Məqsəd işğaldan azad edilmiş ərazilərimizdə milli mədəniyyətimizi inkişaf etdirməkdir

İşğaldan azad olunmuş Laçında “Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbbüsü sayəsində Teatral Studiya ilə müştərək olaraq Laçın Yay Düşərgəsi təşkil olunub. Düşərgədə Azərbaycan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov və Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov 3 layihə ilə iştirak edirlər. Xüsusi seçimlər vasitəsilə fərqlənən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birlikdə Laçında təşkil olunan 20 günlük yay düşərgəsində üç tamaşa hazırlanıb. Bu tamaşalar avqustun 8-9-10-da nümayiş olunacaq. Məqsədimiz işğaldan azad edilmiş bu ərazilərimizdə də ilk dəfə olaraq tamaşalar hazırlayaraq, milli mədəniyyətimizi burada da inkişaf etdirməkdir. 

 

Bu barədə Azərbaycan Dövlət Pantomima Teatrının rejissoru Ceyhun Dadaşov mediaya məlumat verib.

“İyulun 22-dən başlayan layihədə artıq hazırlıqlar yekunlaşmaq üzrədir. Bu mədəni layihə ilə bağlı tamaşalar məhz Laçın torpağında hazırlanır. Avqustun 8-də Nicat Kazımovun quruluşunda C.Cabbarlının “Sevil”, 9-da mənim quruluşumda Qorkinin “Danko haqqında əfsanə”, 10-da isə Mehriban Ələkbərzadənin Sartrın “Son Xətt” tamaşalarının premyerası olacaq. Eyni zamanda layihə çərçivəsində Fuad Əlişovun rejissorluğu ilə ərsəyə gətirilən “Lazım gəlsə” adlı filmin təqdimatı gözlənilir. Bu, işğaldan azad olunan ərazidə çəkilmiş ilk qısametrajlı filmdir. 30 ildən sonra yenidən bizə qaytarılan Laçında olmağımız bizim üçün çox qürurvericidir. Bu gün Laçında 700 nəfərin, 180 ailənin daimi məskunlaşması təmin edilib və köçürülmə prosesi davam etməkdədir”, - deyə C.Dadaşov qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.