“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsi maraqlı və əyləncəli anlarla davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dördüncü həftənin 3-cü və 4-cü günlərində uşaqların feysart, idman və hovuz saatları, eləcə də psixoloqlarla görüşləri davam etdirilib.
Həftənin ən yaddaqalan hadisəsi düşərgə iştirakçıları ilə gənclər və idman naziri Fərid Qayıbovun görüşü olub. O, uşaqların bir-birindən maraqlı suallarını cavalandırıb, sonda onlara hədiyyələrini təqdim edib.
Düşərgə iştirakçıları fərqli qruplara bölünərək “Booo.az” komandasının təşkil etdiyi oyunlara qatılıblar.
Film saatında da maraqlı anlar yaşanıb. Görüşdə “Alma almaya bənzər” filmində Kərimov obrazı ilə tamaşaçıların sevimlisinə çevrilən, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev müxtəlif tapşırıqlarla uşaqların aktyorluq bacarığını test edib.
ASAN Radionun təşkilati dəstəyi ilə keçirilən konsert proqramında müğənnilər Rəsul Əfəndiyev və Sevil, Sevinc gənclərin ən sevdiyi mahnılarını səsləndirib, uşaqlarla əyləncəli vaxt keçiriblər.
Düşərgənin tərəfdaşları “PMD Hospitality” şirkəti, “Shamakhi Palace Sharadil” hoteli, baş sponsor Bakcell, sponsorları “Nar", “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi, media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur.
“Ədəbiyyat və incəsənət”
(10.09.2023)