Sabah Xəzər dənizi günüdür Featured

ÇOX TƏƏSSÜF Kİ, XƏZƏR EKOLOJİ FƏLAKƏT GİRDABINDADIR

 

Dünyanın ən böyük gölü, adına dəniz dediyimiz Xəzərin sahilində yaşayırıq. Və sabah - avqustun 12-si Xəzər Günüdür. 2006-cı ildən başlayaraq hər il avqustun 12-də beş Xəzəryanı dövlət - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər Dənizi Gününü qeyd edirlər. “Ədəbiyyat və incəsənət”in növbəti yazısı bu barədədir. 

 

17 il əvvəl 12 avqustda Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Konvensiyası qüvvəyə minib. Ətraf mühitin mühafizəsi və Xəzər dənizinin dəniz mühiti sahəsində beynəlxalq hüquq statusu almış Konvensiya dənizin mühafizəsinin hüquqi bazasına çevrilib. Konvensiya dəniz mühitinə insan təsirinin tənzimlənməsinin, Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi və bərpasının əsas istiqamətlərini müəyyənləşdirir.

Okean mənşəli dünyanın ən böyük daxili su hövzəsi olan Xəzəri haqlı olaraq əsl relikt və heyrətamiz təbiət abidəsi adlandırmaq olar. Bu günədək qorunub saxlanılan ən zəngin flora və fauna aləmi bütün bəşəriyyətin mülkiyyətidir. Dənizin dərinliklərində və sahilyanı ərazilərdə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Kitabına daxil edilmiş 500-dən çox bitki və 850 növ heyvan, o cümlədən nadir və endemik növlər yaşayır.

2020-2023-cü illərdə Xəzər dənizinə və Xəzərə axan çaylara 20 milyon 600 mindən çox balıq körpəsi buraxılıb.

Bütövlükdə regionumuzda Xəzər böyük iqlim əmələgətirən təsirə malikdir. Eyni zamanda, Xəzər və dəniz ekosistemi iqlimin istiləşməsinə həssasdır. Qlobal temperaturun sürətlə artması son onilliklərdə özünü daha güclü göstərməkdədir. Bu, ümumilikdə azalan su ehtiyatlarından istifadənin artması fonunda dənizə tökülən çayların axınının azalmasına gətirib çıxarır. Digər tərəfdən, temperaturun artması dəniz səthindən buxarlanmanın artmasına səbəb olur.

XX əsrdə səviyyənin ən aşağı göstəricisi 1977-ci ildə, yəni dəniz səviyyəsindən 29 metr aşağı qeydə alınıb. Lakin, 1995-ci ilə qədər sonrakı onilliklərdə, nisbətən qısa müddətdə səviyyə -26,5 metr həddinə çatıb. Bu da 18 il ərzində səviyyənin 2,5 metr yüksəlməsini göstərirdi. 1995-ci ildən bu günədək 28 ildir ki, Xəzər yenidən səviyyəsinin aşağı düşməsi mərhələsindədir. Hazırda Xəzərin səviyyəsi dünya okean səviyyəsindən 28,6 metr aşağıdır. Keçən əsrin minimumundan isə bizi 40 santimetr fərq ayırır.

Xəzər dənizinin səviyyəsinin dinamikasının proqnozlaşdırılması mürəkkəb və mübahisəli məsələlərdəndir. Xəzərin qapalı su hövzəsi olduğunu nəzərə alaraq, çay axını, yağıntı miqdarı və buxarlanma üzərində aparılan hesablamalarla onun su balansının proqnozu verilə bilər. Lakin, həmin komponentlərin hər birinin proqnozunda çox böyük qeyri-müəyyənliklərlə üzləşirik. Alimlər Xəzərə axan çayların sululuğunu bilsələr də, əslində bu suyun nə qədərinin dənizə çatacağı məlum deyil. Həmçinin qeyri-iqlim amillər, məsələn, Xəzərin dibində tektonik proseslər də baş verir. Bu baxımdan, dəniz səviyyəsinin real azalması ilə bağlı gələcək tendensiyaların proqnozlaşdırılmasında yalnız iqlim modelləşdirməsinə etibar etmək kifayət deyil. Hələ ki, heç kim Xəzər dənizinin səviyyəsinin uzunmüddətli dəqiq dinamikasını proqnozlaşdıra bilməyib.

Qarşıdakı illərin tendensiyaları isə Xəzəryanı ölkələrin alim və mütəxəssisləri tərəfindən müzakirə olunur. 

Xatırladaq ki, ötən il Azərbaycan tərəfinin təşəbbüsü ilə təşkil edilən beynəlxalq konfransda iqlim dəyişmələri nəticələrinə uyğunlaşmanın mümkün ssenariləri və tədbirləri müzakirə edilib.

Əvvəlki illərdə olduğu kimi, bu il də avqustun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycana aid bölməsinin şimaldan cənuba bütün sahil ərazilərində silsilə tədbirlər keçiriləcək.

Amma biz vətəndaşlara səslənirik. Bir baxın, sahili nə vəziyyətdə qoyursuz. Dənizdə çimir, quma uzanıb qaralır, sonra da orada yeyib içərək pet və şüşə butılkaları, qarpız və tum qabıqlarını, meyvə çəyirdəklərini yerə tullayıb gedirsiniz. 

İnsafınız olsun!

Bir ucdan Xəzərə zəhərli tullantılar və çirkab sularını axıdan müəssisə rəhbərlərinə və buna göz yumanlara isə “sizə ar olsun” deyirik. 

 

Şəkildə: Xəzər sahilində ölmüş suiti cəmdəyi. 

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.