Aşqabad Beynəlxalq Məktəbində Beynəlxalq Milli Mətbəx Festivalı keçirilib.
AzərTAC xəbər verir ki, hər il olduğu kimi, bu il də Azərbaycanın Türkmənistandakı səfirliyi ölkəmizi festivalda təmsil edib.
Azərbaycan guşəsi dövlət bayrağımızla bəzədilib.
Festivalda Azərbaycanın Türkmənistandakı səfirliyi üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub. Milli yemək və şirniyyatlarımız - plov, dolma, dovğa, qutab, paxlava, şəkərbura, qoğal haqqında qonaqlara məlumat verilib, onlar bu təamları dadmağa dəvət ediliblər. Həmçinin tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, xalça sənəti, incəsənəti və turizm potensialı ilə bağlı kitab və broşürlər nümayiş etdirilib və paylanılıb. Ölkəmizlə bağlı foto-açıqcalar, suvenirlər, sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görməli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincan və boşqablar, milli geyimlər, tikmə nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)