“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə şair Əlizadə Nurinin şeirini təqdim edirik.
Küçədən nəğmə keçir…
Təzə hava çalınır,
Qəmin köhnə sazında.
Yad dildə danışırıq
Doğmaların yasında.
Qocalıram deyəsən,
Söz içimdə paslanır.
Bir şimal şəhəriyəm-
Günəş mənə nazlanır…
Qıfılbəndmiş göy üzü-
Tanrı vermir açarı.
Küçədən nəğmə keçir
Çağır gəlsin içəri…
Yıxılıram, ilahi
Ümid də yox tutmağa.
Neçə eşq həsr etmişəm,
İlk eşqi unutmağa.
Bu bacasız evlərə,
Tanrı, barı divar ver.
Yanına gəlmək üçün
Mənə bir nərdivan ver…
Bəlkə yaşamamışam,
Amma ömür sürmüşəm.
Bir dilənçi ovcuna
Yüz dəfə hönkürmüşəm…
… Qucaqlamaq öyrədin,
Bu kəsilmiş qollara.
Yolu düz çəkmədiniz-
Düşdük əyri yollara…
Ədəbiyyat və incəsənət”
(17.072023)