Super User

Super User

 

Ötən ilin 24 avqust günündə “Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasında Güney Azərbaycan təmsilçimiz Əli Çağla sizləri şair Əbasət Purhəsənin şeirləri ilə tanış etmişdi.

Əbasət Purhəsən 1982-ci il avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət Əhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.

 

 

 

SƏNDƏN SONRA

 

Qəlbimin ağrısı toxtamaq üçün,

Darıxmayacağam səndən ötəri.

Özümə toy tutub ögey şəhərdə,

Kefləndirəcəyəm bekef şəhəri.

 

Elə sevəcəyəm aldığım qızı,

Döyünə-döyünə giciyin gələ.

Verdiyim ürəyi qaytardığına,

Özünün özündən acığın gələ.

 

Yəqin gözlərindən damcı axacaq,

Bir vaxt həsrət idin bir damcıya sən!

O gün yaxşı olar dərinə getsən,

Bilərsən nə çəkdim dünənlərdə mən.

 

Dünənlər sovuşdu, bu gün sovuşur,

Dünənlər bu günə bəhanə imiş.

Qürurum qüruru, quru qürurun,

Bilmədim bu qürur səndə nə imiş?!

 

Nə deyim, bilmirəm, bəlkə də bir gün,

Yenidən doğuldum səni sevməyə.

Bilmirəm bəlkə də son dünyamızda,

Tanrı gəldi bizə kəbin kəsməyə.

 

 

 

BİRİNCİ SUAL

 

Ölümlər şirindi, ölümlər acı,

Yoxsulluq ölümün biridi bəlkə.

Biz hələ dünyadan nə bilirik ki,

O qız, o oğlanın əridi bəlkə?!

 

Ağaclar köynəyin dəyişir nədən?

Küçədən, küçəyə min sualım var.

Yadımda babamın nağıllarında,

Bir nağıl deyirdi: “Axtaran tapar.”

 

Axtardım, tapdığım bu gün sən oldun,

Ah qundaq, sənin də dərdin çox imiş.

Inqıltı səsinə analar gəldi,

Heç elə bil sənin anan yox imiş!..

 

Gözlərimdə yollar, içimdə dağlar,

Səni evlərinə kimlər aparar?

Atalı, analı yetim qundağın,

Bələyin kim açar, başın kim dadar?

 

Günəş də küsürdü dağın dalından,

Quşlar da göylərdən yığışırdılar.

Sızıltı səsinə can-can deyənlər,

Sadağa tullayıb soruşurdular.

 

Sən qucağımdaydın, mən oturmuşdum,

Kiçik əllərini üzümə çəkdin.

Dilənçi deyildik, biz qərib idik,

Beynimdə nə varsa gözümə tökdün.

 

Yolun qırağına kim qoyub səni,

Bəlkə də yenidən Həvva doğubdur!

Bizi göydən yerə gətdiyi kimi,

Səni də cənnətdən yerə qovubdu.

 

Biz hələ dünyadan nə bilirik ki,

Bir uşaq qolumda, ana olmuşam.

Atası kim ola, anası kimdi?

Birinci sualda hələ qalmışam...

 

 

 

BƏZƏKLİ MANKƏN

 

Bazar qabağında bəzəkli mankən,

Hər gələn əl atır donuna sənin.

Yaşamağın üçün açılmır donu,

Soyuq şəhrimizdə geydiyin donun.

 

Əllərin əlimdə, əlin əlimi,

Əlinin içində saxlaya bilmir,

Nə çəpik çalırlar qabağımızda?!

Nə üçün görənlər ağlayır, gülmür?

 

Mən səni sevdiyim qıza oxşatdım,

Ya şəhər ağılsız, ya da mən dəli!

Bir dəyqə özümü sevindirməyə,

Sənin də abrına toxundum, bəli.

 

Səndən ayrılıram, bilirəm ancaq,

Əynindəki donu götürəcaqlar.

Bilmirəm bəlkə də oğlan paltarın,

Geydirib əyninə, toy tutacaqlar.

 

Bəlkə də bazardan, bazara köçüb,

Gözdən düşəcəksən, gic qalacaqsan.

Bilmirəm, sabahın heç kimsə bilmir,

Bəlkə də sevdiyim qız olacaqsan!..

 

 

 

BİZ BEŞ YOLDAŞIYDIQ

 

Biz beş yoldaşıydıq məhəlləmizdə,

İtlər ulayırdı küçələrində.

Biz beş yoldaşıydıq, biz beş beyni qan,

Əhərin dumanlı gecələrində.

 

Gündüzlər, gecəyə fikirləşirdik,

Gecələr, gündüzə fikirləşirdik.

Bizi aldadırdı matikli qızlar,

Yenə aldanmağa hazırlaşırdıq.

 

On beş yaşındaydıq həyatımızda,

Həyat bizdən qoca, arzumuz Təbriz.

Hələ fikirimiz böyüməmişdən,

Günlər sovuşurdu, böyüyürdük biz.

 

Fəsillər sovuşdu, illər sovuşdu,

Nə oynaya bildik, nə gülə bildik!

Beş oğlan Əhərdən dünyadan köçüb,

Dörd oğlan Təbrizdə dünyaya gəldik!

 

Bizlər yerimizi dəyişə bildik,

Nədən fikrimizi dəyişənmədik?

Görən bu dünyanın dalında nə var?

Qaranlıqlarınan güləşənmədik!

 

Qəfələr bucağı yerimiz idi,

Ürəyi doluyduq, beyni boşuyduq.

Aldadırdı bizi bəzəkli Təbriz,

Biz beş yoldaşıydıq, biz beş daşıydıq.

 

 

 

UŞAQLIQ YOLDAŞIM

 

Hava ağlayırdı ağırlığından,

Elə anlayırdım çırpınırsan sən.

Əlimi uzaldıb əlimə aldım,

Sənə layla çaldım doyunca dünən.

 

Ovcumun içində yuxuya keçdin,

Körpə uşaq kimi, ətsan quş kimin.

Ağzını yumurdun lal dünyamıza,

Ya sona çatırdı sənin də qəmin.

 

Sən elə ovcumu qucaqlamışdın,

Səni ovucumdan ata bilmirdim.

Yuxu gözlərimi alırdı, ancaq –

Sənsiz yuxularda yata bilmirdim.

 

Ovcumun içindən ayrılmadın heç,

Səni sevə-sevə öldürdüm dünən.

Uşaqlıq yoldaşım, bayram balığı,

Daha çırpınmayır nə mən, nə də sən...

 

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

 

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

 

 

 

 

2024-cü ildə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın bəstəkar icmalarının davamlı şəkildə qarşılıqlı fəaliyyət göstərməsinə imkan verəcək Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyası təsis ediləcək.

 

Bu fikri Xəzəryanı Dövlətlərin Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru Mixail Qolikov Xəzəryanı dövlətlərin bəstəkarlarının I Beynəlxalq Forumu çərçivəsində TASS agentliyinə müsahibəsində deyib.

Avqustun 23-də Həştərxanda “Xəzər fəsilləri” beynəlxalq klassik incəsənət festivalı çərçivəsində ilk dəfə olaraq Xəzəryanı dövlətlərin bəstəkarlarının I Beynəlxalq Forumu keçirilir. Azərbaycan, Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistanın mədəniyyət xadimləri və bəstəkarları bu tədbirdə iştirak ediblər.

“Həştərxanda klassik incəsənət festivallarının keçirilməsi təcrübəsi göstərdi ki, Xəzəryanı dövlətlərin orkestri üçün proqram işləri axtararkən, əslində, bu ölkələrin bəstəkarlıq məktəbləri haqqında heç nə bilmədiyimiz məlum oldu. Eyni zamanda, bəlli oldu ki, klassik musiqi ilə yanaşı, sadəcə olaraq, yeni və müasir musiqilər ifa etmək, bu melodiyaların bugünkü tamaşaçılar tərəfindən sevilməsinə nail olmaq lazımdır. İndi biz forum iştirakçıları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalamışıq. Bu, Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyasının yaradılması üçün müəyyən hüquqi formanın hazırlanması deməkdir. Yeni təşkilat bizə daimi əsasda daha səmərəli işləməyə, yerli bəstəkar icmaları ilə qarşılıqlı əlaqə qurmağa imkan verəcək”, - deyə M.Qolikov bildirib. O əlavə edib ki, 2024-cü ildə dövlətlərarası təşkilatın yaradılmasının detalları müzakirə olunur. 

M.Qolikovun sözlərinə görə, I Beynəlxalq Forum çərçivəsində onlar Xəzəryanı ölkələrin bəstəkarları arasında müsabiqənin hər il keçirilməsi perspektivi ilə bağlı təşəbbüs irəli sürüblər. Münsiflər heyətinə bütün iştirakçı ölkələrin mədəniyyət xadimləri, musiqişünaslar, ifaçılar və peşəkar tənqidçilər daxil olacaq.

“Bəstəkar müsabiqəsi qalibinin adı 2024-cü ildə keçiriləcək növbəti “Caspian Seasons” beynəlxalq festivalının qala-konsertində açıqlanacaq və burada müəllifin əsəri Xəzəryanı ölkələrin orkestrinin ifasında səslənəcək. Həştərxan Filarmoniyasında müsabiqə laureatları üçün konsert təşkil olunacaq. Əminəm ki, bəstəkarlar forumu və sonradan Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyasının yaradılması bizim bəstəkar icmalarını müxtəlif məkanlarda birgə konsertlər, forumlar və yaradıcılıq görüşləri ilə birləşdirəcək”, - deyə M.Qolikov vurğulayıb.

Qeyd edək ki, avqustun 22-də Həştərxanda “Xəzər fəsilləri” Beynəlxalq Klassik İncəsənət Festivalı başlayıb. Festival çərçivəsində avqustun 25-dən 28-dək Həştərxan Filarmoniyasında Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan günləri keçiriləcək. Xəzəryanı ölkələrdən 70-ə yaxın musiqiçinin daxil olduğu Xəzəryanı dövlətlərin simfonik orkestri “Xəzər fəsilləri”nin əksər tədbirlərinin fəal iştirakçısı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Cümə axşamı, 24 Avqust 2023 15:00

Trendyol, Kontakt Home və digərləri

 

“Ədəbiyyat və incəsənət” rubrikasının sual-cavab rubrikasında bu gün “Azərbaycanda ən çox istifadə edilən onlayn alış-veriş saytları hansılardır” sualına cavab veriləcək. Rubrikanı Nihad Alimoğlu aparır.

 

1. Trendyol

2. AliExpress

3. Umico Market

4. Kontakt Home

5. LC Waikiki

6. İrşad

7. Baku Electronics

8. Alibaba

9. Ebay

10. DeFacto

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

Moskvada keçirilən “Kitabxanaların birlik təhsil əməkdaşlığı” təlim kursunun ikinci mərhələsində Azərbaycanı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İnformasiya və media ilə iş şöbəsinin müdiri Nübar Cəlilova təmsil edib. 

 

Bu barədə Respublika Gənclər Kitabxanasından məlumat verilib. Beynəlxalq tədbirdə Nübar Cəlilova bu il 95 illik yubileyini qeyd edən Respublika Gənclər Kitabxanasının daxili strukturu, fond tərkibi, fəaliyyəti, kitabxanada tətbiq edilən milli sistem – “Alisa” proqramı haqqında ətraflı məlumat verib. Kitabxanada rəsmi sayt üzərindən təqdim edilən elektron xidmətlər, virtual ünsiyyət vasitələri, kitabların elektron formata keçirilməsi, həmçinin kitabxana əməkdaşlarının təlimlərə cəlb olunması prosesindən danışıb. 

Təlim iştirakçıları Moskvanın ən böyük kitabxanalarında olublar. Sonra Rusiya Dövlət Kitabxanasının Elmi və tədris fəaliyyəti departamentinin direktoru Yevgeniya Quseva və beynəlxalq humanitar əməkdaşlıq məsələləri üzrə rəsmi şəxs Dmitri Polikanovla görüş keçirilib. Görüşün sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub. 

Qeyd edək ki, beynəlxalq humanitar əməkdaşlığın “Yeni nəsil” proqramı çərçivəsində təşkil edilən təlim kursunda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Tacikistan və Özbəkistanın kitabxanalarından 53 gənc mütəxəssis iştirak edib. Təlim kursu çərçivəsində kitabxanalarda prioritet fəaliyyət istiqamətləri, nümunəvi bələdiyyə kitabxanalarının yaradılması, kitab nəşrlərinin rəqəmsallaşdırılması və Milli Elektron Kitabxananın portalında yerləşdirilməsi üzrə Rusiyanın milli layihələri, müasir dövrdə kitabxanalar qarşısında duran vəzifələr və s. bu kimi mövzular müzakirə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Cümə axşamı, 24 Avqust 2023 14:36

Axı Yer kürəsi yumrudur...

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Düz 57 ildir ki, hərəkətdəyəm, gedirəm, amma hələ də Yer kürəsinin başına bir dəfə də olsun fırlana bilməmişəm. Bəs deyirdilər ki, Yer planeti yumrudur, kiminləsə üz-üzə gəlmək şansı həmişə var. Qəribədir, niyə onunla rastlaşmamışıq, bilmirəm. Ya da haradasa yanımdan ötüb keçib fikir verməmişəm. Nə isə, sözümün canı odur ki, bu dəfəki qəhrəmanımın haqqında geniş danışa bilməyəcəm. Etiraz etməsəydiniz, söhbətimi dostlarının onun haqqında söylədiklərindən sitatlar gətirməklə ərz edərdim. 

Məmməd Araz yadigarı, Aqil Abbasın ömür-gün yoldaşı, tanınmış jurnalist İradə Tuncay deyir ki;- "İlqarla biz Universitetin jurnalistika fakültəsində birgə təhsil almışıq. Hələ tələbəlik illərindən İlqar hər kəsdən seçilir, hamı tərəfindən sevilirdi. İlqarda qeyri-adi cazibə keyfiyyəti vardı. İstənilən adamla bircə söhbətdən sonra həmin adam yenə də İlqarın həmsöhbəti olmaq istəyirdi. Onun cazibəsini heçnə neytrallaşdıra bilmirdi. İllər keçsə də İlqar hələ də bu cazibəni qoruyub saxlaya bilib."

 

Yox, yox, söhbət sizin düşünüyünüz İlqardan deyil, İlqar Həsənovdan gedir. Ona İlqar Musayeviç də deyirlər. Həmkarı İttifaq Mirzəbəyli söyləyir ki: "İlqar Həsənov müasir mətbuatımızın daim üzdə olan, fəal nümayəndələrindən biridir. Dövlət müstəqilliyimizdən əvvəlki dönəmdə peşəkarlıq, prinsipiallıq və jurnalist məsuliyyəti ilə seçilirdisə, müstəqillik dövründə həmin keyfiyyətlərinə milli təəssübkeşlik və dövlətçilik maraqlarının qorunmasına xidmət kimi dəyərlər də əlavə edib. İlqar Həsənov bölgə müxbiri kimi fəaliyyət göstərdiyi rayon və şəhərlərin hamısının qeyri-rəsmi "fəxri vətəndaşı" statusunu qazanıb".

 

Deyirlər, “Xalq qəzeti”ndə çalışır. Yaxşı yoldaşlığı, sadiq dostluğu, mədəni davranışı var. Üstəlik canlara dəyən adamdır. Şair, jurnalist Əli Nəcəfxanlı isə:- “Bakı Dövlət Universitində görkəmli jurnalist, tanınmış ictimai və elm xadimi, ustad redaktor Nəsir İmanquliyevin 110 illik yubileyinə həsr olunmuş elmi konfransda mötəbər çıxışçılar arasında İlqar Həsənov xüsusilə seçilib. Vaxtilə unudulmaz şəxsiyyətin yaradıcısı və baş redaktoru olduğu "Bakı" qəzeti redaksiyasında çalışmış İlqar müəllim ustadı haqqında nəzəri deyil, məhz praktiki və həyati xarakterli xatirələrini söyləməsi ilə yadda qalıb. Bax, belə bir fenomen insandır bizim İlqar Musaoğlu. 1959-cu ilin 236-cı günündə- avqustun 24-də dünyaya gəlib. Düz 23376 gündür ki, doğmalarını, əzizlərini, dostlarını öz varlığı ilə sevindirir. Arzu edirəm ki, bir bu qədər də yaşasın və sevindirsin! 23376 gün nədir ki? Vur-tut 64 il.”- söyləyir.

 

Arximedin yaxşı bir kəlamı var: “Mənə bir dayaq nöqtəsi verin ki, dünyanı yerindən oynadım.” Rəhmətliyin sözünə qüvvət, bircə dəfə onu görsəydim, yəqin ki, haqqında geniş danışa bilərdim. Amma ümid yeri var, hələ ki, o da, mən də gedirik. Ola bilsin ki, haradasa, nə vaxtsa üz-üzə gəldik. Axı Yer kürəsi yumrudur...

“I’m sorry” söhbətimi burada tamamlamaq məcburiyyətindəyəm. Hə, yaxşı ki, yadıma düşdü- avqustun 24-ü İlqar Həsənovun növbəti ad günüdür. Təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

Azərbaycanın kino ictimaiyyəti milli kinematoqrafiyamızda öz dəst-xətti ilə seçilən görkəmli rejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin yubileyinə hazırlaşır.

 

Avqustun 28-də Nizami Kino Mərkəzində görkəmli kino xadiminin 70 illiyi münasibətilə yubiley mərasimi keçiriləcək. Yubiley tədbirlərində Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, Rustaveli adına Tbilisi Dövlət Akademik Teatrının məşhur aktyoru, Gürcüstanın Xalq artisti Aftandil Maxaradze və başqaları Bakıya gələcəklər.

İndidən dünyanın mötəbər kino xadimləri, görkəmli sənətkarlar yubilyara öz təbriklərini göndərirlər. Məsələn, Rusiyanın Xalq artisti, kinorejissor və aktyor “Oskar” mükafatı laureatı Nikita Mixalkov azərbaycanlı həmkarına göndərdiyi video təbrikdə ən xoş arzularını çatdıraraq, onun dünya kinematoqrafiyasında xüsusi yer tutduğunu bildirərək deyir: “Əziz Vaqif, sən əsl milli sənətkarsan. Yalnız milli olanlar ümumbəşəri ola bilirlər”.

Qeyd edək ki, Xalq artisti Vaqif Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olub. Vaqif Mustafayev yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Onun quruluş verdiyi “Bəyin oğurlanması” “Yaramaz”, “Nakəs”, “Fransız”, “Milli Bomba”, “Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” və digər filmləri böyük tamaşaçı rəğbəti qazanıb. 

Rejissorun parlaq yaradıcılıq nümunələri bir sıra beynəlxalq festivalda mükafatlar qazanıb.

Vaqif Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü “Əsl məhəbbət haqqında” , “Bir həsədin tarixi” və “Xüsusi təyinat” filmləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. 2018-ci ildə Xocalı faciəsinə həsr olunmuş “Dərdimi çəkirəm” sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə “Həyat, deyəsən, gözəldir” bədii və “Fikrət Əmirov” bədii-sənədli filmlərini ərsəyə gətirib. O, “Həyat, deyəsən, gözəldir” filminə görə Türkiyədə keçirilən “Korkut Ata” Beynəlxalq Film Festivalında “Türk dünyasının ən yaxşı rejissoru” adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Özünü təhsilə, yaradıcılığa həsr edib. 1999-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Xədicə Zeynalovanın mükafat almış "İn memoriam Kara Karayev", "İn memoriam Ludwig van Beethoven", beş hissəli "Qarabağ suita"sı, "Qarabağ həsrəti", "Odlar ölkəsindən şəkillər", solo Arfa və Orkestr üçün konsert, simli kvartet üçün “Miniatürlər”, “Səma” viola və akkordeon üçün duet, Simfonik orkestr üçün “Qarabağ” simfonik poeması, kamera orksteri üçün “Azerbaijani Fairy Tale” və s. bir çox musiqi əsərləri indiyədək Kanada, Fransa, Avstriya, İsveç, Almaniya, İsveçrə, Kipr, İngiltərə, ABŞ, Gürcüstan, Yunanıstan, Türkiyə Oman Sultanlığı və eləcə də bir sıra ölkələrdə ifa olunub. Qeyd etmək lazımdır ki, bəstəkarın bir çox əsərləri Almaniyanın müxtəlif şəhərlərində uğurla ifa olunaraq MDR Radio, WDR Radio, Deutschlandfunk, Radio Bremen, SWR Radio, Cosmo Radio, RBB Berlin Radiolarında yayımlanmışdır.

 

On yeddi ildir ki, Almaniyada yaşayır. Zəngin mədəniyytə malik olan bu məmləkətdə Azərbaycan musiqisini yorulmadan təbliğ edir, almanlara sevdirməyə səy göstərir. Haqqında söhbət açdığım Xədicə xanım Zeynalova Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya gəlib. Səkkizinci sinfədək 27 nömrəli məktəbdə oxuyub. Sonra indiki Sumqayıt Musiqi Kollecinə qəbul olunaraq, dörd il də orada təhsil alıb. 1994-cü ildə həmin kolleci musiqi nəzəriyyəsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1994-1998-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq və musiqişünaslıq fakultəsində Prof. Xəyyam Mirzəzadənin sinfində bakalavr, 1998-2000-ci illərdə isə magistr dərəcələrinə yiyələnib. Hər iki dərəcədən də fərqlənmə diplomuna layiq görülüb. Eyni zamanda 1995-2005-ci illərdə Sumqayıt Musiqi Kollecində müəllim işləyib, musiqi nəzəriyyəsi fənnini tədris edib. Həmçinin 2000-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb. 2005-ci ildən Almaniyanın Detmold şəhərində yaşayır… 

 

Atası Əbdülrəhim Sumqayıtda yaşasa da Bakıda, İçərişəhərdə doğulub boya-başa çatıb. Hərbiçi olub, hazırda istefadadır. Anası Əzizə xanım qida sənayesi üzrə mütəxəsisdir…

 

Xədicə xanım Almaniyada Detmold Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsilini davam etdirib və oranı da fərqlənmə diplomu ilə başa vurub. 2006-2012-ci ildə Almaniyanın Paderborn Universitetində Doktoranturada ilk azərbaycanlı bəstəkar və musiqişünas olaraq "Azərbaycanın 20-ci əsr musiqi mədəniyyəti və Qərb musiqisinin təmayülləri" mövzusunda dissertasiyasını böyük uğurla və fərqlənmə ilə müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Bu Dissertasiya Almaniyada bizim musiqi mədəniyyətimiz haqqında yazılan 400 səhifəlik ilk elmi iş və kitabdır. 

2012-ci ildən Musiqi və İncəsənət Məktəbində fortepianodan, 2013-cü ildən isə Detmold Konservatoriyasında müsiqi nəzəriyyəsindən dərs deyir…

 

Xədicə Zeynalova bəstəkar və musiqişünas kimi Almaniyada nüfuzlu Friedrich-Ebert-Stiftung Doktor Təqaüdü mükafatı, DAAD Təqaüdü mükafatı, Almaniya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı, Almaniya Şimali Reyn Westfaliya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı, GVL Fondunun Təqaüdü mükafatı, GEMA və Musikfonds Fondlarının Təqaüdü mükafatı laureatıdır.

X.Zeynalova 2020-ci il Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və 2020-ci ildə diaspor quruculuğu işində göstərdiyi xüsusi fəallığa görə” Təşəkkürnamə, 2021-ci il Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Nizaminin 880 illiyi” Medalı ilə, həmin il Nizami və Yunus Əmrə İlində Türksoyun təşkil etdiyi "Türk Dünyasının Şah əsərləri" layihəsində bəstəkar kimi “Təşəkkürnamə” və Azərbaycan Mədəniyyətinin beşiyi Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında “Azərbaycan Respublikasının Diaspor Fəalliyyətində xidmətə görə” medalı ilə təltif edilmişdir.

Dəfələrlə beynəlxalq bəstəkarlıq müsabiqələrinin laureatı seçilib... 

Xədicə Zeynalova 2021-ci il noyabr ayında  "Zəfərə doğru" Zəfərimizə həsr edilmiş "Harmony of Sound" adlı ilk Alman-Azərbaycan beynəlxalq Musiqi Festivalı təşkil etmişdir və yaratmışdır. Beynəlxalq Musiqi Festivalı "Odlar diyarından" adı altında Azərbaycanın zəngin musiqi mədəniyyətinə həsr edilmişdir və Almaniyada 3 gün ərzində 3 müxtəlif şəhərlərdə keçirilmişdir.  Bundan əlavə Festivalda bütün gələn qonaqlara və festival dinləyicilərinə "Xarı Bülbül" döş nişanları təqdim edilmişdir. 

 

Xədicə Zeynalovanın "Odlar diyarından Azərbaycan Almaniya arasında körpülər" adlı ilk CD musiqi albomu Azərbaycan Demokratik Respublikasının 100 illik Yubileyinə həsr edilib və dünyaşöhrətli "Deutschlandfunk Radio Şirkəti"ndə ərsəyə gətirilib. Haqqında Alman mətbuatında xeyli məqalə dərc olunub.

Bəstəkarın "Heinrich və Leyla" simfonik orkestr üçün əsəri isə Almaniya-Azərbaycan tarixinin 200 illik yubileyinə həsr edilmişdirş X. Zeynalovanın “Heinrich və Leyla” adlı CD albomu Azərbaycan Respublikasının Diaspora Fondunun dəstəyi ilə Amerika Briləşmiş Ştataları və Almaniyada 2022-ci ilin may ayında işıq üzü görmüşdür...

 

Səyahət etməyi xoşlayır. Artıq avropa ölkələrinin bir çoxunda turist kimi səfərdə olub. Getdiyi ölkələrin muzeylərini ziyarət etməkdən zövq alır. Söylədiyinə görə, gözəl rəsm əsərinə baxıb ilhamlanır. Bu isə yeni musiqi əsərinin yaranmasına səbəb olur...

 

Otuzdan çox kitabın müəllifidir. Həmin əsərlər Hollandiya, İngiltərə, Almaniya və Azərbaycan nəşriyyatlarında işıq üzü görüb.

2016-cı ildə şərq və qərb musiqi alətlərindən ibarət "Bridge of Sound" ansamblını, eləcə də eyniadlı cəmiyyəti yaradıb. İstəyir ki, ansanblı ilə birlikdə dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olub, ölməz Azərbaycan bəstəkarlarının musiqilərini bütün dünyaya sevdirsin. Şəxsi studiya yaratmaq arzusundadır. İnanırıq ki, o, tezliklə bu arzusuna da çatacaq…

 

Çox mehriban insandır. Söhbətimiz boyu onun nə qədər alicənab, yüksək zövqlü, kübar bir xanım olduğuna şahidlik etdim. Zarafat deyil, 2019-cu ilin yanvar ayından hər il keçirilən qadın bəstəkarların beynəlxalq müsabiqəsinin münsiflər heyətinə seçilən yeganə azərbaycanlıdır…

 

Bəli, milli musiqimizi xaricdə sevə-sevə təbliğ edən, iştirakçısı olduğu tədbirlərdəki çıxışlarında "Azərbaycan" kəlməsi dilindən düşməyən, vətəni göz bəbəyi qədər əziz bilən bir vətənpərvər soydaşımız haqqında da söhbətim beləcə başa çatdı. Mərhum xalq şairi Cabir Novruzun sözləri ilə desək:

 

"Onun əvəzi olmur, o hər kəsdən irəli.

Gözdən əzizi olmur, Vətən gözdən irəli"...

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyası (IFLA) “Вiblioteca García Márquez” Barselona kitabxanasını 2023-cü ildə dünyanın ən yaxşı kitabxanası adlandırıb.

 

AzərTAC ispan KİV-lərinə istinadla xəbər verir ki, bu il finalda Barselonanın rəqibləri Sloveniya, Avstraliya və Çinin kitabxanaları olub. 

Barselona kitabxanası San-Marti rayonunda yerləşir və heyranedici memarlıq və innovativ dizaynı ilə fərqlənir. 

“Вiblioteca García Márquez” İspaniyada beynəlxalq miqyasda tanınan ilk kitabxanadır. O, bu yaxınlarda - 2022-ci ilin may ayında açılıb, lakin artıq hamını dərhal heyran etməyə nail olub. Açılış ilində kitabxana memarlıq sahəsində Barselona Şəhər mükafatına layiq görülüb və nəticələri 2023-cü il oktyabrın 19-da məlum olacaq memarlıq və dizayn sahəsində FAD mükafatının finalçısıdır.

“Вiblioteca García Márquez” kitabxanası 6 mərtəbəlidir, sahəsi 4 min kvadratmetr təşkil edir, orta hesabla gündə onu təxminən min nəfər ziyarət edir. 

Burada tez-tez konfranslar, kitab klubları və dünyanın müxtəlif guşələrindən olan yazıçılarla görüşlər keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Cümə axşamı, 24 Avqust 2023 12:15

“İndi hər ayrılıq ömürdən uzun…”

 “Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sozlərə Elşad Baratın şeirini təqdim edirik.

 

bu şəhərin küçələri qan gölü

heç çalışma, yumaq olmaz yağışla

bu şəhərin adamların, ilahi

bu şəhərin itlərinə bağışla

 

küçələri maşın-maşın susanda

qollarımız başımıza dolandı

kim nə desə, nə danışsa, inanma

atam haqqı, anam haqqı, yalandı

 

gizlənibdi bu şəhərin əlləri

ayaqları dalımıza təpikdi

o səngərdə ayaq vermiş əlilin

mükafatı bircə ovuc qəpikdi

 

bu şəhərdə ulduzlar də utanır

səmaların ahı bizi tutacaq

o tindəki ac körpənin anası

gecələrə bədənini satacaq

 

bu şəhərin küçələri qan gölü

heç çalışma, yumaq olmaz yağışla

bu şəhərin adamların, ilahi

bu şəhərin itlərinə bağışla

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

Şair-publisist, MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu barədə – “ortaq keçmişdən ortaq gələcəyə” gedən yol haqqında “Bir göyə tapınan iki ürək” (“Бир османга талпинган икки юрак”) yazısı Daşkənddə çıxan “Xalq sözü” qəzetində yayınlanıb. Özbəkistan parlamentinin mətbu orqanı – rəsmi dövlət qəzeti olan “Xalq sözü” Azərbaycanlı yazarın məqaləsini 1-ci və 2-ci səhifədə - Özbəkistan Prezidentinin Azərbaycana təşrifi ilə bağlı xəbərlə yanaşı verib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Əkbər Qoşalı məlumat verib. 

 

Onu da vurğulayaq ki, Özbəkistanın “Kitab dünyası” qəzetinin Azərbaycan təmsilçisi və Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü olan Əkbər Qoşalı, qardaş ölkədə imzası yaxşı tanınan yazarlardandır; o, qardaş ölkələrimiz arasındakı mədəni əlaqələrə verdiyi töhfələrə görə Özbəkistan Jurnalistlər Birliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycanın Özbəkistandakı Səfirliyi, o cümlədən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ödülləndirilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.