Bu il Hindistandan ölkəmizə 47 mindən çox ziyarətçi səfər edib
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
“Gözəllik” bölümümümzdə həm də turizm mövzuları əhatə olunur, bu dəfə turizmdən danışacağıq. Amma kino vurğusu ilə!
Qabaqlar biz azərbaycanlılar hind filmlərini çox sevərdik. Yeni hind fiımi gələndə tək Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlər deyil, ucqar dağ kəndləri belə toy-bayram edərdi. Zəmanə dəyişdi, daha biz Bollivuda elə də maraq göstərmirik. Əvəzində isə indi biz hindlilər üçün maraqlı olmuşuq. Hər il daha çox turist uzaq Qanq sahillərindən, Budda diyarından, müqəddəs inəklər səltənətindən, fəlsəfə və yoqa məkanından ölkəmizə təşrif buyurur.
Bu ilin birinci yarımilliyində Hindistandan Azərbaycana düz 47 min 670 nəfərdən çox xarici ziyarətçi səfər edib.
Dövlət Turizm Agentliyinin bildirdiyinə görə, qeyd olunan ziyarətçi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çoxdur ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artım deməkdir.
Və mənim diqqətimi daha bir fakt cəlb eləyib. Bu barədə daha ətraflı danışmaq istəyərdim. Dünən Hindistanla turizm üzrə əməkdaşlıq perspektivləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı tanıtım tədbirləri, ölkəmizdə hindistanlı turistləri cəlb edən mədəni-tarixi amillər, son dövrlərdə hindistanlı turistlərin Azərbaycana səfərlərinin intensivləşməsi, birbaşa uçuşların sayının artırılması məsələləri müzakirə olunub.
Elə bu yerdə Hindistan sevdalı oxucularımıza şad xəbər çatdırmaq istəyirəm: cari ilin avqust ayından etibarən “IndiGo Airlines” aviaşirkəti tərəfindən Hindistandan Azərbaycana birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır. Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur. Hazırda isə Delhi-Bakı-Delhi istiqamətində "Azərbaycan Hava Yolları" tərəfindən birbaşa uçuşlar həyata keçirilir.
Demək, o tərəf - bu tərəfli gediş-gəliş tam rahatlaşacaq.
Bu arada onu deyim ki, babam “Avara” və “Cənab 420”, atam “Zita və Gita” və “Qığılcım”, mənsə “Disko rəqqas” dövrünün adamlarıyıq. Nə xoş ki, bundan sonra hindistanlılar “Qəbələ bumu”, “Bakı möhtəşəmliyi”, “Gəncə klassikası” dövrünün adamları olacaq.
“Ədəbiyyat və incəsənət”
(21.07.2023)