Əsas Liderlik konsepsiyaları Featured

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

 

Ayrı-ayrı psixoloqlar, sosioloqlar, alimlər illər uzunu liderlik təlimləri yaradıblar. Effektiv liderliyin universal stilinin müəyyənləşdirilməsinin bu cür ənənəvi konsepsiyaları dünya tarixinin inkişafında müəyyən rol oynayıblar, bu, istinasızdır. Bəsitdən mürəkkəbə, ibtidaidən aliyə təkmilləşən bu təhqiqatların öncə yarananlarında qeyd olunurdu ki, istənilən şəraitdən asılı olmayaraq lider müəyyən aparıcı xüsusiyyətlərə malik olmalıdır ki, məhz bunlar liderliyi şərtləndirməlidir. Sonrakı dövrdəki təlimlərdə isə daha çox şəraitin qiymətləndirilməsinə önəm verildi.

Liderlik – bir çox alimlərin təhqiqat obyekti olduğundan artıq bu gün liderlik problemlərinin öyrənilməsinin əsas teoretik yanaşmaları formalaşdırılmışdır.

Beləliklə, effektiv liderliyin ən vacib faktorlarının müəyyənləşməsi üçün 3 klassik metod mövcuddur: davranışa görə yanaşma, şəxsi keyfiyyətlər mövqeyindən yanaşma, şəraitə uyğun yanaşma.

Bu üç metoddan ən çox önəm veriləni davranış metodu hesab olunur. Liderliyin davranış əsası 2-ci Dünya muharibəsi ərəfəsindən başlayaraq ötən əsrin 60-cı illərinə qədər davam edib. Liderlik keyfiyyətlərinə davranış yanaşılmasının ən vacib fərqli cəhəti bu konsepsiyanın liderlərin xüsusi proqramlarla hazırlanmasını nəzərdə tutmasıdır. Davranış yanaşması konsepsiyalarının ən geniş yayılmışları bunlardır: ABŞ-ın Ohayo ştatı Universitetinin təhqiqatları,  ABŞ-ın Miçiqan universitetinin təhqiqatları, Laykert idarəçilik sistemi, Bleyk və Moyton idarəçilik çərçivəsi, təltif və cəzalandırma konsepsiyası, liderliyin əvəzlənməsi konsepsiyası.

Təbii ki, bütün bu konsepsiyaların üzərində ayrı-ayrılıqda dayanmağımız qeyri-mümkündür, kitabımızın bütün səhifələri buna bəs etməz. Qısaca olaraq onu deyək ki, məhz davranış yanaşması hesabına hazırda çox aktual olan rəhbərlik stili kvalifikasiyası əsasları yaranıbdır ki, bu kvalifikasiya da əksəriyyətimizə yaxşı bəllidir: demokratik rəhbərlik, avtoritar və liberal rəhbərlik. Üstəlik, bu yanaşma hesabına davranış stilləri də müəyyənləşdirilib. Amma bu metodda şəxsin əsas götürülməsi, konkret şəraitə önəm verilməməsi qüsurlu yanaşma hesab olunur.

Şəxsi keyfiyyətlər mövqeyindən yanaşma metodu davranış metodundan da əvvəl yaranıb, daha çox öz bəsitliyi və sxematikliyi ilə seçilir. Bu metodda lider şəxsin uğur qazanmaq formulu onun ətrafdakı digər insanların malik olmadığı müsbət keyfiyyətlər toplusuna malik olması üstünlüyü hesab olunur. Ancaq hətta ən müsbət keyfiyyətlərə malik olsa belə, lider ola bilməyən insanların hansı səbəbdən mövcudluğuna, təbii ki, bu metod aydınlıq gətirə bilməz.

Bu metodların hər ikisi nəzərə almayıb ki, motivasiyanın bilavasitə liderliyin dualist təbiətinə aidiyyatı var, nəzərə alınmayıb ki, kim və necə pozision liderliyə, kim və necə prosesual liderliyə yüksələ bilər.

Amma, oxucularımın nəzərinə onu da çatdırmaq istəyirəm ki, hazırda bir çox böyük korporasiyalar, menecment təsisatları öz fəaliyyətində bu liderlik konsepsiyalarını əldə rəhbər tutmaqdadırlar.

Təşkilati səviyyədə liderlik təliminin ən uğurlusu liderin korporativ mədəniyyətin qurulmasında və idarəçiliyində rolunu nəzərə alan, habelə liderlik stilinin təşkilatın həyat nəbzinin döyünməsindən asılılığına önəm verən şəraitə uyğun yanaşma metodu hesab oluna bilər. Amma bu metodda da subyektivliyə istinad obyektivlikdən kənarlaşmaya səbəb olub. Xüsusən, qloballaşma şəraitində liderliyin milli stilinə maraq, təhqiqatların multikultural orientasiyaya yönəliliyi, irrasional komponentlərə istinad kimi faktorların nəzərə alınmaması bu metodun qüsuru hesab edilə bilər.

Qısaca olaraq kitabımızın bu bölümündə ənənəvi liderlik konsepsiyalarına da toxunmaq istəyirəm. Bu cür konsepsiyaları bir çox alimlər işləyib hazırlamışlar, biz ən çox istinad olunanlarına nəzər yetirək.

Beləliklə, ənənəvi liderlik konsepsiyasının liderlik keyfiyyətləri təlimi (a), habelə liderlik davranışı təlimindən (b) ibarət iki tərkib hissəsi fərqləndirilir.

a) Mövzunun tanınmış mütəxəssisi – amerikalı psixoloq Ralf Stoqdillin qənaətinə görə, lideri xarakterizə edən 5 əsas keyfiyyət var: ağıl və intellektual xüsusiyyətlər, başqalarına nüfuz edəbilmə və hökmranlıq edəbilmə qabiliyyəti, özünəinam, aktivlik və fəalliq, habelə işi bilmək, mənimsəmək.

Mövzunun başqa bir mütəxəssisi – yenə də Amerika psixoloqu, ABŞ prezidentlərinin daim müşaviri olmuş Uorren Bennis isə 4 qrup liderlik keyfiyyətləri müəyyənləşdirilib:

 - diqqətləri idarə etmək; bu və ya digər məsələnin həllini, məqsədə gedən yolu ətrafdakılara cəlbedici və maraqlı olacaq qədər izah etmək;

 - mənanı idarə etmək; bəhs olunan mövzunun, yaradılan obrazın mənasını ətrafdakılara aydın olacaq qədər izah etmək;

- etimadı idarə etmək; öz fəaliyyətini ardıcıllıqla, daimi qurmaqla ətrafdakıların etimadını qazana bilmək.

 - özünü idarə etmək; öz güclü və zəif tərəflərini o dərəcədə bilmək ki, zəifliklərini aradan götürmək üçün kənar resurslardan, nümunə sayıla biləcək başqalarının resurslarından istifadə edə bilmək.

b) Liderlik davranışı təlimləri konsepsiyalarına isə aşağıdakılar aid edilir:

 - avtoritar, demokratik və passiv liderlikdən ibarət üç liderlik stili;

 - Ohayo ştatı Universitetinin təhqiqatları nəticələri: onların məqsədi idarəçiliyin ikifaktorlu təliminin hazırlanması olub ki, bura da münasibətlər strukturu (lider qrupda münasibətlər strukturunu formalaşdırır) və bu strukturlarda münasibətlərin keyfiyyəti (liderlə onun ardıcıllarının münasibətinin xarakteri) daxildir.

 - Miçiqan Universitetinin təhqiqatlarının nəticələri: onların məqsədi effektiv və qeyrieffektiv liderlərin arasındakı fərqləri müəyyənləşdirmək olub.

 - Amerikanın sosial psixoloqu Rensis Laykertin idarəçilik sistemi: effektiv liderlər əsas diqqəti insan faktoruna yönəldirlər və qoyulan məqsədə çatmaq üçün qrup halında yanaşmanı inkişaf etdirirlər.

 - Bleyk və Mutonun (Amerika alimləri Robert Bleyk və Ceyn Muton) idarəçilik qəfəsi: liderlik davranışının horizontal (son nəticəyə, istehsalata maraq) və vertikal (insanlara maraq) xətlərinin kəsişməsi.

Beləliklə, böyük empirik baza, yüzlərlə təhqiqatlar, təcrübələr olmasına baxmayaraq liderliyin tam öyrənilməsinə, bu fenomenlə bağlı bir çox problemlərin açılmasına hələ də istənilən səviyyədə nail olunmamışdır.

Buna görə də son illərdə ənənəvi liderlik konsepsiyalarının uğursuzluğuna rəğmən alimlər liderliyin təhqiqinə yeni yanaşma metodları təklif etməkdədirlər. Bu metodlardan da biri «şərait metodu»dur ki, onun da məğzi liderlik davranışının hər şəraitdə müxtəlif olmasıdır.  Gəlin razılaşaq ki, lider olmaqçün sivilizasiyanın mərkəzi Amerikada, yaxud intellektuallığın mərkəzi Yaponiyada lazım olan liderlik keyfiyyətləri və şəraitlə, tutalım, hələ də yarımvəhşi insanlar yaşayan Qvineya-Bisauda lazım olan liderlik keyfiyyətləri və şəraitlər heç də eyni ola bilməz. Eləcə də, postsovet məkanında, lap elə bizim Azərbaycanda. Milli adət-ənənələr, mental xüsusiyyətlər, dövlət quruluşu, iqtisadi-siyasi vəziyyət, cəmiyyətin strukturu, xarakteri və daha nələr, daha nələr günümüzdə şərait metodunu xeyli aktuallaşdırıb.

Kitabımızda biz mütləq bir neçə ən çox qəbul olunan şərait liderliyi konsepsiyasından bəhs etməliyik, onlardan oxucularım üçün mən Fidlerin şərait liderliyi modelini, Tannenbaum – Şmidt liderlik davranışı kontiniumunu, Hensey və Blanşardın şərait liderliyi modelini və Hauz və Mitçelin «Yol-məqsəd» liderlik modelini seçmişəm.

Gəlin növbəti hissələrdə bu modellərlə ötəri də olsa tanış olaq, onların mahiyyətinə diqqət yetirək.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.