SƏBƏB HOLLİVUDDUR
Bildiyiniz kimi Hollivud kinoaktyorları və ABŞ Kinematoqrafçılar Gildiyasının təşkil etdiyi tətilə qoşulublar, bu tək Hollivudun fəaliyyətini iflic etməyib, həm də ətraf dünyanı da silkələyib. Belə bir fikir var ki, tətilə görə ABŞ filmləri və aktyorları 80-ci Venesiya Film Festivalına qatılmaya bilərlər. Bəzi mənbələrin məlumatına görə, 80-ci Venesiya Film Festivalının Ümumavropa festivalı olacağı ehtimal edilir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı week-end nəşrinə istinadən məlumat verir.
Venesiya Film Festivalının rəhbəri Alberto Barbera, tətil səbəbindən Amerika film və ulduzlarının tədbirdə iştirak etməyəcəyi təqdirdə bundan sarsılacaqlarını dilə gətirib, amma onu da deyib ki, belə olarsa, həyata keçiriləcək "B" planı üzərində çalışırlar.
A.Barbera hadisələrin necə olacağını söyləməyin hələ tez olduğunu bildirib: “Amerikalı prodüser və rejissorların nə etmək niyyətində olduqlarını öyrənməyə çalışmalıyıq. Biz də boş dayanmır, alternativ proqram yaratmaq üçün addımlar atırıq”.
Qeyd edək ki, sentyabrın 7-dən 17-dək davam edəcək Venesiya Film Festivalının Avropa festivalı olacağı proqnozları pozula da bilər. Belə ki, bəzi kino funksionerləri ABŞ Kinematoqrafçılar Gildiyasının təşkil etdiyi aktyorların tətilinin sentyabradək yekunlaşacağını ehtimal edirlər.
Şəkildə: Hər ehtimala qarşı, Alberto Barbero gülümsəyir və nikbin olmağa çalışır.
“Ədəbiyyat və incəsənət”
(21.07.2023)