Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

28–ci dərc

 

 

Saata baxdım. Günortanı keçmişdi. Zənnimcə, işarənin verilib-verilmədiyini yoxlamağın tam vaxtıdır. Nəsə olarsa, ona uyğun davam edər, olmazsa, bir yerdə oturub nahar edərəm. İndiki mərhələdə atacağım addımlar veriləcək məlumatlarla birbaşa bağlı idi. Onlarsız elə bir işim qalmamışdı. Yeganə işim məhəlləmizin yaxınlığında idi ki, onu da az əvvəl dəqiqləşdirmişdim.

İyirmi dəqiqədən sonra «Qoşa Qala» qapıları istiqamətində «Mərkəzi» univermağı keçib irəlidəki dayanacaqda dayanan avtobusdan düşdüm. Bir qədər irəli gedib sağa döndüm və mənə lazım olan mağazanın vitrininə baxdım. İşarə verilmişdi. İndi məlum valyutadəyişmə məntəqəsinə getmək, oradan məlumatları götürüb tanış olmaq lazım idi. Görək polkovnik dünəndən nə öyrənə bilib.

Hər ehtimala qarşı, səhər evdən uzaqlaşandan sonra telefonumu işə salıb mesajlar bölümünü yoxlamışdım. İndi də, piyada «Fəvvarələr meydanı»na qədər gedib yenə cib telefonumu işə saldım. Elbrusdan hələ ki, xəbər-ətər yox idi. Bu normaldır. Hərəkətlərində daha sərbəst olan Arif müəllimdən fərqli olaraq, hər bir işi rəsmiyyətə salmaqla, sənədləşdirməklə görməsi vacib olan müstəntiqin belə tez hansısa məlumatı toplaması sadəcə mümkün deyildi. Aradan cəmi bir sutka keçmişdi. Ən yaxşı halda bu qədər vaxta onun verdiyi sorğu yalnız ünvana çata bilərdi. Cavabı isə gözləmək lazımdır. Əlbəttə, istənilən məlumatı daha tez əldə etmək daha yaxşı olardı, ancaq indiki halda bunun heç bir zərəri yoxdur. Ayrıca, polkovnik məlumatları arxiv idarəsində işləyən tanışı vasitəsilə əldə edirdi. Qapalı tipli xəstəxanada olan məlumatlar isə, ancaq rəsmi yolla əldə edilə bilərdi. Hələ Elbrus vaxt tapıb təcridxanada Salamla da görüşməli idi. Arif müəllim tələsməyimi tapşırmışdı, Salamın məsələsində isə elə də tələsmirdim. Bu məsələdə bir-iki gün heç nəyi dəyişmirdi. Dediyim bir-iki gündə isə onsuz da işim həddən çox idi.

Məlumatın verilməsi prosedurasında heç nə dəyişməmişdi. Əvvəlki qaydada parolu deyib götürdüyüm konverti yaxınlıqdakı parkda açıb oxumağa başladım.

Deməli belə, Qabulov Qılınc Alxas oğlu. 1964-cü ildə Balakən rayonunda anadan olub, 1984-cü - hərbi xidmətdən qayıtdığı ildə indiki məcəllənin termini ilə desək, «qəsdən sağlamlığa ağır xəsarət yetirməyə görə» yeddi il müddətinə azadlıqdan məhrum edilib. 1990-cı ildə, 27 yaşında cəzasını tam çəkib azadlığa çıxıb və bir daha Balakənə qayıtmayıb. Elə 90-cı ildə Ruhi-əsəb xəstəxanasına düşüb altı ay müalicə aldıqdan sonra mütəmadi ambulator müalicə almaq şərti ilə oradan buraxılıb. Hazırkı ünvanı dəqiqləşdirilir.

Bu məlumatlar Matvey Semyonoviçin dedikləri ilə üst-üstə düşür. Yaxşı… Hələlik heç də aşkar dəliliyi olmadığı məlum olan dəlimizi bir kənara qoyaq. İndi keçək az qala bir həftə baş sındırdıqdan sonra şifrdə adına eyham olduğu məlum olan Rəmziyə. Xanbabayev Rəmzi Ağarza oğlu. 72 yaşı var. Şəhərdə malik olduğu böyük biznes imperiyası qədər də böyük nüfuz sahibidir. Biznesini bir sahə üzərində qurmayıb, müxtəlif sahələrə investisiya qoymağı sevir. Kriminal aləmlə sıx əlaqələri olduğu barədə məlumatlar var. Bu əlaqələrin nədən ibarət olduğunu tam öyrənmək mümkün olmayıb. Hazırda araşdırmada bir nömrəli şübhəliyə çevrildiyi üçün daha ətraflı yoxlanılır.

Bəli, belə çıxır ki, Xudata getməyim də, bu neçə gündə baş sındırmağım da əbəs deyilmiş. Polkovnik əmin olmasa heç kimi bir nömrəli şübhəli adlandırmaz. Hər halda İsfəndiyara ən yaxın olmuş Səttarın mesajında siyahıdakı səkkiz nəfərdən yalnız Rəmzinin adına işarə olması özü-özlüyündə çox şeydən danışır. Tək şifrdə yox, heç paralel aparılan başqa yoxlamalarımızda da digərlərinə qarşı hələ ki, şübhə doğuracaq bircə hal belə ortaya çıxmayıb. Çox güman ki, Arif müəllim də qərarında elə bunlara əsaslanır. Əgər belədirsə, deməli şübhəlilərin dairəsi daralır. O halda, bütün daşları yerinə düzməyin vaxtı da yaxınlaşır. Bu isə o deməkdir ki, əməliyyat işində ən çox sevdiyim üsullardan birini tətbiq etməyin vaxtı çatıb. İndi, müəyyən etdiyimiz adamların ətrafında yaratdığımız, gözlə görünməyən, ancaq vaxtı çatanda onların hiss edəcəkləri halqanı daraltmağın vaxtıdır. Halqa daraldıqca, onlar tora düşmüş balıqlar kimi çapalamağa başlayacaq, ən azı kiçik də olsa bir səhv buraxacaqlar. Mənə də elə onların kiçicik bir səhvi lazımdır... 

Hələ gənc yaşlarımda eşitdiyim bir deyim var, bir insan nə qədər çox danışırsa, o qədər də çox səhv buraxır. Atalar susmağın qızıl olduğunu heç də nahaq yerə deməyiblər. Çox bəyəndiyim bu deyimə istinad edib, sonralar əməliyyat işində özüm üçün yaratdığım nəzəriyyəmə, məlum bir əməliyyat gedişini təkmilləşdirməklə bir neçə şey də əlavə etmişdim. Bir insan nə qədər çox sirr, məlumat daşıyıcısıdırsa, o qədər də çox təhlükə qarşısında olduğunu daim xatırlayır və rahatlığı pozulur. Bir insan həmin təhlükənin reallaşdığını duyub nə qədər çox təşvişə düşürsə, o qədər də tez özünü qorumaq üçün hərəkətə keçir və bu tələskənlikdə mütləq səhv buraxır.

Bax indi, kimlikləri bilindikdən sonra ətraflarında çəkdiyim halqanı daraltmaqla hamısını birdən təşvişə salacağım  bu adamlar, ilk növbədə hansı «ağır» məlumatı, başqa sözlə, zəhmindən az qala yer yarılan bir kişinin günahsız oğlunun qətli kimi bir sirri daşıdıqlarını bildiklərindən hərə bu işdə öz günah dərəcəsinə uyğun təhlükəni daha kəskin hiss edəcək. Bu zaman özünüqoruma instinkti onları hərəkətə keçməyə vadar edəcək. Onlar hər biri xarakterlərinə uyğun müxtəlif addımlar ata bilərlər. Ancaq nə olur olsun, əgər sirr bir nəfərə aid deyilsə və bu sirrin daşıyıcısı bir neçə nəfərdirsə, bu adamlar mütləq ilk növbədə bir araya gəlib məsləhətləşmək istəyəcəklər. Bizimsə artıq «Qızılbaş», Səlim, Rəmzi, indi harada olduğunu öyrənməyə çalışdığımız Qılınc və virtual olaraq «Harun» kimi bir neçə şübhəlimiz var. Ola bilər, onlar eyni vaxtda bir yerə cəm olsunlar, ola bilər ayrı-ayrılıqda görüşsünlər. Ancaq görüşmək tələbatı mütləq yaranacaq. Bu sınaqdan çıxmış haldır. İnsan psixologiyası nə qədər qəliz olsa da, bəzi hallarda onu əvvəlcədən hesablamaq çox asan olur. Dərd insanları birləşdirdiyi kimi, qorxu hissi də onları bir yerə cəm edir. Bu hələ ibtidai icma quruluşundan belə olub. İnsanlar təkcə birgə ov etmək üçün yox, həm də özlərindən qat-qat böyük vəhşi canlıların yaratdığı təhlükənin qorxusu altında birləşib, qəbilə halında yaşamağa üstünlük veriblər. İrsi daşıyıcılar kimi insan psixologiyasının bir çox cəhətləri də nəsildən-nəsilə ötürülüb formalaşdığından, indiki halda bizim «şübhəlilər» də heç bir istisna təşkil etmirlər. Elə bu aspektdən onların «narahat» olunduqdan sonra mütləq tələsik olaraq görüşəcəklərinə əminəm. Təkan verib nəticəsini gözlədiyim başqa bir aspektdən yanaşanda isə, onların görüşmələri bir əməliyyatçı kimi mənim üçün səhvləri kimi qəbul olunacaq. Mənə lazım olan səhvləri kimi.

Arif müəllim başlanğıcda bu üsuldan bir qədər fərqli formada istifadə edib və artıq Səlimin İsfəndiyarla, sonra isə Rəmzi ilə görüşməsini bu təşvişin nəticəsi kimi qəbul edirik. Görək yaradacağımız daha böyük təşvişdə kim kimi görməyə can atacaq?

Bu üsulun başqa müsbət tərəfləri də var. Ola bilər ki, tətbiqindən sonra nəzarətə götürəcəyimiz adamların atacağı tələsik addımlar nəticəsində haqqında məlumatımız olmayan yeni simalar ortalığa çıxsın. Bu zaman bu işdə daha kimlərin əli olduğu məlum olacaq. Yox, əgər şübhəli sayı dəyişməzsə, konkret hədəf sayımız tam dəqiqləşəcək. Bununla əsas, həlledici zərbəni hansı tərəfə yönəldəcəyimiz də dəqiq bilinəcək.

Mənə lazım olan adamın kimliyini belə tez müəyyən edən polkovnik, yəqin ki, başqa lazımi məlumatları da, əgər alınarsa, elə bu gün axşamadək əldə etməyə çalışacaq. Əlbəttə bu halda o gözləyib, bütün məlumatı bir dəfəyə mənə ötürə bilərdi. Ancaq çox güman ki, qonşumun oğlu Salamın işi ilə bağlı bir sıra şübhələrimin olmasını deməyimi nəzərə alıb, bu məlumatı isti-isti mənə ötürməyi lazım bilib. Görüş zamanı bu barədə ona eşitdirdiyim eyhama əsasən bir peşəkar kimi, ona düşəni edib. Başqa sözlə, Arif müəllim də, eynilə mənim kimi, ilk baxışdan bir-birinə aidiyyəti olmayan, biri otuz il, biri isə bir həftə əvvəl baş vermiş qətl hadisələrinin hər ikisndə Ruhi-əsəb xəstəxanasının adının hallanmasına fikir verib. Bu, əməliyyatçı üçün yoxlanılması mütləq olan bir detaldır. Polkovnik bununla sadəcə vaxt baxımından mənə bu detal ətrafında düşünmək fürsəti yaradıb. Elbrusun verəcəyi məlumat indiki fikirlərimi tamamlamağa kömək edəcək. Əgər məlum olsa ki, bu Qabulov hal-hazırda Bakıda yaşayır və elə Salamın gözətçi işlədyi xəstəxanada vaxtaşırı müayinə olunur, mənim Elbrusa dediyim tarixlərdə də xəstəxanaya müraciət edib, onda hər iki cinayətin dəsti-xəttinin oxşar olması da nəzərə alınmaqla bu, çox şeyi dəyişəcək.

Ayrıca, Qabulov otuz yeddi il əvvəl, iyirmi yaşı olarkən həbs edildikdən sonra bir dəfə də olsun böyüyüb boya-başa çatdığı Balakənə qayıtmayıb. Hər halda alınan məlumat belədir ki, onu bircə dəfə də olsun orada görən olmayıb. Özü özlüyündə bu məlumat da çox şeydən xəbər verir. Yəni bu insanı oralara bağlayan heç nə yoxdur? Ailəsi, qohumları, məktəb yoldaşları, uşaqlıq dostları - normal insan üçün bu mümkünsüz bir şeydir. Amma Qabulov öz davranışı ilə sübut edir ki, bu mümkündür. Deməli, bu nədən xəbər verir? Birincisi ondan ki, o heç də normal adam deyil. İkincisi, sevgi hissi ona tamamilə yaddır. Sevgi hissi olmayanlarda mərhəmət hissi də olmur və olduqca soyuqqanlı olurlar. Nəticə etibarı ilə bu, bir qatilin hazır psixoloji portretidir. Daha doğrusu, muzdlu qatilin, adətən bu işə mərhəmət hissindən məhrum olanlar gedirlər. Bu fikrimi möhkəmlətmək üçün Matvey Semyonoviçin onun haqqında dediklərini də gəldiyim qənaətə əlavə edək - «müayinələr zamanı onun əslində həqiqətən də bəzi psixi pozuntularının olduğunu müşahidə etdim».      

Adi halda heç nə ilə seçilməyən, ekstremal vəziyyətdə isə real təhlükəyə çevrilən psixi pozuntunun sahibi, görəsən axtardığımız adam sənmisən, indi haradasan?..

 

* * *

Belinə fitə bağlamış «Qızılbaş» üzərinə bahalı dəri çəkilmiş masaj stoluna uzandı, başını həmin dəridən üzlüyü olan yastığa qoyub sonra üzünü yanında ayaq üstə dayanmış ucaboylu qıza tutub dedi:

-Başla görək, nə bacarırsan.

Uzun, qara saçlarını başının arxasında yığmış, boyu bir metr səksən beş santimetr olan, mütənasib bədənli bu qızı «Qızılbaş» iki min manat müqabilində bir günlük villasına gətirtmişdi. Peşəkar masajçı olan bu iyirmi altı yaşlı qızın gecəni villada qalacağı, masajla yanaşı digər xidmətlər də göstərəcəyi əvvəlcədən razılaşdırılmışdı.

«Qızılbaş»ın tüklü bədəninə baxan qız dilləndi:

-Zəhmət olmasa əvvəlcə fitəni açın, sonra üzü üstə çevrilin. Birinci, kürəklərinizdən başlayacağam.

Fitəni bir qədər boşaldıb uzandığı yerdə fırlanan «Qızılbaş» rahat olmaq üçün qollarını çənəsinin altına dayaq verdi.

Qız, əynindəki qısa, açıq mavi rəngli xalatın yuxarı düyməsini açıb əlində tutduğu qabdakı ətirli yağın yarısını «Qızılbaşın» belinə boşaltdı. Sonra, yağı onun kürəklərinə yayıb ovuşdurmağa başladı.

İsti yağın hərarətindən və qızın əllərinin təmasından xumarlanan «Qızılbaş» başını yana çevirib bayaqdan çənəsini dayaq verdiyi qollarının üstünə qoydu və gözlərini yumdu. Qız doğrudan da öz işinin peşəkarı idi. Yüngül əl hərəkətləri ilə başlayan masaj, təxminən beş dəqiqədən sonra daha sərt hərəkətlərlə əvəz olundu. Artıq bədəni qızışan «Qızılbaş» bu hərəkətlərdən daha çox ləzzət alır, hərdən gözünün ucu ilə ehtirasla qıza baxır, sonra yenidən başını qolarının üstünə qoyurdu. Təxminən on beş dəqiqədən sonra kürəklərini və boynunu ovuşdurub qurtaran qız yenidən dilləndi:

-İndi arxası üstə çevrilin.

Bu ev sahibinin ürəyincə oldu. İndi daha qızın hərəkət etdikcə yırğalanan sinəsinə, idmançını xatırladan möhkəm bədəninə və düz, əzələli ayaqlarına rahat baxa biləcəkdi. Fitəni əli ilə tutub arxası üstə çevrildi, yastığı düzəldib əllərini başının altında çarpazladı. Hələ də istiliyini saxlamış yağdan ovcuna tökən qız fitəni bir qədər yuxarı sürüşdürüb əyildi və onun sol budunu ovmağa başladı. Xalatın açıq yaxasından yarıya qədər çöldə qalan sinəsi yırğalandıqca «Qızılbaş»ın bayaqdan baş qaldıran ehtirası daha da artdı. Bir azdan bu qızla keçirəcəyi gecənin həzzini fikirləşib qeyri-ixtiyari uzandığı yerdə qurdalandı.

 Bu qızı ona çox yaxın bir dostu məsləhət görmüşdü. Bir azdan sağ budunu ovxalamağa başlayan qız, boşalmış yağ qabını dəyişmək üçün bir qədər aralıdakı dolaba tərəf getdi. Onun uzun çılpaq ayaqlarına, qısa xalatının zorla örtdüyü arxasına baxan «Qızılbaş» daha hisslərinə hakim ola bilməyəcəyini, gecəni gözləməyə səbrinin çatmayacağını bütün vücudu ilə hiss etdi. Qalxıb oturdu və qabı götürüb qayıdan qızın qolundan tutub özünə tərəf çəkdi. Sonra iki əli ilə xalatının yaxasından tutub var gücü ilə yanlara dartdı. Xalatın qırılan düymələri döşəməyə səpələnib hərəsi bir tərəfə diyirləndi. Yağ qabını yerə atan qız gülümsəyib heç nə demədən onun qucağına oturdu.

 

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.