Avqustun 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova ilə gənclərin görüşü təşkil ediləcək.
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə qonaqlar Ümummilli Lider Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək, muğam sənətinin təbliği və inkişafı istiqamətində gördükləri işlərdən söhbət açacaqlar.
Tədbir müddətində, həmçinin “Azərbaycan milli musiqisi, muğam və milli vokal ifaçılığı sənətinin inkişafı perspektivləri”, “Müasir gənclərin maarifləndirilməsində milli musiqi mədəniyyətinin rolu” və “Yaradıcı sənayenin təşkilində klassik ifaçılıq tərzinin əhəmiyyəti” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində gənc musiqiçilərin ifasında milli və xarici klassik musiqi əsərləri təqdim olunacaq.
Layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.
Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilir.
Görüşdə iştirak etmək istəyən gənclər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)