
Super User
Niyə də yox?
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Hazırda yetən müğənni, Əməkdar artist Elza Seyidcahanı vurur. İnsanın adı o qədər sıx çəkilir ki, ölkənin məmə yeyənindən pəpə deyəninədək hamı onu tanıyır. Yazıq AYB-yə üzv olub deyə o qədər topa-tüfəngə tutulub ki, şeir yazmaq həvəsindən büsbütün düşüb. Bu yandan arxivdən bir bacısı da çıxıb onu məişət problemlərində ittiham edərək binəvanın dərdinin üstünə dərd gətirir.
Bəli, biz yıxılanı baltalamaqda pərgarıq. Belə bir zamanda istedadlı rəssamımız Nəvai Metin hamıya nümunə göstərərək “Niyə də yox” şüarını səsləndirərək Elza Seyidcahanın portretini yaradlb.
Bir dəfə yerdə bir it leşi olur. Ham “fu, nə murdardır” deyib lənətləyəndə Süleyman peyğəmbər deyir ki, nə sədəf kimi dişləri var.
Bu rəvayət çox ibrətamizdir.
Düşünürük, hər kəs payını götürər.
Bu da Nəvai Metinin çəkdiyi portret. Əla alınıb, deyilmi?
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Londonda Azərbaycanın qastroturizm imkanları nümayiş etdirilib
CORAT QUTABI ÇOX BƏYƏNİLİB
Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında təbliğ edilib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, tədbirdə milli mətbəx irsi, Azərbaycana məxsus çay mədəniyyəti, milli şirniyyatlar təqdim olunub.
Festivalın ziyarətçiləri plov, qutab, kükü kimi milli kulinariya nümunələrini, o cümlədən Azərbaycan şərablarını dadmaq imkanı əldə ediblər.
Tədbir çərçivəsində “Çay mərasimi”, “Düyü və zəfəran” masterklasları, Azərbaycan şərablarının dequstasiyası mərasimləri keçirilib.
Milli stendimizi Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da ziyarət edib.
Qeyd edək ki, Corat qutabı dequstatorların xüsusən xoşuna gəlib. Sərgidə elə yerindəcə sacda bişən Corat qutabı əcnəbilərin ağzını ləzzətə gətirib (Şəkildə).
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
24 –cü dərc
-Sındır!
İsrafil vintaçanla qıfılın dilini qarcıyıb qırmaq istəsə də, bir şey alınmadı. Bunu görəndə vintaçanı rahlayıb çəkiclə başına möhkəm bir zərbə endirdi. Qıfıl yerindən laxladı. Daha iki zərbədən sonra sınmış qıfılı və alətləri masanın üzərinə qoyub kənara çəkildi.
Əlimi uzadıb dolabı açdım. Ortadan rəflə iki yerə bölünmüş dolabın alt hissəsində elektrik və dəm çaydanları, bir qutu çay, üst hissəsində isə qəndqabı, iki boşqab, iki qaşıq, iki çəngəl və üç bardaq var idi. Bardaqlardan biri ağ, biri qırmızı, üçüncüsü isə tünd göy rəngdə idi. Qara rəngli sellofan torbadakı bir qədər karamel konfetini və qəndi, onun yanındakı qurumuş yarımçıq ruleti nəzərə almasaq, dolabda daha başqa heç nə yox idi.
-İndi mümkünsə, sizin otağa gedək. Kamera qeydlərinə bir nəzər salaq.
-Əlbəttə, ancaq axı həmin gecə kamera işləməyib.
-Bunu bilirəm. Hər-halda bir baxaq, -Mahmud müəllimin lazımsız mülahizələrini kəsmək üçün gözətçi otağından birinci çıxdım. Binaya daxil olduqda ardımca gələn təsərrüfat müdiri, -Sola dönəcəyik, -deyib əli ilə kabinetini göstərdi.
Monitorun qarşısında yerimizi aldıqdan sonra məni maraqlandıran sualları verməyə başladım.
-Zəhmət olmasa deyin, bu hadisədən əvvəl də kamera sıradan çıxırdımı?
-Bəli, son vaxtlar üç-dörd dəfə olub.
-Təxminən nə vaxt?
-Haradasa axırıncı bir ay içində nasazlıq yaranıb. İlk dəfə axtarıb otağıma gələn naqilin qırıldığını aşkar elədim və təzədən caladım. Sonrakı nasazlıqlarda həmin calaq yerində boşluq əmələ gəlibmiş, eləcə sıxdım, düzəldi.
-Bəs calaq yerini lentlə bağlamışdızmı?
-Xeyir, naqildə cərəyan olmadığı üçün caladım, qaldı, buna ehtiyac duymadım. Həm də misdəndi, pas atan metal deyil.
-Nasazlıq yaranan günlərin tarixlərini deyə bilərsinizmi?
-Bəli. Sonuncunu bilirsiniz, on altı may tarixidir. Ondan əvvəlki nasazlıq üç gün əvvəl, mayın on üçündə, o birilər isə on iki və on doqquz aprel tarixlərində baş vermişdi.
-Bunu necə xatırladız?
-Hər ehtimala qarşı həmin tarixləri bloknotumda qeyd etmişəm. Çünki həmin vaxtlar yaddaş qeydlərində boşluq yaranıb. Qeydlərə də ki, bir şey baş verərsə, birbaşa mən cavabdehəm. Yazdığım şeylərsə, mənim yadımda yaxşı qalır.
-Başqa bir nasazlıq aşkar etmədiz ki?
-Yox. O calaqları da çox möhkəm vurmuşdum, niyə boşalırdı, bilmirəm.
-Oraya sonda baxarıq. İndi Salamın son növbədə olduğu gün olanları danışın.
-Deməli, vəziyyət belədir, Bəxtiyar müəllim. Kamera həmin gün axşamacan işlək olub, Salam növbəni qəbul edəndə də işləyirdi. Bayaq İsrafil deyəndə bildiniz ki, səhər və axşam növbələri saat 9-dan 9-a dəyişir. Ancaq gözətçilərdən fərqli olaraq, ümumilikdə o biri işçilərin iş vaxtı səhər saat 9-da başlayıb axşam 7-də bitir. Mən isə həmişə bir saat tez gəlib bir saat da gec çıxıram. Bu məndə vərdişdir. Həmin gün də axşam 8-də gündüz növbəsi ilə sağollaşıb evə getdim. Salam saat 9-da növbəni qəbul edib və bu görüntülərdə qeydə alınıb. Təxminən saat 01:30-da kamera görüntüləri itib. Monitor mənim otağımda olduğu üçün gözətçi bunu bilə bilməzdi. Səhər səkkizdə işə gələn kimi, monitoru işə salıb gecə gözətçinin yatıb-yatmamasını bilmək üçün görüntülərə baxmaq istədim. Məlum oldu ki, kamera yenə xarab olub. Tez eşiyə çıxıb həmin kəsik olan yerə baxdım. Açığı, o naqili necə möhkəm sıxdığım yadımda idi, cəmi üçcə gün əvvəl sıxmışdım. Ancaq yenə də boşalıb aralanmışdı, naqillər bir-birinə zorla dəyirdi. Təmas zəif olanda da, bilirsiz, görüntü ötürülmür. “Lənət şeytana” deyib, təzədən calayıb otağa qayıtdım. Gördüm ki, görüntülər qayıdıb.
-Stop. Bu təxminən 9-a işləmiş olub, növbə isə 9-da dəyişib. Həmin aradakı görüntüləri görmək istəyirəm.
Mahmud müəllim bir qədər sonra görüntüləri ekrana verib dedi:
-Buyurun, bax budur, 8:12-dən başlayır. Bu da Salam, otaqda oturub. Az qalır oturduğu yerdə yatsın.
Salam doğrudan da çox yuxulu görünürdü. Masanın üzərində dolabda gördüyüm çaydanlar, ağ rəngli bardaq və qəndqabı var idi. Salam hərdən yuxulamamaq üçün gözlərini ovuşdurur, sonra bardaqdakı çaydan içirdi. Saat 9-da əşyalarını dolabına yığıb qıfıllayan Salam onu dəyişən gözətçiyə növbəni təhvil verib otağı tərk edir.
-İndi qayıdaq saat 1:30-dək olan görüntülərə.
-Hazırdır.
Bu görüntülər də ilk baxışdan adi görüntülər idi. Növbəni təhvil alan Salam bir neçə dəfə həyətə çıxıb qayıdır, sonra telefonu ilə başını qatır. Saat 00:55-də dolabı açıb oradan bir şüşə «Fanta» şirəsi çıxarır, ağ bardağa süzüb içir və yenə telefonda qurdalanır. Saat 01:30-da görüntülər itir.
-İndi isə keçək üç gün əvvəlki görüntülərə.
-Buyurun, -on beş saniyə sonra görüntüləri monitora verən Mahmud müəllim onları rahat görməyim üçün kreslosunu bir qədər geriyə sürüşdürdü.
Vaxt itirməmək üçün görüntüləri bir qədər sürətlə ötürüb baxmağa başladım. Bu görüntülərdə hərdən həyətə çıxıb tez də qayıdan Salam demək olar növbənin çox hissəsini otaqda keçirir. Saat 5:50-də yenə görüntülər itir və bir də əvvəlki görüntülərdə olduğu kimi, 8:13-də bərpa olur.
-Yəqin yenə də siz gəlib naqilləri sıxmısız, hə? -gözümü monitordan çəkib Mahmud müəllimdən soruşdum.
-Elədir ki, var.
-İndi baxaq 8:13-dən sonra nə baş verib.
Əvvəlki görüntülərdə gördüyüm çay ləvazimatları yenə də masanın üzərində idi. Ancaq onlardan başqa masa üzərində ikinci, dolabda gördüyüm qırmızı rəngli bardaq, iki boşqabda dilimlənmiş rulet və yanlarında qoyulmuş iki çəngəl var idi. Yenə də, bir qədər sonra qabları yuyub yığışdıran Salam dolaba qoyur və növbəni təhvil verib gedir. Vəssalam. Görəsən Salamın qonağı kim olub?
-Mahmud müəllim, zəhmət olmasa deyin, əvvəlki iki dəfə də kamera gecə saatlarında sıradan çıxıb?
-Xeyir, onlar gündüz saatlarında olub. İlk dəfə səhər saat 10-da, ikinci dəfə 10:30-da.
-Aydındır. İndi həmin naqilin zədələndiyi yerə baxaq.
Birlikdə ayağa qalxdıq. Xəstəxananın həyəti elə də böyük deyildi. Gözətçi otağının solunda darvaza, bu darvazadan bir qədər sonra isə bina yerləşirdi. Təsərrüfat müdirinin otağı binanın başlanğıcında yerləşdiyi üçün onun pəncərəsi birbaşa gözətçi otağına baxırdı. Gözətçi otağı ilə kabinetin arası təxminən doqquz-on metr olardı. Bu məsafədə kameradan otağa qədər çəkilən bir cüt naqil hündür darvazanın üzəri ilə keçib nisbətən alçaq olan divar boyu binaya qədər gəlir, pəncərədəki dəlikdən otağa girir və motnitora qoşulurdu.
-Nə əcəb, naqilli kamera qoymusuz?
-Əvvəl məsafədən ötürən kamera qoymaq istəmişdim. Ancaq yoxlayanda məlum oldu ki, kamera otağın içində olduğu üçün dalğalar zəif ötürülür, usta dedi ki, pis hava şəraitində ümumiyyətlə dalğalar itəcək, ona görə də getdim, dəyişdirib gəldim.
-Bəs dediyiniz kəsik haradadır?
-Divarın üstündə, baxın, orada, -Mahmud müəllim darvazanın sol tərəfindəki divarı göstərdi. Elə axırıncı dəfə üstünə çıxdığım stulu da orada saxlamışam ki, yenə lazım olsa, daha axtarmayım.
Stulun olduğu yerin yanında zibil qutusu qoyulmuş, divara «siqaret çəkmək üçün yer» lövhəsi vurulmuşdu. Mahmud müəllim bəstəboy olduğu üçün stuldan istifadə etmişdi. Mənimsə, əlim naqilə rahat çatardı. Yaxınlaşıb hündür divarın yuxarısı ilə çəkilmiş calaq yerinə toxundum. Calaq kifayət qədər möhkəm vurulmuşdu.
-Əminsiniz ki, calağı həmişə belə möhkəm vururdunuz?
-Bəli, tam möhkəm. Ancaq yenə də boşalır.
Belə-belə işlər cənab detektiv, belə-belə işlər… Bu naqil çox maraqlı naqildir. Daha sonuncu sualı da verib getmək olar.
-Mahmud müəllim, xəstəxanaya gələn, fərqi yoxdur xəstə yanına və ya başqa işlə bağlı bütün adamların qeydiyyatı hansısa formada aparılırmı?
-Bəli, mütləq qaydada bütün ziyarətçilərin adları, gəlmə və getmə vaxtları qeydə alınır.
-Vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm.
-Həmişə qulluğunuzdayam, Bəxtiyar müəllim.
-Sağ olun.
-Sağ olun.
Mahmud müəllimin əlini sıxıb, bir qədər kənarda dayanmış İsrafillə sağollaşıb həyətdən çıxdım. Ancaq getməyə tələsmədim. Xəstəxananın divarı boyu axıra qədər gedib geri qayıtdım. Bu, bir müşahidəmi yoxlamaq üçün lazım idi. Bundan sonra əsas yola çıxıb şəhər istiqamətində gedən avtobusların dayanacağında dayanmış avtobusa mindim. Bu avtobusun şəhərin hansı hissəsinə getməsi mənim üçün maraqlı deyildi. Üçüncü dayanacaqda düşüb bir kənara çəkildim və cib telefonuma sim kartı yerləşdirib işə saldım. Bir azdan nömrə mobil şəbəkəyə qoşuldu.
Elbrusu yığıb gözləməyə başladım.
-Eşidirəm, Bəxtiyar müəllim, görüşə bildiniz?
-Görüşdüm.
-Onda deyin gəlsin.
-«Karat» mayın on altısından on yeddisinə keçən gecə qətlə yetirilib. Bu Salamın sonuncu növbəsi ilə eyni vaxta təsadüf edib. Sonra Salam saxlanılıb. Ancaq mayın on üçündə olan növbəsi zamanı Salamın qonağı olub, birlikdə çay içiblər. İmkan olan kimi Kürdəxanıya gedib Salamla görüşün, həmin adamın kimliyini öyrənin. Paralel olaraq ötən ay, on iki və on doqquz aprel tarixlərində günün birinci yarısında xəstəxanaya gəlmiş bütün adamların siyahısını tələb edin. Bu həm mütəmadi olaraq ambulator müayinə üçün müraciət edən pasiyentlər, həm də ayrı-ayrı işlər üçün gəlmiş adamlar ola bilər. Onların hər biri bizim üçün maraq doğurur. Həmin tarixlərdə gəlişi təkrarlanan varsa, həmin naməlum qonaqla eyni adam olub-olmamasını müəyyən edin. Eynidirsə, qalanlarını bir kənara qoya bilərsiz. Yox, qonaq və təkrarlanan adam ayrı-ayrı adamlardırlarsa, onda onlardan hansının solaxay olduğunu öyrənin. Bizi maraqlandıran adam solaxaydır, bunu unutmayın.
-Hər şey aydındır, qardaş. Dərhal sorğunu verirəm.
-Nə isə bilinsə, telefonuma mesaj atın. Arada işə salıb baxacağam.
-Oldu, sağ olun.
-Sağ olun.
Söhbəti bitirən kimi düyməni basıb telefonun sönməsini gözlədim, sonra sim kartı çıxarıb cibimə qoydum.
Əgər telefonumu izləyirsinizsə, indi fikirləşin, bu şəhərkənarı yolda mən nə axtarırdım, cənablar…
Bir azdan başqa avtobus məni şəhər istiqamətində aparırdı. Bu avtobusda elə də çox sərnişin yox idi.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
“Həyat dispanseri” – Jalə İslamın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Jalə İslamın “Həyat dispanseri” hekayəsini təqdim edir. Əminik ki, bəyənəcəksiniz.
Dəli olmaq bu həyata qarşı verə biləcəyin ən mükəmməl cavabdır!
Bu, özünə verdiyin son şans olsun və söz ver ki, yaxşı dəyərləndirəcəksən. İslam Sultanov, öz içində özünü tap, unutma ki, sən belə deyildin...
Özünü tap/ 11 fevral 2021-ci il
Normal bir insan zəngli saatı niyə qurub yatır? Yəqin ki, günün yorğunluğu ilə səhər qalxa bilməyəcəyini düşünüb saatı həmin vaxta qurur və dərin bir yuxunun təsiri altına düşür. Bəs bu, məndə niyə alınmır? Mən niyə normal insanlar kimi bu qaydaya əməl edə bilmirəm?
Bəlkə də, saat altıya qurulan zəngli saatdan tam on beş dəqiqə əvvəl oyanmaqda məqsədim hər şeyin necə baş verəcəyini ən başından təxmin etdiyim, doğan günəşi özümə düşmən elan etdiyim yeni bir günə oyanmaq istəməməyim idi. Saatın tamam olmağına beş dəqiqə qalmış Saranın ayaq səslərini eşidirdim. Onun da günlük vəzifələri içərisində məni oyatmaq kimi bir məşğələsi var idi. İçimdə olan bütün bu hisslər, bir də Saranın ayaq səsləri məni bu çarəsizliyə daha çox itələyir, həmçinin vahiməyə salırdı. Öz-özümə sual verirdim ki, görəsən, bu qadın özü yuxudan nə vaxt qalxır? Bəlkə də, heç yatmır. Sanki mən deyil o işə gedir, bu qədər həvəslidir. Saranın yenə oyaq ikən məlahətli olsa da, səhərin bu çağında mənə ölüm zəngi kimi gələn o səsini eşidirdim:
-İslam, qalx, artıq gecikəcəksən.
- Yaxşı, əzizim.
Əl-üzümü yuduqdan sonra Saranın mənə verəcəyi günlük nəsihətləri dinləmək üçün bir masa arxasında əyləşdik. Sanki Sara məni hər səhər işə yox, döyüşə göndərirdi. Geri qayıtdığım zamanda da eynilə belə idi, o, sanki ölkəni xilas edib geri qayıdan həyat yoldaşını qarşılayırdı.
-İslam, psixoloqa nə vaxt gedirsən?
-Cümə günü saat üçdə. Görüşü öz işimin olmadığı vaxta salmışam.
-Məncə, sənin sağlığın işlərindən önəmlidir, əzizim. Arada özünə vaxt ayır. Bu məni daha da xoşbəxt edir.
-Mən çox yaxşıyam, sən heç narahat olma. Əvvəlkindən özümü daha güclü hiss edirəm. Bunda sənin də payın var, hər zaman mənim yanımda olub ən böyük dəstəyi verdiyin üçün mən bu həyatın ən bəxtiyar kişisi ola bilərəm.
Yeməyimi yeyib bitirdikdən sonra mən həmişə oğlum ilə hal-əhval olurdum və bu vəzifəmi unuda bilməzdim.
-İslam, sən orada nə edirsən ?
-Əzizim, oğlumuz gələcəkdə hansı peşəni seçəcəyini artıq qərarlaşdırıb. O, hüquqşunas olacaq və bu mötəbər qərarını ilk olaraq atası ilə bölüşdü.
-Sən yenə şəkilləri dağıtdın? İslam, axı sən niyə belə edirsən? Mən hər gün toplayıram, sən yenə dağıdırsan və özün özünü aldadırsan. Sən artıq nə vaxt anlayacaqsan ki, bizim oğlumuz daha həyatda deyil? Xahiş edirəm, artıq özünə gəl. Mənim üçün də çətindir, amma sənin bu halın məni daha çox üzür.
Mən, deyəsən, heç istəmədən də olsa, yenə eyni fırtınaya özümü təslim etmişdim. Məni hansı sonun gözlədiyini özüm də bilmirdim. Çıxarkən Sara arxamca səsləndi:
-Yemək yeməyi unutma, yaşıl rəngli dərmanını bugün günorta və axşam yeməyindən əvvəl iki dəfə iç və bir də xahiş edirəm, psixoloqa get.
Bütün bunlar mənə çox ağır idi. Mən öz daxili dünyama hər zaman uduzurdum. Mənim cismimin qalibi qəlbim idi. Beynim sanki onun əsiri olmuşdu və bütün düşüncələrim susdurulmuşdu. Elə bil bir cərəyanla dövr edib eyni yerə çıxırdım. Bu yerdə itirmiş olsam da, bütün həsrət qaldığım, görmək istədiyim hər şey yatırdı və mən xülyaya inanırdım.
Beynimdə dönən bu qara düşüncələrlə iş yerimə çoxdan çatmışdım. Yenə eyni peşəkarlıqla İslamı qapının arxasında qoymalı idim. Burada öz problemlərimə yer yox idi. Ənənəmə sadiq qalaraq koridorda bütün işçiləri salamlayaraq öz otağıma doğru addımladım, qapının üzərində olan yazılı lövhəni düzəldib, ( lövhə üzərində: Psixoloq-İslam Sultanov yazılmışdı ) otağa keçdim. Bir az keçmişdi ki, köməkçim çayımı gətirərək otağa daxil oldu:
-Həkim, gününüz aydın olsun.
-Sənin də, Şəfəq. De görək, bugün hansı ağıllı gələcək?
-Bir azdan bir nəfər gələcək. Xəstə haqqında məlumatları sizə az sonra təqdim edəcəyəm.
Şəfəq burada mənim şıltaqlıqlarıma səbr edən yeganə şəxslərdən biri idi, həmçinin, mənim bütün xəstələrimi ağıllı adlandırmağıma da alışmışdı, ona görə də, gülümsəyərək qarşılıq verirdi.
Yarım saat sonra qapı döyüldü. Mənim icazəmlə otağa nisbətən həyatın bütün ağır yüklərini çiynində hiss etdiyim bir şəxs daxil oldu. Saçı və saqqalı ağarmışdı, amma üzünün nurlu çöhrəsi elə də yaşlı olmadığının bir sübutu idi. Bəlkə də yaşını elə bu səbəbdən təxmin edə bilmədim.
Bəzən cismin yaşı ruha yüngül, ruhun yaşı isə cismə ağır gələr!
Əyninə geyindiyi gödəkcə təmiz əldən düşmüşdü, bir əli ilə gödəkçənin bilək hissəsindən çıxan köynəyinin qolunu əlinin içinə alaraq bərk-bərk sıxırdı. Ayaqqabıları çirkli idi və o qədər köhnəlmişdi ki, bəlkə də dil açıb artıq məndən əl çək deyə bilərdi. Buna baxmayaraq, mənim diqqətimi daha çox onun başındakı balıqçı papağı çəkdi. Hər şey bir yana, bu insan mənim gözlərimə dərin və səbəbini bilmədiyim kədərlə baxırdı. Danışmasa da, bu gözlər məni artıq yaralamışdı. Kim bilir, danışsa halım nə olardı?!
-Xoş gəlmisiniz, buyurun oturun. Adınızı bilsəm, daha xoş olardı.
-Təşəkkür edirəm, adım Vüqardır.
Elə bu an Şəfəq içəri daxil oldu və mənə qarşımdakı insanla bağlı içərisində şəxsi məlumatlar olan qovluğu təqdim etdi. Bir az göz gəzdirdikdə, həqiqətən, təəccübləndim. Bu insan bir zamanların tanınmış cərrahı Doktor Vüqar Qurbanov idi. Təəccüblə gözlərimi ona zillədim, deyəsən, o da vəziyyətin fərqində idi və mənə baxaraq gülümsədi. Hisslərimi gizlədərək onunla normal danışmağa çalışdım:
-Doktor Qurbanov, niyə əvvəlcədən gələcəyinizi xəbər etməmisiniz? Sizi daha fərqli qarşılayardım, belə heç razı qalmadım.
-Mənə belə xitab etməyin, xahiş edirəm, yalnız soyadımla səslənin, amma gərək olmayan əlavələrə ehtiyac yoxdur. Bugün sizin qarşınızda həkim deyil, bir ağıllı olaraq əyləşmişəm.
Bir insan necə bu qədər təmkinli ola bilər? O, mənim dediklərimə duruşunu pozmadan, üzündəki məlum təbəssümlə cavab verirdi. Mən bu insanın qarşısında əzildiyimi bariz görürdüm. Haqqımda bu qədər məlumata sahib olması da məni ayrıca qorxudurdu. Yenə özümü bir təhər ələ aldım.
-Sizin düşüncələriniz mənim üçün, bizim üçün çox önəmlidir. Yaxşı, o zaman belə edək. Qurbanov, sizi bura gətirən səbəb məni həqiqətən düşündürür. Buyurun, sizi dinləyirəm.
-Bəzən heç bir səbəb olmaz. Getmək istəyərsən, gedərsən, ya da etmək istəyərsən, edərsən, çünki düşünsən, özündə güc tapmazsan. Çox zaman həyatın sənə bəxş etdiyi təsadüflərlə razılaşmaq insana rahatlıq verir.
-Doğrudur, təsadüflər insana ən dərin xoşbəxtliyi yaşadır. Deməli, bugün mən də sizin təsadüfünüz olacağam.
Bütün bunları söyləyərkən onun rahatlaması üçün üzümdə mülayim bir sima yaratdım.
-Bu gün sizinlə ağıllı və həkim olaraq deyil, iki normal insan olaraq danışmaq istəyirəm. Bilirsiniz ki, insanlar qarşısındakına yalnız özlərinə maraqlı olan sualları verər. Mənim də belə edəcəyimi, yəqin ki, artıq siz də anlamısınız.
Bu qısa və eləcə də mövzusunda məna axtarmağa çətinlik çəkdiyimiz söhbətdən sonra onda rahatlıq hiss edirdim. Hər şey bir yana bu insan sanki çox vacib bir mübarizə içərisində idi və gec də olsa, qazanacağından əmin baxışları ilə məni süzürdü. Ona baxarkən yaşadığım təəssüratın bir çoxunu sözlə izah etməkdə çətinlik çəkirəm.
-Sizə qatılıram. Qarşımızdakı insan verdiyi suala hər zaman öz istədiyi cavabı gözləyər, çünki insanlar cavabını bildiyi sualları verməyi hər zaman çox sevərlər. Bu nə qədər qarşısındakını yaralasa belə...
-Buna, əslində, maraq yox, ehtiyac da deyə bilərik. İnsanlar hər zaman bəzən bir ümid deyərək yola çıxır və kimisə və bəlkə də kimdəsə nəyisə axtarır. Şübhəsiz ki bu həyatda hər kəs öz dərmanını axtarır, bu yolda onun imtahanı zəhəri olanlardır. Məncə, hər şeyi bir qırağa qoysaq, mən də bir insanam və məni maraqlandıran sualı vermək ən başlıca haqqımdır. Əgər hazırsınızsa, bir psixoloq kimi vəzifəmi icra etmək istəyərəm.
-Mən hazıram, Doktor Sultanov, əsas siz hazır olun. Buyurun.
Rədd cavabı almadığıma sevincək olub sualımı dərhal verdim:
-Sizi ömrünüz boyunca ərsəyə gətirdiyiniz bu həyatı əlinizin tərsi ilə itələməyə nə vadar etdi? İki il ərzində sizi peşənizdən ayrı salan səbəb nə idi?
-”İnsan evinə itirdiyi zaman dönər” -deyə zamanında bir cümlə oxumuşdum. Məsələ budur ki, mən itirdim, Doktor Sultanov. Mən ilk dəfə tam iki il bundan əvvəl gücümü itirdim. Bütün hislərim təmkinlilikdən günahkarlığa çevrildi. Əlli üç illik həyatımda ilk dəfə özümə baxtıqda tanıya bilmədim, çünki mən o gün həkim deyil, qatil idim. Yalnız bir həkim bu hadisəni həyatın ona gətirdikləri olaraq dəyərləndirə bilər, amma o aynadakı surət, o adam bir qatil idi və mənə tanış deyildi.
-Siz, deyəsən, qürurunuza uduzmusunuz, ya da bir həkim olaraq yaşadığınız ilk məğlubiyyət sizə təsiredici zərbə vurub.
-Bunu iki il əvvəl yaşadığı itki ilə barışa bilməyən sizmi deyirsiniz? Sizin də həyatınızda bir günahkar var, hərçənd ki, siz onu yaşananlara şahid olmadan günahlandıra bilirsiniz.
-Həyat çox qəribədir. Bəzi insanlar içində böyük bir dünya yaradır və gün gəlir, bu dünya əks təsirlə yox olur. O zaman sənin əlində heç nə qalmır. İnsan ona bəxş edilən dünyanı deyil, öz yaratdığı dünyanı sevir, ona bağlanır. Tanrı bu zaman səni o dünyanın yoxluğu ilə sınayır. Sən əvvəl yaşaya bilmərəm dediyin hər şeylə barışmaq məcburiyyətində qalırsan. Bütün suallar içindən sənə sadəcə bir sual qalır: Bu yaşamaqdır, ya nəfəs almaq?
Mən 10 illik həsrətlə gözlədiyim oğlumu itirdim. İnsana bir yuxu kimi gəlir. Yuxuların tərsi olur deyirlər, amma mənim yaşadıqlarım gerçəkdir. Mən sadəcə buna inanıram. Mənim həyatımın bir günahkarı var, o da mənim öz əllərimlə öz dünyamı, oğlumu təslim etdiyim insandır.
-Sualınıza cavab olaraq deyə bilərəm ki, bu sadəcə nəfəs almaqdır. İnsanın yaşamaq məcburiyyətində qaldıqları bəlkə də sınaq deyil. Tanrı sadəcə öyrətmək istəyir ki, kimsəni bu qədər sevməməliyik. Elə bir an gələr ki, ya o ölər, ya da biz onu içimizdə öldürərik. Amma hər halda bizə yaşadığımız hər şey üçün şükür etmək öyrədilib, çünki sağ ikən birinin qəlbində ölmək qədər vahiməli olan bir şey tanımıram. Məsələn, mən yaşadığım, ya da belə deyək, yaşatdığım hadisə nəticəsində ailəmin və məni sevənlərin gözündə öldüm, eynilə sizin həyatınızın günahkarı sizin qəlbinizdə öldüyü kimi.
-Ölmək o qədər asan iş deyil, Qurbanov. Onun mənim qəlbimdə ölməsi üçün, öncəliklə onu o viran qalmış yerdə yaşatmalıyam.
-Onda siz asan yolu seçmisiniz, Doktor Sultanov. Yox etmək, yaşatmaqdan daha asandır!
-....
Bilirsən, bugün nə oldu? Oğlum ilk dəfə mənə hansı peşəni seçəcəyindən danışdı. O, hüquqşunas olmaq istəyir, bu ki mənim ən sevdiyim peşədir. Nə də olsa atası kimi gündə ağıllılarla baş-beynini pozmaq məcburiyyətində qalmayacaq. Düzü, yenə ətrafında normal insan olmayacaq, lakin vəziyyət az da olsa parlaqdır. Amma nə yalan deyim o, həm də çox yaxşı futbol oynayır. Mən çox istəyərdim futbol oynasın, amma boş ver, İslam. Onun fikirlərinə hörmət elə, qoy uşaq nə istəyir eləsin və həyatı ilə bağlı nə qərar verməlidir, özü versin. Həm 18 yaşındadır, artıq uşaq deyil. Bir işdə peşəkar, bir işdə həvəskar olsun.
Allahım, deyəsən İslam yenə dərmanlarını içməyi unudub. Yenə gündəliyinə yazdığı məlumatlar yarım qalıb və artıq deyə bilərəm ki, neçənci dəfədir ki, eyni insan haqqında məlumat verir. Ya onun yanına gələn eyni adamdır, ya da hamısı bir-birinə bənzəyir. Görəsən, xəstənin yanında nə vəziyyətə düşüb? Artıq ona əsəbləşməyi də bacarmıram, çünki mənim də içim yanır. Zamanla hər şey onda pisə doğru gedir. Düşünürəm ki, onunla danışıb bu işi tərk etməyini söyləməyin zamanıdır. Bununla yanlnz özünə deyil, qarşısındakı insana da zərər verir. Başqaları qarşısında kiçik düşməyi mənim ən son istəyəcəyim şeydir. Yenə təzə adət çıxarıb. Bu zərf nədir belə? Ah İslam, nə düşündüyünü, nə etməyə çalışdığını kaş bu yazıq Sara anlasa. Açım görüm burada nə yazmısan.
Bu bir günahkarın əhv məktubudur...
Bu sizinlə artıq səkkizinci görüşümüzdür, Doktor Sultanov. Amma sizin məni yenə unudacağınızı bilirəm. Onsu zxatırlamağınıza da artıq ehtiyac yoxdur. Siz hər halda ən yaxşısını edirsiniz. Unudaraq, öz bildiyiniz doğrulara inanaraq yaşayırsınız. İlahi, kim bilir bu necə də gözəl bir hisdir?! Sizə bol-bol unudacağınız günlər arzulayıram. Yaşadığım həyat mənə;” Mənfəətlərinin qurbanı olan biri, gün gələr öz həyatının qurbanı olar”.- məhz bu cümlənin mənasında olan bütün dərinlikləri başıma vura-vura öyrətdi. Düşünürəm ki, bundan böyük dərd ola bilməz.
12 fevral 2019-cu il, bu tarixi ikimiz də qəlbimizə yazdıq. Sən çox zaman unutmağı, mən isə illər keçsə belə həmin gündə yaşatmağı seçdim. İndi isə mən ölməyi seçirəm, sən məni qəlbində unudaraq yaşat, Doktor Sultanov. Balıqçı papağım dənizin kənarındakı limanda olacaq. Məni isə artıq o limana çıxara bilməzsən...
Özünü tap/ 12 fevral 2021-ci il
Bugün onu çox gözlədim, bəlkə də illərlə içimdə boğaraq saxladığım iki kəlməni söyləmək üçün.
Məni bağışla!
Bəzən zərif bir vərəq belə olsa, ölümü qucaqlayacaq qədər şəfqət dolu olar...
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
“Kibrit-kibrit alışarsan içində…” - Səfa Rəşid
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında sizlərə əslən Lənkəran bölgəsindən olan, hazırda İspaniyanın Santander şəhərində yaşayan Səfa Rəşidin çıxacaq yeni - ikinci kitabına daxil etməyi planlaşdırdığı yeni şeirini təqdim edir.
Çox uzundu gecələrin həmləsi
Yorularsan, gözlərini qan çəkər
Dayanarsan aynaların önündə
Darıxarsan, bəxt üzünü yan çəkər
Kibrit-kibrit alışarsan içində
Bir ummanlıq suda sönməz həsrətin,
Ayrı salıb taleyinin köçündən
Dəyişdirdin ünvanını qismətin.
Qırıq-qırıq saçlarından dən olar
Həsrət boyda ayrılığın ağrısı,
Taleyinin bir üzündə payız var
Bir üzündə, ürəyinin oğrusu.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
İlin əsas mədəniyyət hadisəsinin ildönümü: “Notr-Dam de Pari” Nyu-Yorkda
“Notr-Dam de Pari" müziklı dörddəbir əsr tarixi ərzində ötən ilin bu günündə ilk dəfə Nyu-Yorka gəldi. Bütün dünyada ən geniş şöhrət qazanmış və digər dillərə, o cümlədən ingilis dilinə dəfələrlə tərcümə olunmasına baxmayaraq müziklın (2001-ci ildə Las-Veqasda amerikalılara uyğunlaşdırılmış və xeyli ixtisar olunmuş versiyanın təqdimatını nəzərə almasaq) ABŞ-da tammiqyaslı tamaşası hələ də olmamışdı. Buna görə də bu hadisə xüsusi anlam daşıyaraq böyük ajiotaj yaratdı.
Bu barədə xəbəri “Ədəbiyyat və incəsənət” portalı Euronews-un materialları əsasında hazırlayıb.
Riccardo Koççante, "Notre dam de Pari"nin bəstəkarı deyir:
"Nyu-Yorka gəlmək, əlbəttə ki, yeni bir təcrübədir, bu, ölkəyə ehtiyatla yenidən qayıtmaq cəhdidir, çünki bu ölkə, xüsusilə Brodvey asanlıqla belə işğallarla barışan ölkə deyil".
Əlbəttə ki, bəstəkar Brodveydə çıxış etməyin tam məsuliyyətini duyaraq belə deyir. Amma o da var ki, “Notre dam de Pari” də hələm-hələm tamaşalardan deyil, bütün dünyada ad çıxaran, meydan sulayan bir tamaşadır. "Ginnesin Rekordlar Kitabı"na düşən müzikl 23 ölkədə doqquz dildə oynanılıb.
Hesab edilir ki, "Notr-Dam de Pari"ni artıq səhnədə canlı olaraq bütün dünyada 11 milyondan artıq insan izləyib. Ötənilki dəfə isə müzikl Linkoln mərkəzində fransızca, lakin ingilis subtitrləri ilə səsləndirilirdi.
Bu da tamaşa zalından çıxan nyu-yorkluların agentliyin mikrofonuna dedikləridir:
"Mən hər bir mahnını tanıdım, mən bütün sözləri bilirəm, hətta mənim altyazılara belə ehtiyacım yox idi. Bu inanılmaz, fenomenaldır. Biz çox şadıq ki, nəhayət, müzikl buraya gəlib".
“Müzikl yalnız ümidləri doğrultmadı, hətta mənim gözləntilərimi də xeyli üstələdi”.
“Mən "Notr-Dam de Pari"yə ikinci, hətta üçüncü dəfə də getməyi planlaşdırıram. Hesab edirəm ki, aktyor heyəti sadəcə parlaqdır. Onlar bu tarixi hadisəni həyata məhz mənim gözlədiyim kimi, 100 faiz dəqiqliklə pərçimlədilər. Təqdimatdan çox məmnunam".
Qeyd edək ki, ümumən, Nyu-Yorkda on iki tamaşa nümayişi planlaşdırılmışdı. Biletlər uçurdu, tapmaq olmurdu.
Sonda bir gün Bakıda da "Notr-Dam de Pari"yə tamaşa etməyə olan ümidlərimizi izhar edək.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Onilliyin ən etibarlı avtomobilləri elan edilib
“Ədəbiyyat və incəsənət” avtomobilsevərlər üçün növbəti xəbər hazırlayıb. Rubrikanı Nihad Alimoğlu aparır.
Salam, dəyərli avtomobilsevərlər. Öncə ənənəvi şüarımızı səsləndirək: “Bütün gözəlliklər, o cümlədən gözəl avtomobillər də bir incəsənətdir”.
Sonra isə xəbərimizə keçid alaq.
HotCars resursu onilliyin ən keyfiyyətli avtomobillərinin reytinqini təşkil etmişdir. İnformasiya ən müxtəlig məlumat bazaları və müxtəlif hesabatlardan (Kelly Blue Book, CarEdge, ConsumerReports, J.D. Power, Edmunds и CarSurvey), o cümlədən ABŞ-ın NHTSA və IIHS dövlət strukturlarından götürülmüşdür.
Baza Amerika bazarı götürülmüşdür.
Onilliyin ən etibarlı avtomobili 2015-ci ildən istehsala buraxılan Lexus RX seçilib. Bu avtomobildə praktik olaraq sınası heç nə
yoxdur. Ardınca — Toyota 4Runner gedir. İlk üçlüyü Ford Expedition qapayır. 2015–2017-ci illərdən buraxılan bu avtomobil 500 min km məsafə qət edə bilir, illik
xərci isə uzağı 900 dollar olur.
Növbəti pillədə daha bir yapon avtomobili - Mazda CX-5 qərarlaşıb. Beşinci isə daha bir Lexus-dur, bu dəfə Lexus GX.
Beləliklə, ən güclü avtomobillərin reytinqi:
1. Lexus RX.
2. Toyota 4Runner.
3. Ford Expedition.
4. Mazda CX-5.
5. Lexus GX.
6. Honda CR-V.
7. Kia Sportage.
8. Buick Encore.
9. Toyota Highlander.
10. GMC Yukon.
11. Chevrolet Tahoe.
12. Hyundai Tucson.
13. Toyota RAV4.
14. Toyota Land Cruiser.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Ən çox gələn ruslar və türklərdir
Cari ilin 6 ayında Azərbaycana gələn turistlərin sayı 44 faizə qədər artıb
Növbəti Açıq Portfel xəbərini Dövlət Statistika Komitəsinə istinadən nəzərinizə çatdırırıq. Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 181 ölkəsindən 918,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Düzdür, bu sırada Gürcüstanda, Rusiyada yaşayan həmvətənlilərimiz də var. Amma ümumən götürsək, nəticə çox yüksəkdir.
Ölkəmizə ən çox hansı ölkələrdən gəliblər? Gəlin baxaq.
32,9 faiz Rusiya Federasiyasından;
19,2 faiz Türkiyədən;
7,7 faiz İrandan;
5,2 faiz Hindistandan;
4,9 faiz Gürcüstandan;
2,4 faiz Səudiyyə Ərəbistanından;
2,3 faiz Pakistandan;
2,3 faiz Qazaxıstandan;
2,1 faiz Birləşmiş Ərəb Əmirliklərindən;
1,8 faiz Özbəkistandan;
1,5 faiz Belarusdan;
1,5 faiz Ukraynadan;
1,3 faizi Küveytdən;
1,2 faiz Böyük Britaniyadan;
1,2 faiz Türkmənistandan;
12,5 faiz digər öllələrdən.
Gələnlərin 72,2 faizini kişilər, 27,8 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,2, Türkmənistandan 3,9, Hindistandan 3,1, Belarusdan 2,3, Özbəkistandan 2,2, Qazaxıstandan 1,9, Rusiya Federasiyasından 1,9, İsraildən 1,6 dəfə, ABŞ-dan 44,2 faiz, Küveytdən 37,2 faiz, Gürcüstandan 35,5 faiz, Böyük Britaniyadan 34,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 22,7 faiz, Pakistandan 16,1 faiz, Türkiyədən 15,9 faiz artıb, Səudiyyə Ərəbistanından gələnlərin sayı 23,6 faiz, İrandan 14,9 faiz, Omandan 9,9 faiz, Ukraynadan 6,2 faiz azalıb.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 385,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,0 faiz artaraq 46,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalaraq 134,2 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 16,3 faiz artaraq 791,7 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 34,5 faiz artıb, İrana gedənlərin sayı 31,0 faiz, Türkiyəyə gedənlərin sayı 1,9 faiz azalıb. Ölkə vətəndaşlarının 40,2 faizi Türkiyəyə, 23,9 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 18,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 68,3 faizini kişilər, 31,7 faizini qadınlar təşkil etmişdir.
Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,3 faizi hava, 29,9 faizi dəmir yolu və avtomobil, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Yaşasaydı 65 yaşını qeyd edəcəkdi…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyirdi ki;- “Toy elin adətidir, mədəni abidəmizdir. Milli Məclisin də aparıcısı var, ölkəmizin də. Hər işin öz aparıcısı olur. Görürsən ki, bir aktyor məclisdədir, dəvət edirsən, çıxıb iki kəlmə danışmaq istəmir. Qardaş, səhnədə danışa bilmirsən, heç olmasa burda danış da. Telekanallarda imkan vermirlər sözünü deyəsən. Gedirsən çəkilişə, verilişə baxanda görürsən ki, dediyin bütün şeirləri yarımçıq veriblər. Şair yazıq qulaq asır, deyir sözlərimi niyə yarımçıq dedin? Deyirəm, mənlik deyil, orda kəsiblər. Savadsızlar işləyir orda. Bir dənə təmiz yerimiz teatrdır. Teatrı da az qalıb korlasınlar. Filmləri, telekanalları görürəm də nə vəziyyətdədir. Dərdimiz böyükdür. Ona görə də ən kasıbın da məclisinə uça-uça gedirəm. Çünki bilirəm ki, məni ürəkdən istəyirlər.”
Xalq artisti Firəngiz Mütəllimova onu belə xatırlayır: "Zemfira Nərimanova, İlham Əsgərov və mən universitetdə bir qrupda oxumuşuq. Hətta İlhamla mən bir partada da əyləşmişik. İlham çox mədəni, çox alicənab, qayğıkeş, namuslu, qeyrətli, üzündən nur yağan bir insan idi. Onun gözəl bədii qiraəti, rolları var. İlham Azərbaycan xalqı, milləti üçün dəyərli bir sənətkar idi."
Əməkdar artist Sənubər İsgəndərli isə:- "Onun insanlığı, mədəniyyəti, sənətkarlığı haqqında heç kim fərqli bir söz deməyəcək. Sözün əsl mənasında İlham çox abırlı insan idi. O, uşaqla uşaq, böyüklə böyük ola bilirdi. Sonuncu dəfə onunla ölümündən üç gün öncə görüşmüşdük. Uzun illərdir ki, hər dəfə məni görəndə gülərək "Boyu boyumdan, soyu soyumdan..." deyə müraciət edirdi. Deyirdi ki, bizim boyumuz da yaraşır, amma heç vaxt tərəf müqabili olmamışıq. Doğrudan da, onunla səhnədə tərəf müqabili olmaq mənə qismət olmadı. Eyni tamaşada oynadıq, amma oynadığımız personajların bir-birinə aidiyyəti olmadı, bir sözlə, eyni tamaşada olsaq da, eyni səhnəni paylaşmadıq. Elə son dəfə bunu dedi, qucaqlaşdıq. Mən bilmədim ki, bu, bizim sonuncu görüşümüz olacaq. Allah ona rəhmət eləsin!"- deyir.
Bəli, xalq artisti, mərhum İlham Əsgərov gözəl insan idi. Yaşasaydı, bu günlərdə 65 yaşını qeyd edəcəkdi. O, 16 iyul 1958-ci ildə Masallı rayonu Xoşçobanlı kəndində dünyaya gəmişdi. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdi. Çalışdığı Azərbaycan Dövlət Milli Dram Teatrında bir çox yadda qalan obrazlar yaradıb. 2015-ci ildə 57 yaşında ikən vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)
Nadir Yalçından “Səfər müəllimə nəsə olub”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində Nəsr saatı davam edir. Ötən gün gənc yazar Nadir Yalçının bir hekayəsi təqdim edilmişdi, bu gün növbəti hekayəsi ilə tanış olacaqsınız. Yeri gəlmişkən, Nadir hazırda hərbi xidmətdədir, sağ-salamat qayıtsın, inşallah!
SƏFƏR MÜƏLLİMƏ NƏSƏ OLUB...
– Hansı tamaşa məsləhətlidi?
Kassir eynəyini burnunun ucuna sürüşdürüb qarşısındakı iri gövdəli kişini aşağıdan yuxarı istehza ilə süzdü:
– Necə tamaşa olsun, yoldaş Stanislavski, ağlamalı, ya gülməli?
Kassirin bu cür müraciəti onu çaşdırsa da, mağmınlığını ört-basdır eləməkdən ötrü səsini bir az da qalınlaşdırdı:
– Stanislavskinin məsələyə dəxli yoxdu.
– Tutaq ki, elə söz deməmişəm, hər halda söyüş deyil, üstündən keçin, sualımın ikinci hissəsi barədə düşünün.
Yekəpər başını qaşıyıb fikrə getdi. Arxada növbə gözləyən Əzizin qəsdən öskürməyi onu ayıltdı:
– Bilirsiz necə olsun? Demək… Həm gülməli, həm ağlamalı.
Kassir başını yelləyib bığaltı güldü. Afişa çap olunan kağızı götürüb siyahıya baxdı:
– Olsun ki, “Molla Nəsrəddinin beş arvadı” siz deyəndi, neçə bilet lazımdı?
– Molla Nəsrəddində ağlamalı nə var?
– İndi beşarvadlı olmaq bilirsiz, nə qədər böyük bədbəxtlikdi?
– 2 bilet verin.
Əziz kassaya yaxınlaşanda kassirin bayaqkı yekəpərdən qeybətə hazır olduğunu hiss elədi. Çoxdanın tanışları kimi, – görürsən bu təpəgözü? – deyib arxasınca gözünü zillədi:
– Elə danışır, elə bil teatrdan-zaddan başı çıxır, özünü Stanislavski kimi aparır, heç o rəhmətdiyin adını da eşitməyib haa… Maskanı da çəkib alnına, o saat bilinir simicin biridi, cərimənin dərdinnən az qalır maskanın birini də başına keçirsin.
– Hardan bilirsiz, bəlkə, doğrudan özünü xəstəlikdən qoruyur?
– Onun gövdəsini görmədin? Oksigenin düşmənidi, beş adamın yerinə nəfəs alır. Elə bil Həzrət Abbas cöngəsidi. Belələri tamaşaya özlərini göstərmək üçün gəlirlər. Lap rəhmətlik qayınanam yadıma düşdü…
Kassir, deyəsən, onu hörmətlə dinləyən adam tapmışdı. Susmaq bilmirdi:
– Sən də məni bağışla, arvadağa doğanda qaynanam dedi ki, bala, quymaq qatı olsun, ya duru? Dedim, xala, nə qatı olsun, nə duru, orta. Yazıq arvad həmən gündən qızının dərdin çəkdi ki, balam bununla necə dolanacaq? İndi bu da, nə gülməli olsun, nə ağlamalı, sürüş əəə, “svolıç”…
Əziz xeyli güldü, rastına maraqlı adam çıxmışdı. O belə insanları bir yerə yığıb ansambl düzəltməyi xəyal edirdi. Ansamblın rəhbəri də qapıbir qonşusu Səfər müəllim. Qiyamət adamdı!
Əziz yubandığını hiss elədi:
– “Paris Notr dam kilsəsi”nə iki bilet, zəhmət olmasa.
Kassir yerində qurdalandı, kağızlara baxdı. Özünü piştaxtada hiss edirdi. Sanki bütün tamaşaları camaata o göstərirdi. Ürəyinə yatmayan nəsə olanda qanı qaralır, eynəyini çıxarıb baş barmağı ilə şəhadət barmağını iki gözünün bulağına sıxırdı.
Həmin şey yenə təkrarlandı. Kassir göz qapaqlarını kölgələyən qaşlarını çatdı. Əzizin yadına məhlələrindəki südçü kişi düşdü. Südçü kişi “Satdığın süd çürüdü” deyib üstünə şığıyan qadınları görəndə necə rəng alıb rəng verirdisə, kassir də həmin hala düşmüşdü.
– Oğul, yanaşı yer qalmayıb. Ayrı-ayrı yerlər var.
– Yerləri əvəzləmək olmaz?
– Qəribə adamlar var e, a bala, bilet satdığım adamların anketini doldururam? Kimə zəng edim deyim ki, bəs gəl, yerləri əvəzləyirik?
“Əşi, niyə əsəbləşirsiz e… Eybi yox, ayrı-ayrı yerlər olsun, iki bilet verin”, – Əziz verdiyi sualın mənasız olduğunu başa düşüb pərt oldu.
Biletlərini cibinə qoyub təzəcə beş-altı addım aralanmışdı, kassir arxadan səsləndi:
– Oğul, bir dəqiqə bura gəl.
Əziz yaxınlaşdı. Yerlərlə bağlı xoş xəbərə gümanı vardı.
– Sən nömrəni ver mənə. Aktyorlar dost-aşnalarına dəvətnamə verirlər. Yanaşı olan dəvətnamələrdən hansısa qayıtsa, deyərəm, gələrsən, biletləri əvəzləyərik.
Əziz nömrəni verib razılıq kimi başını yellədi.
Çağırılmamış qonaq kimi özünü yayın bağlı qapısından içəri soxuşduran payız soyuğu onun əllərini qaxaca döndərmişdi. Telefonuna zəng gələndə əllərini cibindən çıxarmağa ərindi, könülsüz cavab verdi:
– Hə, Orxan.
– Əziz, evə gəlirsən?
– Birazdan gələcəm.
– Bu gün dərsdə qəribə şeylər oldu.
– Noolub?
– Əziz, Səfər müəllimə nəsə olub. Qəribə danışır. Axır vaxtlar özündə deyil. Elə hey dərsin mövzusundan uzaqlaşır. Haşiyədən haşiyəyə keçir. Məsələn, bu gün şəxs əvəzliklərindən danışırdı. Dərs qutaranda gördük ki, cinas qafiyələrə keçib. Tez-tez duruxur. Bəlkə, əlaqə saxlayasan?
– Görəsən, nolub… Bəlkə… Mən də bu gün Səfər müəllimlə özümə tamaşa üçün iki bilet almışdım. Nəysə, dərslərinə bax, özüm yığıb danışacam.
Qardaşının sözləri Əzizin xəyalını min yerə apardı. Yerlə göy lapdan gözündə tənləşdi. Çoxdandı belə yana-yana siqaret yandırmamışdı. Bir qullab çəkib duruxdu. Şalvarının üstünə səpələnən külə əhəmiyyət vermədi. Elə hey götür-qoy edirdi…
Əzizin canında bayaqkı soyuqdan əsər-əlamət qalmamışdı. Ağacların koğuşunda gizlənən istilik onun bədəninə hopmuşdu. Tez telefona əl atıb Səfər müəllimə zəng elədi. Səfər müəllimin titrək səsi eşidildi:
– Bəli, Əzizcan.
– Necəsiz, Səfər müəllim?
– Sağ ol, bala, kefin yaxşı olsun.
– Hardasız?
– Bulvara tərəf gedirəm.
– Sizə yoldaşlıq eləyə bilərəm.
– Üşüyərsən e, soyuqdu… Amma gəl, bir isti çay alaram, qızışarıq.
Əziz teatrın yanından piyada bulvara düşdü. Saatın yanında görüşdülər. Yavaş-yavaş Kukla teatrına tərəf irəliləyirdilər.
Birdən Səfər müəllimin gözü sağ ayağına sataşdı. Şalvarının qatı əyri idi. Ayağı ayağına dolaşdı, pərt oldu, elə bildi, hamı şalvarının əyri qatına baxıb gülür. Səfər müəllim belə şeyə öyrəşməmişdi. Ürəyində qocalığına məzəmmət, təkliyinə üsyan elədi. Şalvarının əyri qatı onun əyilən qamətini haçalandırdı. Ovqatı lap təlx oldu.
Küləyin sürətinə məhəl qoymadan göy Xəzərin üzərinə səpələnən şəfəq günorta çağının heç vaxt ünvana gecikməyən nurlu paçtalyonu idi. Səfər müəllim elə bilirdi, onun özünün xoşbəxtlik carçısı olan paçtalyonunu kimsə hardasa yubandırır. Həmişə nəsə gözləyirdi…
Nimdaş ayaqqabısının üzərinə düşən sarı yarpaq yorulmuş cisminə kar eləməsə də, ruhunu sızıldatdı. Əyilib yarpağı götürdü. Əllərinin üstündəki incəlib ətindən ayrılan dərisi adda-budda göyərmişdi, kapilyarları xəfif zərbədən partlayırdı. Yarpağı əlinin üstünə qoyub acı-acı gülümsündü. O yarpaq bardağı daşıran sonun damcı idi. Soluxan yarpaq yaşamaqdan küsən Səfər müəllimin ağrılarına bir az da ağırlıq gətirdi. Səfər müəllim üçün yayın son elçisi, payızın ilk müjdəçisi arzuolunmaz qonaq olsa da, əlinin göyü ilə yarpağın sarısı uyuşurdu, hər ikisi payızdan xəbər verirdi. Səfər müəllimin ömrünün payızı gömgöy idi.
Ağır addımları ilə buxağının dərisi eyni tərpənirdi, ulğumu üzülmüşdü.
Bir qədər irəlilədikdən sonra Səfər müəllim bulvarda iri gövdəli ağacın qabağında dayanıb gözlərini qıydı. Ağacın üzərindəki kiçik lövhədən yazıları çətinliklə oxudu. Ağacın adını ürəyində də səlis deyə bilmədi, karıxdı. Lövhənin aşağısındakı cümlə mehdən əsən yalın ağaclar kimi Səfər müəllimi titrətdi:
“Bu ağacın vətəni Almaniyadır”.
Qanrılıb Xəzərə baxdı. Çopur daşlara yaxınlaşıb sulara tamaşa elədi. Öz yerində dayanmadan dövr edən qağayıların ecazından məst olsa da, kövrəlmişdi, bir anlıq özünü ovundurammadı. Qağayılar arabir aşağı enib suda bullanır, yenidən qanad çalıb dövr edirdilər.
Kəndi xatırladı:
– Əziz, inan, evimizlə klubun arasındakı qobudan bir də aşmaq üçün parça-parça olan ömrünün qalanını peşkəş verərdim.
– Mən axı neçə dəfə dedim… Gedin, gəzin, olmaz e belə…
– O qobuda nənəmin kəlağayısının sürüşüb düşməyi gözümün qabağına gəldi. Çox ötkəm arvad idi. Bir çalma bağlayırdı, üstündən də qara noxudu kəlağayı örtürdü. Nənəm yaralı yerim idi. Qadın olsa da, əlləri, elə bil, palıd budağı idi. Müharibədən qayıtmayan əmimdən danışanda əllərini üzülən qıçına elə çırpırdı ki, elə bil yüz yaşlı palıdın budaqları sınıb yerə çırpılırdı. Oğluna gecələr səssiz-səssiz ağalyırdı. Örpəyinin ucunu ağzına tuturdu ki, günümüzü qara eləməsin. Hərdən elə sözlər deyirdi ki…
– Oları yazmaq lazımdı…
– Elə şeylər var ki, onu yazsan, sehri qaçar. Axı olduğu kimi ifadə eləyə bilmirsən. Necə yazsan da, hadisənin yanında sönük qalır… Deyirdi ki, “Bala, nabələd kor olar..”… Həəə, bala, mən də otuz ildi bu şəhərdə eləyəm…
– Siz ki şəhəri əla tanıyırsız, nabələd niyə olursuz?
Səfər müəllim gülümsündü, əlini Əzizin çiyninə qoydu:
– Ayağım gedir e, ürəyim yatmır bu yol-irzə. Mən burda yadam, yad da öləcəm…
Səfər müəllimi kəndə buraxmayan nəsnə yuxularını qaramata döndərirdi. Neçə dəfə getməyə cəhd eləsə də, alınmırdı. Ayaqlarına qıfıl olan keçən günləri qarğıyırdı.
Səfər müəllim Əzizə sarı baxıb gözlərini qıydı:
– Əziz, deyirik ki, əvəzliklər bütün nitq hissələrini əvəz edir.
– Hə, hətta özünü belə.
Səfər müəllim yeni nəsə kəşf eləyirmiş kimi gözlərini bərəltdi, yumruqdan ayrılmış şəhadət barmağını qənşərindən bura-bura qabağa uzadıb uca səslə dedi:
– Bəli, hətta özünü belə!
– Bəs biz kimi əvəz edirik? “Biz” də əvəzlikdi də, birinci şəxsin cəmi… Bəs biz özümüz əvəzlik deyilik? Biz əvəzliyiksə, biz kimi əvəz edirik? Ümumiyyətlə, “mən”i, “sən”i “o”nu “biz” niyə əvəz edir?
Səfər müəllim yerindəcə donub qaldı, şəxs əvəzliyin altısı da beynində fırlandı. Gözləri qıyıldıqca gözəçarpan qırışları bir az da dərinləşirdi. Hər qırışı bir ağrı idi, kənardan bilmirdilər…
“Nəysə, bala, – dedi, – mənə fikir vermə…”
Hava getdikcə soyuyurdu. Payız yayın qapısını iki əlli döyəcləyirdi. Ağaclar üryanlaşdığını hiss edib utanan adamlar kimi əsirdi.
– Gəlsənə, evdə bir çay içək, bayaq başımız qarışdı, bulvarda da içmədik. Gəl bizə.
Əzizi təkidlə evə dəvət elədi.
Səfər müəllim evə girəndə barmağını dişlədi, işıqlar yanılı qalmışdı. Çay dəmlədilər. Çoxdandı evdə təkbətək qalmamışdılar. Əziz müəllimin ürəyinin dolu olduğu yaxşı bilirdi.
Səfər müəllim çaydan bir qurtum içib dilləndi:
– Rəhmətlik qardaşımı tez-tez yuxuda görürəm… Ona çoxlu suallar verirəm. Deyirəm, Vahid, biz öləndə kənddə basdıracaqlar? Atamızın yanı boşdu? Deyirəm, sənə görə ayağımız kənddən kəsildi axı… Niyə elə elədin?
– Qardaşınız neyləmişdi ki?
– Bəs indiyəcən nə əcəb kəndə niyə getmədiyimi xəbər almamısan?
– Yaranızın qaysağını qopartmağa ürək eləməmişəm.
– Ay bala, yaram nə vaxt qaysaqladı ki…
Səfər müəllim ayağa qalxıb pəncərəyə yaxınlaşdı:
– Qardaşım məktəbi təzə bitirmişdi. Laçın vaxtları idi. Elə gözəl qaməti var idi ki! Yar-yaraşığından adam doyurdu. Kolxoz sədrinin qızını sevirdi. Anası bostanda “Pəri” deyib haylayanda ovçu hənirtisindən qaçan ceyran balası kimi boynunu çevirib yaşıllığa götürülürdü…
– O da qardaşınızı sevirdi?
– Dəli kimi! Onu görəndə bədəni əsirdi. Həyəcandan ağır-ağır nəfəs alanda sinəsi uşaq beşiyi kimi qalxıb enirdi. Qardaşımın bir baxışına, gülüşünə bənd idi. Qağam toyda qol açıb oynayanda elə bilirdin, tərlan süzür. Pərinin eşqinə “Qarabuğdayı qız” mahnısına oynayırdı. Toyun axırına yaxın mağarın ev tərəfindəki qanadı açılırdı. Pəri pəncərədən tamaşaya çıxırdı. Qağam qol qaldıranda, elə bilirdin, Pərinin ürəyinə xəncər salırlar. Bütün qızların gözünü bağlamaq istəyirdi. Xanəndə də elə ürəklə oxuyurdu ki…
“Eşqə düşən könlümü
eyləmisən qərarsız,
mən səni çoxdan sevirəm,
ay qarabuğdayı qız…”
– Hə, sizin ən çox sevdiyiniz mahnı…
Səfər müəllim qaşlarını çatdı:
– Sən hardan bilirsən?
– Babam deyib.
Səfər müəllim başını yelləyib fikrə getdi. Əziz dediyinə peşman oldu: “Axı niyə Səfər müəllim bu sözümə tutuldu?..”
– Səfər müəllim, qardaşınızla Pərinin axırı necə oldu?
– Onun dədəsi bizə qız verməzdi axı… Qardaşım da bunu bilirdi. Ona görə qızı qaçırmaq istəyirdi. Bilirsən, gərək əvvəl elçi göndərərdi, bəlkə, verəcəkdilər…
– Qaçıra bildi? Necə oldu?
– Atamın qiyməti bilinməz bir kəhər atı var idi. Gecənin bir aləmi atı səssiz-səmirsiz həyətdən çıxardı. Ata qardaşım özü qulluq edirdi. Heyvan ona öyrəşsə də, nəsə həmin gecə dalın-dalın gedirdi. Həyətdən çıxmaq istəmirdi, yüyəngini qaçırırdı.
Danışdıqca Səfər müəllimin alnında tər tumurcuqlanırdı. Tez-tez siqaret yandırır, fikirləşir, davam edirdi. Pəridən danışanda barmaqlarının ucunu ovuşdurur, dırnağının kənarlarını didirdi. Başını pəncərəyə dirəyib ayparaya zilləndi:
– Həmin gecə də on dörd günlük ay qardaşımın yoluna ürəksiz işıq saçırdı. Pəri çəpərin döşündə tir-tir əsirdi. Bir gözü evin qapısında idi. Vahid yaxınlaşdıqca Pərinin ürək döyüntüləri artırdı.
– Qorxurmuş…
– Qorxmaq da sözdü? Qağam atı xeyli aralıda, kəndin ayağında ağaca bağlamışdı. Oracan ayaqla getdilər. Atın belinə atlanandan sonra Pəri qardaşımın kürəyini bərk-bərk qucaqladı. Saçı boynuna dolandı, ağappaq, pambıq baldırı bədənində od qaladı. Vahid Pərinin ürək döyüntüsünü öz kürəyində hiss eliyirdi. Qaranlıqda göz-gözü görmürdü. Amma bir işartı…
– Kimsə gördü?
– Pəri uzaqdan köz işığı gördü. Kimsə siqaret yandırmışdı… Elə onda götürüldülər, əl-ələ tutub elə qaçırdılar ki… Atla dəbərənə yaxın daldan güllə səsi gəldi…
– Kim idi o?
– Pərinin qardaşı… Xəbər tutublar, düşüblər yolun canına. Güllə göyə açılmışdı. Qağam dayanmadı, ta Pəri uçunana qədər… Pərinin ürəkkeçməsi var idi. Həyəcandan özündən getdi, qolları boşaldı. Tez atdan düşdülər, Pərinin qardaşı da çatırdı. O çatanacan Pəri canı ilə əlləşdi. Qağamın qucağında göyərçin kimi titrəyirdi. Pəri can verirdi…
– Niyə axı?
– Bəs demirəm, ürəyi xəstə idi? Havaya açılan güllənin səsi Pərinin ürəyinə tuşlandı. Körpə canıyla qağamın qolunda can verdi Pəri… O gündən kənddən baş götürüb qaçdıq… Getmədik haaa, əməlli-başlı qaçdıq…
Səfər müəllim danışa-danışa gözündə yaş gilələndi. Əziz heç vaxt onu belə görməmişdi. Həmin gecə çox danışdılar, çox söhbət elədilər. Həmin gecə Əzizi qorxudan şeylər də oldu. Qonşu otağın qapısı çırpılanda Əziz soruşdu ki, niyə pəncərələr açıq qalıb, Səfər müəllim dedi, mən eləməmişəm.
Səfər müəllim bir neçə dəfə belə qarışıq cavablar verdi, sonda divanda yuxuya getdi. Əziz onun üstünü örtüb öz evlərinə keçdi. Nə fikirləşəcəyini bilmirdi. Anası niyə bu halda olduğunu soruşanda söz tapıb deyə bilmədi. Bircə onu soruşdu ki, ana, Səfər müəllimin qardaşını görmüşdün? Heç gəlib-gedirdi?
Anası təəccübləndi:
– Əziz, Səfər müəllimgil bir bacı, bir qardaş olublar. Qardaşı olduğunu hardan çıxartdın?
Əziz daha heç nə demədi, yerinə uzandı, yuxusu ərşə çəkildi. Səhər 10-a qalmış təzəcə mürgüləyirdi ki telefona zəng gəldi:
– Mənəm, teatrın kassiri. Yerləri əvəzlədim, gəlin biletləri dəyişək!
Kassirin səsi Əzizin qulaqlarında əks-səda verdi. Elə bu an südçü kişinin səsi məhəlləni bürüdü. Səfər müəllim isə hələ yuxuda idi…
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)