Aysel Fikrət, “Ədəbiyyat və incəsənət”
Gərək məni burda unudub, gedəydilər... Fikrimdən keçənə bax. Avtobus şütüyüb dolanbac yolları düşdü.
Şuşa Yaddaşımda Açıqçalarda gördüyüm Atamın çox sevdiyi vətən idi. Yuxu kimi gələn yaşıllığı, nəfəsi dayandıracaq dərəcədə təmiz havası. Bulaq səsi kimi səsi olan sakinləri. Şuşa Xatirələrimdə yara kimi içimi göynədən ağrı da oldu zamanla. Bir dostum vardı, gözləri ala Şuşadan qaçdıqları son günü danışırdı. Babasının ayaqyalın olduğundan donduğu ayağından. Elə həmin gün atasını itirdiyindən danışanda iri gözlərində yaşlar süzülərdi. Mən həmişə Şuşanı onun gözlərinin içindən görürdüm.
Yol boyu sınıq salxax sökülmüş xaraba olmuş evlərə həyətdəki məğrur üzü günəşə qürurlanan ağaclara baxdıqca ağladım. Şuşa mən hara sən hara. İndi isə burdayam, sənin müqəddəs ruhunla qovuşmaq susuzluqda qalan insanın Dəryaya rast gəlməsi kimi gözəldir.
Avtobus müqəddəs ünvana yetişdi. Əziz həmvətənlər, Şuşaya xoş gəldiniz. Hamı alqışlayır. Mən sanki yuxudayam.
Barıt qoxusu qarışmış küçələrdən, həyət evlərinin darvazalarında yazılmış yazılardan ürəyimə qəribə ağırlıq çökdü. Sakinləri olmayan boş küçələrdə təktənbir adam görünməyə başladı. Məscidlərdən gələn azan səsi Ziyarətgah olan torpağa çox yaraşdı. İnsanların üzündəki sevincin sözlə ifadəsi yoxdur.
Şairlərin şeir çələnginin yarısını dinləyə bilmədim. Şuşaya işğal dövründə çox şeir yazmışam. Azadlıqdan sonra susdum. Şuşanın hər qarışı şeirdir indi.
Şuşa o qədər müqəddəs torpaqdır ki. Orda şeir oxumaq ,oxumamaq fərq etmir, onun hər qarışı seirdir. Çəməni, çölü müharibənin dəhşətini qorxusunu duymuş, qoxusunu udmuş ağacları. Başı bəlalı Cıdır düzü. İndi üstündə gəzəcəyimiz gözəllik. Şüşa qalası. Bu nağılvarı gecələri gözümə yuxu getmədi. Mən Şuşadan doymadım. Üstündə gəzdiyim torpaqda vətən oğullarının qan izi vardı.
Bu Azadlığı, bu gözəlliyi bizə bəxş edən şəhid qardaşlarımın ruhu dolaşırdı buludlarında. Sonra bir atım yağışını yağqdırdı buludlar. Gecəsində şeirlər dedik, musiqilər eşitdik. Heç gözümüzə yuxu getmədi. Böyük türk dünyasını bir araya gətirən Şüşam.
Sənin azadlığını görməyən atamın ruhunu şad etdim. O torpağı səpələdim əbədi beşiyinə. Səpələdim laylay kimi.
Bilmirəm hiss etdi, yoxsa yox. Yalınlz sad xürrəm yuxuma gəldi atam.
Allahdan bu torpağın övladı, o kişinin övladı olmaq kimi bir əbədi xoşbəxtliyim var. Bu xoşbəxtlik vətənə və atama sevgi mənim insanlığa sevgimi artırdı həmişə. Mən gördüyümü yox, duyduğumu sevdim..
Anama söz vermişdim, ona yazdığım şeiri Şuşada oxuyacam. Çünki Şuşa Anamın gözləri və yaralı ürəyi kimi mənimdir.
Yaraları sarılsa da yaralı evləri bağrında yuxuya gedən Gözəl Şuşam. Sənin ağuşunda Bir ovuc adam idik. Və gəldik, getdik. O sakit küçələrin səsimizlə doldu, boşaldı.
Qaçıb gizlənsəm… Məni unudub şütüyüb gedən Avtobusun ardıyca baxsam… Torpağına sığınıb Yerimdəcə donsam…
Mən hər düşündüyümü etməməyin həmişə günahını çəkdim.
Şuşa nə yaxşı ki səni gördüm.
Gərək məni burda unudub gedəydilər... Fikrimdən keçənə bax.
“Ədəbiyyat və incəsənət”
(25.07.2023)