Super User
Saqif Qaratorpağın “6 saatlıq sükut”u
"Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Xəyyam Nəsibovun dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Saqif Saqif Qaratorpagın "6 saatlıq sükut" adlı şeirlər kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yaxın günlərdə kitabın təqdimat mərasimi keçiriləcək. Təqdimat haqqında ətraflı məlumat veriləcək.
Kitabda şairin son dövrlərdə qələmə aldığı şeirləri toplanıb. Dərin lirika bu şeirlərin ən əsas xüsusiyyətidir.
Mən belə dəliyəm, məni görmə, get!
Xoşuna gələsi axı nəyim var?
Sevda ətri verən, şeir qoxuyan
Nəfəsi yanıqlı qırıq neyim var...
Bir eşqin yarası sinəmdə göz-göz,
Hər gün həsrət-həsrət çiçəkləyərəm.
İçimdə bir bahar buludu ağlar,
Misra-misra, bənd-bənd çisəkləyərəm.
Nə xoşdu özümə verdiyim cəza,
Əzabım - qönçədi, ağrım - tumurcuq.
Min ildi özündə azan dərvişəm,
Ürəyi-xaraba, koması-uçuq.
Məni sözə tutma, sözə uyaram,
Qəfil kövrələrəm...sonra gec olar.
Qapısı gül açar kimsəsiz evin,
Bu yurddan o yurda köçhaköç olar.
Səni aldatmasın bu yaz havası,
Tələsmə dumandan, çəndən keçməyə.
İlişib qalarsan sol tərəfimdə,
Yol tapa bilməzsən məndən keçməyə...
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
“Dərs” – Təvəkkül Boysunar
SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun 32 finalçısının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Təvəkgül Boysunar
1994-cü ildə Naxçıvanda doğulub. Azərbaycan Dillər Universitetinin ingilis dili üzrə tərcümə fakültəsində bakalavr və magistr təhsili alıb. Hekayə və məqalələri “Ədəbiyyat qəzeti”, “Kulis.az”, “525-ci qəzet”, “Ulduz”, “sim-sim.az”, “yeniyaz.az” kimi mətbu orqanlarda çap olunub. 2021-ci ildə “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar” hekayəsinə görə Mədəniyyət Nazirliyinin keçirdiyi vətənpərvərlik mövzusu üzrə ədəbiyyat müsabiqəsinin qalibi olub. Bundan əlavə bədii tərcümə ilə də məşğuldur. Heminquey, Nabokov, Ezra Paund, Elis Manro və digər müəlliflərin əsərlərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməklə yanaşı, Şervud Andersonun “Vaynzburq, Ohayo” kitabı da onun tərcüməsində çap edilmişdir.
Dərs
(hekayə)
Onlayn ingilis dili qrupunda iki nəfər oğlan idik. Müəlliməmiz isə qara saçları və qara qaş-gözüylə çox gözəl görsənən təxminən 24-25 yaşlı bir qız idi. Onun ailəli olub-olmadığını bilmirdik. Amma zahiri görkəminə qarşı laqeydliyinə və heç vaxt bəzənib-düzənməməyinə əsasən zəif ehtimalla da olsa, belə düşünürdüm ki, o, ailəlidir. Bəzən dərs vaxtı fikrim yayınıb başqa yerlərə gedəndə, bir də o vaxt ayılırdım ki, qulaqlarım, ekranın o tayında danışan müəlliməni eşitmək əvəzinə sinsi oğrular kimi o 25 yaşlı qızın oturduğu otağın qapısını açıb evin başqa otaqlarına getmək və hardansa bir uşaq səsi eşidib geri qayıtmaq üçün məni öz arxasınca sürüyür. Mən xəyalən ekranın o tayına adlayaraq müəllimənin arxasında görsənən televizorun yanından keçib sakitcə otağın qapısını açır və sağa-sola boylanaraq digər otaqlara bir-bir göz qoyarkən taxtın üstündə uzanıb telefonla oynayan bir kişi və beşikdə yırğalanan bir körpə görüb geri qayıdırdım.
Belə vaxtlarda müəllimənin təkrar-təkrar mənə səsləndiyini eşidən kimi vəziyyətdən çıxmaq üçün kiçik bir yalan uydurur və:
- Deyəsən, səsdə problem var e, – deyərək, yalandan kompyuteri qurdalamağa başlayırdım.
Qrupdakı digər tələbə iş yoldaşım idi, amma bir həftə əvvəl bütün iş yerləri yeni yayılmağa başlayan virus səbəbindən bağlandığına görə biz o müəllimənin ailəli olub-olmamağıyla bağlı müzakirəmizi ikimizin də evinə yaxın olan parkda axşam gəzintisi zamanı aparırdıq və o, mənim çoxdankı ehtimalımın nə üçün yanlış olduğunu izah edirdi:
- Kosmetika vurmamağının evli olmaqla nə əlaqəsi? Ona görə vurmur ki, bütün günü evdədi. Amma ümumiyyətlə, məncə, ailəli deyil, şansını bir yoxla, istəyirsən. Nə vaxtacan subay qalassan? Ailə həyatı yaxşı şeydi.
Beşinci onlayn görüşümüzdən sonra müəllimə dərslərə bir həftəlik fasilə vermək məcburiyyətində olduğunu dedi və mən yalnız, həmin həftəni ingilis dili dərsləri olmadan keçirdiyim vaxt anlaya bildim ki, özümdən başqa heç kəsin yaşamadığı bu kirayə evin divarları, indiyə qədər gündüzlərimi işdə, axşamlarımı isə siqaret tüstüləri ilə dumanlanan və nərd-domino şaqqıltılarının,, müştəriləri ən qəmli musiqi kimi ovutduğu çayxanalarda keçirdiyim üçün mənim üstümə gəlmirmiş. Məni darıxmaqdan və sıxıntıdan saxlayan şeyin ingilis dilinin özündən daha çox, həftədə üç dəfə üzünü gördüyüm o qız olduğunu da o günlərdə hiss elədim.
Və həmin vaxt qərara gəldim ki, bu dəfə dərsə başladıqdan sonra ona daha fərqli nəzərlərlə baxım.
Yəqin, elə bu qərarı verdiyim üçün növbəti həftə dərsə başlayanda o, mənim gözlərimə daha gözəl, daha xoş görsəndi. Hətta mən, illərdir yaşamadığım sevgi duyğusunun yenidən ürəyimə girməyə başladığını, qapısı ağzında gözlənilməz ayaq səsləri eşidib qulaqlarını şəkləyən adamların təəccübü və qorxusuyla hiss etdim. Amma bu təəccüb və qorxunu xoşbəxtliklə əvəz etmək mənim üçün çətin olmadı. Bu hissin şirinliyindən gecələr yuxuya gedərkən pəncərədən çölə baxa-baxa həyatın çox gözəl olduğunu düşünür və o qızın bəzək-düzəksiz, sadə üzünü gözlərim önündə canlandıraraq növbəti dərsin gəlişini arzulayırdım.
Növbəti dərsdə bizim iki nəfərlik qrupa başqa bir tələbə də daxil oldu. Bizlə təxminən eyni yaşlarda olan həmin oğlanın dərs vaxtı gah açıq, gah da bağlı qalan kamerası onun yaraşıqlı simasından əlavə, həm də evinin içini göstərərək bizə onun nə qədər varlı olduğu ilə də bağlı məlumat verirdi. Hər gün qarşısında nə cür danışacağımı xəyal etdiyim müəlliməni sonrakı dərs ilk dəfə olaraq kosmetikayla gördüm. Onun daha da gözəlləşdiyini hiss etsəm də, bu, məni nədənsə narahat elədi. Və mən dərs boyu onun yeni tələbəylə ünsiyyətinə, o tələbəylə necə davrandığına fikir verərkən bu narahatlığımın səbəbini anladım. Növbəti üç dərsdə də o, kosmetikalı idi və həmin dərslərin birində saçını adi formada yığsa da, digərlərində saçına nəsə bir dəyişiklik edib daha fərqli gözəllikdə görsənməyi bacarmışdı. Sonrakı dərsdə isə həmin oğlan daha qrupda yox idi, çünki müəllimənin dediyinə görə o, hazırlığa fərdi şəkildə davam etmək qərarını vermişdi.
Ayın axırına yaxın dərsləri dayandırdım. Növbəti ayın ortalarında isə həmin oğlanın instaqram profilində bir axşamüstü paylaşdığı şəkli gördüm. Bir-birindən yapışan iki əlin sahiblərindən biri yəqin ki, özü idi, amma incə və gözəl görünən digər əlin sahibinin üzü görsənmirdi.
Onun üzünü təxminən iki ay sonra həmin oğlanın profilindəki digər şəkildə görə bildim. Onlar yan-yana dayanmışdılar və əllərində nikah şəhadətnaməsi tutmuşdular. Altına "sevgi virusdan daha güclüdür" yazılan şəkildə qızın üzü yenə də kosmetikalı idi. Mən onun tanış simasına bir qədər tamaşa etdikdən sonra uzandığım çarpayıda gözlərimi tavana zillədim, ac olduğumu hiss elədim, axşam yeməyi üçün aşağı düşüb marketdən nələrsə almalı olduğumu xatırladım, amma o qədər yorğun və həvəssiz idim ki, gözlərimi yumub elə bu vəziyyətdə də yuxuya getməyi daha üstün tutdum.
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
Türkmənistanda milli mətbəximizin nümunələri təqdim olunub
Aşqabad Beynəlxalq Məktəbində Beynəlxalq Milli Mətbəx Festivalı keçirilib.
AzərTAC xəbər verir ki, hər il olduğu kimi, bu il də Azərbaycanın Türkmənistandakı səfirliyi ölkəmizi festivalda təmsil edib.
Azərbaycan guşəsi dövlət bayrağımızla bəzədilib.
Festivalda Azərbaycanın Türkmənistandakı səfirliyi üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub. Milli yemək və şirniyyatlarımız - plov, dolma, dovğa, qutab, paxlava, şəkərbura, qoğal haqqında qonaqlara məlumat verilib, onlar bu təamları dadmağa dəvət ediliblər. Həmçinin tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, xalça sənəti, incəsənəti və turizm potensialı ilə bağlı kitab və broşürlər nümayiş etdirilib və paylanılıb. Ölkəmizlə bağlı foto-açıqcalar, suvenirlər, sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görməli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincan və boşqablar, milli geyimlər, tikmə nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
Robin Şarmadan «Titulsuz lider»
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.
Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.
Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
1-ci yeri ötən günlərdə sizlərə təqdim etmişdik. Bu dəfə 2-ci yerlə tanış olun.
1.Entoni Robbins. «Özündə nəhəngi oyat»
--------------
2.Robin Şarma «Titulsuz lider»
Uğur qazanmağın, lider olmağın sirlərini motivasiya, liderlik və şəxsiyyətin inkişafı üzrə ən məşhür Amerika mütəxəssisi, əslən Kanadadan olan Robin Şarmadan, onun bu kitabından öyrənmək çox effektiv hesab olunur. Təsəvvür edin ki, bu şəxs Microsoft, IBM kimi dünyanın ən nüfuzlu və gəlirli şirkətlərinin, Yel Universitetinin, ABŞ-ın Qırmızı Xaç Cəmiyyətinin məsləhətçisidir.
Hazırda, xüsusən, gənclik Robin Şarmanı sevə-sevə oxuyur. Mən şəxsən Bakı şəhərində ən müxtəlif auditoriyalarda, ictimai nəqliyyatda əlində bu müasirimiz olan motivasiya spikerinin kitablarını tutmuş gənclərlə mütəmadi rastlaşıram.
Növbəti hissələrdən birinə mütləq Robin Şarmanın insanlığa xitabən yönələn qiymətli kəlamlarından seçdiyim 30-luğu təqdim edəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
Mədinə Gülgünün kitabı - “İmamverdi Əbilov barədə xatirələr” silsiləsindən
“Ədəbiyyat və incəsənət” portalı neftçalalı ədəbiyyatşünas Etibar Əbilovun “Atam İmamverdi Əbilov barədə xatirələr” silsiləsindən növbəti yazısını təqdim edir
Neçə illər bundan əvvəl unudülmaz şairəmiz Mədinə xanım Gülgün atama "Cinar ömrü" adlı şeirlər kitabını göndərmişdi. Mədinə xanım gözəl şair idi. Kitabdakı zərif, duyğusal, Təbriz həsrətli şeirlər haqqında atam məqalə də yazdı və həmin məqaləni "Azərbaycan" jurnalında çap etdirdi. Atamın həmin kitabda ən çox xoşuna gələn şeirlərdən biri də "Qocalıq" şeiri idi. Elə o vaxt güçlü yaddaşım olduğundan, həmin şeir uşaq olmağıma baxmayaraq, əzbər olaraq yaddaşımda qalmışdı.
Axır zamanlar həmin "Qocalıq" şeiri (xüsusi ilə ilk iki bəndi) tez-tez yadıma düşür:
Bir gecə qapımı döydü qocalıq,
Əlində əsası, gözündə eynək.
Dedi istəsən də, istəməsən də,
Səninlə günümü keçirəm gərək.
Uzun yollar keçib gəlmişəm,dedi.
Qoyma gözlərindən irağa məni.
Mən gənclik deyiləm, vəfasız çıxam,
Bənzətmə gedəri qonağa məni...
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
Ötən gün Xalq artisti Arif Quliyevin anım günü idi
Hamını deyib-güldürən, özü isə tamamı ilə bədbəxt olan Arif Quliyev. Dünyaya gəlişi, uşaqlığı özü xatirələrində söylədiyi kimi belə olub: “Tufanlar, qaranlıqlar, çətinliklər içində Allah mənə bu sənəti verdi. Həyatıma əks olan obrazı seçdim - güldürmək. Mənim heç bir sənədim yox idi. Məni uşaq evinə qoyub gediblər. Orada mənə Arif deyiblər, doğum ilimi də orada yazdılar...”
Sonradan aktyor kimi karyera qurub, həyatını düzənə salmağa müvəffəq olub, bu dəfə övlad dağı görüb, məhkəmələrdə, istintaqlarda qalıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən gün ölümünün 2 ili tamam olub Xalq artisti Arif Quliyevin. Tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyev 2021-ci il mayın 7-də, ömrünün 71-ci ilində vəfat edib.
Gəlin onun tərcümeyi-halın diqqət edək. Arif Əli oğlu Quliyev (hamısı ona şərti verilib) 1950-ci il mayın 16-da indiki Şirvan şəhərində anadan olub. 1965-1968-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsində, 1973-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə 1965-ci ildə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi başlayan Arif Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. Bu teatrın səhnəsində müxtəlif xarakterli obrazlar yaradıb. Onun “Təzə gəlin”də (S.Dağlı, C.Cahangirov) Şərbətəli, “Gözün aydın”da (F.Əmirov, M.Əlizadə) Salyanski, “Durna”da (S.Rüstəmov, S.Rüstəmov) Dursun, “Gurultulu məhəbbət”də (S.Ələsgərov, S.Qədirzadə) Mürsəl, “Özümüz bilərik”də (Ş.Qurbanov, S.Ələsgərov) İbişov, “Hicran”da (S.Rəhman, E.Sabitoğlu) Dursunov, “Ev bizim, sirr bizim”də (Ş.Axundova, N.Gəncəli) Tofiq, “Məşədi İbad”da (Ü.Hacıbəyli) Hambal, “Durnalar qayıdanda” tamaşasında (Hidayət) Mirzəqulu, “Məhəbbət, şeytan və ağ ölüm”də (M.Haqverdiyev) Səbzəli və s. canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Aktyorun “Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və digər teletamaşalarda yaratdığı rollar da sənətkara böyük tamaşaçı rəğbəti qazandırıb.
Arif Quliyevin “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərindəki obrazları onun yaradıcılıq potensialının zənginliyini ifadə edir.
Müxtəlif teatrlarda çalışan sənətkarın yaradıcılığı qiymətləndirilib, 1989-cu ildə Əməkdar artist, 1993-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. “Humay”, “Qızıl dərviş” mükafatları və “Sənətkar” medalı ilə təltif olunan aktyor Prezidentin fərdi təqaüdçüsü idi.
Tanınmış aktyor, səmimi insan Arif Quliyevin əziz xatirəsi doğmalarının, sənət dostları və tamaşaçıların yaddaşında yaşayacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
Günay Əfəndiyeva Qazaxıstanda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana səfəri çərçivəsində “TÜRKSOY-un 30-cu ildönümü: Nəticələr və perspektivlər” mövzusunda Qazaxıstan Respublikasının Birinci Prezidenti Kitabxanasında keçirilən tədbirdə iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir ki, tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qazaxıstan Respublikasının Birinci Prezidenti Kitabxanasının direktoru Bakıtjan Temirbolat, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Nurqisa Daueşov, Qazaxıstanın xarici işlər nazirinin müavini Kanat Tumış, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu, “Otandastar” Fondunun prezidenti Abzal Saparbekulı və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən Fondun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un türk dövlətlərinin müstəqillikləri qazandıqdan sonra bir-biri ilə əlaqələrinin gücləndirilməsi məqsədilə qurulmuş ilk təşkilat olmasından söz açıb.
Günay Əfəndiyeva TÜRKSOY-u 30 illiyi münasibətilə təbrik edərək, bu müddət ərzində təşkilatın həyata keçirdiyi böyük sayda tədbirlərin ümumtürk mədəniyyətinin dünya səviyyəsində tanıdılmasında önəmli rol oynadığını bildirib. O, Beynəlxalq Türk Mədəniyyət və İrs Fondunun TÜRKSOY-la qarşılıqlı fəaliyyətlərindən bəhs edərək, bu iki beynəlxalq türk təşkilatının hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.
Günay Əfəndiyeva TÜRKSOY tərəfindən aparılan digər işlərlə yanaşı, təşkilatın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsinin müstəsna əhəmiyyətinə diqqəti çəkib. O, 2023-cü il üzrə Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu daşıması ilə bağlı Fond tərəfindən böyük “Şuşa günləri” layihəsinin başladılmasını və artıq müxtəlif şəhərlərdə təşkil olunmasını xatırladıb. Fondun prezidenti işğaldan azad edilməsi ilə bütün Türk dünyasında qürurun rəmzinə çevrilmiş Şuşanın tarixi-mədəni irsinin rəhbərlik etdiyi təşkilat tərəfindən Bursada və Daşkənddə silsilə tədbirlərlə tanıdıldığını qeyd edib. Günay Əfəndiyeva “Şuşa günləri”nin Türk dünyasının şəhərlərində təntənəli şəkildə keçirilməsini Fond ilə TÜRKSOY arasındakı əməkdaşlığın ən gözəl nümunələrindən biri kimi qiymətləndirib.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya və türk dövlətlərinin bir sıra dövlət, mədəniyyət xadimlərinə TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən “TÜRKSOY-un 30-cu ildönümü” yubiley medalı təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06 may 2023, 18:09
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002‑ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:
Abdullayeva Xurşud Lütfəli qızı
Abdurahmanov Yusif Fikrət oğlu
Adıgözəlov Yalçın Vasif oğlu
Ağakişiyev Rauf Fikrət oğlu
Ağasiyev Tural Aydın oğlu
Ağasoy Həsən Vəliqulu oğlu
Ağayev Miraslan Əzizəli oğlu
Ağayev Ziya Səbuhi oğlu
Allahverdiyev Ceyhun Kərim oğlu
Allahverdiyeva Naibə Siyavuş qızı
Arsentyeva Olqa Anatolyevna
Aslanova Elmira Ramazanovna
Atakişiyeva Asya Çingiz qızı
Atakişiyeva Mətanət Ağazair qızı
Babayeva Töhfə Ağaəli qızı
Bağırova Sənubər Yusufovna
Baliyeva Natalya Gennadyevna
Barateliya Naala Raulyevna
Bayramov Təyyar Allahverdi oğlu
Bəşirov Xanlar Əyyub oğlu
Cəbrayılov Elşən Şahin oğlu
Cəfərov Samir Qadir oğlu
Dubovitskaya Mariya Aleksandrovna
Eyvazov Nadir Samir oğlu
Eyvazova Ayan Fuad qızı
Eyyubov Musa Eyyub oğlu
Əbdülsəmədova Zemfira Feyzulla qızı
Əbilova Könül Allahverdi qızı
Əfəndi Elçin Fərahim oğlu
Əfəndiyeva Xəlilova İlahə Əhsan qızı
Əhmədov Bağır Kənan oğlu
Əhmədov Çingiz Əli Əşrəf oğlu
Əhmədov İlyas Əhməd oğlu
Əhmədova Aynur Əhməd qızı
Ələkbərzadə Mehriban Zaur qızı
Əlili Hüseyn Azad oğlu
Əliyarov Elvin Bahadur oğlu
Əliyev Ələkbər Həsən oğlu
Əliyev İqbal Adil oğlu
Əliyev Samir Asəf oğlu
Əliyev Sərvər Bəhlul oğlu
Əliyeva Nərgiz Arzu qızı
Əliyeva Ülkər Sabir qızı
Əlizadə Şəhla Seidşah qızı
Əmirbəyova Rita Cəmil qızı
Əsgərov Əsgər Əkbər oğlu
Əzizov Əzizağa Ağayar oğlu
Fətullayeva Aygün Bəhruz qızı
Gözəlova İradə Vaqif qızı
Hacıyeva Sevil İnşalla qızı
Hadı-zadə Kərəm Əmiralı oğlu
Haxverdiyev Behruz Əyyub oğlu
Heybətov Anar Mithət oğlu
Həbibov Nicat Əli oğlu
Həbibova Azadə Həsən qızı
Həsənquliyev Kazım Feyruz oğlu
Həsənov Kərim Abbas oğlu
Həsənova Natavan Mikayıl qızı
Həsənova Səbirə Nasif qızı
Həşimzadə Xanlar Allahverdi oğlu
Hüseynov Elnur Bəhrəmxan oğlu
Hüseynov Rövşən Maqsud oğlu
Hüseynova İlahə Həsən qızı
Hüseynova Kamilla Fikrət qızı
Xanlarova Mehriban Aslan qızı
Xasiyev Səmədzadə Nadir oğlu
Xəlilzadə Rüfət Eldar oğlu
İbişov Tahir Fidayə oğlu
İbrahimova Nigar Rəfael qızı
İbrahimova Şəhla İbrahim qızı
İmanov Əbülfəz Hüseyn oğlu
İmranova İnna Aleksandrovna
İskəndərova Sənubər Sabir qızı
İsmayılova Şəhla Əli qızı
İsrafilov Fərhad Ramazan oğlu
Kazımov Nicat Mirəziz oğlu
Kərimduxt Rövşən Ramazan oğlu
Kərimov Elnur Umbay oğlu
Kərimov Loğman Seyfulla oğlu
Qəmbərli Ayaz Vahab oğlu
Quliyev Aydın Baloğlan oğlu
Quliyev Cəmil Elşad oğlu
Quliyev Elxan Əli Bala oğlu
Quliyev Ələsgər Kamran oğlu
Quliyev Əyyub Ramiz oğlu
Quliyev Hafiz Məhərrəm oğlu
Quliyeva Səbinə Kasumovna
Quliyeva Şəlalə Şahvələt qızı
Qurbanov Cahangir Qafar oğlu
Qurbanova Gülzar Qurban qızı
Qurbanova Pərvanə Yaqub qızı
Mehmandarov Mustafa Adil oğlu
Mehrəliyev Vüsal Akif oğlu
Məhərrəmov Firudin Əliməmməd oğlu
Məmmədli Şamil Kamil oğlu
Məmmədov Anar Ramiz oğlu
Məmmədov Sabir Novruz oğlu
Məmmədova Fəridə Kamal qızı
Məmmədova Günel Əzizağa qızı
Məmmədova Həcərxanım Cavanşir qızı
Məmmədzadə Nəsimi Əyyub oğlu
Məmmədzadə Səbinə Namiq qızı
Məsimov Qurban Abdulla oğlu
Mikayılov Mikayıl Şamil oğlu
Mir-Qasım Ayan Oqtay qızı
Mirzəyev Gülağası Ağa Hüseynoviç
Mirzəyev Rafiq İsmayıl oğlu
Mirzəzadə Nicat Qərib oğlu
Musayeva Şükufə İmran qızı
Mustafayev Arzu Əhməd oğlu
Mustafayev Vüsal Sədaqət oğlu
Mustafayeva Laləzar Bəşir qızı
Nağıyev Qasım Gəncalı oğlu
Nəbiyeva Mehri Rasim qızı
Nəsibova Rada Ziyad qızı
Nəzərov İlham İslam oğlu
Niftəliyeva Nurbəniz Nurəddin qızı
Nuriyev Cavad Fərhad oğlu
Oduşev Timur Vladislavoviç
Orucova Naidə Mülük qızı
Orucova Sevda Nəbi qızı
Osmanov Fuad Tacəddin oğlu
Ömərov Gümrah Rza oğlu
Poladov Əkrəm Nicad oğlu
Rəsulov İsrafil Fərhad oğlu
Rüstəmov Elşən Mərdan oğlu
Rüstəmov Rüstəm Qərib oğlu
Rzayeva Nigar Azər qızı
Rzayeva Vəfa Əliseyran qızı
Rzayev-Sarabski İsfar Aydın oğlu
Sadıqov Anar Babalı oğlu
Salahov Əbülfət Yusif oğlu
Salmanov Nicat Fərhad oğlu
Seyidova Ceyla Uran qızı
Səfərova İlahə Qiyas qızı
Səlimli Mirbala Seyidəsgər oğlu
Səmədov Samir Səməd oğlu
Səmədov Şükür Hacıbala oğlu
Şahaliyev Elxan Savalan oğlu
Şirinov Asif Əhməd oğlu
Şirinov Aslan Adil oğlu
Tağızadə Mahir Tahir oğlu
Vahabzadə Səbinə Qulam qızı
Vəliyeva Leyli Fətulla qızı
Vəliyeva Nigar Natiq qızı
Yahyayev Taleh Saleh oğlu
Zaliyeva Mehriban Əskəralı qızı
Zeynalov Azər Zeynalabdın oğlu
Zəki Mehriban Mürvət qızı
Zülfüqarova Əminə Cahangir qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 may tarixli 3246 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 5, maddə 488) 1-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2023-cü il
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06 may 2023, 18:07
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Abbasov Tariyel Abbasqulu oğlu
Axundova Nigar Vəli qızı
Aqalliyay Pellumb Mustafa oğlu
Əliyev Zamiq Balarza oğlu
Əsədov Əsəd Fərux oğlu
Həsənov Ənvər Cəfər oğlu
Həsənov Vidadi İsmail oğlu
İbrahimbəyova Anna Yuryevna
İsmayılov Qurban İbrahim oğlu
Qasımov İntiqam Böyükağa oğlu
Qasımov Məmmədsəfa Məmmədəli oğlu
Qasımov Yusif Əli oğlu
Quliyeva Xalidə Camal qızı
Mustafayev Vaqif Behbud oğlu
Nəzirli Şəmistan Əmiraslan oğlu
Rüstəmov Aslan Mahmud oğlu
Süleymanlı Şamil Kamran oğlu
Şıxlinskiy Ziya Ənvər oğlu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2023-cü il
Xalq artisti, kinorejissor Muxtar Dadaşovun vəfatından 25 il ötdü
Ötən gün Xalq artisti, kinorejissor, ssenarist, aktyor və operator Muxtar Dadaşovun vəfatından 25 il ötdü. Muxtar Dadaşov kimdir, xidmətləri hansılardır? Gəlin öncə onun bioqrafiyasını vərəqləyək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, o, 1913-cü il sentyabrın 11-də Bakıda anadan olub. Hələ erkən yaşlarından tale yolunu böyük sənət məbədindən salır. Belə ki, Akademik Milli Dram Teatrının səhnəsində görkəmli dramaturq Cəfər Cabbarlının “Sevil” tamaşasında Gündüz rolunu oynayır. Bu, onun həyatında yeni səhifələr açır. Qəlbində görkəmli sənət ustaları ilə bir yerdə çalışmaq arzuları baş qaldırır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda, tamaşalarda kiçik rollar oynayır. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəkilişində iştirak edir. Təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işinə qayıdır. 1935-ci ildə “Rəqs edən bağalar” bədii filminin (Abdulla Şaiqin “Oyunçu bağa” hekayəsi əsasında) quruluşçu operatoru olur.
Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. “Ana yurdum, Azərbaycan”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.
O, kinoya qəlbən bağlı olub. Ekran əsərlərində fərdilik qabarıq şəkildə görünüb. 1953-cü ildə lentə aldığı “Arazın o tayında” filmində qaldırdığı problem bütöv Azərbaycan ideyasından güc alıb.
Muxtar Dadaşov 1945-ci ildə çəkilən “Arşın mal alan” filmində operator köməkçisi olub. “Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T-9” bədii filmləri də onun operator kamerası vasitəsilə həyata vəsiqə alıb.
Quruluşçu rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olur. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman“ povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır. Filmdə baş rola kənardan aktyor (Şimali Osetiyadan Bimbulat Vatayev) dəvət olunsa da, ekran əsərində bir çox görkəmli sənətkarlarımız rol alıb: Adil İsgəndərov, Rza Təhmasib, Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Hacıbaba Bağırov...
Muxtar Dadaşovun “Bakıda küləklər əsir” filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə “Bakı döyüşür” adlı sənədli film çəkmişdi. Maraqlıdır ki, o, müharibənin gedişi vaxtı S.Vurğunu, Ü.Hacıbəylini, kimyaçı alim Y.Məmmədəliyevi, neftçilərdən G.Əliyevi, A.Nematullanı, R.Rüstəmovu və başqalarını bu filmə çəkir. Sonra bu filmi genişləndirərək “Bakı-42” adı ilə lentə alır. Ancaq istedadlı rejissor fantaziyasını bu filmdə də yekunlaşdırmır. Nəhayət 1974-cü ildə “Bakıda küləklər əsir” bədii filmini çəkərək istədiyinə nail olur. Filmdə xalqımızın müharibə illərində arxa və ön cəbhədə göstərdiyi hünəri, casusların ifşa edilməsində qəhrəman kəşfiyyatçıların ayıq-sayıqlığını, onların çox cəsarətli əməliyyatları nəticəsində Bakının neft mədənlərinin partladılmasının qarşısının alınmasını ustalıqla əks etdirir.
O, həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. “Nəriman Nərimanov” sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N.Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapır. Sonra həmin kadrları filmdə canlandırır.
Muxtar Dadaşovun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Ekran əsərləri dünyanın bir çox ölkələrində göstərilib. Onun “Səadət yolu ilə” filmi Moskvada Ümumittifaq festivalında qızıl medala, “Nəriman Nərimanov” filmi Tiflis festivalında xüsusi mükafata layiq görülüb.
İndi isə onun kinomuzun tarixində rolunu qiymətləndirək. Kino tariximizdə layiqli iz qoyan, dərin məzmunlu yaradıcılığı ilə yaddaşlarda əbədiləşən sənətkarlarımızdır rejissor, Xalq artisti Muxtar Dadaşov. Muxtar Dadaşov ustad operator, həm də kinorejissor kimi lentə aldığı sənədli filmlərlə tariximizin əsl kino salnaməsini yaradıb.
Sənətkarın gərgin və yaradıcı əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına və “Şöhrət” ordeninə layiq görülüb. Dövlət mükafatı laureatı olub.
1998-ci il mayın 7-də vəfat edən sənətkar bu gün də sənətsevərlər tərəfindən hörmət və məhəbbətlə yad edilir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)