Bazar günü Perseid meteor yağışı olacaq Featured

İNANILMAZ ANLAR YAŞANACAQ

 

Göyə baxmağı kim sevməz. Xüsusən aylı-ulduzlu gecələrdə füsünkar səmaya baxmaqdan doymuruq. Və əgər bilsək ki, göydə ara-sıra meteor yağışı da olurmuş…

“Ədəbiyyat və incəsənət” sizlərə bazar gününə təsadüf edəcək inanılmaz bir hadisə barədə danışacaq. 

 

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofozika kafedrasının mütəxəssiləri bildiriliblər ki, avqustun 13-də unikal təbii hadisənin - Perseid meteor yağışının maksimumu müşahidə ediləcək.

Maksimumda zenitdə saatda 150-yə qədər meteorun görünməsi proqnozlaşdırılır. Perseid meteorlarının geosentrik sürəti 59 km/s qiymətləndirilir.

Mütəxəssilər bildirib ki, kometlər və asteroidlər keçdikdən sonra onların yolunda qalıqları qalır. Yer kürəsi həmin qalıqlardan keçdikdə meteor yağışları baş verir. Belə yağışların ən məşhurlarından biri Perseid meteor yağışıdır. Perseid meteor yağışları hər il iyulun 17-dən avqustun 24-nə kimi davam edir.  Perseidin maksimumu ildən asılı olaraq 11, 12 və ya 13 avqusta təsadüf edə bilər.

Perseid meteor yağışı 1862-ci ildə kəşf edilmiş 109P/Svift-Tuttle kometinin qalıqlarından əmələ gəlir. Hətta bu kometi Perseid meteor yağışının “buzlu valideyni” adlandırırlar. Nüvəsinin diametri 26 km olan bu komet 133 ildən bir Yerin yaxınlığından keçir. Günəş ətrafında illik hərəkəti nəticəsində Yer hər dəfə yay aylarında kometin qalıqlarından keçir və bu zaman Perseid meteor yağışı baş verir. Radiant (meteorların mənbəyi) Persey bürcündə olduğu üçün meteor yağışı Perseid alandırılır.

Rəsmi məlumata görə, Bakıda Perseid meteor yağışının mənbəyi həmişə üfüqdən yuxarıda (batmayan) olduğu üçün meteor yağışı bütün gecə ərzində müşahidə olunacaq. Meteor yağışının avqustun 13-də günorta saatlarında maksimum aktivliyə çatacağı gözlənilir və ona görə də Azərbaycan ərazisindən ən yaxşı görüntüləri həmin gün səhər açılana qədər və axşam Günəş batandan sonra görmək olar. Yerin öz oxu ətrafında fırlanması nəticəsində səhər saatlarında Bakıya gələn meteorların hərəkəti baxış istiqamətində olacaq. Bu səbəbdən meteorların sayı çoxluq təşkil esəcək. Həm də meteorlar atmosferə şaquli istiqamətdə daxil olacaq və ona görə onların buraxdığı izlər çox qısa görünəcək. Səhər saatlarında Bakı üçün meteor yağışının mənbəyi üfüqdən 63°-69° hündürlükdə görünəcək və buna əsaslanaraq demək olar ki,  saatda 130-140-a qədər meteor görünəcək. Digər vaxtlarda isə Bakı üzərində yanan meteorlar daha az olacaq. 

Zira, bu meteorlar atmosferə bucaq altında daxil olduğuna görə tamamilə yanmazdan əvvəl səmanın böyük bir sahəsini keçə bilən uzunömürlü meteorlar əmələ gətirəcəklər.

Bir sözlə, tamaşa etməyə dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.