Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

29–cu dərc

 

Axşamtərəfi bir daha yoxlayarkən işarənin verilmədiyi məlum olmuş, ona görə də malik olduğum məlumatlar hələ tam hərəkət keçmək üçün kifayət etmədyindən bir qədər gəzişib evə gəlmişdim. Əlbəttə, hələ ki, öz evimə yox, Gülünün yanına. Ancaq nədənsə yuxudan qalxanda elə hissiyatımın mənə ilk dediyi bu gün günortanı gözləməmək, həmin mağazaya səhər saatlarında baş çəkmək lazım olduğunu demişdi. Saat 10 radələrində həmin ünvana dəyib hissiyatımın məni aldatmadığına əmin olduqdan sonra polkovniklə görüşə getmişdim. İşarə verilmişdi və deməli mənə lazım olan məlumat hazır idi. Daha görüş üçün əvvəlcədən məlumat verməyimə ehtiyac qalmamışdı. Növbəti günlər son dəfə görüşdüyümüz bir yükdaşıma şirkətinin ofisində olacağını bildirən polkovnik nə isə lazım olarsa birbaşa oraya gəlməyi tapşırmışdı.

Bu dəfəki söhbətimizin məzmunu daha maraqlı olmuşdu. Polkovnikin gecə səhərə qədər yatmayan adamı böyük çətinliklə Qabulovun Bakı ətrafında, Kürdəxanı kəndində yaşadığını öyrənə bilmişdi. Kənddə hamının ruhi xəstə kimi tanıdığı Qılınc onun-bunun həyətində iş görməklə başını girləyən biri imiş.

Planımı elə orada polkovnikə açıqlamış, mənə lazım olacaq şeyləri sadalamış, sonra nə etmək lazım olduğunu demişdim. Planı bəyənən polkovnik hər şeyin tezliklə hazır olacağını bildirmişdi.

Öz qurduğum plana əsasən, bu gecə tanımadığım birinin bağında gecələyəcəkdim. Bu perspektiv o qədər ürəkaçan olmasa da, Qabulovun bizə lazım olan birisi olmasını dəqiqləşdirmək çox vacib idi. Əgər bu təsdiqlənərsə, axşam paralel olaraq edəcəyim başqa bir şey onun kimlərlə əlaqədə olmasını öyrənməkdə bizə kömək edə bilər. Hər-halda buna cəhd edəcəyəm. Tutub-tutmayacağı sonra bilinər. Hələ heç nə dəqiq bilinmir. Bu adam bizim hadisələrlə əlaqəsi olmayan, ruhi xəstəlikdən əziyyət çəkən biri ola bilər. Əvvəllər məhkumluq həyatı yaşaması və yaşının Matvey Semyonoviçin dediyi yaşa uyğun gəlməsi ondan şübhələnmək üçün tutarlı arqumentlərdir. Elə bu səbəbdən onu yoxlamağı lazım bilmişik. Ancaq onun məhz bizə lazım olan adam olduğuna tam əmin olmadan əsas planı işə salmaq olmaz. Belə addım, əməliyyat işində qətiyyən qəbul olunmayan bir şeydir. Həlledici məqamda hər şeyə tam əmin olmaq vacibdir. Peşəkarlar təsadüflərə inanmasalar da, hər halda həyatda təsadüflər olur.

Polkovniklə elə görüşdüyümüz ofisdə nahar edib sonra ayrılmışdıq. Lazım olan bağı tapan kimi, uşaqlardan biri gəlib məni oraya aparacaqdı. Tapşırdığım şeyləri də mənə o gətirəcəkdi. Bir neçə saat əvvəl gedib həmin bağla yaxından tanış olmalı, hər küncünə-bucağına baxmalıydım. Çünki, bu axşam özümü həmin bağın sahibi kimi qələmə verəcəkdim. Həm də orada mənə vacib olan bir otaq seçməliydim. Planımda elə ən vacib olan məqam da bu seçəcəyim otaqla bağlı olacaqdı.

 

* * *

Polkovnikin bir gün əvvəl tapşırıq verdiyi gənclərdən biri gecəni yatmadığı üçün indi dincəlirdi. Gənc oğlan ona verilmiş tapşırığın öhdəsindən çox yaxşı gəlmiş, lazım olan adamın yerini öyrənə bilmişdi. Əlbəttə, bu işdə polkovnikin vaxtilə onunla tanış etdiyi adamların köməyi böyük rol oynamışdı. Öz geniş əlaqələrindən istifadə edərək ən çətin məsələləri qısa bir zamanda həll etmək imkanına malik olan bu qocaman zabitin yanında çalışan gənclər üçün bu tapşırıqlar, həm də bir təcrübə idi. Çünki həmin gənclər polis olmaq arzusu ilə yaşayırdılar və Arif müəllm də şirkətdə çalışan cavanların arasından məhz onları seçərkən bu istəklərini əsas götürmüşdü. İndi onlar bütün respublikada ən bacarıqlı əməliyyatçılardan biri kimi tanınan, neçə-neçə qatı cinayətləri açmış polkovnik Arif Dadaşzadənin məktəbini keçir, özlərini indidən arzusunda olduqları peşələri üçün hazırlayırdılar.

Arif müəllimi tanıyanlar, elə bu gənclər də daxil olmaqla, bilirdilər ki, böyük nüfuz sahibi olan bu insanın bütün əməlləri yalnız ədalətə söykənir və həyatda yeganə prinsipi insanlara kömək etməkdir. Ona görə istər müraciət etdiyi dost və tanışları, istərsə də onun yanında çalışan gənclər tapşırıqlarını tərəddüd etmədən, canla-başla yerinə yetirirdilər.

Bəxtiyarı yola salan Arif Dadaşzadə selektorun düyməsini basıb cavab verilən kimi,-«Xalidi yanıma çağırın» -deyərək əlaqəni kəsdi.

Bir azdan qapını döyüb içəri girən Xalid salam verib otağın ortasında dayandı. Onun gəldiyini görən polkovnik masanın gözündəki siyirtməni açıb oradan ünvan yazılmış bir vərəq götürdü və Xalidə uzatdı.

-Oğlum, təcili buradakı ünvana get. Mənim göndərdiymi deyərsən. Səni Saleh adlı biri qarşılayacaq, bir bağlama verəcək. Onu mənə gətir.

-Baş üstə, Arif müəllim.

Ünvan yazılmış kağızı cibinə qoyan gənc dönüb sürətlə otaqdan çıxdı.

Onun ardınca baxıb öz gənclik illərini xatırlayan polkovnik yorğun-yorğun gülümsədi…

 

* * *

 Villasına çağırdığı qızı «Qızılbaş» yaman bəyənmişdi. Xüsusilə onun bütün istəklərini naz etmədən, dərhal yerinə yetirməsi çox xoşuna gəlmişdi. Masaj otağında qəfildən baş qaldırmış ehtirasını söndürdükdən sonra bir qədər sakitləşib qızla birlikdə duş qəbul etmiş, sonra şam yeməyi yemək üçün villanın ikinci mərtəbəsinə qalxmışdılar.

Özünə bu işi peşə seçmiş qızın əslində həqiqətən də çox yaxşı xasiyyəti var idi. Xüsusilə onun deyib-gülən olması «Qızılbaş»ı yaman açırdı. Gərgin keçən son günlərdə ilk dəfə kefi açılmış, süfrədəki soyuq qəlyanaltılardan yedikcə qızın danışdığı lətifələrə şaqqanaq çəkib gülürdü.

Yeməyinə xüsusi fikir verən ev sahibi bir qədər kəmərinin altını bərkitdikdən sonra əlini uzadıb süfrədəki tekila şüşəsini götürdü, qapağını açdı. Əvvəlcə qızın, sonra özünün qədəhinə içki süzüb şüşəni yerinə qoydu. Sonra sağ əli ilə bir çimdik duz götürüb sol əlinin üstünə tökdü və qədəhini qaldırdı.

-Bunu içək tanışlığımızın şərəfinə.

-İçək.

Qız gülümsəyib qədəhini qaldırdı. Toqquşdurmadan qədəhlərini boşaltdılar. Əlindəki duzu yalayıb ağzına bir dilim limon atan «Qızılbaş»ın yadına düşdü ki, hələ də bəh-bəhlə tanışlıqlarının şərəfinə badə qaldırdığı qızın adını bilmir.

-Yaxşı, de görək adın nədir?

-Mən Laləyəm. Bəs sənin adın nədir?

-Mənə elə dayı desən kifayət edər.

-Baxaa, dayı desəm, gərək day-daylıq eləyəsən, -qız şıltaq-şıltaq güldü.

-Eləyərəm, eləyərəm, sən heç narahat olma.

-Onda soruş nə istəyirəm, day-day.

Bir gecəsinə iki min manat verdiyi qızın yenə ondan nə isə istəyəcəyini düşünən «Qızılbaş» qaşlarını çatdı. Bütün kişilər kimi, o də belə şeyləri xoşlamırdı. Adətən kişilər, ilk fürsətdə və ya hər görüşdə nə isə istəyən qadınlardan uzaq durmağa üstünlük verirlər. Hətta öz təşəbbüsü ilə qadına deyək ki, beş min manatlıq bir hədiyyə almış kişi bundan nə qədər zövq alırsa, qadının dili ilə istədiyi beş dəfə ucuz hədiyyəni alması həmin kişidə yalnız əks assosiasiyalar oyadır. Təxminən buna bənzər hisslər keçirən «Qızılbaş» hər halda qızın sualını cavabsız qoymamaq üçün soruşdu:

-De görüm, nə istəyirsən?

-Yenə səni istəyirəm, -qız bunu deyib, Qızılbaşa göz vurdu və dili ilə toppuş dodaqlarını yaladı.

Qızın gözlənilməz cavabı onun xoşuna gəldi. Bir anlıq bu qızı get-gedə daha çox bəyəndiyini düşünüb az əvvəl keçirdiyi hissləri unutdu və gülə-gülə dedi:

-Elə bu? Bu düzələn işdi, gecəmiz hələ qabaqdadı. Sən mənə de ürəyinnən nə keçir, onu təşkil edim.

Qız yenə şıltaq-şıltaq ona baxıb dedi:

-Onu sabah, ayrılanda deyərəm.

Elə bu vaxt otağın qapısı döyüldü.

-Gəl, -qapıya tərəf baxan ev sahibi ucadan dedi.

Qapı yavaş-yavaş açıldı və əlindəki sinidə buğlanan yeməyi gətirən aşbaz qadın içəri girdi. Masaya yaxınlaşan qadın əvvəlcə ev sahibinin, sonra isə qonağının boşqablarını qarşılarına qoyub sakitcə otağı tərk etdi.

«Qızılbaş» yeməyi iylədikdən sonra yeni aşbazının ardınca baxıb razı-razı başını yellədi. Əvvəlki aşbazı iki gün əvvəl sonuncu dəfə bişirdiyi yeməyi bəyənmədiyini deyib qovmuşdu.

-Hə, başla görək. Elə-belə yemək deyil ey, bu can ətidir. Ceyran ətindən də kövrək olur.

Eyni vaxtda süfrəyə əl uzatdılar. Qaynar tikələrdən birini ağzına qoyub bəh-bəhlə yeyən ev sahibi yenidən süfrədəki tekila şüşəsini götürüb qapağını açdı.

Həmişəki kimi, dadlı yemək bu zəhmli adamın axşam saatlarında onsuz da yaxşı olan kefini daha da artırmışdı.

 

* * *

Arif müəllimin adamının az əvvəl məni gətirdiyi bağ evi əsil mən deyən idi. Böyük ev, geniş həyət, baxımsız bağ planımı həyata keçirmək üçün lazım olan tələblərə tam cavab verirdi. Bir qədər sonra bura gətiriləcək Qılınc heç üç günə də bu bağı belləyib səhmana sala bilməzdi. Mənə isə onun bu gün və sabah qalıb işləməsi kifayət edirdi.

Saat 5 idi. Artıq bağla tanış olmuş, lazım olan şeyləri etmişdim, indi Arif müəllimin məni buraya düşürüb getmiş adamının Qılıncı gətirməsini gözləyirdim. Adamın Qılınca hansı yolla çıxdığını bilmirəm, ancaq o, gecə bağda qalmaq şərti ilə iki gün burada qalıb işləməyə razılıq vermişdi. Əvvəlcə gecə də qalmaq şərti ilə iki günə yüz iyirmi manat tələb etmiş, şübhə doğurmamaq üçün bir qədər çənə-boğaz olub yüz on manata onu razı salmışdılar. Pulu işin sonunda yola salarkən ona mən verəcəkdim. Axşam və növbəti gün yeyəcəyimiz yeməkləri isə Arif müəllimin tapşırığı ilə bağa gətirəcəkdilər.

Bağ sahibinin anbarındakı bel, dırmıq və yabanı götürüb həyətin divarına söykəyib talvarın altındakı iri masanın arxasında oturdum. Evin otaqları ilə yanaşı alaq basmış bağı da gəzib hansı ağacın harada yerləşdiyinə qədər yadımda saxlamışdım. Heç bir boşluq buraxmaq olmazdı. Əgər bu adam bizə lazım olan biridirsə, onun çiyinləri arxasında yeddi illik həbsxana məktəbindən başqa otuz illik qatillik təcrübəsi dayanır. Belə adamla bir an da olsun diqqəti yayındırmaq olmaz. Burada olacağımız təxminən iki gün ərzində onda heç bir şübhə oyatmamalı, özüm isə altdan-altdan onu öyrənməli idim. 

Əlbəttə, belə işlərdə olan təcrübəmlə bu mənim üçün çətin olmayacaqdı. Ancaq son dərəcə diqqətli olmağım bütün hallarda tələb olunurdu. Unutmaq olmazdı ki, qatil Qılıncdırsa və nədənsə şübhələnərsə, gecə durub yatdığım yerdə mənim başımı kəsmək qərarına gəlmək onun üçün iki vur ikidir. Qatillərin davranışları qeyri-adekvat olur və heç də hərəkətlərini əvvəlcədən hesablamaq mümkün olmur. Xüsusilə qatil şizofreniyanın ən təhlükəli növlərindən biri olan gizli psixi pozuntu sahibidirsə. Üstəlik də o, kiminsə yox, cinayət aləminin «elita»sının sifarişlərini yerinə yetirirsə və otuz ildə bircə dəfə də olsun iz verməyibsə, onun nəyə qadir olduğunu təxmin etmək çətin deyil. Əlbəttə, bütün bunları nəzəri cəhətdən deyirəm. Əgər belə qarşıdurma yaranarsa, kimin kimdən üstün olacağı hələ məlum deyil.

Hər-halda mən nə edəcəyimi bilirdim və buna hazırlaşmışdım.

Qapının zəngi məni fikirlərimdən ayırdı. Qalxıb qapıya tərəf gedib kilidi açdım. Arif müəllimin adamı əynində nimdaş geyimi olan, əlində rəngli sellofan torba tutmuş nataraz biri ilə içəri keçdi. Yəqin ki, torbadakı adamın iş paltarları idi.

-Xoş gəlmisiniz, -deyib hər ikisi ilə əl tutub görüşdüm.

-Xoş gördük, Vaqif müəllim. Bağınızı bu adam belləyəcək. Adı Qılıncdır.

Arif müəllimin adamı bu adla tanıdığı üçün mənə Vaqif müəllim deyə müraciət etdi. Bağ sahibinin adı belə idi.

Ötəri olaraq, hiss etdirmədən bir anlıq Qılıncın gözlərinə baxdım. Sanki bu gözlər şüşədən idi və onlarda hansısa bir hiss, emosiya müşahidə etmək mümkün deyildi. «Qonaqların» gəlişindən bu yana üzümdə yaratdığım süni təbəssümə ara vermədən dedim:

-Lap yaxşı, keçin əyləşin. İndi bir çay qoyum içək, sonra başlayaq.

-Çaya ehtiyac yoxdur. Nə edəcəyimi deyin, mən işimə başlayım, -Qılınc gözlənilmədən sözümü kəsdi.

-Başqa bir işiniz yoxdursa, mən də daha gedim, -bizi gətirən gənc üzünü mənə tutub soruşdu.

-Yoxdur, elə işimiz bu bağ idi, onu da sağ olun, həll etdiniz, -deyib onun əlini sıxdım.

Həyətdə ikimiz qalanda bayaq divara söykədiyim alətləri götürüb bağa tərəf getdim. Qılınc da ardımca gəldi.

-Görürsən də, necə alaq basıb. Ağacların altı da nə vaxtdır bellənmir.

Qılınc dediklərimə əhəmiyyət vermədən, bağı başdan-ayağa nəzərdən keçirdi. Sonra üzünü mənə tutdu:

-Əynimi harada dəyişəcəyəm?

-Gedək, otağını sənə göstərim. Gecə orada qalacaqsan, elə əynini də orada dəyişərsən.

Sakitcə ardımca gələn Qılıncı otağına ötürüb həyətə çıxdım. Bir azdan əynini dəyişmiş Qılınc bayaqkı nimdaş paltarlarından çox az fərqlənən geyimdə həyətə qayıtdı. Birlikdə bağa keçdik. Görüləcək işləri izah etməyə başladım.

-Əvvəlcə alağı təmizləyib bir yerə yığ. Onu atmaq lazım olmayacaq. Qalsın qurusun, yandırıb külünü ağacların dibinə verəcəm. Deyirlər, kül ağaca xeyirdir. Ondan sonra bu gördüyün bütün ağacların dibini belləmək lazımdır. Mən həyətdə olacam. Çaydan, sudan nəsə istəsən de.

Qılınc yenə heç nə deməyib başını tərpətməklə kifayətləndi. Belə məlum olurdu ki, hava qaralanadək işləmək fikri var. Onu bağda qoyub həyətə qayıtdım. Anbarda samovar görmüşdüm. Yaxşı bir samovar çayı dəmləməyi qərara aldım. Samovara su töküb həyətin bağa yaxın bir yerində qoydum. Gözaltı Qılıncın nə etdiyinə fikir verəcəkdim, bəzən insanın barəsində onun danışdıqlarından çox hərəkətlərini izləməklə verilən rəy daha dolğun olur.

 

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.