Seyid Yasin Əfəndi ilə Hacı Mahmud Əfəndi nümunəsi

Fərman Qəhrəmanov, “Ədəbiyyat və incəsənət” üçün

 

Bəzən sosial şəbəkələrdə gənclər öz aralarında şiə-sünni söhbəti apararaq bir birini aşağılayırlar. Belə söhbətlərin birinə bir dəfə müdaxilə etmişəm və gənclərə bu tip söhbətlərun aparılmasının ziyanlı olduğunu açıq söyləmişəm. Onlardan biri mənə “sən ağsaqqalsan, bəs necə başa salaq onları,  sən məsləhət elə görək” demişdi. İndi gənclərə mən şair Barat Vüsalın bir şerini oxumagı məsləhət görürəm. 

Şiə və Sünni söhbətlərini birdəfəlik ortadan qaldırmaq üçün Seyid Yasin Əfəndi ilə Hacı Mahmud Əfəndinin şeirdə vəsf edilən hərəkətlərindən nümunə götürməyi tövsiyyə edirəm. Mən yaşda olanlara da bildirmək istəyirəm ki  (şəxsim də bu barədə fikirləşirəm, şiə dostlarım çoxdur onlar arasında seçim etməkdə bir az çətinlik çəkirəm), yalnız bu cür qoşa qəbirlər ölkəmizi  bu bəladan xilas edə bilər. Belə qoşa qəbirlərin hər birinin gələcəkdə ziyarət yeri olacağına inanıram.

Barat Vüsalın bu şerini və ümumiyyətcə bu tip mükəmməl şerlərin yuxarı siniflərin ədəbiyyat dərsliyinə salınmasını təhsil nazirindən xahiş edərdim.

(Deyilənə görə biri sünni, biri şiə olub. Vəsiyyət edib qəbir qazdırıblar ki, qoy ziyarətə gələnlər görsünlər ki,

nə sünni var, nə şiə, boş şeydi bu fərqləndirmə)

 

İncə Dərəsindədir, qəbri Göy Türfədədir,

Hacı Mahmud Əfəndi, Seyid Yasin Ağanın!

Özləri dərədədir, məzarı zirvədədir,

Hacı Mahmud Əfəndi, Seyid Yasin Ağanın!

 

İki qəbir yanaşı... iki qəbir bir qəbir,

Gör necə dönüb olub iki qəbir birədi.

Fikirləri birdədi, zikirləri birədi,

Hacı Mahmud Əfəndi, Seyid Yasin Ağanın!

 

Nəzəri üstümüzdə, özləri nəzərdədir,

Bu hər iki övliya sanmayın məzardadır.

Vallah, qəbirləri də Kəbəyə səfərdədir,

Hacı Mahmud Əfəndi, Seyid Yasin Ağanın!

 

 Hər ikisi işıqlım, hər ikisi üz nurum,

Hər ikisi dipdirim, hər ikisi öz ölüm!

Qəbrinə qurban olum, qəlbinə qurban olum,

Hacı Mahmud Əfəndi, Seyid Yasin Ağanın!

 

Ayrılıblar yer üstə, söyləyiblər: hələlik!

Elə bil ki, deyiblər qəbirdə görüşərik!

Qəbirləri deyir ki, qəlbidə görüşərik,

Hacı Mahmud Əfəndi, Seyid Yasin Ağanın!

 

 ...Nə sünnü var, nə şiə, qəbirləri yanaşı,

Qəbirləri hələ də pir insandan danışır.

Qəbirləri hələ də bir insandan danışır,

Hacı Mahmud Əfəndi, Seyid Yasin Ağanın!

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.