Latviyada “Zirvəyə gedən yolda” sərgisində bizim xalçalar

Latviyanın Gülbene şəhərində Tarix və İncəsənət Muzeyinin təşkilatçılığı ilə “Divi Juliji” VI Beynəlxalq İncəsənət Festivalı keçirilib. 

 

AzərTAC xəbər verir ki, ənənəvi festival bu şəhərdə anadan olan tanınmış iki rəssam, tətbiqi sənət ustaları Yulius Madernieks (1870-1955) və Yulius Straumenin (1874-1970) xatirəsinə həsr edilib.

Tədbir çərçivəsində Yulius Straumenin bütün Qafqazda, o cümlədən Azərbaycanda apardığı etnoqrafik tədqiqatlara həsr olunan “Zirvəyə gedən yolda” adlı sərgi açılıb. Sərginin ekspozisiyasını Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid 16 ədəd ənənəvi xalça məmulatı təşkil edir. Sərgidə yüksək bədii keyfiyyəti, özünəməxsus kompozisiyası və rəng çalarları ilə seçilən Qarabağ, Bakı və Şirvana aid çul, ləməqabağı, məfrəş, dəvəbəzəyi, cecim, duz torbası, qaşıqdan, xurcun, heybə, dəstərxan, corab, çanta olmaqla, ümumilikdə 16 eksponat nümayiş olunur. Sərgi müddətində həmçinin Şuşanın tarixi memarlıq abidələrindən ibarət foto-slayd təqdim olunur. 

Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə baş tutan sərgi avqustun 25-dək davam edəcək.

Festivalın ilk günü “Divi Juliji. Virsotnes”/ “İki Yulius. Zirvələr” adlı beynəlxalq konfrans da keçirilib. Konfransda Azərbaycan Milli Xalça Muzeyinin Elmi tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova “Azərbaycan xalqının adət-ənənələrində və məişətində xalça məmulatları” mövzusunda çıxış edib. O, xalça məmulatlarının xalqımızın gündəlik həyatının ayrılmaz hissəsi olduğunu bildirib. Onların təkcə utilitar əşya deyil, gözəl bədii həllə, naxış sisteminə malik yüksək estetik zövq göstəricisi hesab olunduğunu diqqətə çatdırıb.

Konfransda Azərbaycan Milli Xalça Muzeyinin Elmi Şurasının üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva “Straumenin Azərbaycan yaradıcılığının beşiyi Şuşada fəaliyyəti” mövzusunda çıxış edib.

Burada həmçinin“Yulius Straumenin eskizlərində Qarabağ xalçaları”, “XX əsrin I yarısında toxuculuq məktəbləri”, “Yulius Madernieksin pedaqoji baxışları və prinsipləri” və s. mövzularda müxtəlif ölkələrdən olan mütəxəssislərin məruzələri dinlənilib. Sonda qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.