“İnsanlar dünya üçün əl-ələ tutuşsa…” Featured

Kubra Qiliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsan və zaman. Bir-birinə çox sıx bağlı olan iki məhfum əsasında kainatın axış sistemi, bu sistemin alt sistemləri formalaşır. Zaman axır, insan inkişaf edir və müəyyən səviyyədə fərqliliklər meydana çıxır. Min illiklər boyu insan iki əli ilə tarazılığı saxlamağa çalışır. Bir əli ilə ağaclar əkib meşələr salır, obiri əli ilə ağacları qırıb əldə etdiyi odunla evini isidir. Bir əli ilə heyvan bəsləyir, obiri əli ilə heyvanların nəslini tükədir. Bir yandan pulu yaradır, digər tərəfdə kasıblığı. Acı tox ilə öldürür, suyu alov ilə söndürür. Daim dilində "tərəqqi, inkişaf, mədəniyyət, multikulturalizm" şüarları səslənən insan cəmiyyəti çox təəssüf ki, tarazlıqda saxlaya bilmir və özünün əməyindən əlavə Tanrının bəxşişi olan həyatı da məhv edir. 

Amma cəmiyyətin içində getdikcə nəsli kəsilən bir kütlə var ki, hər şeyin fərqinə varıb və fərqinə vardıqlarını  qınamaq əvəzinə axtarışa keçiblər. Bəs yaxşı, çarə nədədir? Maddi, mənəvi, fiziki, təbii və hətta süni yolla bir çox itkilərə məruz qalıb yaşadığı torpaqlarda özü özünə təhlükə olan insanlar bu qədər itkinin qarşısını ala bilərmi?

Əlbəttə alar, axı dünyanı gözəlləşdirməyə çalışan elə məhz insan və onun bəşəri kəşfləri olub. Axı, Tanrı insanı cəmiyyətin ən alisi olaraq yaratdı. Düşünürəm ki, Tanrı insanı ortalama ömür sürüb torpağa qarışan çürüntü olaraq yaratsa idi ona instinkt və şüur verməzdi. Tək gərəkən bir az araşdırmaq, addım ata biləcək yollar seçmək və bunu yaymaqdır. Cəmiyyətin çarəsiz qaldığı bu dönəmdə insanların dadına yalnızca mədəniyyət və elm çata bilər. Hansı ki, maariflənmiş insan mədəniyyətində barbarizmdən kənar davranaraq fərqinə vardığı bu problemləri həll etmək üçün elmini ortaya qoysa, insanlar dünya üçün əl-ələ tutuşsa böyük bir mədəniyyət erası açıla bilər. Sosial fərqindəliyi olan fərd bunu ətrafına aşıladıqca ətraf genişlənər və böyük bir mədəniyyət kütləsi öz gücünü maariflənmə, düzgün təbliğat və elmin köməyi ilə bütün çətinliklərin öhdəsindən gələ bilər.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.