Əsərləri Avropanı dolaşan, Almaniyada yaşayan bəstəkar... Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Özünü təhsilə, yaradıcılığa həsr edib. 1999-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Xədicə Zeynalovanın mükafat almış "İn memoriam Kara Karayev", "İn memoriam Ludwig van Beethoven", beş hissəli "Qarabağ suita"sı, "Qarabağ həsrəti", "Odlar ölkəsindən şəkillər", solo Arfa və Orkestr üçün konsert, simli kvartet üçün “Miniatürlər”, “Səma” viola və akkordeon üçün duet, Simfonik orkestr üçün “Qarabağ” simfonik poeması, kamera orksteri üçün “Azerbaijani Fairy Tale” və s. bir çox musiqi əsərləri indiyədək Kanada, Fransa, Avstriya, İsveç, Almaniya, İsveçrə, Kipr, İngiltərə, ABŞ, Gürcüstan, Yunanıstan, Türkiyə Oman Sultanlığı və eləcə də bir sıra ölkələrdə ifa olunub. Qeyd etmək lazımdır ki, bəstəkarın bir çox əsərləri Almaniyanın müxtəlif şəhərlərində uğurla ifa olunaraq MDR Radio, WDR Radio, Deutschlandfunk, Radio Bremen, SWR Radio, Cosmo Radio, RBB Berlin Radiolarında yayımlanmışdır.

 

On yeddi ildir ki, Almaniyada yaşayır. Zəngin mədəniyytə malik olan bu məmləkətdə Azərbaycan musiqisini yorulmadan təbliğ edir, almanlara sevdirməyə səy göstərir. Haqqında söhbət açdığım Xədicə xanım Zeynalova Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya gəlib. Səkkizinci sinfədək 27 nömrəli məktəbdə oxuyub. Sonra indiki Sumqayıt Musiqi Kollecinə qəbul olunaraq, dörd il də orada təhsil alıb. 1994-cü ildə həmin kolleci musiqi nəzəriyyəsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1994-1998-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq və musiqişünaslıq fakultəsində Prof. Xəyyam Mirzəzadənin sinfində bakalavr, 1998-2000-ci illərdə isə magistr dərəcələrinə yiyələnib. Hər iki dərəcədən də fərqlənmə diplomuna layiq görülüb. Eyni zamanda 1995-2005-ci illərdə Sumqayıt Musiqi Kollecində müəllim işləyib, musiqi nəzəriyyəsi fənnini tədris edib. Həmçinin 2000-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb. 2005-ci ildən Almaniyanın Detmold şəhərində yaşayır… 

 

Atası Əbdülrəhim Sumqayıtda yaşasa da Bakıda, İçərişəhərdə doğulub boya-başa çatıb. Hərbiçi olub, hazırda istefadadır. Anası Əzizə xanım qida sənayesi üzrə mütəxəsisdir…

 

Xədicə xanım Almaniyada Detmold Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsilini davam etdirib və oranı da fərqlənmə diplomu ilə başa vurub. 2006-2012-ci ildə Almaniyanın Paderborn Universitetində Doktoranturada ilk azərbaycanlı bəstəkar və musiqişünas olaraq "Azərbaycanın 20-ci əsr musiqi mədəniyyəti və Qərb musiqisinin təmayülləri" mövzusunda dissertasiyasını böyük uğurla və fərqlənmə ilə müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Bu Dissertasiya Almaniyada bizim musiqi mədəniyyətimiz haqqında yazılan 400 səhifəlik ilk elmi iş və kitabdır. 

2012-ci ildən Musiqi və İncəsənət Məktəbində fortepianodan, 2013-cü ildən isə Detmold Konservatoriyasında müsiqi nəzəriyyəsindən dərs deyir…

 

Xədicə Zeynalova bəstəkar və musiqişünas kimi Almaniyada nüfuzlu Friedrich-Ebert-Stiftung Doktor Təqaüdü mükafatı, DAAD Təqaüdü mükafatı, Almaniya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı, Almaniya Şimali Reyn Westfaliya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı, GVL Fondunun Təqaüdü mükafatı, GEMA və Musikfonds Fondlarının Təqaüdü mükafatı laureatıdır.

X.Zeynalova 2020-ci il Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və 2020-ci ildə diaspor quruculuğu işində göstərdiyi xüsusi fəallığa görə” Təşəkkürnamə, 2021-ci il Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Nizaminin 880 illiyi” Medalı ilə, həmin il Nizami və Yunus Əmrə İlində Türksoyun təşkil etdiyi "Türk Dünyasının Şah əsərləri" layihəsində bəstəkar kimi “Təşəkkürnamə” və Azərbaycan Mədəniyyətinin beşiyi Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında “Azərbaycan Respublikasının Diaspor Fəalliyyətində xidmətə görə” medalı ilə təltif edilmişdir.

Dəfələrlə beynəlxalq bəstəkarlıq müsabiqələrinin laureatı seçilib... 

Xədicə Zeynalova 2021-ci il noyabr ayında  "Zəfərə doğru" Zəfərimizə həsr edilmiş "Harmony of Sound" adlı ilk Alman-Azərbaycan beynəlxalq Musiqi Festivalı təşkil etmişdir və yaratmışdır. Beynəlxalq Musiqi Festivalı "Odlar diyarından" adı altında Azərbaycanın zəngin musiqi mədəniyyətinə həsr edilmişdir və Almaniyada 3 gün ərzində 3 müxtəlif şəhərlərdə keçirilmişdir.  Bundan əlavə Festivalda bütün gələn qonaqlara və festival dinləyicilərinə "Xarı Bülbül" döş nişanları təqdim edilmişdir. 

 

Xədicə Zeynalovanın "Odlar diyarından Azərbaycan Almaniya arasında körpülər" adlı ilk CD musiqi albomu Azərbaycan Demokratik Respublikasının 100 illik Yubileyinə həsr edilib və dünyaşöhrətli "Deutschlandfunk Radio Şirkəti"ndə ərsəyə gətirilib. Haqqında Alman mətbuatında xeyli məqalə dərc olunub.

Bəstəkarın "Heinrich və Leyla" simfonik orkestr üçün əsəri isə Almaniya-Azərbaycan tarixinin 200 illik yubileyinə həsr edilmişdirş X. Zeynalovanın “Heinrich və Leyla” adlı CD albomu Azərbaycan Respublikasının Diaspora Fondunun dəstəyi ilə Amerika Briləşmiş Ştataları və Almaniyada 2022-ci ilin may ayında işıq üzü görmüşdür...

 

Səyahət etməyi xoşlayır. Artıq avropa ölkələrinin bir çoxunda turist kimi səfərdə olub. Getdiyi ölkələrin muzeylərini ziyarət etməkdən zövq alır. Söylədiyinə görə, gözəl rəsm əsərinə baxıb ilhamlanır. Bu isə yeni musiqi əsərinin yaranmasına səbəb olur...

 

Otuzdan çox kitabın müəllifidir. Həmin əsərlər Hollandiya, İngiltərə, Almaniya və Azərbaycan nəşriyyatlarında işıq üzü görüb.

2016-cı ildə şərq və qərb musiqi alətlərindən ibarət "Bridge of Sound" ansamblını, eləcə də eyniadlı cəmiyyəti yaradıb. İstəyir ki, ansanblı ilə birlikdə dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olub, ölməz Azərbaycan bəstəkarlarının musiqilərini bütün dünyaya sevdirsin. Şəxsi studiya yaratmaq arzusundadır. İnanırıq ki, o, tezliklə bu arzusuna da çatacaq…

 

Çox mehriban insandır. Söhbətimiz boyu onun nə qədər alicənab, yüksək zövqlü, kübar bir xanım olduğuna şahidlik etdim. Zarafat deyil, 2019-cu ilin yanvar ayından hər il keçirilən qadın bəstəkarların beynəlxalq müsabiqəsinin münsiflər heyətinə seçilən yeganə azərbaycanlıdır…

 

Bəli, milli musiqimizi xaricdə sevə-sevə təbliğ edən, iştirakçısı olduğu tədbirlərdəki çıxışlarında "Azərbaycan" kəlməsi dilindən düşməyən, vətəni göz bəbəyi qədər əziz bilən bir vətənpərvər soydaşımız haqqında da söhbətim beləcə başa çatdı. Mərhum xalq şairi Cabir Novruzun sözləri ilə desək:

 

"Onun əvəzi olmur, o hər kəsdən irəli.

Gözdən əzizi olmur, Vətən gözdən irəli"...

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.