylı ölüm, candan keçmə həvəsi, torpaqlarını düşməndən xilas etmə istəyi, oğul arxasınca qürurla baxan N saylı narahat ana qəlbi, ata ürəyi, nişan üzüyünü əlində möhkəm sıxan gənc qız həsrəti... dayanır. “Aləmlərin sssöhbəti” sinələrə dağ basır, qəlblərdə qürur yaradır:
Ata, mən də hər an sizinləyəm, biləsən,
Tələsmə ki, tez yanıma gələsən.
Anama de, yuxum gəlmir, mənə lay- lay desin,
Qızıma de, atan yatıb, gözləməsin.
Bu tək bir şəhidin səsi deyil, həm I, həm II Qarabağ müharibəsi şəhidlərinin, qapısına şəhid möhürü vurulan minlərlə evlərdə yatmış atasını gözləyən övladların səsidir. Övladı ilə bərabər dəfn olunmaq üçün qəbrə atılan N saylı ata, anaların səsidir.
Bu,“N” saylıları sadalamaqla bitən deyil. Bizim araşdırmağa gücümüz çatmayanı S. Qarayev tam mənası ilə birər-birər bir əsərdə əhatə edə bilmişdir. Əsərdə hadisə eyniliyi yoxdur, hamı bir amal uğrunda, hər kəs öz varlığı ilə təkrarsız şücaət göstərir. Bax budur qəhrəmanlığın səpələnməsi! Budur qələmin gücü!
III fəsil “Mövcudluğun səpələnməsi” adlanır. Burada Şuşanın azad olunması, möhtəşəm tarixi qələbə sayəsində 30 il davam edən işğalın sona çatması Cıdır düzündə “Sərxoş qarğa rəqslərinin” “Xarıbülbül” festifalıyla əvəz olunması fonunda mövcudluğun səpələnməsi təsvir olunur. Qəhrəman şəhidlərin mövcudluğu isə Azərbaycanın üçrəngli bayrağına, dövlətin gücünə, xalqın milli-mənəvi dayaq nöqtələrinə səpələnir. Hətta bu gün bizim tanıdığımız, amalına bələd olduğumuz generalların, polkovniklərin, zabitlərin, əsgərlərin, hər bir kəşfiyyatçının daxilinə hopan vətən, Şuşa qeyrətidir bu səpələnən mövcudluq. Səpələnə bildiyinə görə də Azərbaycan şəhidlik, qəhrəmanlıq məktəbi mövcudlaşdı və 200 illik ermənilik faşizmi və havadarları üzərində tarixi, həlledici qələbə çaldı. Ermənilik ideyaları yoxluğa, keçmişə səpələndi. Burada “mövcudluğun yüksəliş xətti varsa, eniş xətti də var” ideyası təsdiqlənir. Bu yüksəlişin zirvəsində yazıçının vətəni, onun həmvətənləri dayanır, qanı, canı bahasına... Amma qürurla dayanır.
Əsərdə Sadıq Qarayev maraqlı epizodlarla müharibənin yazılmamış qanunları çərçivəsində xalqımzın, dövlətimiin üzləşdiyi bu təcavüzün təkcə iki qonşu ölkə arasında məhdudlaşmadığını sətiraltı eyhamlarla, ancaq aşkar şəkildə ustalıqla göstərə bilmişdir.
Əli – Zori – ayı xətti çox maraqlı qurulub. Məncə şərti ayı əvvəlcə Əliyə, onun timsalında Azərbaycana yaxınlaşır, Əlini ölmüş bilib zərərsiz hesab etdikdən sonra ona zərər verə biləcək tərəfə - Zoriyə, onun timsalında isə Ermənistana yaxınlaşır. Bura mubarizə meydanıdır, Zori ilə ayının əlbəyaxa olması Əliyə fürsət verir. Əli düşmənini ələ keçirə bilir. Bu artıq siyasət meydanıdır.
Ayi ilə kəşfiyyatçıların rastlaşması, ayının hər iki kəşfiyyatçıya hücumu, şimaldan gələn zərbənin də, himayənin də məqsədli olduğu ayının şəxsində rəmzi olaraq açıqlanır. Həm də burada bir Azərbaycanlı, bir türk humanistliyi var. Ayının öldürməkdə olduğu düşməni xilas etmək kimi ali bir duyğu yaşanır. Məhz bu anlamda ayının Azərbaycanlı zərbəsi ilə ölümü də bir rəmzdir. Erməninin vətəninin iqtisadi və siyası rifahı Azərbaycanın əlindədir. Sakit qonşu kimi həyat sürmək, Zəngəzur dəhlizinin iqtisadi mənfəətindən faydalanmaq, ticarət yollarının açılması və s. bu rifahın əsasını təşkil edir. Amma...
Bu bölümdə ayrı-ayrı məkanların, vətənin hər qarış torpağının azadlığı uğrunda mübarizə səfərinə cıxmış insanların, heç vaxt Qarabağı görməmiş, qan yaddaşında həsrət yaşadan gənclərin döyüş haqqını Qarabağın tarixindən yazdığı səhifələrlə bir daha əsaslandırır. Bu müharibə VƏTƏN torpağı uğrunda uzun illərin həsrətindən tumurcuqlayan müharıbədir. Bu gün – hər kənd, hər qarış torpaq alındıqca çiçək açan ədalətli müharibədir.
Hər günün öz zəfəri var – yazıçının dili ilə desək, hər günə mövcudluğun zəfəri səpələnib, səpələnmiş zəfər mövcudluqu bütövləşir “Zəfər günü söhbəti”ndə. Ana deyil o, analardır, məktəbdən gec gələn oğlunun-şəhid olmuş oğlunun yolunu gözləyir, onunla söhbət edir:
“-Yəqin orda Vətən, dövlət, Azərbaycan əzəbərləyirdin...
Gördüm, gördüm uzaqdan, ağ saçlarımı yol edib, sevinclə, üçrəngli sən gəlirdin, çiyinlərdə mənə əl eyləyirdin.
– Salam, ana, zəfər günün mübarək!
Siz də orda yığışın bir yerə, atamı təbrik elə.
Qızım, oğlum dərslərini oxuyurmu, nənəm mənə qalın-isti yun corablar toxuyurmu? Babam yenə təqaüdü əsgərlərə verirmi, qəpik-qəpik yığıb qələbəyə qurban deyirmi?
Ordu ana, rəşadətin, milli qeyrətin yer-yurdu Ana!
Bilirsənmi, burda bir üçrəngli yol vardır, kənarları 44 dənə ayna kimi bulaqlardır...
Tez-tez gedirik ora, hər içəndə sizə necə gətirək deyirik, çörəklərin vətən ətirlisini yeyirik, üçrəngli paltarlar geyirik...
– Bura bax, oğul, çıx gəl evə, mən çox darıxmışam,
Sənə sözüm var, ürəyimi qurban saxlamışam.
– ....”
Bu, təkcə oğul – ana söhbəti deyil, həm də yazıçının gələcəyə inamıdır. Bu gün zəfər duyğuları yaşayan xalqın, minlərlə şəhid valideyni olan xalqın gələcəyinə yazıçı inamı. Qarayevin yenə vətənini, xalqını, dövlətini sevən, qorumağa qadir olan oğulların yaranacağına olan inamı, Azərbaycançılıq ideyalarını gələcək nəsillərə apara bilən vətən övladlarına olan inamı.
Böyük Azərbaycançılıq əqidəsini özündə yaşadan S.Qarayevin bu tarixi-sənədli-bədii əsərinə epiloqu “Azərbaycançılıq məfkurəsi” adlandırması da heç təsadüfi deyil.
Azərbaycançılıq məfkurəsinə daim sədaqəti ilə seçilən Sadı Qarayevə tutduğu elm, yazıçılıq və Azərbaycançılıq yolunda uğurlar arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
Yeddi şəhid polisin şəhadətinin 30-cu ildönümü
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Onlar şəhadətə ucaldılar. Ailələrinə, yaxınlarına qürurlu olmağı nəsib etdilər. Amma həm də doğmalarını ən azından məzarları önündə dayanıb yasin oxutmaqdan, mərmər daşlarına qərənfil düzməkdən məhrum etdilər.
Çünki onlar məzarsız şəhidlərdir.
1993-cü ilin 25 oktyabrında Cəbrayıl rayon Dərzili kəndi ərazisində, Zəngilanın müdafiəsi zamanı mənfur düşmənlərə qarşı qeyri bərabər döyüşdə şəhadətə ucalmış, Daxili İşlər Nazirliyinin əməkdaşları, 7 polis şəhidimiz İsmayılov İsmayıl Barat oğlu, Bəşirov Fazil Arif oğlu, Quliyev Aqil Mehralı oğlu, Quliyev İlham İmamqulu oğlu, İsmayılov Möhlət Bəhmən oğlu, Paşayev Sabir Əziz oğlu və Nərimanov Elşad Əvəz oğlunun 30-cu anım ili idi, bu münasibətlə
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə anım tədbir keçirilirdi.
Gəncliyə Yardım Fondunda təşkil edilən anım tədbirini ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tədbiri açaraq sözü Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin idarə heyətinin üzvü, şair Lalə İsmayıla verdi. Lalə İsmayıl 7 şəhid polisimizin ömür yolundan, qəhrəmanlığından söhbət açdı.
Sonra Milli Məclisin deputatları Səbinə Xasayeva, Aydın Hüseynov, Zəngilan rayon İcra başçısının müavini Xanım Rüstəmova qəhrəman şəhidlərimizin qazandıqları
“Qarabağ Azərbaycandır” adlı zəfərimiz barədə geniş söhbət açdılar.
AVMİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və yoldaşlarının çıxışları ilə, vətənpərvər mahnılar bəstəkarı Fərahim Sadiqin Əsgərnamə elegiyası ilə məclis canlandırəıdı. Tədbirin təşkilatçılarından müharibə veteranı, şəhid bacısı Lalə İsmayıla BÖYÜK ZƏFƏR xatirə medalı təqdim edildi.
Yeddi Məzarsız şəhidimizin şəhadətinin şahidi Zakif Abbasov gerçək qəhrəmanlarımız haqqında kitablar yazılması, onların xalqa layiqincə təbliğ edilməsi barədə arzu və istəklərini bildirdi.
Şəhid bacısı Gülizə İbadova,
Şəhid xanımı Sevinc Paşayeva öz çıxışlarında doğmaları barədə xatirələrini dilə gətirdilər, Gülizə xanım öz çıxışından sonra şəhid ailələrinə və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinə Yeddi şəhidimizin şəkillərini hədiyyə etdi.
Keçmiş polis əməkdaşı Zöhrab Ağayevin taxta üzərində odla işlədiyi Yeddi Şəhid Polisimizin rəsm əsəri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinə təqdim edildi.
Keçmiş Polis əməkdaşı Osman Vəliyevin çıxışında qəhrəman oğulların şəhid düşdükləri yerdə xatirə abidəsinin ucaldılması barədə təklifi Şəhid ailələrinin ürəyincə oldu.
Polis şəhidlərimizin anım günündə DİN-nin nümayəndələri də iştirak edərək, öz ürək sözlərini ailələrlə paylaşdıqlar. Zəngilan rayon 10 nömrəli məktəbin müəllimi İlhamə Quliyevanın şagirdləri ilə birgə hazırladıqları səhnəcik, Ağdam rayon 33 nömrəli məktəbin şagirdi Tünzalə Tağıyevanın, Qaradağ rayon, Elxan İsmayilov adına 253 nömrəli məktəbin şagirdi Mehrac Dünyamalıyevin söylədikləri şeirlər, İsmət Qayıbov adına 1 saylı məktəbin 2-ci sinif şagirdi Fərman Əzizovun ifa etdiyi "Azərbaycan" adlı nəğməsi ürəkləri riqqətə gətirdi.
Çıxışçılar arasında Azad Müəllimlər İctimai Birliyinin sədri, Bakı şəhər 35 nömrəli orta məktəbin ingilis dili müəllimi Pərvanə Talıbova, “UNUTMADIQ” adlı, elə yeddi qəhrəman şəhidimizin də haqqında yazıların yer aldığı kitabı qonaqlara hədiyyə etdi. Şəhid anaları - Müşfiqimizin anası Aygün xanım, Cəmilimizin anası Aygün xanım, Zaur İsmayılzadənin anası Sevil xanım yeddi şəhidimizin ailəsinə “bizlər itirdiklərimizin əvəzinə Vətən qazandıq” deyərək
mənəvi dəstək oldular.
İstefada olan polkovnik-leytenant Bayram Məmmədov ta ki müharibənin ilk günlərindən Azərbaycan polisinin sərhədlərimizdə, vətənimizin müdafiəsi üçün apardığı mübarizə haqqında dəyərli fikirlər bildirdi.
Tədbir boyunca tədbir iştirakçılarına şəhidlərin ömür və döyüş yolu haqqında məlumat verildi, xalqımızın igid övladlarının göstərdikləri şücaətlərdən, Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfərlə bitən Vətən müharibəsindən söz açıldı. Bildirildi ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir qəhrəmanımızın xatirəsi daim qəlblərdə yaşayacaq.
Sonda şəhidlərimiz haqqında videorolik izlənildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
AMİN!
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
Kiyevdə Müslüm Maqomayevin xatirəsi anılıb
Ukraynanın paytaxtı Kiyev şəhərində dünyaşöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb.
AzərTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları Kiyevdə Müslüm Maqomayev adına parka gələrək onun abidəsi önünə tər çiçəklər düzüblər.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev abidə önündə çıxış edərək bildirib ki, Ukraynada Müslüm Maqomayevin xatirəsi ehtiramla anılır. O nəinki azərbaycanlıların, bütün dünya xalqlarının qəlbində elə sevgi abidəsi ucaldıb ki, bu gün də sevilir, anılır. “Azərbaycan musiqi mədəniyyəti tarixində onun öz yeri, öz çəkisi var. Zaman keçir, illər dəyişir, amma onun sənətinə və şəxsiyyətinə tükənməz sevgi nəinki azalmır, əksinə daha da artır. Bu gün Müslüm Maqomayev təkcə azərbaycanlı kimi yox, həm də bəşəri sənətkar kimi qəbul edilir, tanınır, öyrənilir”, - deyə səfir əlavə edib.
Qeyd edək ki, ötən gün dahi sənətkarın vəfatından 15 il ötdü.
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
Kuryerin və rəngsazın əhvalatları
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
- Xoş gəlmişik Azərbaycana, yeni bir günümüz yeni bir sabahımız. Deyirəm bəlkə, nəsə sifariş verib evdə yeyək, sonra da usta çağırarıq, uşaqların otaqlarını rəngləsin? Hə, əzizim nə deyirsən ?
-Niyə də yox ?! Ver gəlsin.
-Salam, pizza və digər sifarişlər vermisiniz ?
- Bəli. Qiyməti nə qədər edir ?
-46,50 zəhmət olmasa. Üzr istəyirəm, ordakı pianinodur ?
- Bəli. Biz yeni köçmüşük bu ölkəyə. Öz pianinomuzu da gətirmək istədik, böyük bir xatirəsi var bizim üçün.
-İfa etmək olarmı xahiş edirəm ?!
- Əlbəttə olar, buyurun.
- Çox gözəl ifa etdiniz, əhsən sizə ! Demək ki, kuryer deyilsiniz siz ? Elədirmi ?
-Xeyr, kuryerəm mən.
- Amma, piano...
-Mən konservatoriyada oxuyurdum, bir vaxt pul qazanmaq lazım idi. Məcburən oranı tərk etməli oldum. Sonra bu işə keçdim. Həm də ixtisas yetərli deyildi və mənə lazım olan məbləği qazandırmırdı.
- Amma, böyük sənətçiyə bəxşiş də verilməz ki. Nəysə, 20 manatı az da olsa qəbul edin, zəhmət olmasa.
Bu pianoçu kuryerin əhvalatı.
- Qardaş otaq hazırdır, rənglədik, elədik.
-Lap yaxşı. Nə qədər ödəyəcəm sizə?
- 500 manat.
-Bu rəsmi siz çəkmisiniz?
-Bəli. Bəyəndinizmi?
- Bəyəndim, amma daha çox öz üzərinizdə işləməyinizi tövsiyə edərdim. Digər rəsmlərdən də nəsə öyrənə bilərsiniz. Üslubunuza baxdıqda isə daha çox Van Qoq, Pikasso kimi sənətkarların rəsmlərindən istifadə etməlisiniz, onlar sizə daha çox kömək edəcək.
-Üzr istəyirəm, mən "Memar Sinan" rəsm məzunuyam. Məlum, iş tapa bilməyincə rəngsaz işləməyə qərar verdim.
-Bu ölkədə hamı deyəsən miks işlərdə işləyir. Kuryer çağırırsan musiqi müəllimi çıxır. Rəngsaz çağırırsan rəssam çıxır. Fəhlə çağırırsan riyaziyyat müəllimi çıxır. Ehh...
Bu da rəssam rəngsazın…
Ölkənin 80 faizindən çoxu öz ixtisaslarında deyil də, fərqli peşələrdə fəaliyyət göstərirlər. Burda isə nə diplomun, nə də onun rənginin bir əhəmiyyəti var. Yaxşı, bəs səbəb nədir ? Sualı mən verdim, cavabını isə siz düşünüb qeyd edərsiniz.
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi nə ilə fərqlənir?
Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” aylıq ədəbiyyat jurnalının 650-ci yubiley nömrəsinin tam fərqli çıxacağı gözlənilirdi. Tam fərqli çıxdı da. Bəs bu nömrənin əzəlkilərdən fərqi nədədir?
Suala cavab almaq üçün “Ədəbiyyat və incəsənət” portalı jurnalın Baş redaktoru Qulu Ağsəslə əlaqə saxlayıb. Qulu Ağsəs söyləyib:
-Cəfər Cabbarlı adın Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn nömrənin devizi “yeni nəsil-poeziya”dır. Özəl nömrənin məsul redaktoru və “Ön söz”ünün müəllifi gənc şair və ədəbiyyatşünas Ramil Əhməddir. Dərgidə 35 yaşa qədər olan 28 şairin-Aqşin Evrənin, Aygün Bayramlının, Arzu Hüseynin, Allahşükür Ağanın, qazi şair Cavid Qasımovun, Cahan Seyidzadənin, Eminqueyin, Əlibalanın, Fərid Hüseynin, Furqan Sadıqın, Gülay Tahirlinin, Günel Şamilqızının, Habil Rzanurun, Həsən Kürün, İntiqam Yaşarın, Malik Atilayın, Nadir Yalçının, Nizami Bayramlının, Ramil Əhmədin, Rəvan Cavidin, Ruslan Dost Əlinin, Ruzbeh Məmmədin, Səddam Laçının, Sərdar Aminin, Şəhriyar del Geraninin, Şəfa Vəlinin, Şahanə Muşfiqin və Ulucay Akifin şeirləri yer alıb.
Bundan başqa, yubiley nömrəsində məşhur rus yazıçı Sergey Lukyanenkonun “Dərgidə kitab” rubrikasında “Çin alışdırıcıları satan qızcığaz” hekayəsi yer alıb ki, onu da dilimizə Seyfəddin Hüseynli tərcümə edib. “Dərgidə sərgi” rubrikasında rəssam Yaşar Səmədovun əsərləri təqdim edilib. Bir sözlə, əsl oxunulası “Ulduz”dur.
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)
“Mərmər soyuğu” Cottbus Beynəlxalq Film Festivalının əsas müsabiqəsində
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” bədii filmi noyabrın 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində keçirilən 33-cü Cottbus Beynəlxalq Film Festivalında iştirak edəcək.
Kinostudiyanın mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, “Mərmər soyuğu” festivalın əsas müsabiqə bölməsində 12 ekran əsəri ilə yarışacaq.
Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir.
Filmdə baş rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər. Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)
“Mavi əbədilik”, “Azərbaycan”, “Durnalar”…
BU GÜN BU ŞEDEVR MAHNILARIN İFAÇISI MÜSLÜM MAQOMAYEVİN ANIM GÜNÜDÜR
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Mən başlığa üç mahnı adı çıxardım. “Mavi əbədilik”, “Azərbaycan”, “Durnalar”… Amma onun ifa etdiyi ecazkar mahnılar tək bunlar deyil. O, “Azərbaycan” mahnısı ilə Azərbaycanı əcnəbilərə sevdirən, “Mavi əbədilik”lə əsl musiqi terapiyasının nə olduğunu sübut edən dahi müğənnidir.
Yan Frenkelin Rəsul Həmzətovun sözlərinə bəstələdiyi “Durnalar” mahnısını Mark Bernesdən başqa heç kəs oxumağa cürət etməzdi. Müslüm oxudu və on milyonlarla insanın məhz bu mahnıya görə pərəstiş etdiyi Bernesti kölgədə qoydu…
Bu gün dahi sənətkarın vəfatından 15 il ötür.
Hər bir kəsin ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yaransa da, bunu Müslüm Maqomayev kimi sənətkarlara şamil etmək olmaz. Çünki onun zamanı heç vaxt dayanmayıb. Zaman və zamansızlıq, ölüm və ölümsüzlük daim onunla birgə addımlayır.
Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci il Bakı şəhərində anadan olub. Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc etmişdi. M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, "La Skala" Milan teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Bütün bunlara görə ona 31 yaşında SSRİ Xalq artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var. Böyük müğənni həm də gözəl mahnılar müəllifidir. Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.
Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin gözəl tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirmişdir.
Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.
M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.
Müslüm Maqomayev 2008-ci ildə 66 yaşında vəfat edib və Bakıdakı Birinci Fəxri xiyabanda dəfn olunub.
Dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 və 75 illik yubileyləri dövlət səviyyəsində keçirilib.
Bu il sənətkarın anadan olmasının 80 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunmaqdadı. 2022-ci il avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dünyanı fəth edən bariton Müslüm Maqomayevin ölümündən on dörd il ötsə də, onun əziz xatirəsi unudulmur. Zəmanəmizin musiqi aləminin ən parlaq ulduzlarından olan Müslümlə bağlı xatirələr Azərbaycan xalqının qəlbində özünə əbədi yuva salıb.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)
Milli Kitabxana “Qubadlı Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlayıb
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qubadlı Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.
Kitabxananın yaydığı məlumatda deyilir ki, virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, kitablar, ənənəvi sərgidə isə Qubadlı şəhəri haqqında, eləcə də Milli Kitabxananın fondunda mühafizə olunan Vətən müharibəsini və Böyük Zəfəri əks etdirən kitablar və materiallar nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qubadl%C4%B1_bizimdir/index.htm linkindən istifadə edə bilər.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Müzəffər Azərbaycan Ordusunun Qubadlı şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad etməsi tarixi ilə bağlıdır.
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)
Bu dəfə kəlağayı Xəzər Universitetində pərvazlandı
Könül, “Ədəbiyyat və incəsənət”
Xalqımızın min illərdir pərvəriş tapan maddi-mədəni irsinin bir atributu da kəlağayıdır, portalımızda mütəmadi bu gözəllik simvolu barədə məlumatları çatdırmaqdayıq.
Və sizə də məlum etmişdik ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi kəlağayının təbliğində müstəsna rol oynamaqdadır.
Xəbər tutanda ki, ictimai birlik layihə üzrə növbəti tədbirini keçirib, dərhal birliyin sədri Güllü Eldar Tomarlı ilə əlaqə saxladıq və ondan növbəti tədbir barədə məlumat aldıq.
Güllü xanım söylədi:
-Layihə çərçivəsində auın 24-də Bakı şəhər Xəzər Univesitetində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirdik.
Açılış sözü ilə çıxış edərək bildirdim ki, layihənin mahiyyəti kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaqdır. Tədbirdə vətənimizin bütövlüyü, azadlığı, suverinliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad etdik.
Bədii gecədə şair, publisist - Rəfail Tağızadə, tarixçi, araşdırmaçı Vaqif Osmanov, şairlərdən Brilyant Atəş, Fərzalı Abbasəli oğlu, Zərəngiz Dəmirçiyeva, Zaur Naqani, 225 saylı məktəbin direktor müavini, yazıçı Zenfira Nusalova , aşıqıardan Gözəl Kəlbəcərli, Əli Kəlbəcərli, Ramin Qarayev, Nərmin Gədəbəyli, Ləman Məhərrəmzadə, bəstəkar Almaz Yaqub, İsmət Qayıbov adına Sumqayıt şəhər 1 saylı məktəbin 2 - ci sinif şagirdi Fərman Əzizov və başqa söz adamları iştirak etdilər. Layihə çərçivəsində "Kəlağayı əlvan qıyqacı" kitabı da oxuculara təqdim olundu. Fürsətdən istifadə edib portalınız vasiyəsilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə, təşkilatı dəstəyə görə Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlıya təşəkkürümü bildirirəm.
Biz də özlüyümüzdə bu gözəl işlərə görə “Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı minnətdarlıq bildiririk.
Qeyd edək ki, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı, Qazax, İsmayıllı və Şəki şəhərlərində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələr təşkil olunur və "Kəlağayı əlvan qıyqacı" kitabının təqdimatı keçirilir.
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)
PREMYERA: Akademik Musiqili Teatrda “Leyli və Məcnun” tamaşası gur alqışlarla qarşılandı
Könül, “Ədəbiyyat və incəsənət”
Biz bu premyeranı gözəyirdik. “Leyli və Məcnun”a həmişə Opera və Balet Teatrında baxırdıq. Dünənsə fərqli teatrda və təbii ki, fərqli quruluşda baxdıq.
Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşanın premyerası baş tutdu.
Dünyanı fəth edın bu klassik əsər fərqli təqdimatı ilə təkcə Musiqili Teatrın tarixində deyil, Azərbaycan teatr tarixində bir ilk oldu.
Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçıları Əməkdar artist Elxan Mansurov, gənc ifaçılar Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadır.
Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış edirdi.
Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırırdı. Onun tərəf müqabili – Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimova idi.
Tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, eyni zamanda, teatrın xor və balet heyətinin üzvləri iştirak edirdilər.
Tamaşanı zaldan seyr edən tanınmış simaların - dramaturq Əli Əmirlinin və teatrşünas İlham Rəhimlinin təəssüratlarını sizlərə ayrıca çatdıracağıq.
Qeyd edək ki, tamaşanın növbəti nümayişi noyabrın 18-də olacaq.
Xoş izləmələr, əziz teatrsevərlər.
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)