İsti yay günlərinin, adətən, mədəniyyət menyüsü fərqli olur. Çox maraqlıdır, yazarlarımız hazırda hansı musiqiləri dinləyir, hansı filmlərə baxır, hansı kitabları oxuyurlar?
“Ədəbiyyat və incəsənət” portalının ekspress-sorğu rubrikasında Ümid Nəccari ötən il bu gün bu suala cavab axtarıb.
Aqşin Yenisən:
Hazırda Daron Acemoğlu və Ceyms A. Robinsonun birgə yazdıqları "Millətlərin çöküşü" və Engelqardtın "Tərəqqi - qəddarlığın təkamülü kimi" kitablarını oxuyuram.
Rüstəm Behrudi:
Son aylarda 2 ağır əməliyyat keçirmişəm. Buna baxmayaraq, dostlarımla 2 yeni kitabımı çapa hazırlayıram. Kitabları dostlarım Tural Turan və Emil Rasimoğlu tərtib edib, "Məzarlıqda bitən yovşan" kitabının tərtibçisi və redaktoru Emil bəy, ön sözün müəllifi Tural Turandır. Buradan onlara təşəkkürümü bildirirəm!
İndi oxuduğum kitabsa Donald Valşın "Tanrı ilə söhbət" kitabıdır. Motsarta bütün fəsillərdə qulaq asıram.
Şərif Ağayar:
Həsən Quliyevin "Arxetip azərbaycanlılar" kitabını oxuyuram. Əla kitabdır və bir ilkdir. Bizi bu yöndən araşdıran olmayıb. Hərçənd, çox vacib məsələdir. Bütün ağlı başında olan soydaşlarıma məsləhət görürəm. Bir gün bizdən nəsə çıxsa orda bu kitabın rolu mütləq olacaq. Baxmaq isə... Bu günlərdə Cem Yılmazın Netflixdəki "Erşan Koneri" layihəsinə baxdım, bir daha əmin oldum ki, bu adama film çəkməyi qadağan eləmək lazımdır. Çox avantüristdir. Düzdür, baxdıqca əylənirsən, amma belə sənət olmur. Yaxşı ki, Ezgi Mola və Zafer Algöz vardı, yoxsa davam edə bilməyəcəkdim. Çağlar Çorumlu da yaxşı performans göstərir. Başqa audio kitablar və ədəbi verilişlər dinləyirəm. Gündəlik kompüterdə işləyirəm deyə, film izləməyi bir müddət dayandırmışam. Amma davam edəcəyəm. Kinosuz olmaz. Cem Yılmazın ümidinə qalmaq dəhşətlidir.
Qismət Rüstəmov:
Bu aralar Alice Mertonun mahnılarına ilişmişəm. Bundan əlavə, artıq yarım ildir ki, günün çox hissəsini audio kitab dinləyirəm, daha çox skandinav detektivlərini. Kitab kimi almadığım, almayacağım populyar ədəbiyyatın audio versiyasını dinləmək həm rahatdır, həm də trendləri, meyilləri anlamaq üçün yaxşıdır.
Filmlərlə bağlı uzun bir siyahı yazmaq olar. Birini seçək. Son vaxtlar baxdıqlarım içində yadımda qalan Culiya Dükornaunun Kannda qalib gələn provakativ "Titan" filmidir. Film hədsiz estetizə edilmiş avtomobil mühərrikinin, motorun təsviri ilə başlayır. Bu proloq artıq texnika-insan münasibətləri ilə bağlı hazırlıqdır. Sonra yolda bir maşın gedir, balaca qızcığaz arxa oturacaqdan atasını-sürücünü-tanrını təpikləyir ki, kəmərini tax və qəza... Bu qəzada balaca qızın başında titan parçası qalır, ondan sonra o, avtomobilləri sevməyə başlayır. Yetkinlik yaşında sözün bütün mənalarında maşınların dünyasına daxil olur, kadillakların dünyasında seksual şou göstərir. İki döşünün arasında Bukovskinin “Love a dog from hell” (Sevgi cəhənnnəmdən gəlmə bir köpəkdir) kitabının adını tatu etdirən bu qız Dükornaunun provakativ, şərti dünyasında bir avtomobildən hamilə qalır, cinayətlər törədir, kimliyini dəyişdirmək üçün özünü oğlan kimi təqdim edir. Kimliyin statik yox, dəyişkən, performativ olduğuna vurğu edən rejissor, şübhəsiz ki, çağdaş dünyanın feminist və post-humanist nəzəriyyətlərindən bəhrələnir. Filmin əsas personajı olan qız oğlan kimi kobud görünmək üçün özünü döyür, burnunu sındırır. Dükornau həmişə qadın kişinin yarımçıq formasıdır deyən ənənəvi görüşü tərsinə çevirir: kişi qadının burnu sındırılmış, qadınlıqdan mühacirət etmiş forması ola bilərmi? Bu sərt film başdan-ayağacan bu cür provakativ suallar qoyur.
Son vaxtlar Xavier Serkas, Valeriya Luiselli və Dog Solstadın kitablarını oxudum. Hər üçünü bəyəndim, xüsusilə Valeriya Luisellinin “İtmiş uşaqlar arxivi” romanını. İndi isə sırada İşiquronun külliyatı var...
Ulucay Akif:
Hazırda işimin başındayam və böyük iştahla məzuniyyəti gözləyirəm. Sonuncu oxuduğum kitab Lyosanın "Yaramaz qızın sərgüzəştləri" oldu. Təxminən 2-3 həftə əvvəl oxumuşam. Çox əla roman idi. Yeniyetməlik dövrümü, o illərdə yaşadığım sevgiləri yadıma saldı. İndi çox yorğunam, heç nə oxuya bilmirəm, heç film də izləmək olmur. Onsuz da mənim işim elə oxumaqla bağlıdır, amma redaktor kimi oxumaqla oxucu kimi oxumaq arasında çox böyük fərq var. Ən əsası, oxucu kimi oxuyanda daha çox zövq ala bilirsən, yorulmursan. Yaxşıca istirahətə ehtiyacım var. 3-4 gün sonra məzuniyyətim başlayır, çantamı belimə vurub rayonlarımızı gəzmək istəyirəm. Mümkün olduğu qədər telefon və sosial şəbəkələrdən uzaq durmağa çalışacağam. Məzuniyyət planlarım arasında kitab oxumaq, film izləmək yoxdur. Yatmaq, gəzmək, axşam pivə içə-içə futbola baxmaq istəyirəm.
İstirahət üçün xaricə getməyimizə böyük əngəl olan AZAL-a da atəşli salamlarımı çatdırıram.
Mahir Mehdi:
Son vaxtlar daha çox Sevda Ələkbərzadəni dinləyirəm, bir də sözsüz musiqiləri... Axırıncı Pyer Pazolinin bir neçə filminə baxmışam, Zamyatinin "Biz" romanını və yerli müəlliflərin hekayələrini oxumuşam... Məndə mədəniyyət menyüsü fərqli deyil, burda yay da, qış da eynidir.
Samirə Əşrəf:
Açığı elə çox musiqiyə qulaq asan biri deyiləm. Qarşıma hansı musiqi çıxsa, dinləyirəm. Amma bu yay Köfn qrupunu kəşf etdim. Yaxşı musiqilər düzüb, qoşurlar. Arada müğənni Dilarə Kazımovanın mahnıları qarşıma çıxır. Qulaq asıram. Fərqli səs və üslubu var.
Filmlərə çox baxa bilmirəm. Daha çox sənət filmləri izləyirəm. Çünki vaxt azdı, xüsusi siyahım var ki, imkan düşdükcə, o siyahıdan seçib baxıram. Ümumiyyətlə, təsadüfi filmə baxdığımı xatırlamıram. İndi İran, italiyan və ispan filmləri cəlb edir. Onlara imkan olsa, baxacam.
Bu yaxınlarda gürcü ədəbiyyatının nümayındəsi, müasirimiz olan Şota İataşvilinin ”Həvəskar” romanını bitirdim. Xoşuma gəldi. İndi Pamukun “Masumiyyət muzesi”nə başlamışam. Pamuku oxumaq zərrəbin tələb edir. Amma buna dəyər.
Emil Rasimoğlu:
Öncə onu deyim ki, mənim üçün zaman məfhumu sadəcə insan münasibətlərində öz aktuallığını saxlayır. Fəsillərə gəldikdə isə yaradıcılıq prosesində fəsillərin birinin digərindən fərqlənmə məsələsi mənə yaddır. Çünki yer üzündə hər nə varsa enerjidir, eləcə də fəsillər. Bütün fəsillərin ötürdüyü bir enerji var. Sadəcə həmin enerjinin ötürüldüyü ünvanı doğru tapmaq lazımdır. Mən dörd fəsilin dördündə də həyat tərzi kağız, qələm, şeir, sənət, Tanrı adamam. Hal-hazırda da mütəmadi olaraq mütaliə edir, yaradıcılıqla məşğul oluram. Ən çox xarici kitablardan, mətbuatdan tərcümələr oxuyuram. Buraya tək ədəbiyyatı əks etdirən kitablar deyil, fəlsəfi, psixoloji mətnlər də daxildir. Eyni zamanda hazırkı yerli ədəbi prosesi də diqqətlə izləyir, çoxların içindən azsaylı əsərləri, nümunələri oxuyuram.
Bilirsiniz, mütaliədə də gərək fərdilik xüsusiyyətini qoruyasan, kütləviləşməyəsən. Musiqiyə gəldikdə isə elə hal-hazırda sorğunuza Bethoveni dinləyə-dinləyə cavab verirəm. Ən çox xarici filmlərə baxır, musiqilər dinləyirəm.
Nemət Mətin:
Bu istidə kondisionerin köləsinə çevrilməyi düzgün bilmədiyim üçün kitab oxuya bilmirəm. Arabir qısa hekayələr, 60-80 səhifəlik kitablara göz gəzdirirəm. Sərinlik gətirən musiqilər var. Onları dinləyirəm- “Tufan var”, “Bakı gecələri”, “Ay sonatası” və s.
Filmə gəldikdə, həssas zövqümə güvənərək nadir filmlərə baxıram. Hansılar ki, şişirdilmiş film siyahılarında yoxdur.
Maha (Cavidan):
İyul ayının istisi məcbur edir ki, enerji balansını tənzimləyəsən. Bu halda, məncə özüm üçün ən doğru olanı seçmişəm: elə yay havasının özü kimi qaynar ritmli, amma həm də sərinkeş quraşdırılıbmış kimi rahatlıq gətirə bilən nümunələri. İndi Latın Amerikası musiqisi daha çox səslənir evdə, çünki o ritmlərdən əlavə enerji almaq mümkündür. Axşamlar isə həzin piano ifası fonunda yağış səsi dinləyirəm. Baxdığım film və seriallar da eyni ovqatdadır. Dinamik detektiv qarışığı olan melodramlar. Məsələn, bu dəqiqə "Qrand Otel" adlı İspan serialına baxıram, primitiv tərəfləri olsa da, beynimi yükləmir və "mən bu epizodu belə, ya elə edərdim" kimi fikirlərə də yer saxlamır. Yay üçün əladır. Söz yox ki, keçən yay baxdığım "Xatırla, sevgili" türk serialının yerini vermir. Hərçənd, onu da sırf beyin dincəlməsi üçün seçib izləmişdim, lakin həm ssenarisi, həm rejissor işi ruhumu silkələmişdi.
Kitaba gəldikdə isə, hazırda C. D. Roulinqin "Təsadüfi vakansiya" romanını oxuyuram.
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)