Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Mədəniyyət dedikdə mənəviyyatmı ön plandadır, yoxsa maddiyatmı?
Bizim zamanla həm sarsıcı, həm də düşünmədən irəli sürdüyümüz qeyri-iradi fikirlər mədəniyyətimizə necə təsir göstərir?
Bu iki suala cavab tapmağa çalışdım.
Belə düşünürəm ki, xalqımızın hər hansı doğruluğa məhəl qoymadan, əsaslandırmadan inandığı bir sıra fikirlər zamanla bizim üçün həqiqət olanları yalan edir. Cəmiyyət arasında belə bir deyim var, -"Ağıl ağıldan üstündür". Əziz dostlar, niyə kiminsə ağlı bizim ağlımızdan üstün və yaxud əksik olmalıdır?! Xeyr, təbii ki bunu ciddi bir kinayə, ya da pis niyyətlə demirəm. Onu demək istəyirəm ki, niyə kiminsə ağlını, şüurunu, gücünü özümün bu cür xüsusiyyətlərim ilə müqayisə etməliyəm?! Məgər bu, insanın öz iradəsini alçaltmaq deyilmi?! Ona görə də belə düşünürəm ki, insanın özünə güvən hissi onun ən güclü qalxanıdır. Niyə xalqımız zaman keçdikcə ağır, təlatümlü bir ruhun təsiri altına düşür?!
İnsan özünü inkişaf etdirməlidir ki, cəmiyyət inkişaf etsin. Cəmiyyət inkişaf etməlidir ki, maddi və mənəvi dəyərlər öz gücünü qorusun və gələcək nəsillərə öz töhfəsini versin. Məhz belə olan halda mədəniyyətimizin qədim tarixi köklərə əsaslanan sarsılmaz ruhunu qoruyub saxlaya bilərik. Axı mədəniyyətimizin bir sıra cərəyanların təsirinə məruz qalması və onun elementlərinin assimilyasiyaya uğraması çox mənfi bir nəticədir.
Mədəniyyətimizdə aşağıdakı ifadələr geniş yer tutur: xalq yaradıcılığı, xalq incəsənəti, xalq müdrikliyi, xalq ənənələri, xalq rəvayətləri, xalq sənətkarları, xalq təbibləri, xalq müğənniləri, xalq musiqisi və s. Lakin bir şeyi unutmayaq ki, xalq mədəniyyətində əlavə xalq gerçəkliyi deyilən bir ifadə bizi bu gün narahat edir. Və... bizi narahat edən bu gerçəklər günümüzün qlobal problemləridir. Qlobal istiləşmə, artan təbii fəlakətlər, amansız müharibələr, pandemiya, su və taxıl qıtlığı, dəhşətli inflyasiya… - bütün bunlar həqiqətən də dünyanı sarsıtmaqdadır. Bütün bu gerçəklər bizi narahat edir və əgər bir tədbir görməsək, belə baxıram ki, bu məsələ bizi uzun müddət yormağa davam edəcək. Bəs çarə nədir, təbib hansı eldədir?
Onu deyə bilərəm ki, mədəniyyət bu halda bəşəriyyətin köməyinə gələ bilməz, bəşəriyyət mədəniyyətin ətəyindən var gücü ilə yapışa bilər. Amma bir həqiqət var ki, tək əldən səs çıxmaz.
Unutmamalıyıq ki, mədəniyyət keçmişdən bu yana cəmiyyətin həyat fəaliyyətinə təsirsiz ötüşməmişdir. Həyat tərzi, təsərrüfat fəaliyyəti, adətlər, ayinlər, uşaqların tərbiyəsi - bütün bunlar mədəniyyətin təməl nöqtəsidir. Mədəniyyət ailədən başlayır. Valideyn ilk növbədə uşaqlarına ədaləti, sülhü, ehtiyatlı olmağı, tutumlu olmağı təbliğ etməyi bacarmalıdır ki, həmin uşaq da böyüyəndə əldə etdiyi yaxşı tərbiyənin nəticəsi ilə bəşərə töhfə versin. İstər iki bəndlik şeiri ilə, istər bir səhifəlik bədii yazısı ilə, istərsə də valeh edən nəğməsi ilə, fərqi yoxdur. Necə olursa olsun, önəmli olan nəticə bizi gözəl yöndə heyrətləndirsin. Şüar sahibinin sənəti bizə maraqlı deyil ki. Əsas odur şiddətə, qana, ədavətə məhəl qoymadan şəfqəti bizə öyrətsin. Desin ki, əzizim, bir dilim çörək qalıb, sənin isə qardaşın da (bacın) var. Məsələ isə mədəni deyil, vicdanı doyurmaqdır. Əgər vicdanının doymağını istəyirsənsə, həmin bir dilim çörəyi iki yerə böl.
Desin ki, övladım, suyu və işığı söndür, yoxsa sabah işıqsız və susuz qalacağıq. Desin ki, bu dünyanı qoruyub gələcək nəsillərə çatdırmaq sadəcə bizim əlimizdədir. Əlimizdə olanı isə nə sıxmaq, nə də atmaqla hökümlüyük.
“Ədəbiyyat və incəsənət”
(15.08.2023)