Xətai Sənət Mərkəzində “İdman hamı üçündür” adlı rəsm sərgisi açılacaq

Bakı Şəhər Gənclər və İdman idarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyul- Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə, yeniyetmə və gənclər ( 9 - 29 yaş ) arasında rəssamlıq sənətinə marağının artırılması və idmanın gənclər arasında təbliği və təşviqi məqsədilə “İdman hamı üçündür” adlı rəsm sərgisinə əsər qəbulu elan olunub.

 

Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov mediaya məlumat verib. 

“Sərgidə iştirak üçün tövsiyə olunan mövzular - idman növləri, idman simaları, idman alətləri, geyim nümunələri və digər bu kimi mövzulardır. Sərgidə iştirak etmək istəyən yeniyetmələr və gənclər iyul ayının 24-dək rəsm əsərlərini Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər. 

Sərgi iyulun 25-də Xətai Sənət Mərkəzində təşkil olunacaq”, -deyə o bildirib. 

Direktor əlavə edib ki, sərgiyə təqdim olunacaq rəsm işləri ağ, qara və yaxud rəngli ola bilər. Rəsm işinin üstündə müəllifin adı, soyadı, atasının adı, təmsil etdiyi müəssisəsinin adı mütləq qeyd olunmalıdır. Hər bir iştirakçı yalnız bir rəsm işi təqdim edə bilər. Sərgidə iştirak edənlər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.