Gilavar Foto Klubunun üzvləri Moskvada TASS-ın seminarında iştirak ediblər

Rusiyanın TASS İnformasiya Agentliyinin təşkilatçılığı ilə Moskva şəhərində MDB-dən olan xəbər agentliklərinin fotomüxbirləri üçün seminar təşkil edilib.

 

Seminarda Agentliyin dəvəti ilə Azərbaycandan “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev, klubun üzvü Elnur Abbasov və AzərTAC-ın əməkdaşı Hümbət Məmmədov iştirak ediblər.

Təlim zamanı TASS-ın Fotoxronika redaksiyasının aparıcı fotoqrafları tərəfindən müasir dünyada xəbər fotojurnalistikası, protokol çəkilişi və rəsmi tədbirlərin işıqlandırılması, videoçəkiliş, eləcə də digər mövzular haqqında məruzələr edilib, praktiki tapşırıqlar verilib. 

Seminar çərçivəsində iştirakçılar TASS İnformasiya Agentliyinin baş ofisinin və Fotoxronika redaksiyasının inzibati binalarında olublar. Fotoqraflar burada əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub, agentliyin iş prosesini yaxından izləyiblər.

Gələcəkdə “Gilavar Foto Klubu” İctimai Birliyi ilə Rusiyanın TASS İnformasiya Agentliyi arasında foto sahəsi üzrə əməkdaşlığın davam etdirilməsi, müxtəlif təlim və layihələrin keçirilməsi istiqamətində müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.