“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikası bu dəfə güzarını Naxçıvandan salır gənc şair Gülay Tahirlinin bir lirik şeirini sizlərə təqdim edir.
Bir gün onsuz da yaşayacaqdıq bu ayrılığı,
Amma deyirəm ki,
Kaş daha çox öpəydim səni,
Dodaqlarım su içəydi
Çiyinlərinin quyusundan.
Bəlkə, bu qədər yanmazdı canım.
İndi quruyub dünyanın bütün bulaqları
Və bulaq başındakı ağacları aparıb
Səhrada əkdiklərini düşün.
Bir gün onsuz da yaşayacaqdıq bu ayrılığı.
Kaş əzbərləyə biləydim əllərini.
Ovuclarından xətlər necə keçir, məsələn?
Bizim kimi ikiyə bölünüb keçir,
Yoxsa yanaşı dayanıblar
Onuncu planetin küçəsində?
Hansı quşların uçuşu qaldı səsində?
Heç olmasa, sonuncu baxışının
Şəklini çıxar, göndər mənə,
Görüm, necəyəm?
Bəlkə, sənin üçün sonuncu gündüz,
Bəlkə, aysız gecəyəm…
Bir gün onsuz da yaşayacaqdıq bu ayrılığı.
Adamların toplama qanununda
Tək olur sonda cəmimiz.
Toplanan, toplanan, tək…
Kaş dənizdə bataydı,
Yandı.
Sahildə yandı bizim gəmimiz.
“Ədəbiyyat və incəsənət”
(17.08.2023)