Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) növbəti “KinoLab” layihəsinin pitçinq mərhələsi başa çatıb.
AKİ-dən AzərTAC-a verilən məlumata görə, builki layihədə 8 gənc rejissor öz film layihələri ilə iştirak ediblər. İttifaqın layihələrində iştirak etmiş gənc rejissor Murad Allahverdi özünün “Kür” sənədli film layihəsi ilə builki proqramın münsif heyəti tərəfindən qalib seçilib.
“KinoLab” layihəsində sənədli filmə yeni başlayanlar və ya film ideyası olanlar, bu layihəni necə reallaşdırmaq və gələcəkdə necə maliyyələşdirmək proseslərindən hali olmaq istəyən gənc rejissorlar üçün yaradılan kino emalatxanasının kursunda iştirak etmək ödənişsizdir. Bundan başqa, seçilən hər bir iştirakçıya sonda öz yeni və ya ilk film tizerini çəkmək üçün mümkün bütün mentorluq proqramı təşkil edilir.
Qeyd edək ki, Murad Allahverdi eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi “Qəlbdən qələmə” ssenarisinin inkişafı üzrə yay məktəbi və “Kino istehsalı A-dan Z-yə” intensiv kinorejissorluq kursları layihələrinin iştirakçısı olub.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)