BİZ HARDAN GƏLİB HARA GEDİRİK?
“Ədəbiyyat və incəsənət” portalı Kubra Quliyevanın yeni essesini təqdim edir.
Ağır yazacağam bu gün..
Dərdli yazacağam, göz yaşlarıma hakim olmadan, içimdəki qəzəbi, təəssüf hissini boğa bilmədən yazacağam bu gün.
Bizim millət.
İstər tənqidi, istər də tərifi mövqedən yanaşıb millət anlayışını ümumiləşdirməkdən xoşum gəlmir, ümumiləşdirmədən, bir qrup avam kütləyə xitabən yazıram sətirlərimi.
Deməli, ömründə bir dəfə Azərbaycan tarixini köklü araşdırmayanlar, Qafqaz mövqeyi, Turan ölkəsi bilməyənlər və canından can getməyənlər...
Həmişəki kimi “Azadlıq” metrosundan qayıdan avtobuslardan birinə mindim. Qabağımda 50-55 yaşlı iki xanım oturub başlarının üstündə də, bir neçə yaşlı kişi var. Başlayıblar söhbətə ki, kaş rus udardı müharibədə Ukraynanı, sonra gəlib bizi tutardı, qayıdardıq sovetin dövrünə, dolanardıq yağ-bal içində.
Sakitcə qulaq asırdım ki, görüm bunların axırı hara gedəcək, birdən qabağımdakı xala dillənəsən ki, cəhənnəm, bizdən 5-10 dənəsi qırılar, ancaq bilərik ki, gələcəyimiz xoş olacaq, dolanışığımız düzələcək.
Ağzımı açmaq istəyirdim ki, söz deyim, başımın üstündə duran gənc başladı danışmağa, bir d avtobusdan düşəndə susdu.
-Salam, bayaqdan sizə qulaq asıram və söhbətlərinizin müəyyən hissəsində sizə haqq qazandırırdım ki ,cavanlıqda gördüyünüz şirin günlər sizi aldadıb. Amma yanılmışam, sizin ermənidən fərqiniz yox imiş, elə sizin sözlərinizi başları ilə təsdiqləyən bu ağsaqqalların da. Əvvəla deyirsiz ki, Rusiya kaş tutardı Ukraynanı.Gəlin dini mövqedən baxaq, xristian xristiana qarşı genosid törədir... Siz indi deyərsiz ki, genosid nə olan şeydir?
(Xanımın mimikalarından sezilirdi ki,elə sualı ağzında qalıb)
Gəncsə davam etdi:
-Genosid, yəni-soyqırım, bir xalqın soy kökünün qurudulması yolunda ağıla gələn ən murdar hərəkətlərin edilməsi, eynilə, Xocalı faciəsi, Urmi bəlası, Bərdə, Gəncə, Əfqanıstan, Qırğızıstan terror aktları kimi. Xristian xristianı gözünü qırpmadan qıracaq, amma gəlib müsəlman ölkəsində deyəcək: "Hə, sülhməramlılarımız qoy buranı qorusun"? Ya da, erməninin qulağını çəkib sizi əl üstündə tutacaq? Sovetə qayıdıb yağ bal içindı dolanmaq istəyirsiniz düzdürmü?
(Qadın başı ilə təsdiqləyir)
Gənc davam edir:
-Düşün ki, sizin həyat yoldaşınız milyonçudur, amma o, sizi zorladığı üçün evlənib və sizi doğma ailənizdən uzaqlaşıdırıb özü ilə saxlayır. Xoşbəxt ola bilərsiz? Nə olsun ki, zorlanmışdız, milyonçu tərəfindən zorlanmısınız da.
Gəncin bu danışığına qadın gözlərini hədəqəsindən çıxaracaqmışcasına bərəltdi.
Şüvənlik edib gəncə cavab qaytarmaq istəyən zaman yandakı kişilərdən biri xanımı qorumaq üçün özünü sözün ortasına soxub: "A bala, bu nə danışıqlardı, sənin başın deyəsən xarab olub,yekə kişisən, atan sənə kişilik öyrətməyib"? -dedi.
Kişiyə məhəl qoymayan gənc sözlərinə davam etdi: "Təbii ki, istəməzsiniz. Axı bunu heç kim istəməz, axı heç kim ləyaqətini pula satmaq istəməz, axı heç kim keçmişini silib haradan gəldiyini, kim olduğunu unudub başqasına, yəni, başqa xalqa yamaq olmaq istəməz. Axı vaxtında dövləti quran o kişilər bayrağı, himni, gerbi bizə ərmağan etsinlər deyə milyon əzablardan keçib. Axı Rəsulzadə müstəqilliyi elan etmək üçün 4 ay Fransada gözləyib, axı Mehdi Hüseynzadə partizan fəaliyyətini xalqın müstəqilliyi üçün dayandırmayıb, sonda da, şəhid olub, axı Mikayıl Müşfiq şeirləri ilə susan vicdanların ayaq səsi olduğu üçün ömrünün baharında represiyaya məruz qalıb. Axı Çingiz o lentləri ağlaya-ağlaya çəkirdi ki, biz öz yaralarımızı unutmayaq. Axı Mübariz də, Polad da, Xudayar da, Təhmasib, Səbuhi, Elvin də, hətta 2003-2004 təvəllüdlü uşaqlar da Vətən üçün heçə saymışdılar canlarını.Əhməd Cavad işgənclər görəndə xanımı sürgündə ondan da betər zülmlər çəkib axı, özü də nə az, nə çox, düz 8 il. O kişi himndə deyir ki, Hüququndan keçən əsgər hərə bir qəhraman oldu. Sən olasan gülüstan Azərbaycan,Azərbaycan. Sizsə burda deyirsiz, cəhənnəm, bizdən 5-10 dənəsi qırılar. Şəhidi təhqir edirsiniz, müqəddəsliyi tələf olan sürü ilə qarışdırmısınız deyəsən. Çünki ağzınız isti yerdədir. Çünki sizin oğlunuz, ya da yaxınlarınızdan biri şəhid olmayıb, çünki siz mənim kimi anamı qardaşımın şəhid qərbinin üstündə ağı deyə-deyə nişan konfeti paylayan yerdə görməmisiniz, çünki sizin ağlınıza belə gəlməyib ki, sizin nəvəniz nə vaxtsa əmisinin adını daşıyacaq, siz şəhid balasının heç bir hədiyyə və qayğı ilə ata həsrətini dindirə bilməzsiniz. Siz müharibə istəyirsiniz. Bu da az deyilmiş kimi, əsir düşməyimizi istəyirsiniz. Mart soyqırımı, yanvar hadisələri, Xocalı, Fizuli, Şuşa, Laçın, Ağdam işğalları, aprel hadisələri az imiş kimi sentyabr da gəlişi ilə ürəklərə qubar saldı, evlərə od qoyduğu halda siz unudursuz keçmişi. Siz rus dilində danışanı alicənab edib istər Türkiyə türkü, istər avropalı, istər digər asiyalılarla öz torpaqlarımızda onların dili ilə yox, məhz öz dilimizdə danışanları qınayıb qıjı deyirsiniz. Siz xalqı məhvə sürüküləyən kor kütlə, sizin sözlərinizə haqq qazandıranlar qeyrətdən, namusdan, kişilikdən danışıb camaatın balalarını göz görə-görə oda atanlar və əlbət sizlər - Şəhid ruhlarını incidənlərisiz"!
Gəncin sözləri özü daxil hamımızın gözünü doldurmuşdu. Amma danışdıqları həqiqət idi.
Bayaq o sözləri deyən qadın göz yaşlarına hakim ola bilməyib oğlanın boynuna sarıldı. Gəncin gözlərinin içinə baxmaqdan, o gözlərdəki kədəri görməkdən xəcalət çəkdiyindən başını aşağı salıb asta səslə üzrxahlıq etdi.
İki dayanacaq sonra oğlan avtobusdan ensə də, mənim dayanacağım sonuncu olduğu üçün avtobusu aramsız müşahidə etdim və insanların üzünə aydınlanan həqiqət işığının ölü sükutunu bütün yol boyu rahatca sezə bilirdim.
Bizlər müharibənin dəhşətlərini kadrlardan izləyib ağlamaqdan və dua etməkdən başqa bir şey edə bilmirik. O kişilər isə ailələrinin dualarına sığınıb, vətən üçün irəlidə, ən irəlidə vuruşurlar. Onlar Vətənə sahib çıxmaq üçün balalarının qoxusuna doymadan cənnətdə müşk qoxusunu doyacaq olanlardır. Onlar analarını gözü yaşlı, atalarını beli bükük qoyub ölümə dimdik yeriyən igidlərdir.
Qaraqanın bir sözü var idi, deyirdi ki, həqiqətən müharibə olsa varlılar kasıb, kasıblar şəhid olacaq.
Amma söz özünü doğrultmadı.
Kasıblar bütün varlıqları ilə şəhid oldular, varlılar isə....
Nə qədər ki, cəhalət hökm sürəcək, sovet psixologiyası bizimkilərin canından çıxmayacaq, bizlər müstəqillik uğrunda can verənləri də unudub azad qullar olaraq çox yaşayacağıq..
Yuxu...
“Ədəbiyyat və incəsənət”
(19.07.2023)