“İsa və Məryəm” - Leyla Səfərovanın hekayəsi Featured

Qeyd: Hekayədəki adların dinlə əlaqəsi yoxdur. Təsadüfi seçilmiş adlardır.

Xəyallar və həyatlar... Bir-birinə bağlı iki dünya və bu iki dünyanı bir-birindən ayırmağı bacarmayan insanlar. Və bir də... Və bir də bu dünyaları yaradanlar.

Keçmiş zamanlarda, hər kəsin dərdinin bir quru çörək olduğu dönəmlərdə bir adam varmış. Hansı ki, heybəti yeri, duası göyü sarsacaq adam. Və bir də, o adamın yar  bildiyi bir qadın... İsa, göylərdə yaşayan bir mələk. Hər kəsin ruhunda, hər kəsin mənliyində yaşayırdı o. Lakin necə də qəribədir ki, tək bir ruha, tək bir bədənə sahib olmağa doymur, bütün varlığıyla istəyir, sevirdi onu. Məryəm... Adı qədər gözəl qadın.

İllər öncə İsa yer üzünə enərkən ona bir mələk göndərildiyi, onu taparsa, körpücüyündən öpərsə yerə göyə sahib olacağı deyilər. Hər yerə hökm etmək fikri ilə İsa heç bilmədiyi, heç görmədiyi bu qadının arxasından gedərmiş. Başqa bir dünyada əsrlər keçib, lakin hər şey sanki sadəcə 5-10 ilmiş kimi davam edib insanlar üçün.

Səyahət, axtarış anbaan davam edir o günədək. O gün bir körpü başında ilk baxışdan vurulur bir qıza İsa. Bu dünyaya gəliş səbəbini, hökmranlığı unudur və o qızın gözlərində əsir qalmağı arzu edir bir ömürlük. Lakin bilmirdi ki, bu məhz axtardığı qadın, axtardığı eşqdir.

Küləkdə saçları dalğalanan Məryəm ayırmır gözlərini İsanın qara gözlərindən. İlk baxışdan sevə bilərmi insan insanı? Tanımadan, bilmədən. İlk dəfə gördüyü insana həsrət duyarmı? Duyarmış. Məryəmin illərlə bilmədiyi, varlığından xəbərsiz olduğu İsaya duyduğu həsrətin nə tərifi varmış, nə də izahı.

Məgər İsanın nə çox yarası varmış? Sarılıb Məryəmə. Dörd qolla, illərdir axtardığını bir anda itirməkdən qorxurcasına sarılıb və bir də buraxmayıb bu zərif qadını. Aylar keçib, İsa Məryəmi "Qəlbimin Kəpənəyi" deyə səsləyib hər gün, hər saat. Məryəm sarıb İsanın qollarındakı, üzündəki yaraları. Məryəm tutub İsanın gözündən düşən yaşları. Sarılaraq isidib ruhundakı soyuqluğu. Sadəcə İsa. Sadəcə onun varlığına sığınıb. Hər yerə hökm etmək istəyən İsa isə Məryəmin varlığıyla unudub bütün cahanı. Bəlkə də bu imiş əsl varlıq. Bəlkə də sevgi imiş. İsanın qollarındakı yaraları mərhəm, ruhundakı yaraları Məryəm sarıb hər gün, hər gecə...

Bəs sən tapdınmı ki öz Məryəmini? Tapdığın Adəmin Həvvasıdırsa necə yar olsun sənə?

Bu gün dərin düşüncələrlə qarşı-qarşıya qalmışam. Nədir sevgi? Nədir xoşbəxtlik? Keçmişdən bugünə hərkəsin yazdığı, yazdırdığı sevgi həqiqətən məlhəm olarmı yaralara? Bəlkə də xoşbəxtlik bir az da özünü fəda etməyi bacaranın idi. Özünü, ruhunu qurban verməyi bacaranların idi.

Cəsurlar bir dəfə, qorxaqlar min dəfə ölər deyiblər. Bu həyatda cəsarət olmayan hər şey, hər duyğu yarım qalmağa məhkumdur, deyəsən. Məryəmi axtarmayan, axtarıb tapdıqda yanında qalmayan hər İsa yarım qalacaq, yaralı qalacaq. Amma bəlkə də bu, Məryəmlərin xoşbəxtliyi olacaq, kim bilə bilər ki? Bəzən hekayələr yarım qalmalı, xoşbəxtliklər yarım qalmasın deyə.

Və sən... Hər kimsənsə, bilmirəm, amma inanıram. Qorxaqlığın qarşısında onu qorumaq üçün cəsurca dimdik duran ruhun qalib gələcək bu savaşda da, əminəm. Özünə yaxşı bax. Qəlbinin kəpənəyi getməsin səndən heç vaxt.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.