“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.
36–ci dərc
«Karat»ı gecə evdən çıxaran adamın ən azı onun kimi nüfuz sahibi olduğunu ehtimal etdikdən sonra, şübhələrim birbaşa Rəmziyə yönəldi. Bu o demək deyil ki, şəhərdə başqa nüfuz sahibləri yoxdur. Əsla. Bu o deməkdir ki, izinə düşdüyüm və bir çox əlamətlərlə «Karat»ın qatilinin Qılınc Qabulov olduğu təsdiqlənib mənimçün. Qılıncın isə, birbaşa Rəmzi ilə, özü də sıx əlaqədə olduğu müəyyənləşib. «Karat»la ölümündən üç gün əvvəl görüşən adam da əlamətlərinə görə Rəmziyə çox bənzəyir. Əgər Rəmzinin brilyant biznesinin olması təsdiqlənərsə, məhz onun gecə saatlarında «Karat»ı harasa görüşə çağırdığını düşünürəm. Bəlkə də o, bu görüşün vaxtını elə son dəfə parkda görüşərkən, düşünülmüş şəkildə təyin edib.
Hələ bu detalların çoxu məlum olmayanda belə, mən xəstəxanadan veriləcək siyahılarda Qılıncın adının olacağına və Salamın da qonağının məhz Qılınc olduğunu deyəcəyinə çox əmin idim. Faktlar bunu deyirdi. Ancaq gözləmədiyim halda hər şey başqa cür oldu və ortaya hansısa bir Xamməd çıxdı. Əsas çözümün burada olduğunu bilirəm. İndi hər şeyi bir daha ardıcıl düzdükdən sonra bu çözümü tapmağa çalışacağam. Taparamsa və polkovnikdən gələn cavab da müsbət olarsa, qətli açılmış hesab etmək olar.
Bu cinayət çox düşünülmüş şəkildə hazırlanıb. Kimlərəsə mane olan adam aradan götürülür, bütün sübutlar da gənc bir oğlana qarşı yönəldilir. Ancaq iki şey var idi ki, hər şeyi düzgün hesablayan cnayətkarlar bu şeyləri heç cür nəzərə ala bilməzdilər. Elə mənə ipucu verən də məhz bu iki şey oldu.
Telefonun səsi məni fikirlərdən ayırdı.
-Səni istəyirlər, -bayaqdan mənə mane olmamaqçün mətbəxdə oturan Gülü əlində ev telefonunun aparatı içəri girdi. Dəstəyi alıb qulağıma yaxınlaşdırdım:
-Eşidirəm.
-Bəxtiyar, şübhələrində haqlı çıxdın, Rəmzi altı ay əvvəl brilyant biznesinə də qoşulub. Şəhərdə üç zərgərlik mağazası açıb. Malı da ona mağazalardan birinə şərik olmaq şərti ilə qətlə yetirilmiş «Karat» verirmiş.
-Aydındır. Ola bilər axşam ziyarətinizə gəlim.
-Mən yerimdə olacam.
-Sağ olun.
-Sağ ol.
Telefonun dəstəyini jurnal masasının üstünə qoydum. Deməli belə… Qalır tək bir şeyi dəqiqləşdirmək. Tək bir şeyi. Ancaq necə? Zəncirin qırıldığı halqa haradadır? Bu halqanı qıran kimsə var. Onu necə tapmalı… Bunun mütləq bir yolu olmalıdır.
Qəfildən gözüm az əvvəl əlimdən qoyduğum telefon aparatına sataşdı. Ağlıma gələn fikirdən cəld qalxıb pencəyimin ciblərini axtarmağa başladım. Bəli, bunu mən çoxdan yoxlamalı idim. Nəriman müəllimin vizit kartını tapıb tez nömrəni yığdım. Telefona cavab verilən kimi dedim:
-Salam, doktor. Bəxtiyar Nəzərli sizi narahat edir. Zəhmət olmasa deyin, müstəntiq Elbrus Cavadovun istədiyi siyahıları hazırlamağı kimə tapşırmışdız?
Nəriman müəllim fikirləşmədən cavab verdi:
-Bizdə bir xanım var, gəlib-gedənlərin qeydiyyatını o aparır. Ona da tapşırmışdım. Adı Sənəmdir.
-Sənəm indi işdədirmi?
-Bəli.
-İndi deyəcəklərimi heç kim bilməsin. Sənəmin şəxsi işini gətizdirib özünüzdə saxlayın, ancaq gizli. Mən gələnə qədər də çıxıb getməsin, icazə-zad istəyərsə verməyin. Ola bilər, mənə lazım olsun. Mən çıxıram.
-Yaxşı, Bəxtiyar müəllim, dediyiniz kimi edərəm.
Tez pencəyimi geyinib dəhlizə çıxdım. Ayaqqabılarımı geyinəndə gözucu Gülünün mətbəxin qapısından baxdığını gördüm. Başımı qaldıranda sakitcə üzümə baxıb bircə kəlmə dedi:
-Gözləyəcəm.
-Gələcəm, -mən də həmişəki kimi cavab verib gülümsədim və sürətlə qapıdan çıxdım. Vaxt itirmək olmazdı. Xəstəxananın yolu da xeyli uzaq idi. Binadan bir qədər uzaqlaşandan sonra taksi saxladıb oturdum və ünvanı dedim. Gənc taksi sürücüsü ünvanı eşidən kimi maşını yerindən tərpədib şəhər kənarına istiqamət aldı.
Bir neçə tıxacda ləngisək də, on beş dəqiqədən sonra şəhərkənarı yola çıxa bildik. Sürəti artıran sürücü on iki dəqiqədən sonra məni xəstəxananın yanına çatdırdı. Qapıda İsrafil yox, tanımadığım gözətçi olsa da, Nəriman müəllimin gözlədiyini deyən kimi, dərhal məni içəri buraxdı. Görünür baş həkim tapşırıq veribmiş. Vaxt itirmədən keçib baş həkimin kabinetinin qapısını döydüm və içəri girdim.
-Salam, Nəriman müəllim.
-Salam, xoş gəlmisiz, -baş həkim bir qədər qayğılı görünürdü.
Əyləşib Sənəmin şəxsi işini göstərməsini xahiş etdim. Oturduğu masanın siyirtməsindən çıxardığı qovluğu mənə verən ağsaçlı həkim fikirli-fikirli, sual dolu baxışlarla mənə baxdı.
Bunu görmürmüş kimi qovluğu açıb vərəqləməyə başladım: Sadıxova Sənəm Valid qızı, 1964-cü il təvəllüdlü, anadan olduğu yer Balakən rayonu. Şəxsi işdəki şəkildən mənə bir qədər köklüyə meyilli, sarı saçlı, kifayət qədər yaraşıqlı bir qadın baxırdı. Ünvana nəzər salıb gülümsədim, Qılınc Qabulovun iyirmi yaşına qədər Balakəndə yaşadığı küçə ilə eyni olan küçə… Bu qədər… İndi hər şey yerini aldı. Daha qocaman həkimin narahatçılığına son qoymağın vaxtı idi.
-Nəriman müəllim, siyahının natamam olması barədə bizdə ciddi şübhələr var. Sənəm xanıma hələlik heç bir şey deməyin. Onun bu barədə nə isə bilməməsi çox vacibdir. Bizi maraqlandıran üç nəfər var ki, onların sizin pasiyentiniz olub-olmamasını təsdiqləməyiniz lazımdır. Qəsdən Qılıncla yanaşı biri Xamməd olmaqla, iki ağlıma gələn ad və soyad da çəkib gözlədim.
-Bu dəqiqə, -deyən baş həkim selektorun düyməsini basıb şöbə rəisini yanına çağırdı. Bir azdan kabinetə gələn orta yaşlı qadın həkim dediyim adları eşidəndə bir qədər gözlərini qıyıb fikrə getdi. Sonra əminliklə dedi:
-Qılınc Qabulov bizim çoxdankı pasiyentimizdir. Qalan adlar mənə tanış deyil, dəqiq, belə xəstələrimiz yoxdur.
Cavabın məhz belə olacağına şübhəm yox idi. Nəriman müəllim üzünü şöbə rəisinə tutub soruşdu:
-Qabulovun diaqnozu nədir?
-Hebefrenik şizofreniya.
-Siz çoxdan bu xəstəxanada işləyirsiniz? -şöbə rəisinə sual verdim.
-Bəli, bütün fəaliyyətim bura ilə bağlıdır, iyirmi beş ildən çoxdur ki, bu xəstəxanada işləyirəm. Elə indi adını çəkdiyim Qılınc da o vaxtdan mənim pasiyentimdir.
Maraq dolu baxışlarla bu orta yaşlı qadına baxdım. İllər əvvəlki komissiya üzvlərindən fərqli olaraq, bir vaxtlar güclü mütəxəssis olan Matvey Semyonoviçin aşkar edib gizli saxladığı bu nadir rast gəlinən xəstəliyin simptomlarını sonradan Qılıncı müalicə edən həkim də ortaya çıxara bilmişdi. Deməli, Qılıncın indiyə qədər ruhi xəstə kimi qeydiyyatda qalmasının səbəbi də izahını tapdı.
-Təşəkkür edirəm.
-Buyurun.
Çevrilib Nəriman müəllimə baxdım. Hər şeyi başa düşən ağsaçlı baş həkim baxışlarımı göydə tutdu:
-Narahat olmayın, Aygün xanımın belə hallarla rastlaşdığı ilk dəfə deyil. Bu söhbət kabinetimdən kənara çıxmayacaq.
-Elə isə, onda daha Aygün xanımın vaxtını almayaq.
Şöbə rəisi otaqdan çıxan kimi Nəriman müəllim üzünü mən tutdu:
-Vəziyyət çox ciddidir?
-Düşünürəm ki, hə, -bu qocaman insandan nə isə gizlətmək mənasız idi. Onsuz da bir müddət sonra Sənəm istintaqa ifadə vermək üçün çağırılacaqdı. Onun nə dərəcədə günahkar olması istintaqın gedişində bilinəcəkdi. Ola bilər ki, Sənəmin heç nədən xəbəri yoxdur və Qılınc eyni küçədə böyüdüyü və sonradan burada rastlaşdığı bu qadını hansısa formada aldadıb ondan istifadə edib. Əməliyyat işində buna «kor-koranə istifadə» deyilir - insan əməlinin mahiyyətini və nəticələrini anlamadan kimlərəsə kömək etmiş olur. Ola da bilər ki, başqa səbəblər var. Hər-halda şəkildəki bu göyçək qadının baş vermiş cinayətdə Qılıncla əlbir olduğuna az inanıram.
İndi son bir şey də qaldı. Həlledici addımı atmaq üçün ediləcək son bir şey. Bunun üçün isə təcili Elbrusla görüşməli idim.
-Nəriman müəllim, telefonunuzdan istifadə edə bilərəmmi?
-Əlbəttə, buyurun, -deyən baş həkim masasındakı telefonu mənə tərəf sürüşdürüb qalxıb otaqdan çıxdı.
Elbrus otağında idi. Ona danışmağa imkan verməyib tez dedim.
-Elbrus müəllim, təcili istintaq təcridxanasının yanına gəlin. Mən də indi oraya yollanıram.
Təcrübəli müstəntiqin cavabı qısa oldu:
-Çıxıram.
Dəstəyi yerinə qoyub kabinetdən çıxdım. Nəriman müəllim dəhlizdəki pəncərənin qarşısında durub fikirli-fikirli həyətə baxırdı. Qapının açıldığını eşidən kimi çevrilib mənə tərəf gəldi. Əlimi ona uzatdım:
-Hər şeyə görə sağ olun, doktor. Dəyərli vaxtınızı aldım.
Əlimi sıxan həkim gözümün içinə baxdı:
-Belə başa düşdüm ki, o qətl hadisəsi buradan başlayır?
-Elə deməzdim. Qətlin sizin xəstəxana ilə heç bir əlaqəsi yoxdur. Sadəcə bir işçinizi qurban kimi seçiblər. Başqa bir işçinizin günahının dərəcəsi isə istintaq zamanı aydınlaşacaq.
-Sənəm bizdə çoxdan işləyir. Onu öz qızım kimi bilirəm. Dayısını tanıyıram, həkim kolleqamdır. Nə deyim…
-Hər şey yaxşı olacaq, doktor, -deyib bir daha sağollaşdım və xəstəxanadan çıxdım. Təcili təcridxanaya çatmalı idim. Vaxt az, yol isə uzaq idi. Elbrus yəqin ki, artıq yoldadır. Yenə bir qədər piyada gedib əsas yola çıxdım və səki kənarında dayanmış taksilərdən birinə yaxınlaşdım. Ünvanı deyib qiyməti razılaşdırdıqdan sonra maşına oturdum.
Yarım saatdan sonra taksi təcridxananın qarşısında dayandı. Orada məni gözləyən Elbrusu dərhal gördüm. Maşınının yanında dayanıb ətrafa baxırdı. Yaxınlaşıb görüşdüm.
-İndi sizə telefonumu verəcəm. Oradakı bu şəkli Salama göstərin və onun Xamməd olub-olmadığını soruşun. Mən burada gözləyirəm. Qalan şeyləri qayıdandan sonra danışarıq.
-Başa düşdüm, -deyən müstəntiq telefonumu alaraq maşından qovluğunu götürüb təcridxananın girişinə tərəf getdi.
İndiki halda telefonumu açıq saxlamaqdan başqa çarə yox idi. Vatsappla nə isə göndərib Elbrusu da hələ sonu məlum olmayan araşdırmanın «iştirakçısı»na çevirmək istəmirdim. Fikrimcə, «Karat»ın həm qatili, həm də qətlinin sifarişçisi artıq məlum idi. İndi sonuncu, ən kiçik bir yoxlamanı da keçirib qatilin adını Elbrusa deyəcəkdim. Sonra nə etmək lazım olduğunu müstəntiq yaxşı bilir. Bu yoxlamanı özümə görə deyil, Elbrusa görə belə təşkil etmişdim. Əslində, onun gətirəcəyi cavab mənə əvvəlcədən bəlli idi. Ancaq bir polis işçisinin, bir müstəntiqin kimisə həbs etməsi üçün tutarlı dəlillər və əsaslar tələb olunur. Digər öyrəndiyim şeyləri Elbrusa danışdıqdan sonra şəkildəki Xammədin Xamməd yox, Qılınc Qabulov olduğunu söyləməyim, fikrimcə, Elbrusun qərar verməsi üçün kifayət edəcəkdi. Cinayət baş verdikdən sonra şübhə altına düşənlərdən birinin özünü uzun müddət başqa adla qələmə verməsi onun bu işdə birbaşa iştirakı olduğunun ən gözəl sübutudur.
Bağda işləyərkən, Qılıncın şəklini çəkməyi lazım bilməmişdim. Mənə onun yaxından çəkilmiş şəkli lazım idi. Üz cizgiləri tam görünən bir şəkli. Qılınc isə qazdan ayıq biri idi və bunu etsəydim dərhal başa düşəcəyinə şübhəm yox idi. Ona görə də lazım olan şəkli həmin bağ evində quraşdırdığım gizli kameranın görüntüləri ötürdüyü monitordan çəkmişdim. Salama göstərməsi üçün Elbrusa verdiyim də həmin şəkil idi.
Cavadovun təcridxanaya giriş-çıxış üçün nəzərədə tutulan formallıqları aşaraq tez qayıdacağını düşünmüşdüm. Ancaq bu belə olmadı.
“Ədəbiyyat və incəsənət”
(04.08.2023)