Super User

Super User

Çərşənbə axşamı, 18 Aprel 2023 12:30

Səməd Vurğun Qobustanın xilaskarıdır

“Ədəbiyyat və incəsənət” Aytac Sahədin Xalq yazıçısı Səməd Vurğun şəxsiyyətinə bu dəfə ictimai mövqe tərəfdən yanaşıb. 

 

 

1950-ci illərdə Qobustanda daş karxanası yaradılır. Bura­dakı qayalardan müharibədən qayıdan əsgərlərə ev tikilirmiş. Arxeoloq İsaq Cəfərzadə Qobustanı qorumaq üçün nə qədər müraciətlər etsə də bir nəticə vermir. Bağırov onu yanına çağırıb deyir: "Sən o qayalarda üç-beş cızıq tapmısan deyə mən sovet əsgərlərinə ev tikməməliyəm?!"

 

Çarəsiz qalan Cəfərzadə Vurğuna müraciət edir. Vurğun xəbəri eşidən kimi dərhal Qobustana yollanır. 

Vaqif Səmədoğlu müsahibələrindən birində bu hadisəni belə xatırlayır:  “Biz ora çatanda, atam prokurorun tapançasını alıb maşından yerə düşən kimi havaya dalbadal iki dəfə atəş açdı. Sonra da əsəbi halda "ayə... neyləyirsiniz" deyib onların üstünə qışqırdı. Buldozerdən düşməyi tələb etdi... “

 

Bu hadisədən sonra da Vurğun Qobustanın qorunması üçün əlindən gələni etdi. 

Sənətimdən dolayı mənim üçün Səməd Vurğun bir şairdən öncə Qobustanın xilaskarıdır. Ona görə də bu əhvalatı hər dəfəsində xatırlayıram. Qobustan xalqımız üçün böyük dəyərdir. Həm də çox böyük.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

TÜRKSOY-a üzv ölkələr üzrə UNESCO Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçdi. Bu baxımdan, ötən dövr ərzində məhsuldar fəaliyyətlərinə görə Türkiyə tərəfinə təşəkkür düşür. Eyni zamanda, növbəti dövr üçün Azərbaycanın sədrliyi zamanı ciddi nailiyyətlər əldə ediləcəyinə əminlik də böyükdür.

 

Bu il mayın 12-də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək. İnanırıq ki, Şuşada keçiriləcək tədbirlər türk

dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının növbəti uğuru olacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Çərşənbə axşamı, 18 Aprel 2023 11:45

Təbii qaz ixracı azalıb

“Ədəbiyyat və incəsənət” portalının Açıq Portfelində növbəti xəbər: Yanvar-mart aylarında ölkədən 3 milyard 53,6 milyon kubmetr təbii qaz ixrac edilib.

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac edilən təbii qazın dəyəri isə 2 milyard 346,9 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 5 milyard 686,8 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 3 milyard 463,8 milyon dollar olub.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı yazır

 

Fateh Teymurun 687-ci ildönümünə! Ruhunu sevgi ilə yad edirik!

 

                                 

…Uzun çəkən döyüşdən sonra, Teymur Bəyazidin 6 minlik ordusunu əsir götürür, Bəyazid döyüşü uduzduğunu görəndə, ailəsini başqa şəhərə göndərir, özü də gizlənmək məcburiyyətində qalır. Lakin az keçmir ki, Teymurun xəfiyyələri onu tapıb, qolları bağlı halda hüzuruna gətirirlər. Teymur İbrahim Bəyazidi saraya gətirən Mahmud ağanın üstünə çığırıb deyir ki, “Açın onun qollarını. Siz məgər bilmirsiniz ki, hüzuruma böyük bir imperiyanın hökmdarını gətirmisiniz?!”. Daha sonra Teymur ondan niyə üz-üzə gəlib vuruşmadığını soruşanda, Bəyazid ayaqlarında məfasil xətəliyinin olduğunu bəhanə gətirir. Fateh ona cavabında deyir ki, bu oynaq ağrısı sayılan xəstəlik zaman-zaman onu da narahat edir, lakin döyüşməyə mane olmur. Teymur Bəyazidi gözündən kənara qoymur, getdiyi bütün döyüşlərə onu da yanında gəzdirir. Fikirləşir ki, Bəyazidi iqamətgahda nəzarətsiz qoyarsa, bəzi zəif adamları özünə tərəf çəkib, saray daxilində qiyam və ya xəyanət edə bilər. İldırım Bəyazidi tam zərərsizləşdirən Əmir Teymur bir gün, ondan  yaxınlıqda yerləşən Bizansı niyə zəbt etmədiyini soruşur. Cavabında İldırım Bəyazid ona deyir ki, Bizansa girmək üçün güclü dəniz donanması lazımdır. Onun isə belə gəmiləri yoxdur. Bu məqsədə çatmaq üçün isə nə az-nə çox, 2000-ə qədər gəmi gərəkdir. Bundan əlavə isə, su yolu ilə bu şəhərə yadellilər gələndə, dənizdən alov qalxır. 

İldırım Bəyazidin “dənizdən alov çıxır” və  gəmi donanması söhbəti hər bir sirrə vaqif olan Əmir Teymuru narahat etməyə bilməzdi. Əmir Teymur üçün həll olunmayan məsələ yox idi ki, Allah ona o qədər iti ağıl və uzaqgörənlik vermişdi ki, bütün çətin vəziyyətlərdən çıxmağın yolunu tez bir zamanda tapırdı. Belə olan təqdirdə, Fateh Teymur Fransadakı səfirinə xəbər göndərir, Teymurun sifarişini qısa müddət ərzində yerinə yetirən elçi sərkərdəyə xəbər göndərir ki, Fransadan dəmirdən hazırlanmış gəmilər almaq olar. Gecələrin birində Rum ilə Bizans arasında olan dənizi seyr edərkən, Teymur həqiqətən də  dənizin alovlandığını görür. Dənizin suyunun üstündəki odun haradan əmələ gəldiyini soruşduqda, İldırım Bəyazid deyir ki, elə bu odun-alovun qorxusundan, kimsə Bizansı zəbt edə bilmir. Dənizə girən gəmilər, yarı yola çatmamış od tutub yanırlar. Bu odun sirrini isə min illərdir ki, Bizans imperatoru gizli saxlayır, sirr ancaq taxta çıxan növbəti imperatora verilir. 

1200 ildən çox yaşı olan bu sirri öyrənmək həvəsi Əmir Teymura güc gəlir. Dənizin ortasında yanan alovu görərkən, tabeliyində olan Badukubədə (Bakını nəzərdə tutur – müəllif.) dayanmadan yanan torpaqlar gördüyünü xatırlayır. Badukubədəki alovların isə tarixi çox qədimdir. Bu yanar alovları Adəmin nəslindən olan insanlardan bu yana su ilə deyil, torpaqla söndürürlər. Badukubənin yanar torpaqlarını xatırlayan, Teymur Bizansa  girmək üçün gəmiləri torpaqla doldurub, suyun üzərindəki odu-alovu ram edəcək. Bizansa girməyə hazırlaşarkən, İldırım Bəyazidin qohumu Meqnisiyanın hökmdarı Tuqul şahın Ruma hücumu barədə xəbəri alır. Az keçmir ki, Teymur böyük ordusu ilə Tuqulun qarşısına çıxır, Tuqul Əmir Teymurun ordusu qarşısında tab gətirə bilməyəcəyini görüb, ordusunun üzünü İran Azərbaycanına döndərir. Teymur bilir ki, Azərbaycanda o, İran, Tehran və digər qonşu dövlətlərin hakimləri ilə birləşsə, səltənətinə qarşı çıxa bilər. Buna görə də Tuqulu Azərbaycana qədər qovub, orada haqlayır. Tuqulun ordusunu darmadağın edir. Bu döyüşdə yaralanaraq hüzuruna gətirilən Tuqulu da bağışlayır. Lakin bir neçə gün sonra Tuqul öz əcəli ilə ölür. Aradan iki il keçəndən sonra, İldırım Bəyazidin Əmir Teymura qarşı etdiyi səhvin xəcalətindən ürəyi qubar gətirir və Ağşəhərdə dünyasını dəyişir. Vəfat etməzdən öncə Teymurdan oğlanlarına hər hansı bir ölkənin hakimliyini verməyi xahiş edir. Əmir Teymur Bəyazidin oğlanlarına xəbər göndərir ki, atalarını şahlara layiq dəfn etsin. Və bundan sonra öz oğlu Miranşahı deyil, Bəyazidin oğlanlarına Osmanlı vilayətlərində valilik verir. 

Azərbaycandakı sonuncu döyüşündə də İldırım Bəyazidin oğlunun ordusunun gücündən istifadə edir. O taylı-bu taylı Azərbaycanı özünə tabe etdikdən sonra, anadan olduğu Keş vilayətinə qayıdaraq, Keş şəhərinin yenidən tikilib abadlaşdırılması barədə əmr verir. Şəhər qonaqları qarşılamağa hazır olanda, dünyanın hər yerində olan vassallarını və qonşu  ölkələrin hökmdarlarını Keşə qonaq çağırır. Dəvətlilərin hamısı dəvəti qəbul etsə də, Çin imperatoru Əmir Terymurun dəvət məktubuna təhqir dolu bir cavab yazır: “Özünü böyük hökmdar kimi elan etmək istəyən Teymur bəy, Sizə ərz etmək istəyirəm ki, mənim Ca Belkadan Ca Belasa qədər olan ərazimdə sənin səhralarındakı qumlarından çox və dənizlərdəki balıqlardan çox sayı olan ordum var. Sən özünə necə rəva görüb, mənim boyda bir padşahı beş-altı dənə kərpicdən tikdirdiyin yerə dəvət edirsən. Məni təzim etməyə gələnlər, əvvəlcə on dəfə torpağımı öpür, sonra bu şərəfə nail olurlar. Əcəba, birdən Çinə yolun düşsə, əcdadlarımın tikdirdiyi Böyük divarı görüb təəccüblənərsən. Mənim adi bir əyaləti idarə edən canişinim səndən hünərlidir. Əgər onların biri ilə var-dövlətin və ya gücün ölçüyə gələrsə, onda mənimlə görüşmək xoşbəxtliyi də sənə nəsib olar”. 

Bu məktubu alandan sonra, qarşıdakı iki il ərzində Əmir Teymur öz ordusunu Çinə yürüşə hazırlayır. 1404-cü ildə Teymur 200 minlik Ordusu ilə Çinə yürüşə çıxır. Lakin 1405-ci il fevralın 18- də Otrar aşırımında  növbəti dəfə iflic keçirir, elə oradaca  dünyasını dəyişir. Onu Səmərqənddə, əvvəlcədən inşa etdirdiyi Mavzoleyində, müəllimi Mir Seyid Bərəkənin ayaqları altında, ailə məzarlığında dəfn edirlər. 

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Çərşənbə axşamı, 18 Aprel 2023 11:15

İlk pianoçu xanım Xədicə Qayıbovanın xatirəsi anılacaq

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edən azərbaycanlı ilk pianoçu xanım Xədicə Qayıbovanın 130 illiyinə həsr edilmiş xatirə gecəsi təşkil olunacaq.

 

Xatirə gecəsində tarzən, Əməkdar artist Sahib Paşazadənin müşayiətilə musiqi solistlərinin ifasında yerli və xarici bəstəkarların musiqiləri səsləndiriləcək. 

Qeyd edək ki, Xədicə Qayıbova (1893-1928) Azərbaycanın ilk qadın pianoçularından biri olub. Ailənin altıncı övladı olan Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. X.Qayıbova ilk təhsilini “Müqəddəs Nina” Qızlar Məktəbində alıb. 1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurub. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilib, uşaq xoru yaradılıb və birbaşa onun iştirakı ilə azərbaycanlı qadınlar üçün “Musiqi-dram” studiyası yaradılıb. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi respublikanın mədəni həyatında fəal iştirak edib. Dövrünün görkəmli sənətkarları ilə çalışaraq Azərbaycan musiqi folklorunun toplanması istiqamətində öz səylərini əsirgəməyib.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Çərşənbə axşamı, 18 Aprel 2023 10:45

Çin sərgisinə maraq artır

Çinə ölkəmizdə maraq böyükdür. Mübaliğəsiz deyə bilərik ki, bu marağın arxasında ölkəmizə daşınan ucuz Çin malları dayanırdı, indisə bu şərq ölkəsinin mədəniyyəti də diqqət mərkəzindədir. 

“Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin Azərbaycan Milli İncəsənət Muzeyində açılması diqqətçəkəndir.  Bu sərgi Çinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində davam edir. Və kifayət qədər də auditoriya toplayır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi üçün ayrılmış ekspozisiya zallarında Çin incəsənətinə məxsus qədim tanrılar və müdriklərin heykəlləri, rəsm əsərləri, məişətdə istifadə olunan toxuculuq məhsulları, çini vazalar, mebellər və s. nümayiş olunur. Təşkil edilən sərginin ekspozisiyası Çin fəlsəfəsinə uyğun olaraq semantik məna daşıyır.

Xatırladaq ki,  “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin açılış mərasimi 2023-cü il martın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. 

Sərgi 30 iyun 2023-cü il tarixinədək davam edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Çərşənbə axşamı, 18 Aprel 2023 10:15

Azərbaycan Dövlət Simli Kvartetinin konserti olub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında abonement konsertlər silsiləsindən Azərbaycan Dövlət Simli Kvartetinin konserti təşkil olunub.

 

Filarmoniyanın məlumatına görə, bəstəkar-musiqişünas Rüzgar Əhmədzadə ifa olunacaq əsərlər haqqında dinləyicilərə məlumat verib.

Daha sonra Azərbaycan Dövlət Simli Kvarteti və “Şəms Qəmər” xoru (bədii rəhbər və dirijor Leyla Zalıyeva) tamaşaçıların qarşında çıxış edib. 

Proqramda Musa Mirzəyev “Kvartet”, Xəyyam Mirzəzadə “Miniatürlər”, Rüzgar Əhmədzadə Xor və simli kvartet üçün “Rənglər”, xalq mahnısı “Yaylıq” (işləməsi Rüzgar Əhmədzadənindir) səslənib.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir  ki, aprelin 17-də respublika üzrə ilkin olaraq 30 müəssisədə birinci mərhələyə start verilib. 

Bu gün və sabah isə digər müəssisələrdə ilk mərhələ başlanacaq. Ümumilikdə isə festival tədbirləri 121 mədəniyyət müəssisəsində gerçəkləşəcək. 

Üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək insan qatılıb. 

Festivalın münsif heyətinə hər nominasiya üzrə üç nəfər olmaqla 2500-dən çox mütəxəssis cəlb edilib. Festival ərzində 320 koordinator və 250 sistem inzibatçısı fəaliyyət göstərəcək. 

Festivalda obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə münsiflərin adları açıqlanmayacaq.

Qeyd edək ki, peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. II mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.

Final mərhələsi isə sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq. 

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Aprelin 17-də Tatarıstan Respublikasının Azərbaycan Respublikasında Daimi nümayəndəliyində görkəmli tatar şairi, ictimai xadim və tərcüməçi Qabdulla Tukayın 137 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Nümayəndəliyin məlumatına görə, tədbirin təşkilatçısı qismində “Tuqan tel” Respublika tatar mədəniyyəti cəmiyyətinin iştirakı ilə “Ak kalfak-Bakı” tatar qadınlar cəmiyyəti çıxış edib. 

Tədbirin əvvəlində aparıcılar şairin tərcümeyi-halı və yaradıcılığı barədə danışıblar.

Təşkilatların fəallarının ifasında Qabdulla Tukayın “Ana doqası”, “Milli monnar”, “İrtə”, “Koşlar”, “Beznen qailə”, “Qali belən kəjə”, “Koşlarqa” şeirləri və digər əsərləri səsləndirilib.

“Ak kalfak” teatr dərnəyinin gənc aktyorları tərəfindən Qabdulla Tukayın “Bala belən kübələk”, “Su anası”, “Qali belən kəjə”, “Eş betkəç, uynarqa yarıy”, “Beznen qailə”, “Yanqır ilə Koyaş”, “Şüralə” əsərləri əsasında səhnəciklər nümayiş etdirilib.

Bundan başqa, xatirə gecəsinin iştirakçılarının ifasında şairin “Tuqan tel” və “Təftiləy” şeirləri əsasında mahnılar səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Bazar ertəsi, 17 Aprel 2023 18:15

Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq şairi Ramiz Rövşənlə görüşə həsr olunmuş “Poeziya xəzinəmiz” adlı tədbir təşkil edilib.

 

Kitabxananın məlumatına görə, öncə Ramiz Rövşən yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Sonra sevilən şairin zəngin yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, şairin daxili aləmi, düşüncələri, həmçinin həyata, insanlara münasibəti yazdıqlarında, söz-əməl fəlsəfəsində səhifə-səhifə açılır.

Görüşdə şairin öz dilindən poeziya çələngi dinlənilib və fəal oxucuların ifasında onun şeirləri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.